ƏDƏBİYYAT SÖHBƏTİ

YAŞARIN XALQ YAZIÇISI ELÇİN İLƏ MÜSAHİBƏSİ

 

 

YAŞAR – Sürət əsrində çox dəyərləri salıb itirdik. İstəsək də, istəməsək də bu gün maddiyyat mənəviyyatı kifayət qədər işğal edib. İnsanlar mədə uğrunda yarışda ruhsal aləmdən xeyli uzaqlaşıblar. Hətta bəzən irihəcmli klassik əsərlər də bu gün tələbəyə xülasə kimi təqdim olunur. Yəni, ey oxucu, süjet, hadisələr, qəhrəmanlar barədə qısa məlumat bəsindi, sənin bütün romanı oxumağa vaxtın nə gəzir, get pul qazan. Mənəvi qidalanmamız da dönər, buterbrod şəklini alıb. Və bu prosesdə gilyotin rolunu internet oynayır. Elçin müəllim, necə bilirsiz, internet adlı bu on-on beş yaşlı uşaq yaşı minillərlə ölçülən kitabın qəbrini qazıb, axırına çıxa biləcəkmi? Yoxsa siz mənim qədər pessimist deyilsiz?

ELÇİN – Yox, mən sənin qədər pessimist deyiləm. Aramızdakı yaş fərqinə baxsaq, gərək əksinə olaydı, sən optimist, mən pessimist olaydım, ancaq belə deyil. Əlbəttə, mənim içimdə bir “Heyhat!..” pərişanlığı var. Sən obrazlı şəkildə interneti söhbətimizin kontekstində gilyotinə bənzədirsən və məndən soruşsan ki, düz deyirsən, yoxsa yox? Səninlə razılaşıram, ancaq bu məni ədəbiyyatın gələcəyi ilə bağlı pessimizmə gətirib çıxarmır. Nə üçün? Ona görə ki, ədəbiyyat həyat ilə birlikdə irəli gedəcək, ədəbiyyat həyatdan geri qala bilməz. Yəqin o elə xüsusiyyətlər əldə edəcək ki, bu gün bizim heç ağlımıza da gəlmir. İnternet, bəli, sənin təbirincə desək, ənənəvi kitabın “qəbrini qazır”, ancaq əvəzində “elektron kitab” yaranır və biz artıq bu barədə danışdıq. Yaxud bir kitabxana kitabı kiçik bir flyaş kartına yükləyib cibində gəzdirmək, bu gün mənim üçün qeyri-təbii bir şeydir, ancaq sabahın oxucusu üçün bu tamam təbii olacaq.

Mən dedim ki, ədəbiyyat həyatdan geri qala bilməz. Ancaq bəlkə geri qaldı, həyatın inkişafı ilə ayaqlaşmadı, onda nə olacaq? Onda ədəbiyyat məhv olacaq. Və bu – başqa bir sivilizasiya olacaq. Nə qədər ki, insan hissiyyatı mövcud olacaq, o qədər də ədəbiyyat onunla birlikdə olacaq. İnsan robota çevriləcəksə, hisslərdən azad olacaqsa, o zaman ədəbiyyat da məhv olacaq. Daha doğrusu, ədəbiyyatın yerini indi bizim ağlımıza gəlməyən nəsə başqa bir şey tutacaq.

YAŞAR – Bibliya süjetləri bədii ədəbiyyatda dəfələrlə əks olunub. Dostoyevskinin “Karamazov qardaşları”, Folknerin “Avqustda işıq”, Bulqakovun “Master və Marqarita” romanlarını qeyd etməklə bu siyahını kifayət qədər uzatmaq olar. İeşua qa Nosri, Kristmas və s. bu kimi obrazlarla təsvir olunan İsa peyğəmbər bu gün ədəbiyyatın əgər belə demək olarsa, ən populyar personajıdır. Dünya ədəbiyyatında bu gün hardasa daşlaşmış bir Bibliya təcrübəsi var. Qurana gəlincə, əgər səhv etmirəmsə, Meşə Selimoviçin “Dərviş və ölüm” romanı və bir də bu yaxınlarda Çingiz Hüseynovun yazdığı roman istisna edilməklə bu səmavi kitaba yazıçılar tərəfindən demək olar ki, müraciət edilməyib. Təbii ki, mən “Şeytan ayələri”ni bu sıraya qatmaq istəmirəm. Elçin müəllim sizcə səbəb nədir? Niyə yazıçılar yeni yol açmaqdansa, dəfələrlə keçilmiş yola çıxmağa üstünlük verirlər?

ELÇİN – Doğrusunu deyim ki, Yaşar, xüsusən son vaxtlar, hərdən mən də bu barədə düşünürəm. Çox güman ki, bunun səbəbi islam fəlsəfəsinin təhtəlşüur təsirindədir. Yəni, Yaradan Həzrət Peyğəmbərin obrazını tam, mütləq şəkildə yaradıb və sən ki, ey qələm sahibi, bundan artığını deyə bilməyəcəksən, onda nə üçün belə bir cəhd edirsən? Düzdür, bədii ədəbiyyatda Məhəmməd peyğəmbərin obrazına az təsadüf olunur, ancaq onun haqqında bədii publisistikanın, sənədli ədəbiyyatın gözəl nümunələri yaranıb.

Bir məsələ də var ki, İsa peyğəmbərin həyatı real faktlardan daha artıq cürbəcür bioqrafik yozumlarla, hətta bəzən bir-birinə zidd yozumlarla, rəvayətlərlə, əfsanələrlə zəngindir, onun Allahın oğlu kimi qəbul olunmasında xeyli dumanlı məqamlar var, yəni bədii improvizasiya üçün geniş imkanlar mövcuddur.

Məhəmməd peyğəmbər isə real həyat tarixçəsinə malikdir, onun müqəddəs varlığı anadan olduğu gündən etibarən ta haqq dünyasına köçdüyü vaxta qədər qətiyyən mübahisə və şübhə obyekti deyil. Yəqin sənin sualının kontekstində bu da əhəmiyyətli cəhətlərdən biridir, bu mövzu ilə bağlı yazıçı üçün əlavə söz deməyə imkan və ehtiyac yoxdur. Əlavə söz demək istədikdə isə, Volterin “Məhəmməd, yaxud Fanatizm” faciəsində olduğu kimi, bəraəti olmayan kobud tarixi təhriflərə yol verirsən. Çingiz Hüseynovun romanını isə mən hələ oxumamışam.

Burası da yəqin əlamətdardır ki, Məhəmməd peyğəmbər haqqında, dediyim kimi, yüksək səviyyəli sənədli ədəbiyyat nümunələri var. Bu kitablarda təsvir olunan həyat həqiqətləri hər hansı bir gözəl roman süjetindən heç vəchlə geri qalmır, çünki Məhəmməd peyğəmbərin real həyatının tarixi faktalogiyası çox zəngindir.

O ki, qaldı “dəfələrlə keçilmiş yol” məsələsinə, gəl, dünya ədəbiyyatının yarandığı gündən etibarən bəhs etdiyi mövzuları ümumiləşdirək: sevgi, qəhrəmanlıq, xəyanət, qan, vəfa və s. “Keçilmiş yoldan” kənarda mövzu yoxdur. Məsələ burasındadır ki, sən gərək həmin “keçilmiş yollar”da açıq qapını döyməyəsən, öz orijinal sözünü deyə və orijinal dəst-xəttini göstərə biləsən.

Ədəbiyyatın əsas predmeti nədir?xislət və xislət o qədər mürəkkəb, zəngin və ziddiyyətlidir ki, “keçilmiş yollar”da öz məxsusi sözünü demək üçün həmişə münbit zəmin var. İstedadın gücü də o münbit zəmindən, o əlverişli imkanlardan istifadə etmək bacarığındadır.

Nabokov, yadımda deyil, hansı kitabındasa yazır ki, insan ömrünün ən qısa tarixçəsi qəbirstanlıqda başdaşlarının üstünə həkk olunmuş rəqəmlərdir.

Ədəbiyyatın da Nabokovun dediyi həmin rəqəmlərdən fərqi ondadır ki, yazıçı gərək bu rəqəmlər arasındakı anları tapıb göstərə, hətta kəşf edə bilsin. Burada “keçilmiş yol” yoxdur.

YAŞAR – Kortasar romanı filmlə, hekayəni fotoyla müqayisə edirdi. Yəni, o, hekayəni anın şəkli adlandıraraq, burada yazıçının özünə sərbəstlik vermək imkanı olmadığını qeyd edirdi. Bu gün bütün dünyada roman bumu yaşanmaqdadı. Ən ciddi yazıçılar da artıq çoxdandı, necə deyərlər, hekayə yazmağın daşını atıb. Bunu Kortasarın təbirincə desək, məsuliyyətdən yayınmaq kimi qəbul etmək olarmı? Bir də Sizcə, səbəb nədir və bu proses çoxmu davam edəcək?

ELÇİN – Kortasar mənim yüksək qiymətləndirdiyim yazıçılardan biridir, ancaq onun o fikri ilə razı deyiləm ki, hekayə anın fotosudur. Hekayə var, bəli, anın şəkli, fotosudir, hekayə də var ki, ilin, hətta illərin çəkdiyi bir tablodur. Lev Tolstoyun və Mopassanın (hərçənd Tolstoy Mopassanı, xüsusən də onun hekayələrini qəti surətdə qəbul etmirdi), Çexovun və Edqar Ponun, Prosper Merimenin və Şervud Andersonun, O.Henrinin və S.Moyemin, Mirzə Cəlilin və Ömər Seyfəddinin, Heminqueyin və Kolduellin hekayələrində sən anın fotosuna da rast gələ bilərsən, illərin tablosuna da. Kortasarın özünün “Təqib edən” adlı məşhur hekayəsi var və o hekayə heç vəchlə “anın fotosu” deyil. “Poçt qutusu” bəlkə də, anın fotosudur, bəs “Usta Zeynal”?

Bu gün, düz deyirsən, roman bumu yaşanmaqdadır, ancaq keçən əsrin altmışıncı illərində, yəni mənim ədəbiyyata gəldiyim dövrdə dünya səviyyəsində qızğın mübahisə gedirdi: roman öləcək, yoxsa, yox? Hətta bu janrın artıq öldüyünü israr edən nüfuzlu ədəbiyyat adamları var idi. Yadıma gəlir, bu mövzu ilə bağlı nə qədər “dəyirmi stol”lar keçirilirdi, “İnostrannaya literatura”, “Voprosı literaturı” kimi nüfuzlu jurnallar bu problemə nə qədər yer ayırırdılar. Bu barədə mən də “Nəsr və tənqid” monoqrafiyamda ayrıca bəhs etmişəm. Ancaq, görürsən, bu gün artıq roman bumundan söhbət gedir. Əlamətdar deyilmi?

Sabah hekayə yeni bir nəfəslə yeni ədəbi bum yarada bilər və bu, sənətin, o cümlədən də ədəbiyyatın qanunauyğun bir xüsusiyyətidir.

YAŞAR – Servantesin Don Kixotu, Şekspirin Hamleti, Şarl de Kosterin Ulenşpigeli və s. Elçin müəllim, əgər diqqət etmisinizsə, ötən əsrdə bu məşhurluqda obrazlar yaranmayıb. Heminquey, Markes kimi məşhur yazıçılar çox olub, amma onların yaratdıqları obrazlar müəyyən mənada özlərinin kölgəsində itib, yazıçı mifi, obraz mifini hardasa görünməz eləyib. Bu proses bu günəcən davam edir. Sizcə, səbəb, daha doğrusu səbəblər nədi?

ELÇİN – Yaxşı sualdır. Sənin xatırladığın o qəhrəmanların sırasına Şelmufskini, Robinzonu, Myünhauzeni, Jil Blazı, başqalarını əlavə etmək olar. Qulliveri yaxşı tanıyanlar, olsun ki, onun yaradıcısı Svifti yaddan çıxarırlar. Yaxud Dodeni yaddan çıxaranlar, Taraskomlu Tartareni yaxşı xatırlayırlar. Hətta Pantaqruel də çox zaman Rable kimi bir nəhəngi kölgədə qoyur.

Bu baxımdan bizim ədəbiyyatın təcrübəsində də çox maraqlı faktlar var: Hacı Qaranın məşhurluğu Mirzə Fətəlidən az deyil ki, bəlkə, artıqdır, yaxud Məşədi İbad Üzeyir bəydən az tanınmır və bu obrazın sözləri xalqın məişətində atalar sözü səviyyəsinə qalxıb: “Məşədi İbad demişkən, heç hənanın yeridi?..” və s. Ümumiyyətlə, Üzeyir bəyin komediyaları (indiki halda mən ancaq bədii mətni nəzərdə tuturam) dünya dramaturgiyasının o şedevrlərindəndir ki, oradakı personajların, demək olar ki, hamısı xalqın milli-bədii qəhrəmanlarına çevriliblər: Məşədi İbadı dedim, eləcə də Qoçu Əsgər, İntelligent Həsən, Qəzetçi Rza, Hambal, Soltan bəy, Vəli, Telli, Xala...

Ancaq sənin sualına qayıdaq.

Yaradıcı adam şöhrət hissinə daha həssas olur və bu da onun sənətinin spesifikasından doğur. Ancaq burada mühüm bir cəhəti bir-biri ilə qarışıq salmaq olmaz: bir var, sənin yaradıcılığın sənə şöhrət gətirir, bir də var sən özün öz şöhrətinin arxitektoru olursan.

Mehmet Akif Ersoy deyirdi ki:

 

Rahmetle anılmak!..

Ebediyet budur, amma

Sessiz yaşadım, kim beni nereden bilecekdir?

Ancaq bu o demək deyil ki, yazıçı əsər yazmaq əvəzinə, özü haqqında az qala həkim arayışlarını da çap etdirsin. Bəzən mətbuatda, xüsusən on beşinci dərəcəli mətbuatda “Siz kimi böyük yazıçı hesab edirsiniz?”, “Sizin sevimli yazıçınız?” və s. tipli suallarla cürbəcür sorğulara və öz adım da daxil olmaqla, cürbəcür də cavablara rast gəlmək olur. Bu sorğuları mən o mənada maraqlı, hətta əhəmiyyətli hesab edirəm ki, müəyyən dövrlərdə cəmiyyətin bədii-intellektual səviyyəsi ilə bağlı müəyyən təsəvvür yaradır.

Bəzən belə sorğularda Lev Tolstoy sonuncu yer tutur, Şekspirin isə heç adı çəkilmir, Mirzə Cəlilin də, Sabirin də. Bizim isə (güman edirəm ki, yalnız bizim yox) hansısa yazıçımız bu misgin nəticəli sorğularda Dostoyevskidən, ya da Mirzə Fətəlidən əvvəl yer tutması ilə fəxr edir.

Folkner deyirdi ki, Heminquey öz imicinin rejissorudur.

Hərgah Folknerin dediyi kimiydisə də, Heminqueyin xoşbəxtliyi onda idi ki, onun yaradıcılığı özü özünə rejissorluq etmək məharətindən geri qalmırdı. Ancaq yazıçının öz imicinə rejissorluq etmək məharəti yaradıcılığından üstündürsə, yaxud da həmin rejissorluğa sərf etdiyi vaxt yaradıcılığına sərf etdiyi vaxtdan artıqdırsa – bu, əlbəttə, mənasız bir özünüreklamdır.

Mənasızdır ona görə ki, sərt, hətta qəddar hakim – tarix və yaradıcılıqdır. O zaman ki, tarix ilə yaradıcılıq üz-üzə dayanacaq – o rejissorluqdan əsər-əlamət qalmayacaq, çünki yazıçının öz imicinə rejissorluq etməsi onun kölgəsi kimi bir şeydir, özü ilə eyni vaxtda gedəcək, yəni onun quruluş verdiyi mifciklər özündən sonra dərhal dağılacaq.

Vaxtı ilə mən Karfagen xarabalıqlarını gəzərkən, canlı bir abidə, əslində isə canlı bir möcüzə ilə rastlaşdım: xaraba şəhərin mərkəzində təxminən üç min il yaşı olan nəhəng bir zeytun ağacı bitmişdi və Tunis prezidentinin – söhbət 1982-ci ildən gedir və o zaman prezident Həbəb Burgiba idi – fərmanı ilə bu ağac “milli sərvət” elan edilmişdi. O vaxt məni heyrətə gətirən və indiyə qədər də tez-tez xatırladığım o oldu ki, bu ağac üç min il bundan əvvəl olduğu kimi, yenə də təzə-tər meyvələr yetişdirir. Təsəvvür edirsən, Yaşar, Karfagendə təhsil alan gənc Apuleyin, yaxud da Floberin qəhrəmanlarının, Solombonun, olsun ki, zeytun dərdiyi ağacın barını bugünkü insanlar da dərir.

Mən o qoca zeytun ağacını ona görə xatırladım ki, yazıçı da belə olmalıdır, o, həqiqi istedad sahibidirsə, bu istedad həmişə təzə-tər qalacaq və onun ədəbiyyatda özünüifadəsi də eləcə təravətli, canlı, ətli-qanlı olacaq.

İstedad yanacaq kimidir və o yanacaq sona qədər – indiki halda isə yazıçının ömrünün sonuna qədər – mühərriki işlətməlidir. Bu mühərrik yazıçı ömrünün əbədi mühərriki – perpetuum-mobiledir.

XX əsr rus ədəbiyyatının böyük fiqurlarından biri olan Valentin Katayev yadıma düşür. Bu yazıçı müharibə vaxtı “Alay oğlu” adlı bədiilik baxımından ortabab bir roman yazmışdı və həmin roman sosrealizm klassikası elan olunmuşdu, onu Nikolay Ostrovskinin “Polad necə bərkidi” romanı ilə müqayisə edirdilər. Ancaq yaşlaşdıqca, Katayevin istedadı, elə bil, təzədən dərin nəfəs almağa başladı və təzəlik estetik bir kateqoriya kimi, onun yaradıcılığını səciyyələndirməyə başladı. Katayev 60-cı illərin sonlarında yazdığı “Müqəddəs quyu” povestindən başlayaraq, az qala 90 illik ömrünün sonuna kimi bir-birinin ardınca XX əsr rus ədəbiyyatında ən yaxşı povestlər – kiçik romanlar sırasına daxil olan əsərlərini yazdı.

Ancaq həmişə belə olmur, bəzən yanacaq tükənir və bu, əlbəttə, yazıçı üçün faciədir, çünki o mühərrik daha işləmir, keçmiş istedadlı yazıçı min bir bəhanə ilə bədii əsər yazmaqdan qaçır, başını başqa işlərlə qatır və oxucunun da başını qatmağa çalışır.

Yazıçı bədii yaradıcılıq baxımından nə dərəcədə tükənibsə, onun özü haqqında mif yaratmaq ehtirası da o dərəcədə artır.

Əlbəttə, mən demirəm ki, yazıçı Sellincer kimi, tərki-dünya olmalıdır.

Sadəcə, yazıçı əsər yazmalıdır.

YAŞAR – Tərcümə bədii təxəyyülün hüdudları görünən yeganə sənətdir. Bəli, tərcümə də yaradıcı işdir, amma tərcüməçi öz təxəyyülünə ona verilmiş mətnin hüdudları çərçivəsində məhdudiyyət qoymalıdır. Mən həmişə bu qənaətdə olmuşam ki, böyük əsərləri yalnız yazıçı tərcümə eləyə bilər. Çünki yazıçı əsərin təkcə şəklini yox, həm də ruhunu görə bilir. Son vaxtlar dünya ədəbiyyatından dilimizə yüzlərlə əsər tərcümə olunsa da, minlərlə əsər hələ öz növbəsini gözləyir. Elçin müəllim, Siz özünüz də ara-sıra tərcümə ilə məşğul olmusunuz və tərcümə sənətiylə bağlı da Sizin fikirlərinizi bilmək maraqlı olardı.

ELÇİN – Yaşar, mən sənin bu sualındakı bir fikirdən – “böyük əsərləri yalnız yazıçı tərcümə edə bilər” – bir az fərqli düşünürəm. Düzdür, bizdə yaxşı yazıçı tərcümələri var. Misal üçün Ənvər Məmmədxanlının tərcümələri, yaxud Cabbar Məcnunbəyovun tərcüməsində “Başsız atlı”, Əkrəm Əylislinin tərcüməsində Henrix Böll və s.

Ancaq, yenə də misal üçün, Mikayıl Rəfili (“Səfillər”i, “Gülən adam”ı, “Paris Notrdam kilsəsi”ni, “Qorio ata”nı və s. tərcümə edib), yaxud da Məmməd Arif (“Don Kixot”u, “Hərb və sülh”ün iki cildini və s. tərcümə edib) yazıçı deyildi, ancaq onların tərcümələri bizim tərcümə ədəbiyyatımızın sanballı nümunələridir. Hələ Avropa Remarkı yaxşı tanımadığı və öz dillərində oxumadığı bir vaxtda – 1929-cu ildə Məmməd Arif Remarkın “Qərb cəbhəsində təbəddülat yoxdur” romanını dilimizə çevirib və o dövr üçün yaxşı da çevirib. Mustafa Əfəndiyev yazıçı yox, professional tərcüməçi idi və bax, “Hacı Murad” kimi mürəkkəb psixoloji bir əsəri necə səlis və dəqiq bir dillə tərcümə edib, Tolstoy qələminin ruhunu Azərbaycan dilində ifadə edə bilib. Mən sənin fikrini bu şəkildə təkrar edə bilərəm: istedadlı tərcüməçi o yaradıcı şəxsdir ki, əsərin başqa dildə yalnız şəkilini çəkmir, həm də onun ruhunu verməyi bacarır.

Bizim Beydulla Musayev, Hüseyn Şərif, Cahanbaxş, Vladimir Qafarov, İshaq İbrahimov, Elxan İbrahimov və başqaları kimi professional tərcüməçilərimiz olub, ancaq burası da doğrudur ki, mən deyə bilmərəm, onlar başdan-başa gözəl tərcümələr ediblər. Buna baxmayaraq böyük iş görüblər, milli tərcüməmizin zəhmətkeşləri, pionerləri olublar.

Belə bir maraqlı faktı da deyim ki, 1960-80-ci illərdə Moskvada yaşayan Tamara Kalyakina və İqor Peçenyev kimi rus tərcüməçiləri də biləvasitə orijinaldan, yəni sətri tərcüməyə müraciət etmədən, yaxşı mənimsədikləri Azərbaycan dilindən rus dilinə keyfiyyətli tərcümələri ilə çox iş gördülər. M.S.Ordubadinin, İlyas Əfəndiyevin, Əkrəm Əylislinin bir sıra əsərləri məhz bu tərcüməçilərin keyfiyyətli tərcümələri ilə rus dilli böyük auditoriyaya təqdim olundu. Onlar bizim ədəbiyyatımız üzrə ixtisaslaşmışdılar.

Elə burada ədəbiyyatımız üçün belə bir fərəhli cəhəti də qeyd etmək istəyirəm ki, XX əsr rus poeziyasının A.Axmatova, A.Tarkovski, V.Luqovskoy, Y.Smelyakov, P.Antokolski, K.Simonov, M.Aliqer, Y.Yevtuşenko, R.Kazakova və b. kimi məşhur nümayəndələri də klassik və müasir Azərbaycan şairlərinin əsərlərinin rus dilinə çevrilməsi işinə böyük əmək sərf ediblər və bunu mən poeziyamız üçün əhəmiyyətli, eyni zamanda ədəbiyyatımıza şərəf gətirən hadisə hesab edirəm.

Ancaq bir həqiqət də var ki, küll halında götürəndə Azərbaycan tərcümə ədəbiyyatında kəmiyyət ilə bədii-estetik keyfiyyət arasında xeyli dərəcədə məsafə var. Yalnız son vaxtlar deyil, elə sovet dönəmində də Homerdən, Dantedən, Firdovsidən tutmuş “Faust”acan, “1001 gecə” nağıllarından, antik ədəbiyyatdan tutmuş dünya ədəbiyyatının bir çox klassiklərinəcən minlərlə əsər, eləcə də bizim farsdilli Nizami, Xaqani, Məhsəti və başqaları kimi şairlərimizin əsərləri dilimizə çevrilib və mən bütün bunları son dərəcə mühüm, hətta xalqımızın mədəni-mənəvi inkişafı ilə bağlı taleyüklü hadisə hesab edərəm, ancaq təəssüf ki, bu tərcümələrin hamısının səviyyəsi yüksək deyil və bunda da təəccüblü bir şey yoxdur. Tərcümə – yaradıcılıqdır və yaradıcılıq nümunələri də eyni səviyyədə olmur. Böyük dünya şairləri var ki, onlar Azərbaycan dilində az qala qrafoman səviyyəsinə salınıblar.

Bizim tərcümə ədəbiyyatımızın yeni bir mərhələyə ehtiyacı var: bir tərəfdən yeni əsərlər tərcümə olunmalıdır, digər tərəfdən isə 30-40-50-60-cı illərdə artıq tərcümə olunmuş bir sıra böyük ədəbiyyat nümunələri yenidən tərcümə edilməlidir. Aradan keçən illər ərzində Azərbaycan ədəbi-bədii dili nə qədər inkişaf edib, leksikası zənginləşib, stil, üslub anlayışı estetik bir kateqoriya kimi müəyyənləşib, nə qədər yeni lüğətlər yaranıb – bunlar bir kənarda qala bilməz. Həm də bizim orijinaldan tərcümə kimi böyük problemimiz var. Tərcümələrimizin mütləq əksəriyyəti rus dilindəndir. Biz “Dekameron”u da, “Don Kixot”u da, Şekspiri də, Molyeri də, Höteni də orijinaldan yox, rus dilindən tərcümə etmişik. Bu problemin aradan qaldırılması son dərəcə vacib bir məsələdir.

Bu yaxınlarda mən “Yevgeni Onegin”i Eyvaz Borçalının yeni tərcüməsində oxudum və doğrusunu deyim ki, bu tərcümə mənim üçün çox xoş bir hadisəyə çevrildi. Təəssüf edirəm ki, bu istedadlı yaradıcılıq işi tənqidin, ədəbi ictimaiyyətin diqqətindən kənarda qalıb, halbuki Səməd Vurğunun avtoritetindən çəkinməyərək, onun məşhur tərcüməsindən sonra “Yevgeni Onegin”i yenidən tərcümə etmək və yaradıcılıq qələbəsi qazanmaq kiçik məsələ deyil.

Eyvazın tərcüməsi orijinala daha artıq dərəcədə yaxındır, eyni zamanda bu tərcümə dilin təbiiliyi, poetik səviyyəsi ilə də seçilir. Səməd Vurğun da, onun ədəbi nəslindən olan digər qələm sahibləri də vaxtı ilə böyük tarixi iş görüblər və Eyvazın yaradıcılıq təcrübəsi bir daha göstərir ki, sələflərimizin gördüyü bu işi daha da irəli aparmaq lazımdır.

Yaxud bizim görkəmli tərcüməçimiz Siyavuş Məmmədzadə Füzulinin “Leyli və Məcnun”unu orijinaldan rus dilinə tərcümə edib. Bu tərcümə hələ nəşr olunmayıb, mən onu əlyazmasında oxudum və daimi vaxt seytnotunda olduğuma baxmayaraq, özümü saxlaya bilməyib “Ön söz” yazdım. “Leyli və Məcnun”u ilk dəfə rus dilinə A.Starostin çevirib. A. Starostin şair və məşhur poliqlot idi və ispandilli poeziyanın tərcüməçisi kimi tanınırdı. Bu təcrübəli tərcüməçinin “Leyli və Məcnun”u rus dilinə çevirməsi, əlbəttə, klassik ədəbiyyatımızın maraqları baxımından əhəmiyyətli bir hadisə idi. Ancaq Siyavuşun tərcüməsi biləvasitə orijinaldan edilib və əsərin ruhunu, koloritini rus oxucusuna çatdırmaq baxımından çox irəlidir. “Ön söz”ü yazarkən, mən Siyavuşun tərcüməsini həm orijinalla, həm də A.Starostinin tərcüməsinin 1958-ci il nəşri ilə tutuşdurmuşam və deməliyəm ki, Siyavuşun tərcüməsi bədii-estetik səviyyə baxımında açıq-aşkar üstündür.

Elə sənin özünün, Yaşar, tərcüməndə Artur Millerin “Dünyanın yaranışı və başqa-başqa işlər” pyesini bu yaxınlarda “Azərbaycan” jurnalında oxudum. Artur Miller mənim yüksək qiymətləndirdiyim müasir dünya dramaturqlarından biridir və ədəbiyyatşünaslar 90 il ömür sürmüş bu dramaturqun yaradıcılığını bir neçə mərhələyə bölür. Yadıma gəlir, 60-cı illərin əvvəllərində, mən universitet tələbəsi olarkən onun “Kommivoyajerin ölümü” pyesini oxuduqdan sonra bu əsərin necə emossional təsiri altında idim. İndinin özündə də mən həmin pyesi XX yüzil dünya dramaturgiyasının şedevrlərindən biri hesab edirəm və yeri düşmüşkən deyim ki, İlyas Əfəndiyev də bu pyesi dünya miqyaslı çağdaş dramaturgiyada əhəmiyyətli hadisə hesab edirdi.

“Kommivoyajerin ölümü” 1940-cı illərdə yazılıb, sənin tərcümə etdiyin “Dünyanın yaranışı” isə, səhv etmirəmsə, 70-80-ci illərdə meydana çıxıb, aradan qırx il keçib, mövzu da, janr da tamam müxtəlifdir, ancaq, bax, həmin estetik təravət, həmin mətnaltı məna yükü, həmin bədii tamlıq. Düzdür, sən də bu pyesi biləvasitə orijinaldan yox, rus dilindən çevirmisən, ancaq mənim üçün çox xoş oldu ki, bu məşhur pyes Azərbaycan dilində də öz bədii-estetik miqyasını və məxsusiliyini saxlayıb.

Mən Molyerin, Pirandellonun pyeslərini, Qərb yazıçılarının hekayələrini, klassik yapon hokkularını və s. tərcümə etmişəm, lap bu günlərdə Sartrın “Yalnız həqiqət” (“Nekrasov”) komediyasının tərcüməsini bitirdim və öz təcrübəmə görə bilirəm ki, tərcümə etmək orijinal yazmaqdan daha artıq bir zəhmətkeşlik, səbr tələb edir. Bunun da səbəbi ondadır ki, orijinal yazanda sən özünü ifadə edirsən, xoşuna gələni artırırsan, gəlməyəni pozursan və s., ancaq tərcümədə bu mümkün deyil, çünki tərcüməçi başqasının özünüifadəsini oxucuya çatdırır, onun qələmi azad deyil, çünki bədii təxəyyül çərçivəyə salınıb, sənin dediyin kimi, onun hüdudları görünür. Bu – böyük zəhmət, səbr, hətta deyərdim ki, mətanət tələb edir və bu xüsusiyyətləri mən rəhmətlik Xəlil Rzada görmüşdüm. Bu gün Siyavuş Məmmədzadədə, Azər Mustafazadədə görürəm, rəhmətlik Natiq Səfərovda görürdüm.

(Ardı gələn şənbə)

 

 

525-ci qəzet.- 2011.- 17 dekabr.- S.16-17.