İsa Məsih

 

Peyğəmbərlər Tanrı elçiləridir. İlahi seçimə layiq görülənədək adi insanların həyatını yaşayırlar. Bu zaman davranışlarında, əməllərində hansısa möcüzəvi özəlliklər müşahidə edilmir. Onları başqalarından fərqləndirən əsas cəhət üstün mənəviyyata malik olmalarıdır. İlahi seçim də məhz buna görə müəyyənləşir.

Və Rəbbimiz hər elçi göndərdiyində onları ilkin olaraq insan mənəviyyatını zamanların, olayların gətirdiyi bulanıqlırdan arındırmaq missiyası ilə yükləyir. Bu, ağır bir missiyadır. Çünki mənəvi aşınmaların mahiyyətini çox zaman elə dəyərlər şərtləndirir ki, bunlar adətən din statusu qazanmış, müqəddəsləşdirilmiş, toxunulmaz elan edilmiş məsələlərlə bilavasitə bağlıdır. İlahidən göndərilən hər yeni elçi zavala uğramış saf dəyərlərin bərpası yolunda ağır bir din mücadiləsi verməli olur. Təktanrılıq uğrunda hər dəfə yeniləşən, daha geniş ölçüdə aparılan bir mücadilə.

Bu, dünyəvi müstəvidə əsasən qəddarlıq, nifrət, yalançılıq, riyakarlıq, köləlik, qorxaqlıq və s. kimi naqisliklərin toplumdan sıxışdırılmasını məqsəd qoyur. Mənəvi naqisliklər məzmun və görünüş baxımından bütpərəst inanışların, yaxud elə təktanrılıq dinlərinə sirayət etmiş bütpərəst davranış və düşüncə tərzinin zay məhsulları olaraq meydana çıxır. Təktanrılıq elçilərinin din mücadiləsində həmin naqisliklərlə ilahi dəyərlər – sevgi, şəfqət, mərhəmət, azadlıq, mərdlik, saflıq, düzlük, səmimiyyət və s. üz-üzə gəlir...

Din elçilərə məxsus deyil. Yəhudilərə musəvilər, xristianlara isəvilər, yaxud məsihilər, müsəlmanlara məhəmmədilər deyənlər yanılırlar. Din Allahındır. Elçilər ilahi dəyərlər uğrunda mücadilələrə sadəcə öndərlik edən simalardır.

Onlardan biri sevgili peyğəmbərimiz İsa Məsihdir. Tərəfdarları tərəfindən tuş gəldiyi hədsiz sevgi zəmin yaratmışdır ki, bəşəriyyətin bir qismi onu ilahiləşdirmiş, ona Tanrı demişdir. Bu müstəvidə baxıldıqda İsa Məsih xristianların mütləq əksəriyyətinin vəhdətdə tapındığı ilahi üçlüyün (Ata, Oğul, Müqəddəs Ruh) içində Tanrı-Oğuldur. Müqəddəs Oxu bu üçlüyə tapınma məsələsini din yanlışlığı, təktanrılıqdan bütpərəstliyə yuvarlanma kimi dəyərləndirir.

Qeyd edim ki, xristianların öz arasında üçlüyə münasibət birmənalı olmamış, bu yönümdə bəzi fərqli fikir və təsəvvürlər ayrı-ayrı sektalarda indi də qalmaqdadır. Dördüncü yüzilliyə qədər İsa Məsihin insan obrazında təcəlli tapan Yaradan Tanrı oğlu, yaxud yaranmışlardan biri olması barədə müəyyən fikir ayrılıqları var idi. 325-ci ildə Roma imperatoru böyük Konstantinin Nikey kilsəsində çağırdığı yepiskoplar məclisi İsa Məsihin ilahi təbiətə malik olması təsəvvürünü, dünyanın yeganə xilaskarı statusunu bir növ rəsmiləşdirdi.

Əlbəttə, İsa Məsih kimliyinin kilsə tərəfindən bu qaydada rəsmiləşdirilməsi tarixin işidir, ucalardan uca Allahın işi deyil. Yaradanın kainat yaradıcılığı və idarəçiliyinə aid saysız-sərhədsiz işlərilə yanaşı, müqəddəs Yazılar da göndərməsi var. Və Onun sonuncu göndərişi müqəddəs Oxuda yazılanlar kilsə baxışlarından fərqlidir, İsa Məsihi bizə bir bəşər övladı peyğəmbər olaraq tanıdır və sevdirir. Müqəddəs Müjdə və Yeni Əhdə gəlincə, nəzərə almaq lazımdır ki, buradakı yazılarda da İsa Məsih şəxsiyyətinin məhz Tanrı elçisi insan övladı olduğuna aid tutarlı dəlillərə rast gəlmək çətin deyil.

Məsələn, Müqəddəs Müjdədə belə bir epizod keçir. Bir imanlı şəxs İsaya “yaxşı müəllim” deyə xitab edərək soruşur ki, əbədi həyatı miras almaq üçün nə etməlidir. Və: “Nə üçün məni yaxşı adlandırırsan? Allahdan başqa kimsə yaxşı deyildir. Onun əmrlərini bilirsən: zinaya yol vermə, qətl törətmə, oğurluq eləmə, yalandan şahidlik eləmə, kimsəni aldatma, atana-anana hörmət elə” (Mark, 10:17-19) cavabını alır. Allahlıq iddiasından kənar sırf peyğəmbər cavabıdır. Müqəddəs Oxunun “Açılış” (“Fatihə” ) surəsinin elə ilk ayəsindəcə bildirilir ki, həmd, tərif, öyüm təkcə Tanrıya aid edilməli, başqasına yox. Bu ilahi hikmətlə səsləşir İsa Məsihin mövqeyi. Həmin cavabından bir də aydınlaşır ki, elan etdiyi əxlaq təlimində yer alan dəyərlər Tanrıdan vəhy kanalı ilə Öz elçisinə bildirilənlərdən ayrı deyil.

Yeni Əhdin “Həvarilərin işləri” bölməsində oxuyuruq: “Ey İsrail övladları! Dinləyin bu sözləri, Nazaretli İsa, onun vasitəsilə Allahın aranızda yaratdığı möcüzələr, xarüqələr və əlamətlərlə Allah tərəfindən təsdiq edilmiş bir bəşərdi sizdən ötrü”. (2:22) Və yaxud “Timoteyə birinci məktub”da deyilir: “Allah bir və Allahla insanlar arasında vasitəçi də birdir – o insan olan Məsih İsadır” (2:5). Elə bilirəm bu deyilənlər Tanrı hikmətlərinin məhz peyğəmbər – insan İsa Məsih ötürücülüyü ilə xalqa çatdırılmasını təsdiqləyən ilkin mənbə dəlillərindən sayılmalıdır.

Müqəddəs Müjdədə İsa Məsihin öz dilindən deyilənlər də maraqlıdır. Bütün peyğəmbərlərin taleyinə xas bir əhvalat – soydaşları tərəfindən rədd edilmə məsələsi onun da başına gələndə deyir: “Heç bir peyğəmbər öz məmləkətindən və evindən başqa yerdə şərəfsiz deyildir” (Matta, 13:57). Söhbət, şübhəsiz, bəşər övladları peyğəmbərlərdən gedir. Və İsa Məsih dilə gətirdiyi bu ifadə ilə özünü məhz onlara tay tutduğunu bəyanlayır.

Müqəddəs Müjdədə onu da görməmək mümkün deyil ki, peyğəmbərlik Allahın oğlu olmaq keyfiyyətilə də çox zaman üst-üstə düşür. Allahın oğlu olmaq Onun buyurduğu dəyərlərin elçi sayaq təbliğilə məşğul olanların qismətindədir. İsa Məsih öz ardıcıllarını peyğəmbərlərə xas əxlaq dəyərlərinə yiyələnməyə çağıraraq onları da Haqq-taalanın oğulları olmaqla Müjdələyir (Luka, 6:35). Yəni, Allahın oğlu statusu daha çox şərti və məcazi anlam daşıyır. Və belə görünür, bu statusu qazanmaq üçün bakirə Məryəmdən doğulmaq heç də şərt deyilmiş.

Əlbəttə, Müqəddəs Müjdədən bu fikrin lehinə sitatları artırmaq da, bunları İsa Məsihin müqəddəs üçlüyün tərkib hissəsi olduğuna dair bəyanlarla qarşılaşdıraraq dərin təhlillərə varmaq da olar. Qətiyyən elə bir məqsəd güdmürük ki, Kitab əhli qardaşlarımıza İsa Məsihin öz qavrayışımızda anladığımız peyğəmbərliyini qəbul etdirək. Bu, bir etiqad məsələsidir. “Dində məcburiyyət yoxdur” – buyurur Rəbbimiz Müqəddəs Oxuda (2, 256). Düşünürəm, hansısa xristian mənsubu İsanı Allah, mən isə özüm anladığım qaydada sevirəmsə, bu, aramızda elə bir problem yaratmamalıdır. Xüsusən də o halda ki, bu sevgi həqiqətən səmimiyyət müstəvisində qərarlaşa və tolerantlıq qarşılıqlı ola.

Tolerantlıq ilahi dəyərdir, Tanrıdan nazil olan Kitabların ruhundadır. Bunun bir ifadəsini müqəddəs Müjdədə keçən İsa Məsih təlimində görürük. Təlimin ana xəttində insana ümumən sevgi aşılamaq prinsipi dayanır. “Düşmənlərinizi sevin, sizə lənət oxuyanlara xeyir-dua verin, sizə nifrət edənlərə yaxşılıq edin, sizə əziyyət verib təqib edənlər üçün dua edin” təlqinləri bu səpkidədir. Və bunlar ilk oxunuşda və qavrayışda bir qədər də ifrata varmaq təsiri bağışlayır. Əslində isə sevgi təlqinlərindən məqsəd Tanrı istəklisi insan yaranmışına layiqli münasibətin bərqərar edilməsilə bağlı ilahi strategiyanın açıqlanmasıdır. Bunu çağdaş anlamda insan haqlarına riayət prinsipinin həyata keçirilməsini təmin edə biləcək bir mənəviyyat mexanizmi kimi də anlamaq olar.

Müqəddəs Müjdədə İlahinin “nankorlara və pis adamlara qarşı da xeyirxahlığı” (Luka, 6:35) fikri də ayrıca vurğulanır. Məqsəd insan haqlarının müqəddəsliyini nəzərə çatdırmaqdır. Yəni tutduqları ictimai-siyasi mövqedən, milli-irqi-dini mənsubiyyətlərindən asılı olmayaraq bütün insanların haqlarına hörmətlə yanaşmaq ilahi tələbdir. Təbii ki, bu, ilk növbədə Tanrı qatında uca-uca mərtəbələrə, məqamlara namizəd imanlı şəxslərin məsuliyyətindədir. Çünki toplumda mənəvi yüksəlişi, sabitliyi, mehriban ünsiyyət ab-havasını tənzimləməli mənəvi idarəçilik vəzifələrinə iddiaçılıq məhz iman yiyələrinin tale yazısıdır. Yetərincə mənəvi gücə malik olduqlarındandır ki, məhz onlar insan haqlarının gerçək təminatçıları kimi görülür. Təbii ki, söhbət tarix boyu insanlığa, azadlıqlara qənim kəsilmiş din təsisatları təmsilçilərindən deyil, tərəqqi və insanlıq dəyərlərinə, yəni gerçək mənada ilahi dəyərlərə xidmətlərdə bulunmuş Tanrı sevimliləri böyük şəxsiyyətlərdən gedir.

“İnsanların sizinlə necə rəftar etməsini istəyirsinizsə, siz də onlarla elə rəftar edin. Əgər sizi sevənləri sevirsinizsə, hansı təşəkkürə layiqsiniz? Günaha batmışlar da onları sevənləri sevirlər. Əgər sizə yaxşılıq edənlərə yaxşılıq edirsinizsə, hansı təşəkkürə layiqsiniz? Günaha batmışlar da elə edirlər” (Luka, 5:31-33) – deyir İsa Məsih. Və dolayısı ilə nəzərimizə çatdırır ki, əgər gerçək anlamda Tanrıya iman gətirmisinizsə, deməli, İlahinin böyüklüyü hörmətinə, necə deyərlər, böyüklük eləməyə də borclusunuz, insanlar arasına ayrı-seçkilik salmamalı, hər kəsin müqəddəs sayılan haqlarına sevgilə, sayğıyla yanaşmağı bacarmalısınız. Çünki İlahinin “nankorlara və pis adamlara qarşı da xeyirxahlığı” məsələsi var. Bu xeyirxahlıq onda təzahür tapır ki, Tanrı tövbə qapılarını daim açıq saxlayır, günaha batmışlar üçün doğru yola qayıtmağa imkanlar yaradır. İsa Məsihin sevgi təlimi həmin imkanları gerçəkləşdirmək gücünə iddiaçıdır.

Məsələyə bir qədər də aydınlıq gətirmək üçün deyim ki, günah daşıyıcıları sırf dini anlamda bir qayda olaraq bütpərəstliyə yuvarlanmış insanlardır. Bütpərəstliyə xas bir cəhət də təqlidçilikdir. Bu təqlidçiliyin ənənəçilik mərəzində, zaman-zaman gəlişmiş adətlərə din olaraq tapınma zəifliyində rolu böyükdür. Bu özəlliyi nəzərə alan İsa Məsih təlimi sevgi, mərhəmət, şəfqət dəyərlərini bütpərəst ovqatlı insanların təqlidçilik dövriyyəsinə buraxır və bütpərəstliyə meylli, yaxud yuvarlanmış toplumda müsbət mənəvi sonuclara nail olmağın bünövrəsini qoyur.

“Nankorlara və pis adamlara qarşı da” ilahi xeyirxahlığın müqəddəs Oxu məntiqi işığında izahı da maraqlıdır. Dinimizlə maraqlananlar bilir, müqəddəs Kitabımızda Allahın şərti olaraq doxsan doqquz sayda ifadə olunan adlarından biri Rəhmandır. Ərəbcə “rahimə” kökündən düzəlmə feli-sifətdir, “çox mərhəmət edən”, “rəhməti hər şeyə çatan, bütün varlıqları qucan” anlamında.

Rəhmanın mərhəməti bu dünyada yaxşıya da, pisə də, dindara da, dinsizə də şamildir. Var olan hər bir şey bu uca mərhəmətin sayəsində yoxluqdan varlıq aləminə çıxmış da mövcudluğunu sürdürür. Allahın Rəhim adında ifadəsini tapan mərhəməti, xeyirxahlığı isə yalnız axirət həyatına və inananlara aiddir. Və Allahın Öz Rəhmanlığıyla dünya həyatında pislərə qarşı da göstərdiyi mərhəmət onları yaxşılıq dəyərlərinə çəkib alışdırmaq naminədir ki, bu da həmin şəxslərə müəyyən möhlət verilməsi və fürsət tanınmasının ifadəsi olaraq gerçəkləşir. Rəhmanın xeyirxahlığı eyni zamanda yaxşı və pis dəyərlər seçimində insanlığın iradə azadlığının ilahi-mənəvi qarantı keyfiyyətindədir. İsa Məsihin sevgi təlimi Rəhman Tanrının məhz bu cür dərki üzərində qurulub və xeyli məntiqli görünür.

İsa ardıcılları həvarilərin təbliğatında isə insanlara sevgi məsələsi bir qədər məhdud məna kəsb edir. Onların öz tərəfdarlarına ünvanladığı müraciətlərində “düşmənlərinizi sevin” təlqininə demək olar rast gəlinmir. Anlaşılandır, çünki həmin təlqin insan haqlarına ilahi prizmadan baxıb dəyər vermə mahiyyətindədir və İsa Məsih təlimi bəyan edildiyi, yayıldığı dövrlərdə bu haqları ilahi mövqeyə əsaslanan konkret tənzimləmə mexanizmini ortaya qoymamışdı, belə bir məqsəd də zatən güdülmürdü.

Bu mexanizmin işlənməsi və bəyanı müqəddəs Müjdəyə görə, İsa Məsihdən sonra gələcək peyğəmbərin, daha doğrusu, bu peyğəmbərin zamanında Tanrıdan vəhy kanalı ilə alınacaq ilahi məlumatların öhdəsinə buraxılır. Gözlənilən elçi tərcümədən tərcüməyə “Təsəlliverici” adıyla tanıdılır. Ancaq qədim yunan nüsxələri üzərində aparılmış araşdırmalar göstərir ki, göndəriləcək şəxsiyyət “öyülmüş, həmd edilmiş” keyfiyyətindədir. Başqa sözlə, bu elə həmin mənanı ərəbcə ifadə edən Muhamməd adıdır. Müqəddəs Oxuda da İsa Məsih öz soydaşlarını Əhməd adlı (“həmd edilmiş” –”Muhamməd” sözünün başqa variantı) peyğəmbərin gələcəyilə müjdələyir (61, 6).

Müqəddəs Müjdədə İsa Məsih ardıcıllarına deyir ki, söyləmək istədiyi çox sözləri var, ancaq “indi bunlar sizdə sığmaz” (Yəhya, 16:12). Yəni zamanı gəlmədiyinə görə hər şeyi, bütün həqiqətləri söyləməkdən vaz keçir İsa Məsih. Başqa yandan, şübhəsiz ki, həmin o “çox sözlərin” içində, onun özünün də Müjdə bəyanına görə, “günah, salehlik, hökmlər” (16:8) anlayışlarının qavranılması və tətbiqi yönümündə yeni peyğəmbərin gəlişinədək insanların buraxacağı səhvlərin, yol verəcəyi yanlışlıqların sonradan, yəni yeni vəhylərin nüzulundan sonra sərf-nəzər ediləcəyi hikməti də var.

Hər halda İsa Məsih hər şeyi demədiyini deyir. Və bu həqiqət müqəddəs Oxu ayəsində də təsdiqlənir: “Aşkar dəlillər gətirmişdi İsa, demişdi: “Sizə hikmət gətirmişəm açıqlayam ayrılığa düşdüyünüz nəsnələrin bir qismini” (63).

İsa Məsihin gələcək peyğəmbərlə bağlı Müjdə bəyanında bir də onu oxuyuruq ki, o, imanlı şəxslərə hər şeyi öyrədəcək (Yəhya, 14:26) və öyrətdiyini “öz adından söyləməyəcək, nə eşidərsə (yəni hansı vəhyləri alarsa), onu söyləyəcək və gələcəyi sizə bildirəcək” (Yəhya, 16:13).

Təbii ki, müqəddəs Müjdədə müjdəsi verilən yeni peyğəmbərin (bizim etiqadımıza və araşdırmalarımaza görə Məhəmmədin!) gəlişinədək İsa ardıcıllarına hələlik qalır sevgi təlimini yaşadıqları gerçəkliklərə uyğunlaşdırmaq məsələsi. Bu məsələ də belə çözülür. Sevgi impulsları düşmənlərin – rəqiblərin də daxil olduğu mühitdən yönəldilir İsa Məsih təliminin təbliği missiyasını üzərinə götürmüş şəxslərin çevrəsinə.

“Düşmənlərinizi sevin” təlqini get-gedə daha çox “bir-birinizi (yəni İsa Məsihə iman gətirənləri) sevin”lə əvəzlənir. Müqəddəs Həvari Yəhyanın birinci məktubunda oxuyuruq: “Sevimlilərim, bir-birimizi sevək. Çünki sevgi Allahdandır və sevən hər kəs Allahdan doğulub və Allahı tanıyır. Sevməyən Allahı tanımamışdır, çünki Allah sevgidir. Allahın sevgisi bizdə belə zühur etmiş: Öz yeganə oğlunu dünyaya göndərmiş ki, biz onun vasitəsilə həyat alaq. Sevimlilərim, əgər Allah bizi sevdisə, biz də bir-birimizi sevməliyik. Allahı heç kim, heç zaman görməmiş. Əgər bir-birimizi seviriksə, Allah bizdə yaşayır və onun sevgisi bizdə tamamlanır. Bizim Onda yaşadığımızı, Onun da bizdə yaşadığını bundan bilirik ki, O bizə Öz ruhundan vermiş” (4:7-9, 11-13).

Tanrıdan alınan sevgi impulsları qapalı və dar dairədə dövr edir. Burada Tanrı dərkinə sevgilərlə nail olmaq iddiası da var. Düşünürəm bu gözəl iddianın gerçəkləşdirilməsi üçün İsa Məsih təliminin məntiqinə uyğun gərək o da deyiləydi ki, hər sevməyən kəs də Allahdan doğulmuşdur. Yəni dolayısı ilə belə bir fikir ifadə olunaydı ki, Allahı tanımayanın da tanımamaq haqqına sayğıyla yanaşmaq borcumuzu yerinə yetirməliyik. Və ən azından o mənada ki, etiqad azadlığı baxımından insanların Tanrını tanımamaq haqqına sayğıyla, sevgilə yanaşılmalı və s.

Bu mənada İsa Məsih təfəkkürü müqəddəs Oxu kontekstində daha yaxşı anlaşılır. Məsələn, “Kafirlər” surəsində Tanrıya şərik qoşan, sözün birbaşa anlamında əks cəbhədə, düşmən sayılı biləcək cərgədə dayananların əqidəsi, davranışları, səcdələri din adlandırılır. Dindirsə, deməli, bunlara da sayğıyla yanaşmaq borcumuzu yerinə yetirməliyik. Ən azından o mənada ki, etiqad azadlığı baxımından insanların Tanrını tanımamaq haqqı da tanınsın. Rəbbimiz məhz həmin surədə bunu duyurur Öz elçisinə: “De ki, ey kafirlər! Sizin tapındığınıza mən tapınmıram. Siz də tapınmırsınız mənim tapındığıma. Nə mən tapınanam sizin tapındığınıza, nə siz tapınansınız mənim tapındığıma. Sizin öz dininiz var, mənim də öz dinim var” (109, 1-6).

Yeni Əhdə görə, İsa ardıcılları da Tanrı övladlarıdır. Bunlar o iddiadadırlar ki, ruhları İsa sevgisilə mütləq ölçüdə paklandığından ilahi dərkə tamamilə nail olmuş insanlardır. O düşüncədədirlər ki, “Allahın gizli hikmətlərini təbliğ edirlər” (Korinflilərə birinci məktub, 2:6), hər şey haqqında mühakimə yürüdə bildikləri halda, onların barəsində isə heç kim mühakimə yürütmək gücündə deyil. O gümandadırlar ki, məhz onlar Rəbləri saydıqları İsa Məsihin ağlına malikdirlər (2:15-16). Və bu səbəbdən də Allahın ən sevimli bəndələri kimi toplumun üst qatındadırlar.

Dində təkəbbürlüyə yol açan bir özəllikdir. Şübhəsiz ki, insanlığa böyük bir töhfə olaraq gəlmiş İsa Məsih təliminin sonralar kilsə institutları, din zümrələri tərəfindən kiçildilərək zülmə, haqsızlıqlara alət edilməsinin ideoloji ovqatı həmin bu din təkəbbürlüyü özəlliyindən qaynaqlanır.

Rəbbimiz buyurur Müqəddəs Oxuda: “Biz Allahın oğullarıyıq, Onun sevimliləriyik” dedi yəhudilər, xristianlar. De ki, elə isə bəs niyə əzab verir sizə işlədiyiniz suçların əvəzində? Siz də Onun yaratdıqlarından bir bəşər, istədiyini bağışlar, istədiyinə əzab verər” (5, 18); “Məryəm oğlu İsanı göndərdik, ona Müjdəni verdik, şəfqətlə, mərhəmətlə yoğurduq onun ardıcıllarının könüllərini. Rahibliyisə özlərindən icad etdilər. Bunu da onların taleyinə ona görə yazdıq ki, Allah rizasını diləsinlər sadəcə. Onlardan iman gətirənlərin vermişik əcirlərini. Yolsuzlardı bir çoxu” (57, 27).

Tanrını tam dərketmə ovqatından dolayı daxili bir arxayınçılıq keçirən, təkəbbürə yuvarlanan din xadimlərinə tənqidi münasibət müqəddəs Müjdədə “Fərisey və vergiyığan”ın məsəlində açıqlanır. Öncə bunların məbəddə ikən etdikləri dualara diqqət çəkilir. Din təmsilçisi fərisey deyir: “Ey Allah! Mən başqaları kimi soyğunçu, haqsız, zinakar və yaxud da bu vergiyığan kimi olmadığım üçün Sənə minnətdaram...” Vergiyığan yerli camaat içindən çıxmış və gəlmə işğalçılar üçün işləyən bir məmur, soydaşlarının nifrət etdiyi şəxsdir. O isə gözlərini göyə qaldırmağa belə cəsarət etmədən yalvarır: “Ey Allah! Mən günahkara mərhəmət et!” Aparılan bu dua paralellərinə İsa Məsihin dilindən sonluq vurulur: “Sizə deyirəm, o birisi yox, bu adam evinə paklanaraq getdi. Çünki öz-özünü yüksəldən hər kəs alçaldılacaq, öz-özünü alçaldan isə yüksəldiləcəkdir” (Luka, 18:9-14). Təbii ki, söhbət yalnız Allah qarşısında alçalıb-yüksəlməkdən gedir.

Yazımın əvvəlində İsa Məsihin kimliyinə müəyyən aydınlıq gətirməyə çalışdım. Bir daha xatırladım ki, müqəddəs Oxuda o, yalnız “Məryəm oğlu İsa Məsih”dir, təktanrılıq elçilərindən biridir. Xristianlar içində onu ilahiləşdirməyin, Allah saymağın tərəfdarları çoxluq təşkil edir. İnanırlar ki, onun çarmıxa çəkilməsi insanların günahlarını öz qanı ilə yumaq istəyindən gəlmişdir. Və o, diriləndən və bir müddət öz yaxınlarına görünəndən sonra göyə çəkilmişdir ki, bir xilaskar və Allahın qayda-qanunlarını, səmavi səltənəti bərqərar edəcək bir ilahi qüvvə olaraq dünyaya təkrar qayıdanadək onun adı ilə günahlardan tövbə təbliğ olunsun.

Müqəddəs Oxu yəhudilərin İsa Məsihi deyil, başqasını çarmıxa çəkdiklərini (4, 157), onun öz əcəliylə vəfat etdiyini (3, 55), peyğəmbər ruhunun Allah qatına ucaldığını (4, 158) bildirir. Mən də buna inanıram. Və ənənəvi xristian inanışının mövhumatçılığa yol açdığı zənnindəyəm.

Maraqlıdır ki, həmin inanış bir qədər islami qiyafədə müsəlman şüuruna da sirayət etmişdir. Müqəddəs Oxunu ehmal edib hədislərə üz tutan bir qism müsəlmanların şüuruna. Məşhur hədisçilər Buxari, Müslüm, Tirmizinin qələmə aldıqlarından birində Məhəmməd peyğəmbərdən belə bir söz nəql edilir. Peyğəmbərimiz guya and içibmiş ki, Məryəmoğlu İsanın adil bir hakim olaraq insanların yanına qayıdışı labüddür. O, gələcək, xaçı qıracaq, donuzu öldürəcək, cizyəni (fəth olunan torpaqlarda xaçpərəstlərin müsəlman dövlətinə ödədikləri vergi) aradan qaldırılacaq və islamdan başqa bir şeyi qəbul etməyəcək. O zaman sərvət dalınca qaçanlar olmayacaq, çünki mal-dövlət bolluğu yaranacaq. Allaha səcdədə olmaq dünya və dünyadakı bütün şeylərdən xeyirli bilinəcək.

Etiraz edib deyə bilərlər ki, bu hədis müqəddəs Oxu ilə düz gəlmədiyindən hədis sayılmamalıdır. Ancaq bunun İslam aləmində, tarixində avtoritetlərdən hesab olunan müəlliflərin kitablarında da getdiyi faktdır. Və bir daha vurğulayıram ki, Allahın Kitabı ola-ola başqa mənbələrə üz tutmaq doğru deyil. Hər halda toxunduğum hədisin məndən ötrü önəmi də var. Bu hədis Allahın deyil də tarixi zamanların çeşidli adlar altında böldüyü dinlər arasında qohumluq bağlarını gözəl bir tərzdə aşkarlayır. Göründüyü kimi, bu qohumluq bağları təkcə obyektiv təktanrılıq dəyərlərinə görə deyil, həm də subyektiv təsəvvürlərin məhsulu kimi yayılan mövhumatçılığa görədir.

İnsan xislətində möcüzəyə inanmaq zəifliyi var. Bunu nəzərə alan Rəbbimiz İsa Məsihə möcüzələr göstərməyi də qismət eləmişdi. Xəstələrin sağaldılması, bəzi hallarda ölülərin dirildilməsilə bağlı həmin möcüzələri müqəddəs Oxu təsdiq edir. Əslində bunlar İsa Məsihin sevgi təliminə tamamlayıcı bir mahiyyət qazandırmaqdan ötrüdür. Yəni insan mənəviyyatının təmizlənməsi uğrunda səylər insan cisminin sağlamlaşması ilə tamamlanır. Şəfa tapanlar bir qayda olaraq İsaya tapınanlardır. Və Tanrının cavab sevgisi beləcə maddiyyat aləmində də konkretləşir, maddiləşir.

Möcüzə anlamı müqəddəs Oxuda ayə sözülə ifadə olunur. Bu, Tanrının birliyini nişan verən dəlil, işarə də deməkdir. Oxu ayələri də Tanrı möcüzələrindəndir. Rəbbimizin məsləhətidir ki, möcüzələrə sadəcə inanmaqla yetinməməli. Bunları oxumaq və oxuya-oxuya anlamaq da lazım gəlir ki, Tanrı dərkinə doğru aparan yolları aramaq mümkün olsun. İsa Məsihin Tanrı ruhuyla (oxu: gücüylə, enercisilə) xanım Məryəmdən doğuluşu da ayədir (23, 50), oxunmalıdır. İsa Məsihin özü “Tanrının Məryəmə atdığı kəlməsi”dir (3, 45), oxunmalıdır. Və biz müqəddəs Yazıları, kainatı, özümüzü oxuduqca, o müqəddəs Ruhla qızınaraq İsa Məsih ayəsini, bu Tanrı kəlməsini daha yaxşı anlaya bilərik. O müqəddəs Ruhla ki, Allahdandır və hər birimizdə var onun zərrəcikləri.

 

Nəriman QASIMOĞLU

525-ci qəzet.- 2011.- 17 dekabr.- S.14-15.