Mədəni dəyərlərimizi yaradanlar:onları unutmağa haqqımız yoxdur!

 

XX əsrin axırıncı onillikləri və yeni əsrin ötən dövründə dünyada təkamül və yeni texnologiyaların tətbiqi ilə yaranmış informasiya bolluğunu qloballaşma ilə izah etsək, ona adekvat olaraq mədəniyyətdə də “müvafiq islahatlar”ın olacağı gözlənilirdi. Bu belə də oldu. Amma incəsənətdə, onun müxtəlif sahələri olan musiqidə, rəssamlıqda, teatrda, xüsusilə kino sahəsində AvropaAmerika qitəsi ölkələrində elə dəyişikliklər baş verdi ki, onların fəlsəfəsini, dəyərlərini, məna, məzmun və forma üslubunu qavramaq üçün “superkəllə” tələb olunur.

Bu “islahatları” aparan yeni nəslin nümayəndələrindən soruşanda ki, sizin əsərlərinizi, ifalarınızı yaxşı başa düşmək üçün nə etməliyik, nəyi öyrənməliyik, onlar çox ötkəm cavab verirlər: “Bu sizlik deyil, indi əsrimiz sürət əsridir, kosmos əsridir, bizim əsərləri, ifalarımızı qavramaq üçün gərək şüurlarınız yeniləşə, bizimlə ayaqlaşasınız...” Barəkəllah belə cavaba!

Sözsüz ki, dünyada baş verən bu dəyişiklik və yeniliklər keçmiş Sovetlər İttifaqına daxil olan ölkələrə, o cümlədən bizim respublikaya da öz təsirini yetərincə göstərmişdir. Əlbəttə, mən keçən əsrin 60-80-ci illərində yaşayıb-yaratmış və hazırda da yaradıcılıqlarını davam etdirən ədiblərimizi, bəstəkarlarımızı, rəssamlarımızı, musiqi əsərlərinin ifaçılarının bu mövcud yeniliklərdən özlərinə müsbət keyfiyyətləri əxz edərək yaradıcılıqlarını davam etdirən sənətkarlarımızı görürəm, tanıyıram. Onların dəyərli keyfiyyətlərindən biriodur ki, öz müəllimlərini, sənətə vəsiqə verən ustadlarını heç vaxt unutmur, onlar haqqında öz fikirlərini, təəssüratlarını zaman-zaman ictimaiyyətə çatdırırlar.

Məni təəssüfləndirən bizim gələcəyimiz olan, xalqımızın, millətimizin keçmiş mənəvi dəyərlərini qoruyub gələcək əsrlərə ötürəcək müasir gənclərimizin böyük bir hissəsinin bu məsuliyyətli işə laqeyd münasibətidir. Sözsüz ki, belə deyəndə bütün gənclərimizi nəzərdə tutmuram. Onların arasında xeyli sayda bilikli, zəkalı, öz üzərində daima çalışan, müasir texnologiyalara yaxşı bələd olmaqla dünya və Azərbaycan klassiklərini mütaliə edən, məhz yiyələndikləri bu bilik sayəsində ali məktəblərə test imtahanları verdikdə böyük müvəffəqiyyətlər qazanan oğlan və qızlarımızın olduğunu fəxrlə qeyd edirəm. Xalqımızın, millətimizin gələcəyi, onun iqtisadi və mədəni yüksəlişi məhz bu gənclərimizin ümidinə qalıb və inanıram ki, onlar bu missiyanı doğruldacaqlar. Ancaq məni və mənim kimi ağsaqqal şəxsləri üzən və kədərləndirən odur ki, yuxarıda qeyd etdiyim kimi gənclərimizin böyük bir hissəsi mütailədən kənar qalmaqla, tariximizi, milli kökümüzü, mənəvi dəyərlərimizi unutmaqdadırlar. İctimai fikrin və mədəni dəyərlərin yaradıcıları olmuş görkəmli şəxslərin həyat və yaradıcılıqlarını mütəmadi işıqlandırmaqda, onları geniş xalq kütləsinə, xüsusilə gənclərə çatdırmaqda kütləvi informasiya vasitələrinin rolu danılmazdır. KİV-in isə ən çevikgeniş yayıcısı televiziya kanalları olduğunu desək, yəqin ki, yanılmarıq. Təəssüflər olsun ki, mütaliəni, kitab oxumağı çoxdan yadırğamış müasir adamların, xüsusilə gənclərin informasiya tələbi məhz televiziya verilişlərilə qarşılanır. İndi görək bu televiziya verlişlərinin məzmunu və mahiyyəti nədən ibarətdir? Hamıya yaxşı bəllidir ki, bu televiziya kanallarının əksəriyyəti tamaşaçılarını reklam roliklərinə cəlb etmək xatirinə yüngül şoularmusiqi verilişləri ilə ekranları bir an da boş qoymurlar. Ən çox da müxtəlif əcnəbi seriallara yer verilir. Düzdür, arabir bu kanallarda elmi-kütləvi və tarixi araşdırmaları özündə əks etdirən və deyərdim ki, gənclərimiz üçün çox mühüm olan bəzi verilişlərə, görkəmli alim və mədəniyyət xadimlərinin çıxışlarına da rast gəlirik, ancaq bu verilişlər ümumi vaxt bölgüsündə çox az bir hissəni təşkil edir. Əksər verilişlər şou xarakterli, bədii dəyəri olmayan, insanlara mənəvi qida verməyən verilişlərdir. Təki bu uzunmüddətli reklam fasilələrində firma, şirkət, şadlıq evləri, özəl klinikalar, ayrı-ayrı ərzaq və geyim mallarını tərifləyən roliklər fırlansın. Reklamların intensivliyi sıx, müddəti də həddindən artıq uzun olur.

Üzərində dayanmaq istədiyim bir məsələ də televiziya kanallarında, ictimai xarakterlibayramlar münasibətilə düzəldilən konsertlərdə sayı günbəgün artan müğənnilərin ifa etdikləri mahnıların müəlliflərinin elan olunmamasıdır. Axı bu mahnılar öz-özünə yaranmayıb, onları bəstələyən bəstəkarlar, musiqiyə məna verən şeir parçalarının müəllifləri – şairlər olublar. Bəs onların adları niyə elan edilməsin? Bu çox ciddi məsələdir. Bunun həm mənəvi, həm də hüquqi cəhəti, yəni müəlliflik hüququnun pozulması kimi ciddi bir tərəfi var. Keçən əsrin ortalarında, sonra da 60-80-ci illərdə böyük Üzeyir bəy Hacıbəyovun yaratdığı peşəkar bəstəkarlıq məktəbinin yetirmələri olmuş Səid Rüstəmovun, Ağabacı Rzayevanın, Fikrət Əmirovun, Əşrəf Abbasovun, Cahangir Cahangirovun, Tofiq Quliyevin, Süleyman Ələsgərovun, Rauf Hacıyevin, Qənbər Hüseynlinin, Şəfiqə Axundovanın, Arif Məlikovun, Hacı Xanməmmədovun, Vasif Adıgözəlovun, Nəriman Məmmədovun, Ramiz Mirişlinin, Emin Sabitoğlunun, Elza İbrahimovanın, İbrahim Topçubaşovun, Ələkbər Tağıyevin, Telman Hacıyevin, Oqtay Kazımovun, Oqtay Rəcəblinin, Eldar Mansurovun, Tahir Əkbərin və başqa neçə-neçə bəstəkarın çox gözəl mahnıları indiyədək xalqımız tərəfindən böyük məhəbbətlə dinlənilib və sözsüz ki, gələcəkdə də dinləniləcək. Bu bəstəkarlarla yaradıcılıq ünsiyyətində olan, mahnılara böyük məna gətirən şeirlər yazan unudulmaz şairlərimiz Səməd Vurğun, Süleyman Rüstəm, Rəsul Rza, Məmməd Rahim, Nigar Rəfibəyli, Mədinə Dilbazi, Zeynal Xəlil, Nəbi Xəzri, İslam Səfərli, Adil Babayev, Əliağa Kürçaylı, Fikrət Qoca, Cabir Novruz, Nüsrət Kəsəmənli, Yusif Həsənbəy, Vahid Əziz, Baba Vəziroğlu və digər neçə-neçə dəyərli söz sənətkarımız necə unudula bilər? Məgər o şedevrlərin, gözəl sənət əsərlərinin müəlliflərini unutmaqmı olar? Əsla yox! Amma reallıq budur ki, artıq bu görkəmli bəstəkarlar və şairlər gənclərimizin əksəriyyəti tərəfindən unudulmaqdadır. Belə bir təhlükə var. Mədəniyyətimizin bu görkəmli nümayəndələrinin unudulmamasını, zaman-zaman onların xatırlanmasını istəyiriksə, onda mütləq müğənnilərin bu mahnıları ifa etdikləri vaxt onun yaradıcıları olmuş bəstəkar və şairlərin adlarını elan etmələri vacibdir. Ya müğənni özü, ya da aparıcılar tərəfindən hər bir ifa edilən mahnını bəstələyən bəstəkarın və sözlərin müəllifi olmuş şairin adları çəkilməlidir. Bu bir tərəfdən geniş tamaşaçı auditoriyasının, gənclərimizin, digər tərəfdən də bu mahnıları ifa edən müğənnilərin özlərinin oxuduqları mahnının müəlliflərini tanıması üçün əvəzsiz bir vasitə olardı.

İnanın ki, hazırda gənc müğənnilərin əksəriyyəti ifa etdikləri mahnıların müəlliflərinin kim olduğunu bilmir. Bu isə qətiyyən yolverilməzdir. Belə hallar bir tərəfdən o görkəmli bəstəkar və şairlərimizin xatirələrinin, çəkdikləri zəhmətin unudulması, o biri tərəfdən isə onların müəlliflik hüquqlarının kobud surətdə pozulması deməkdir. Bu yaxınlarda unudulmaz bəstəkarımız, heyf ki, sağlığında əməyi layiqincə qiymətləndirilməyən Ələkbər Tağıyevin vəfatının 30 illiyi münasibətilə ANS kanalında çox dəyərli bir verilişə baxarkən bəstəkarın oğlu Xaliq Tağıyevin mühüm bir açıqlaması məni məmnun etdi. Atasının çox geniş yayılmış mahnılarının bir çox görkəmli xarici müğənnilər tərəfindən “özününküləşdirilmə”sini, mahnıları ifa edərkən onları bəstələyənin adının çəkilməməsi X.Tağıyevin hiddətinə səbəb olub. Hüquq mütəxəssisi olan X.Tağıyev Türkiyəyə gedib, burada mərhum atasının mahnılarını öz repertuarına salmış görkəmli ifaçılarla məhkəmə çəkişməsində tam qələbə çalıb. Hazırda bu mahnıları ifa edən müğənnilər bəstəkarın adını elan edirqanunçuluqda nəzərdə tutulan qonorar mərhum bəstəkarın ailəsinə göndərilir. Ə.Tağıyevin oğlunun atasının müəlliflik hüququnun qorunması üzrə atdığı bu addım, məncə, adlarını yuxarıda çəkdiyim bəstəkar və şairlərin ailə üzvləri üçün də örnək olardı.

Belə addımları xalqımızın sevimliunudulmaz xanəndələrinin bəstələdiyi, hazırda xalq mahnıları kimi müğənnilərimiz tərəfindən geninə-boluna televiziya kanallarında, konsertlərdə, toy məclislərində ifa edilən mahnılarla bağlı da atmaq lazımdır. Məlumdur ki, Cabbar Qaryağdıoğlu, Xan Şuşinski, Hacıbaba Hüseynov, Qulu Əsgərov, Əlibaba Məmmədov, Zeynəb Xanlarova, Arif Babayev, Məmmədbağır Bağırzadə, Bəhram Nəsibov və digər xalq bəstəçiləri neçə-neçə gözəl mahnı yaradıblar. Amma mahnılar oxunarkən çox vaxt bu şəxslərin adları çəkilmir. Elə təsəvvür yaranır ki, bu mahnılar öz-özünə yaranıb. Axı hər bir mahnı onu yaradan şəxsin istedadının, ilhamının məhsuludur və onun bu əməyi özgəsi tərəfindən mənimsənilməməlidir. Hətta bəzən elə də olur ki, müğənnilər bu mahnıların melodiyasına yazılmış sözləri təhrif edib dinləyicilərdə çaşqınlıq yaradırlar. Məsələn, Qulu Əsgərovun çox məşhur olanDolanaram başına” mahnısını gənc müğənnilər ifa edərkən müəllifin şeirdəki “Sev ki, sevən mərd olar” ifadəsini “Sevgi sevən mərd olarkimi oxuyurlar. Necə yəni “Sevgi sevən mərd olar”? “Sevgi sevmək” nə deməkdir? Bəzi müğənnilər isə daha irəli gedib ifa etdikləri mahnının sözlərini tam dəyişib öz istədikləri şeir parçaları ilə əvəz edirlər. Fikrimi bir faktla aydınlaşdırmaq istəyirəm. Keçən əsrin 50-70-ci illərində fəaliyyət göstərmiş aşıq Bəylər Qədirov öz kəndini vəsf edən gözəl bir aşıq mahnısı yaradıb – “Kəndimiz”. Sözləri də ona məxsusdur. Bu mahnının melodiyası o qədər ürəyəyatımlı, sözləri o qədər səmimidir ki, insanın yaddaşına istər-istəməz həkk olunur. Onu da deyim ki, bu mahnı müəllifin ifasında Azərbaycan TeleviziyaRadio Verilişləri ASC-nin Qızıl fondunda saxlanılır. Bu mahnı onlarla aşıq və müəlliflər tərəfindən ifa olunur və təəssüf ki, heç vaxt onun müəllifinin adı çəkilmir. Axır vaxtlarda isə həmin hava üzərində tamam başqa şairin sözləri səsləndirilr ki, bu da sənətkarın xatirəsinə laqeydlik əlamətidir.

Xalqımızın görkəmli bəstəkarlarının və şairlərinin birgə yaratdıqları əsərlərinin gələcək aqibəti narahatlıq doğurur. Mən tam əminəm ki, mənim bu yazıda qoyduğum məsələlər minlərlə ziyalıların, ağsaqqal və ağbirçək insanların ürəyindən gələn fikirlərdir. Həqiqətən, olmaz belə biganə münasibət, belə unutqanlıq. Bu gözəl mahnıları indi televiziya kanallarında, konsertlərdə, el şənliklərində, toy-büsatda oxuyan müğənnilər yaxşı bilməlidirlər ki, əgər onlar ifa etdikləri mahnıların müəlliflərinin adlarını bilmirlərsə və ya bilərək, onu elan edib camaata çatdırmırlarsa, böyük qəbahətə yol verirlər. Bilsinlər ki, bu unutqanlıq yaxın gələcəkdə onlar üçünvar, heç 10-15 il keçməyəcək ki, onların da adları unudulacaq. Odur ki, bu müdrik kəlamı daima xatırlamalıdırlar: “Unutsaq, unudularıq!”

Məsələnin həllinin rəsmi tərəfinə gəlincə, Prezident Adminstrasiyası və Nazirlər Kabinetinin müvafiq şöbələrinin, Milli Məclisin Mədəniyyət Komitəsinin dəstəyi ilə Mədəniyyət və Turizm Nazirliyi, Bəstəkarlar İttifaqı, Yazıçılar Birliyi, Aşıqlar Birliyi, Müəllif Hüquqları Agentliyi, Milli TeleviziyaRadio Yayım Şurası, ölkədəki televiziyaradio kanallarının rəhbərləri bu sahədə əlbir çalışmaqla vəziyyətin müsbətə doğru dəyişməsinə tez bir zamanda nail ola bilərlər. Beləliklə, həm qeyd etdiyim acınacaqlı mənzərə aradan qaldırılar, həm də yol verilən yanlışlıqların bir daha baş verməməsi üçün bu sahəyə nəzarət artırılar.

 

Akif MUXTAROV

525-ci qəzet.- 2011.- 16 dekabr.- S.8.