Mirzə İbrahimovun 100 illiyi Dillər Universitetində qeyd olunub

 

Dünən Azərbaycan Dillər Universitetində (ADU) xalq yazıçısı, dramaturq, ədəbiyyatşünas Mirzə İbrahimovun 100 illik yubileyi münasibətilə elmi-praktik konfrans keçirilib.

Konfransda çıxış edən təhsil naziri Misir Mərdanov bildirib ki, xalq yazıçısı, dəyərli əsərlərin müəllifi Mirzə İbrahimovun 100 illik yubileyi Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı əsasında keçirilən silsilə tədbirlərdən biridir. Müasir gənclərin bir çoxunun Mirzə İbrahimovun həyat və yaradıcılığı haqqında məlumatı olmadığını təəssfülə qeyd edən təhsil naziri onun fəaliyyəti haqqında məlumat verib. Bütün həyatı boyu Mirzə İbrahimovun milli ideyalar, Azərbaycan dilinin saflığı uğrunda mübarizə apardığını diqqətə çatdıran M. Mərdanov hətta ona pantürkist damğası vurulduğunu da sözlərinə əlavə edib: “Gözəl romanlar, pyeslər, publisistik əsərlər yazması ilə yanaşı, Mirzə İbrahimov həm də fəal ictimai xadim olub. Onun 1945-ci ildə Azərbaycan Elmlər Akademiyasını təsis edən 15 nəfərin içərisində olması Mirzə İbrahimovun çoxşaxəli xüsusiyyətindən xəbər verir. Bundan əlavə, Mirzə İbrahimov Cənubi Azərbaycan məsələsini də ədəbiyyatda qabardıb və həyatı boyu Azərbaycanın bütövlüyü uğrunda da mübarizə aparıb. O hələ 1946-cı ildə 31 yaşında Xalq Maarifi Nazirliyinə rəhbərlik edib. Elə həmin ildə də Azərbaycan dili ilə bağlı müəllimlərin qurultayı keçirilib. Azərbaycan dilinin dövlət dili kimi Konstitusiyaya düşməsinə çalışıb. 1957-ci ildə vəzifəsindən uzaqlaşdırılmasına baxmayaraq, öz idealından geri çəkilməyib. Bu gün orta məktəb dərsliklərində Mirzə İbrahimovun həyat və yaradıcılığı dolğun şəkildə əks olunub”. Azərbaycan SSR Ali Sovetinin sədri ikən Azərbaycan dilini rəsmi dövlət dili kimi qəbul etdirməyə nail olan Mirzə İbrahimovun çoxsaylı tənqidlərə tuş gəlsə də, heç zaman sınmadığını deyən M.Mərdanov onun yüksək vəzifələrdə çalışaraq nüfuz sahibi olduğunu vurğulayıb.

ADU-nun Azərbaycan ədəbiyyatı kafedrasının müdiri, dosent Fəridə Səfiyeva yazıçının ədəbi-bədii yaradıcılığı haqqında məlumat verib. O, hazırda bu böyük şəxsiyyətin yubiley tədbirlərinin təkcə ölkəmizdə deyil, ölkəmizdən kənarda da təntənəli şəkildə qeyd olunduğunu bildirib. Sənətkarın yaradıcılığında nəsr əsərlərinin mühüm yer tutduğunu söyləyən kafedra müdiri bundan əlavə, onun dram əsərləri haqqında da danışıb və bildirib ki, həmin pyeslər M. İbrahimovun bir dramaturq kimi Azərbaycan ədəbiyyatında yerini müəyyənləşdirib.

Sonra yubiley mərasiminin iştirakçıları yazıçıya həsr olunmuş foto-slayda tamaşa ediblər.

Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar Mirzə İbrahimovla xeyli yaxın ünsiyyətdə olduğunu deyib. Onun müstəqilliyə gedən çətin yolda daim fəaliyyət göstərdiyini deyərək Cənubi Azərbaycanla bağlı da xeyli gördüyünü bildirib. Mirzə İbrahimov publisistikasının bədii əsərlərinə bərabər olduğunu söyləyən Anar Mirzə İbrahimovla bağlı xatirələrini bölüşüb. Anar nitqini “İstərdim ki, müasir gənclik Mirzə İbrahimov kimi şəxsiyyətlərin həyat və yaradıcılığını bilməklə yanaşı, onların apardığı mübarizənin nədən ibarət olduğunu da bilsinlər” fikirləri ilə bitirib.

Mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev Mirzə İbrahimov kimi insanların yubileylərinin dövlət tərəfindən keçirilməsini dəyərli hal kimi xarakterizə edib. M.İbrahimovun məhsuldar yazıçı olduğunu deyən V. Əliyev yazıçının dünya ədəbiyyatının məşhur əsərlərini dilimizə çevirdiyini vurğulayıb. Şərəfli həyat yolu keçən M.İbrahimovun qəlblərdə daim yaşayacağını qeyd edib.

Xalq şairi, millət vəkili Sabir Rüstəmxanlı deyib ki, hər bir xalqın tarixində elə şəxsiyyətlər var, onlar olmasa, xalq səhv yolla gedərdi. M.İbrahimov da belə şəxsiyyətlərdəndir: “Bir insan, dəyərli ziyalı öz milləti üçün nə edə bilərdisə, Mirzə İbrahimov onu edib”. M.İbrahimovun yaradıcılığının əhəmiyyətini vurğulayan S. Rüstəmxanlı onun qayğıkeş bir insan kimi də xatırlandığını sözlərinə əlavə edib.

Yazıçının qızı, xalq artisti, bəstəkar Sevda İbrahimova atasının xatirəsini əziz tutan hər kəsə təşəkkürünü bildirib. Atasını sadə, ürəyi məhəbbətlə dolu olan insan kimi xarakterizə edən S.İbrahimova onun qızı olmaqdan fəxarət hissi duyduğunu dilə gətirib.

ADU-nun rektoru, millət vəkili, professor Səməd Seyidov rəhbərlik etdiyi ali məktəbdə Azərbaycanın görkəmli şəxsiyyətlərindən olan Mirzə İbrahimovun yubileyinin keçirilməsini gözəl hadisə adlandırıb. ADU-da xarici dilləri öyrənməklə yanaşı, doğma dilimizi, Azərbaycan ədəbiyyatının tanınmış simalarının yaradıcılığını da öyrəndiklərini söyləyən S.Seyidov tədbirdə iştirak edənlərə minnətdarlığını bildirib.

 

Sevinc QARAYEVA

525-ci qəzet.- 2011.- 20 dekabr.- S.7.