Tofiq Bayramın əsərlərinin yenidən çapı üçün maddi dəstək lazımdır”

 

Dekabrın 16-da görkəmli şair Tofiq Bayramın 77 yaşı tamam oldu. Şair artıq iyirmi ildir, əbədiyyətə qovuşsa da, şeirləri Azərbaycan insanının yaddaşında diridir, yaşayır. Şairlə bağlı xatirələrə işıq salmaq üçün 50 illik ömür-gün yoldaşı Zərifə Bayramova ilə söhbət etdik. Söhbətimizə Tofiq Bayramın həyat və yaradıcılığına nəzər salmaqla başladıq.

Tofiq Bayram ötən əsrin 50-ci illərin sonunda ədəbiyyata gələn şairlər nəslinin ən istedadlı nümayəndələrindən olub. Öz şeirləri ilə ürəklərə yol tapan, öz orijinal nəfəsi və dəsti-xətti ilə ədəbi ictimaiyyətin nəzərini cəlb edən sənətkar illər keçdikcə poeziyanın çətin və şərəfli yollarında daha inamla addımlayaraq, bir sıra yaddaqalan şeir və poemaların müəllifi kimi tanınıb, geniş oxucu kütləsinin dərin rəğbətini qazanıb. Tofiq Bayram əsərlərini aydın və obrazlı dillə oxuculara çatdırmağı bacarırdı. Buna görə də onun şeirlərini həyəcansız oxumaq mümkün deyil. O, həm də vətəndaş şair olubonun vətəndaşlıq mövqeyi “Azərbaycanım” şeirində öz əksini tapıb:

 

“Ağrın bizim olub, dadın özgənin,

Axdın ciblərinə yadın, özgənin.

Özün odlar yurdu, odun özgənin,

Çıraqları hisli Azərbaycanım!”

 

Ədəbiyyat onun həyatı idi. Onun xoşbəxtliyi onda idi ki, hər zaman dünyagörmüş adamlarla oturub durardı. Tofiq Bayramın “Səməd Vurğun yaşayır”, “Azərbaycan dünya gəzir” şeirində bunun işartılarını görmək mümkündür. O həm də lirik şair idi və “İlk sevgi məktubları” şeiri bu qəbildəndir. Xatirimdədir ki, həmişə yubileylərində arxivi töküb baxardıq və mənə yazdığı sevgi şeirlərini oxuyub deyərdi ki, heyif daha o Tofiq deyiləm. Cavanlığım bir daha geri qayıtmayacaq. Onun göz yaşları sətirlərin arasına nöqtə, vergül kimi düşüb. Eyni zamanda instituta daxil olduğu 1950-ci ildə “Məhəbbət” şeirini yazıb və bu şeirlə mənə yaxınlaşıb. Uzun illər keçəndən sonra isə Tofiq BayramAy gecikən məhəbbətim” adlı şeirini yazdı. Müğənni Sərxan Sərxan isə bu şeirə mahnı yazdı.

–Zərifə xanım, Tofiq Bayram uşaqlarına da şeir həsr edib?

Tofiq Bayram mənalı həyat sürüb, bir ata kimi qayğıkeş ata olub. Böyük oğlumuz Zakir Bayramov dünya şöhrətli alim idio, 48 yaşında dünyasını dəyişib, amma uşaq ikən atası onun üçün şeir yazıb. “Əsgər oğlumaşeiri dəfələrlə Azərbaycanın bayrağını ucalara qaldıran, idmançı oğlumuz Cahangir Bayramova həsr olunub. Kiçik oğlumuz Cavanşir haqqında isə “Balaca hesabdarşeirini qələmə alıb. Həmişə deyirdim ki, belə gözəl uşaq şeirlərini yazmağı bacarırsan, niyə yazmırsan?

Onun ən gözəl şeirlərindən biri də “Ömrümə bir gün qalmış” şeiridir. Elə onun qəbirüstü abidəsinə də bu şeir həkk edilib. İnanın ki, onun şeirlərini heç vaxt sakit oxuya bilmirəm, hər zaman qəhərlənirəm.

– Eşitdiyimə görə, Tofiq Bayramın xeyli dostları olub, eviniz qonaqlı-qaralı olub.

Bütün dostları, tanışları, onu tanıyanlar hamısı bilir ki, Tofiq Bayram dostcanlı və qonaqsevər bir insan idi. Bizim evimizdə həmişə Səttar Bəhlulzadə, Niyazi, Nəbi Xəzri, Süleyman Rüstəm, İslam Səfərli, Əlfi Qasımov, Rəfiq Zəka, Məmməd Araz, Xəlil Rza, Əli Kərim, Sabir Rüstəmxanlı, Zəlimxan Yaqub, Nüsrət Kəsəmənli, Səlahəddin, Sərdar Əsəd, tərcüməçi rus şairləri çox olublar. İndi onların çoxu dünyasını dəyişib. Şair Ağalar Mirzə bizə müsahibə almağa gələndə dedi ki, Tofiq müəllim “Ulduz” jurnalında, “Ədəbiyyat” qəzetində işləyəndə otağına girməyə ürək eləmirdim, qorxurdum ki, deyəcək şeirin zəifdir. Həmin vaxt Tofiq Bayram xəstə idibuna baxmayaraq, “Azərbaycan deyəndə” şeirini elə dedi ki, heç elə bil xəstə deyildi. Tofiq həmişə işinə ciddi yanaşıb və kimliyindən asılı olmayaraq, təqdim edilən zəif şeiri dərc edilməyə qoymayıb. Tofiqin rus dostları da çox olub. Rəsul Həmzətov Azərbaycana gələndə Yazıçılar İttifaqından ona maşın verərdilər ki, onu sən qarşıla. Rəsul Həmzətovla çox yaxın dost idilər. Lakin sonradan ermənilər səbəbindən aralarında soyuqluq yaranmışdı. Yazıçı Əfqan bir dəfə Moskvada olarkən Rəsul Həmzətovla görüşüro, Tofiq Bayramı soruşur. Əfqan da Tofiqin dünyasını dəyişdiyini deyir. Əfqan sonra bildirdi ki, Rəsul Həmzatov onun ölümünü eşidəndə Moskvada küçənin ortasında hönkür-hönkür ağlayıb.

Tofiq Bayram həm də xeyli tərcümələr edib.

Tofiq Bayram ömrünün yarsını tərcüməyə həsr edib. O deyirdi ki, tərcümə əsəri əmanətdir, əmanətə xəyanət olmaz. Bir də tərcümə işini qanköçürmə əməliyyatına oxşadırdı, “qan qrupları uyğun olmayanda o xəstə ölür” deyərdi. Tofiq Bayram 1966-cı ildə A.T.Tvardovskinin “Üfüqlərdən-üfüqlərə” poemasını tərcümə edib. Həmin vaxt Tofiqin 25-26 yaşı olub. 1975-ci ildə 15 respublikanın ən görkəmli şairlərini tərcümə edib. Bundan əvvəl isə 1973-cü ildə Rəsul Həmzətovun “Durnalar” və “Dostları qoruyunşeir kitablarını tərcümə edib. Bu kitablar dövlət mükafatı almış kitablardır. Eyni zamanda A.S.PuşkininMossartSalyeri”, A.T.Tvardovskinin qadağan olunmuş “Yaddaşın hökmü” poemasını, ispan dramaturqu Lope de Veqanın “Hiyləgər məşuqə” əsərini ustalıqla Azərbaycan dilinə tərcümə edib. Onun tərcümə sahəsindəki uğurları hər şeydən əvvəl onunla şərtləşir ki, Azərbaycan dilinə həqiqi sənət əsərlərini seçib çevirib. Onun tərcümə sahəsindəki xidmətləri, eləcə də şairlik fəaliyyəti dövlət tərəfindən yüksək qiymətləndirilib. Tofiq Bayram 1984-cü ildə Əməkdar İncəsənət Xadimi, 1988-ci ildə isə A.T.Tvardovskinin “Yaddaşın hökmü” əsərinin tərcüməsinə görə Azərbaycan Dövlət mükafatı laureatı fəxri adına layiq görülüb. Tofiq Bayram haqqında Azərbaycanın görkəmli ictimai xadimləri, yazıçı və şairləri, elm adamları fikir bildiriblər. Onların içərisində Süleyman Rüstəm, akademik Budaq Budaqov, Məmməd Rahim, Niyazi və başqaları var. Heç yadımdan çıxmaz 1959-cu ildə 5-ci kursda oxuyanda Nazim Hikmət Azərbaycana gəlmişdi. Onda Azərbaycan Pedaqoji İnstitunun akt zalında Nazim Hikmətlə görüş keçirilirdiTofiq Bayram məni də aparmışdı. Orada Tofiq Bayramın çıxışından sonra Nazim Hikmət dedi: “Böyük Səməd Vurğunun vəfatından sonra mənim üçün Azərbaycana gəlmək, onun yerini görmək son dərəcə ağır idi. Amma bu gün gənc və istedadlı şair Tofiq Bayramın odlu-alovlu şeir oxumasını gördükdən sonra mən inandım ki, Səməd Vurğunun layiqi yetişir”. Bu, Tofiq Bayram üçün böyük bir fəxarət idi. Bu xidmətlərin nəticəsi idi ki, 1998-ci ilin 24 sentyabrında Suraxanı rayonunda Tofiq Bayramın büstünün açılışı oldu. Orada ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə istirahət parkına onun adı verilib. Parkın açılışında şəxsən iştirak edən ədəbiyyatımızın böyük hamisi Heydər Əliyev çıxışı zamanı Tofiq Bayramın yaradıcılığına yüksək qiymət verib.

–Latın qrafikasına keçiddən sonra Tofiq Bayramın əsərləri yenidən çap edilibmi?

Prezident İlham Əliyevin müvafiq sərəncamına uyğun olaraq Tofiq Bayramın seçilmiş əsərləri 20 min tirajla nəşr edilib və ölkə kitabxanalarına paylanıb. Düzdür, bu kitabda əsərlərin hamısı əhatə olunmayıb. Tofiqin əsərlərinin hamısını hazırlamışam amma bunun yenidən çapı üçün böyük məbləğdə vəsait və maddi dəstək lazımdır. Şagirdim olmuş və hazırda “Qanun” nəşriyyatının direktoru Şahbaz Xuduoğlu ilə bu barədə söhbət etmişəm. Ancaq başa düşürəm ki, bu üçün böyük məbləğdə vəsait tələb olunurTofiq Bayramın əsərlərinin hamısının çap edilməsi işinin öhdəsindən Şahbaz Xuduoğlu tək gələ bilməz.

 

Bəxtiyar MƏMMƏDLİ

525-ci qəzet.- 2011.- 20 dekabr.- S..7.