Aydın Mirzəzadə: “Müxalifət liderləri daha çox dünənki günlə yaşayırlar”

 

 

Müsahibimiz Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin sədr müavini,Yeni Azərbaycan Partiyasından (YAP) olan millət vəkili Aydın Mirzəzadədir

– Aydın müəllim, bu günlərdə ölkə prezidentinin imzaladığı 2020-ci ilə qədər inkişaf konsepsiyası ilə bağlı məlum sərəncam artıq müxalif dairələrdə başqa yönlü müzakirələrə yol açıb.Onlar bunu tamam başqa səmtə yozurlar ki, artıq iqtidar müəyyən təhlükələri hiss edərək referendum yolu ilə yenidən Konstitusiyaya dəyişikliklər etməyi nəzərdə tutur, yəni, Azərbaycan 7 illik prezidentlik dövrünə keçəcək...

– Müxalifət məqsədli surətdə hakimiyyətin istəklərini tamam başqa bir formada verməyə çalışır. Çünki 2020-ci ilə qədər inkişaf konsepsiyasının hazırlanması cəmiyyətin gələcəyə olan priotet istiqamətlərini göstərməkdir. Bu isə müxalifətə sərf etmir. Müxalifət çox dar olan sosial bazasının daha da darlaşacağından ehtiyat edir. Cəmiyyətin ondan üz döndərib hakimiyyəti daha çox müdafiə edəcəyindən ehtiyatlanır. Konstitusiya dəyişikliyinə ehtiyac yoxdur. Bugünkü Konstitusiya təkmildir, tələblərə cavab verir və hansısa bir seçkili orqanının müddətinin artırılması da nəzərdə tutulmur. Ümumilikdə götürəndə,burada cəmiyyətin inkişafından söhbət gedir, ilk növbədə isə iqtisadisiyasi islahatlar məsələsi nəzərdə tutulur və hər halda həmin o sənəd cəmiyyətin də ciddi müzakirəsindən keçəcək.

– Sonuncu referendum ərəfəsində də müddətin götürülməsi məsələsi ilə bağlı bir çox iqtidaryönlü millət vəkilləri, siyasətçilər deyirdi ki, buna ehtiyac yoxdur. Amma üstündən bir müddət keçəndən sonra buna ehtiyac yarandı...

– Birincisi, 2009-cu ildə Konstitusiyaya edilən dəyişikliklərlə bağlı hakim partiyanın üzvləri hələ xeyli öncədən vaxtaşırı çıxış edirdilər və öz mövqelərini bildirirdilər. Ancaq burada – inkişaf konsepsiyasında isə söhbət tamam başqa məqamlardan gedir. Yəni, Konstitusiyaya dəyişikliklər məsələsi bu gün gündəlikdə yoxdur.

–Yeri gəlmişkən, bir müddət öncə “Əl-cəzirə” telekanalına müsahibəsində ölkə başçısı 2013-cü ildə yenidən namizədliyini verib-verməyəcəyi məsələsini qətiləşdirmədiyini bəyan edib. Bu da həmin müddətdən bəri siyasi dairələrdə müəyyən uzaqgörən şərhlərə, rəylərə gətirib çıxarıb. Bu baxımdan,hakim partiyanın,komandanın ikinci namizədi ola bilərmi, olacaqmı, yoxsa 2013-cü ildə də İlham Əliyevin namizədliyində təkid ediləcək?

– Birincisi, cənab İlham Əliyevin hüququ var ki, o məsələ barəsində hələ qərar vermədiyini bildirsin. Ancaq Yeni Azərbaycan Partiyası və Heydər Əliyev sevərlər iki ildən sonra yenidən indiki dövlət başçısının prezidentliyə namizəd olmasını, onun yenidən dövlətə rəhbərlik etməsini arzulayırlar. Yəni, məqamı gələndə qanunun tələblərinə uyğun zaman müddətində bu məsələ ilə bağlı qərar qəbul ediləcək.

– Ümumiyyətlə, YAP indiki məqamında bu rəqabətə- müxalifətlə azad,şəffaf seçki yarışmasına hakim komanda olaraq tam hazırdırmı?

– Tamamilə hazırıq, daim cəmiyyətlə bir işləyirik və hər zaman cəmiyyətin maraqlarını öz siyasətimizdə nəzərə almağa çalışırıq.

– Müxalifətin şansını necə qiymətləndirirsiniz?

– Biz demokratik ölkəyik , Azərbaycanda müxalifət var və olmalıdır.

– Bəs, konkret namizədlərin...

– Konkret bir-iki namizədlərinin adı çəkilib və tamamilə mümkündür ki, 2013-cü ildə Azərbaycan müxalifətindən yeni simalar prezidentliyə namizəd olsunlar. Amma qeyd edim ki, həm müşahidə, həm də təhlil göstərir ki, onlar cənab İlham Əliyevlə rəqabətə davam gətirə bilməyəcəklər. İndiki müxalifət lidelərinin sosial bazası zəifdir. Onların cəmiyyətin problemlərini öz proqramlarında əks etdirmək praktikası çox zəifdir. Daha çox dünənki günlə yaşayırlar, daha çox özlərinin yaratdıqları virtual dünyada yaşayırlar. Ciddi bir araşdırmaları, ciddi bir proqramları ortada yoxdur. Ona görə hesab edirəm ki, gələcək seçkilərdə də onlar cənab İlham Əliyevə uduzacaqlar.

–Məqamı düşmüşkən, İranda yaşadılan və yaşanan siyasi böhran Azərbaycana da öz təsirini göstərə bilərmi?

– İranda gedən proseslər İranın daxili işidir. Orada proseslər mürəkkəbdir onun hansı məcrada gedəcəyini heç bəlkə İranın daxilində yaşayan ekspertlərin özləri belə müəyyənləşdirə bilməyəcəklər. Bununla belə biz çox istərdik ki, İranda daxili məsələlər konfliksiz fəsadsız ötüşsün.

 

VAHAB

525-ci qəzet.- 2011.- 20 dekabr.- S.4.