Qarabağ üzrə xüsusi
müxbir
USTAD JURNALİST İSA AXUNDOVUN 70
İLLİYİNƏ
Onun işıqlı çöhrəsini xatırlayanda həmişə ağlıma “böyük adam” ifadəsi gəlir. Sözün bütün mənalarında böyük ölçülərlə yaşayan, böyük düşüncə sahibi olan, ağır və ləngərli davranışı, amma iti ağlı ilə ətrafında böyük bir cazibə sahəsi yaratmağı bacaran istedadlı adamı xatırlayıram... Tanrı ona yaxşı boy-buxun, şux qamət, geniş ürək, işıqlı sima, bir də hər kəsi ovsunlayıb inandıra biləcək bənzərsiz və nüfuzedici danışıq səsi vermişdi.
Mən onu ilk dəfə Şuşada görüb tanımışdım. Uşaqlığımın kövrək yaddaşı və indiki yuxularımın dəyişməz mıkanı olan bir şəhərdə. Onda 1975-ci ilin yayı idi və İsa müəllim Azərbaycan radiosunun Qarabağ zonası üzrə xüsusi müxbiri vəzifəsində çalışırdı, tanınmış jurnalistiydi, mənsə universitetin ikinci kursunda oxuyurdum, “Şuşa” qəzetinə istehsalat praktikasına göndərilmişdim. Daha iki tələbə yoldaşım – indi xeyli məşhur olan şair Vaqif Bəhmənli və İctimai Televiziyanın direktor müavini Çingiz Aslanovla birlikdə idik. İlk günlər redaksiyadan bizə ürəksiz verilən xırda və əhəmiyyətsiz tapşırıqları yerinə yetirir, kiçik xəbərlər yazır, qəzet buraxmaq işinin gerçək çətinliklərini görəndə isə “bizdən jurnalist olacaqmı?” sualı üzərində baş sındırırdıq. Məhz belə bir vaxtda biz iki nüfuzlu jurnalistlə – İsa Axundov və “Kommunist” qəzetinin bölgə müxbiri Tahir Məmmədovla tanış olduq. Onların “Şuşa” qəzetinin redaksiyasında ayrıca kabinetləri var idi və materillarının çoxunu burada hazırlayırdılar. Qəzetin unudulmaz redaktoru, şuşalıların yaxşı tanıyıb-hörmət etdiy İsrafil Əbilovun bu insanlara böyük sayğı ilə yanaşması diqqətimizdən yayınmirdı...
Yazı-pozuya həvəsi olan tələbələr kimi əlimizə yaxşı fürsət düşmüşdü, biz bu adlı-sanlı jurnalistlərlə ünsiyyətdən nələrsə öyrənə biləcəkdik, hər halda buna ümid edirdik. Çalışdığı mətbuat orqanınının nüfuzunu nəzərə alaraq birinci Tahir müəllimlə “diplomatik münasibətlər” qurmağa çalışdıq, amma yaradıcılığını və yüksək insani keyfiyyətlərini bəyəndiyimiz Tahir müəllimlə söhbətlərimiz alınmadı. O, jurnalistika ilə bağlı romantik söhbətlərimizə ruhlandırıcı təbəssümlə cavab versə də, bizimlə təmasa çox həvəsli deyildi, özümüzü bir şey bilən adam kimi göstərmək, “Kommunist”də kənd mövzusunda çıxan bəzi məqalələri yüngülcə tənqid etmək cəhdlərimiz də bir fayda vermirdi. İnsafən, onun işlərinin hədsiz çoxlugunu da görürdük, bizdən ağlının bir şey kəsmədiyini də duyurduq... Çox götür-qoy edib özlüyümüzdə belə bir “müdrik” qərar çıxardıq ki, sadəcə olaraq Tahir müəllimin “uşaq-muşağa sərf etməyə vaxtı yoxdur və ona görə də biz ünsiyyətin ağırlıq mərkəzini dəyişib İsa müəllimə üz tutmalıyıq”. Heç səhv eləməmişdik, o, gələcək həmkarlarını umduğumuz bir istiqanlılıqla qarşıladı.
Zahirən ağırtəbiətli və qaradinməz kimi görünən, həqiqətən də çox danışmağı sevməyən İsa müəllimlə ünsiyyət bizim qarşımızda tədricən yeni bir dünya açırdı. Sən demə o, “Şuşa” qəzetini davamlı oxuyurmuş və artıq bir həftə olardı ki,burada gedən tələbə imzalarına da diqqət yetiribmiş. Yazılarımızı təhlil elədi, xüsusən Vaqifin bir zarisovkasını təriflədi, universitetdən,müəllimlərdən, jurnalistikanın problemlərindən, yaradıcılıq işinin çətinliklərindən danışdı, ən çətin işin isə bər-bəzəksiz xəbər yazmaq olduğunu dedi. Biz, sözün əsl mənasında, onun ağlına, düşüncəsinə, geniş dünyagörüşünə, mühakimə qabiliyyətinə heyran olmuşduq. Yavaş-yavaş aramızda incə bir etimad körpüsünün yarandığını hiss edirdik, artıq ona inanır, güvənir və çox şeyləri onunla məsləhətləşirdik. Həmin günlərdə İsa müəllimin Ağdamdan, Martunidən, Laçından, Turşsudan verdiyi radio reportajlarını dinləmək bizə ayrıca zövq verirdi. Bu parlaq reportajlara görə adamlar onu tərifləyəndə İsa müəllim əməlli-başlı qızarardı, hədsiz təvazökarlığı vardı. Biz şəhərə onunla birgə çıxmaqdan, xüsusən ictimai yerlərdə onun yanında olmaqdan ləzzət alırdıq. İsa müəllimi az qala kumirə çevirmişdik, onu tanımayanlara,ona biganə olanlara əməlli-başlı acığımız tuturdu...
İsa müəllimlə Şuşadakı ilk tanışlığımızdan uzun illər keçməsinə baxmayaraq, bu görüş indi də ən xoş xatirələrdən biri kimi ruhumu isidir. Çünki bizim 45 günlük qəzet praktikamızın rəmzlərindən biri məhz İsa müəllimiydi, bizi ruhlandıran, yaradıcı xəyallarımıza qol –qanad verən, həyatı və jurnalistikanı bütün çalarları ilə və boyasız anladan bir rəmz. Biz onu təkcə ustad jurnalist kimi sevmədik, həm də bir insan kimi duyduq, həyat dərslərinin kitab yazılarından fərqini anlamağa başladıq. Əslində onun jurnalistikadakı situasiyalarla bağlı maraqlı söhbətləri çox şeylərə heyrətlənmək mərhələsini yaşayan biz tələbələr üçün yaxşı ustad dərsləri idi. Ona görə də İsa müəllim Şuşada olmadığı vaxtlarda-aran Qarabağa endiyi günlərdə biz darıxırdıq. Yaxşı ki, yayın istisində oralarda çox ləngimirdi, qayıdışı isə bizim üçün əməlli-başlı bayrama çevrilirdi. O səbəbdən ki, İsa müəllim ürəyimizdən keçən hər şeyi çox həssaslıqla duyurdu, bizimlə yetkin qəzetçi kimi davranırdı və sözün düzü bu, bizə yamanca xoş gəlirdi. Əvvəlcə qəzetdə çıxmış yazılarımıza baxıb rəyini deyərdi, iradlarını incə bir şəkildə bildirərdi, ruhlandırmaq üçün mütləq “müəyyən inkişaf”ın olduğunu da qeyd edərdi, sonra isə bizi avtovağzalın yanındakı köhnə mehmanxananın qarşısındakı kafeyə çay içməyə dəvət edərdi. Bilirdik ki,çay içmək bəhanədir, ora gedirdiksə, mütləq çörək də yeyəcəyik, Zəhra xalanın bişirdiyi təamları dadacağıq. Hər dəfə belə olurdu...
İllər keçdi və İsa müəllimlə xeyli müddət görüşə bilmədik. Mən televiziyada işə başlayanda, xəbər tutdum ki, o, bir ildir ki, radiodan işdən çıxıb və Ağdamda “Lenin yolu” qəzetində çalışır. Amma görünür, Leninin yolu ilə daxilən böyük azadlığı olan İsa müəllimin yolu eyni deyilmiş və bu səbəbdən də o,qəzeti tərk edərək rayondakı Ə.Haqverdiyev adına Dram Teatrına keçmişdi. Uzun müddət burada ədəbi hissə müdiri olmuş İsa müəllim, eyni zamanda bəzi tamaşalara, o cümlədən “Dodaqdan qəlbə” (R.N. Güntəkin) kimi məşhur əsərə bədii quruluş vermişdi. Əslində teatr onun yaradıcılıq imkanlarının başqa qatlarının da üzə çıxmasına yaxşı bir təkan vermişdi. Sovet jurnalistikasının ideoloji çərçivəsinin sıxıb saxladığı enerjini indi İsa müəllim əla yaradıcılıq fürsətinə çevirərək gen-bol istifadə etməyə başlamışdı. İndi yazı-pozu ilə daha sərbəst məşğul olur,vaxtaşırı publisistik materiallarını çap etdirir, bədii yazılarını sahmana salır, kitablarını nəşrə hazırlayırdı.
Bakıya yolu düşəndə televiziyaya da gəlirdi, ağır-ağır addımları ilə pilləkənləri yuxarı qalxır, radiodakı dostlarına baş çəkirdi. Hər dəfə onu görəndə çox sevinirdim, “niyə qayıdıb burada işləmirsiniz?” deyə soruşurdum. Həmişə gülə-gülə “biz öz payımızı işləmişik, indi buralar sizlikdir!” cavabını verirdi. 1991-ci ildə mən xəbər aparıcısı kimi efirə çıxanda zəng eləmişdi, ekranda davamlı görünməyim ücün sevindiyini dedi, amma xəbərdarlığını da elədi: “efir çox həssas güzgüdür, hər şeyi qabardır, yalanlardan və oyunlardan uzaqda durmalısan, tərəzinin gözünü həmişə düz saxlamalısan”. Sonra yumorla soruşdu ki, Şuşada bu barədə danışdıqlarımız yaddan çıxmayıb ki?..
İsa müəllim jurnalistikaya bir də 1993-cü ildə qayıtdı, bu dəfə AzərTAc-ın Qarabağ üzrə xüsusi müxbiri kimi. Amma Şuşa süqut etmişdi və o, məmləkətin dərdlərlə dolu kədərli salnaməsini indi Bərdədə qələmə alırdı. Qarabağ onun taleyinə yazılmışdı,bu taledən ayrılması mümkünsüzüydü. İsa müəllim Azərbaycanın bütün faciələrini,o cümlədən Qarabağ acısını bütün varlığı ilə duyurdu, dərdləri də, onun səbəblərini də yaxşı görürdü, amma çıxış yollarını tapmaqda aciz idi, bunları duyan və için-için əriyən hər birimiz kimi... Bu dərd içəridən onu üzürdü, əridirdi, ruhunu sıxırdı.
Mən onunla sonuncu dəfə – vəfatından bir il əvvəl BDU-da ayaqüstü görüşəndə onun bütün varlığını sarmış bu kədəri bir daha duydum. İsa müəllim cox da yaşlanmamışdı, amma dərddən qəddi əyilmişdi, yorğun və üzgün idi, ümidsizlik sızdıran danışığı bir az da ağırlaşmışdı... Biz üz-üzə dayanmışdıq və mən bir anlığa İsa müəllimin doğma çöhrəsinə baxdım, qırışları artsa da üzünün nuru azalmamışdı, ilıq təbəssümü də öz cazibəsini saxlamışdı, amma gözlərinin dərinliyində hələ Şuşadan mənə tanış olan işığın tədricən öləzidiyini və sanki elə indilərdə sönəcəyini aydınca görürdüm...
İsa Axundov bir kişi ömrü yaşadı. Çox sınaqlardan keçdi, bərkə-boşa düşdü, özünü itirmədi, həyat prinsiplərinə xəyanət etmədi, alçalmadı, bir kimsəyə baş əymədi, daim qamətini şax saxlaya bildi. Elə buna görə də sevildi, hörmət yiyəsi oldu. Ona görə də İsa müəllim kimi şəxsiyyətlər ictimai həyata, insanların ağlına,şüuruna, düşüncə və davranışına rəng qatdıqlarından bu dünyada həmişə yerləri görünəcək. Məncə,o,ictimai düşüncəsinə görə çoxlarından fərqli,amma bir insan kimi, həm də hamımızdan biriydi. Əgər o, filosof olsaydı bənzərsiz zəka sahibi, siyasəti seçsəydi, çox çevik siyasətçi, elmə könül versəydi, misilsiz bir alim olardı. Bu keyfiyyətlərin hamısı onda var idi, amma heç birindən olmaq istəmədi. Çox sadə yaşadı, şəxsiyyətini qabartmadan,”qəhrəmanlıq” eşqinə düşmədən elinə-obasına, seçdiyi peşəsinə, övladı olduğu xalqına xidmət elədi. Ən vacibi odur ki, bütün ömrünü ləyaqətlə yaşadı, adını övladları üçün qürur və fəxarət yeri kimi qoyub getdi.
Antik fəlsəfənin banilərindən sayılan dahi Sokratın belə bir bənzətməsi var ki, “insan Allahın yaratdığı ən gözəl əsərdir. Yaradılışın sirri, Allahın sifətlərinin dərki məhz bu “əsər”də gizlənib. Bu “əsər”i diqqətlə “oxumaqla”, mükəmməl öyrənməklə bütün kainatı, ətrafı anlamaq mümkündür”. Bu mənada İsa müəllimin də həyatı dostları və yaxınları üçün bənzərsiz epizodları olan bir kitabdır. Həmin kitabı vərəqləməklə biz gözlərimiz önündə bütöv bir dövrün mənzərəsini canlandırır, onun mehriban səsini və nəbzinin döyüntüsünü bu gün də eşidə bilirik...
Qulu MƏHƏRRƏMLİ
525-ci qəzet.-
2011.- 20 dekabr.- S.6.