“Azərbaycanın Əfsanələr Paytaxtı” – Şabran

 

RAYON İCRA HAKİMİYYƏTİNİN BAŞÇISI NOVRUZ NOVRUZOV:“ŞABRANIN HƏR ADAMI BİR ABİDƏ, HƏR DAŞI BİR ƏFSANƏDİR”

Mədəniyyət və Turizm Nazirliyi “2010-2014-cü illər üçün Xalq Yaradıcılığı Paytaxtları” Proqramı və “Turizm ili” çərçivəsində 2011-ci il üçün İsmayıllı, Şabran və Lənkəran şəhərlərini müntəzəm olaraq, “Azərbaycanın Sənətkarlıq Paytaxtı”, “Azərbaycanın Əfsanələr Paytaxtı” və “Azərbaycanın Folklor Paytaxtı” elan edib. Məhz buna görə də Nazirliyin təşkilatçılığı ilə media nümayəndələrinin adıçəkilən rayonlara infoturları təşkil edilir.

Növbəti infotur ötən həftə “Azərbaycanın Əfsanələr Paytaxtı” elan edilən Şabran şəhərinə təşkil olunub. Ölkənin aparıcı KİV nümayəndələrinin qatıldığı infotur çərçivəsində iştirakçılar rayon icra hakimiyyətinin başçısı ilə görüşərək Şabranda yerləşən tarixi yerlərlə tanış olublar.

Səfər çərçivəsində Mədəniyyət və Turim Nazirliyinin mətbuat xidmətinin rəhbəri Zöhrə Əliyevanın və nazirliyin Mədəniyyət Siyasəti Şöbəsinin müdiri Fikrət Babayevin üzərlərinə düşən vəzifəni yüksək səviyyədə yerinə yetirmələrini qeyd etməmək haqsızlıq olardı. Səfərin yüksək şəkildə təşkil edilməsi məhz onların öz vəzifələrini peşəkarcasına yerinə yetirməsinin nəticəsi idi. Xüsusilə Z.Əliyevanın belə yaxşı jurnalist kollektivini bir araya gətirməsini xüsusi qeyd etmək lazımdır. Səfər çərçivəsində jurnalistlərin hər birinə ayrıca qayğı göstərən Z.Əliyevanın infoturda iştirak edən hər bir media nümayəndəsinin könlünü oxşaması ayrıca vurğulanmalıdır.

Qeyd edək ki, Şabran rayonu (keçmiş Dəvəçi) 1930-cu il avqust ayının 8-də təşkil olunub. Rayon Böyük Qafqaz dağlarında şimal-şərq yamacında, Bakıdan 123 km şimalda, Xəzər boyunca bir ərazidə yerləşir. Sağda dəniz, solda isə yastı dağ silsiləsi ilə əhatə olunub. Şabran 1944-cü ilə qədər “Dəvəçi bazarı” adlanıb. 1944-1961-ci illərdə Şəhər tipli qəsəbə olub. 4 Yanvar 1963-cü ildə ləğv edilərək, ərazisi Abşeron rayonuna daxil edilib. 1965-ci il yanvarın 6-da isə ayrıca rayon kimi fəaliyyətə başlayıb və inzibati mərkəzi Dəvəçi şəhəri olub. 2010-cu ildə Milli Məclisin qərarı ilə Dəvəçi rayonunun adı dəyişdirilərək, Şabran adlandırılıb. Bu vaxt Şabranın tarixi şəhər olduğu, V əsrdə Sasani hökmdarlığı tərəfindən yaradıldığı, sovet hakimiyyəti dövründə isə həmin ərazidə yaradılan rayonun Dəvəçi adlandırıldığı əsas götürülüb. Şabranın ərazisi 1088 km², əhalisi isə 60 min nəfərə yaxındır. Rayon neft, qaz, çınqıl, qumsair faydalı qazıntıları ilə zəngindir. Burada müalicə əhəmiyyətli mineral (Qalaaltı), termal (İsti su) su çıxır. Rayon ərazisində 11 məktəbəqədər uşaq müəssisəsi, 69 ümumtəhsil məktəbi, ölkəşünaslıq muzeyi, 55 kitabxana, mədəniyyət evi, 41 klub var.

Səfər çərçivəsində jurnalistlər ilk olaraq Heydər Əliyev Mərkəzi ilə tanış olublar. Burada Şabran rayon icra hakimiyyətinin başçısı Novruz Novruzovla görüş keçirilb. N.Novruzov füsunkar diyar haqqında geniş məlumat verərək, rayonun əlverişli coğrafi mövqeyi, zəngin təbiəti və tarixi-mədəniyyət abidələrinin burada turizmin inkişafı üçün potensial imkanlar yaratdığını deyib. İcra başçısı Şabran şəhərinin 2011-ci il üçün “Azərbaycanın Əfsanələr Paytaxtı” elan oluması və bununla bağlı keçirilən silsilə tədbirlərin, şabranlıların yaddaşında xüsusi iz buraxdığını qeyd edib. O, dövlət başçısı tərəfindən rayona böyük diqqət və qayğının olduğunu bildirib. Onun sözlərinə görə, məhz bu diqqət nəticəsində rayonda xeyli işlər görülüb: “Şabranda sənayenin, kənd təsərrüfatının, mədəniyyətin, səhiyyənin və təhsilin inkişafının təməli hələ 1970-ci illərdə ulu öndər Heydər Əliyevin Respublikamıza rəhbərlik etdiyi dövrdə qoyulub. 2003-cü ildə ümummilli lider Heydər Əliyevin sərəncamı ilə Şabran şəhəri tarixi mədəniyyət qoruğu elan edilib. Bundan sonra rayonda bir sıra işlər görülüb. Bu gün isə biz deyə bilərik ki, müstəqil Azərbaycanın bölgələrindən biri kimi Şabran rayonunun yeni inkişaf mərhələsi başlayıb. Regionların inkişafı proqramı çərcivəsində uğurla həyata keçirilən tədbirlər rayonun əvvəlki şöhrətini özünə qaytarmaqdadır. Son zamanlar rayona maraq kifayət qədər artıb. Cənab Prezident İlham Əliyevin bütün işlərə şəxsən nəzarət etməsi rayonumuzun inkişafına zəmin yaradır. Bütün bunlar isə qeyri-maddi mədəni irsin daha geniş miqyasda təbliğ və təşviqini zəruri edir. 2300 illik tarixi olanŞabran” Azərbaycanın tarixində mühüm iz buraxıb. Şabranın hər adamı bir abidə, hər daşı bir əfsanədir”.

Mədəniyyət və Turizm Nazirliyinin mədəniyyət siyasəti şöbəsinin müdiri Fikrət Babayev isə bu layihənin Azərbaycanın çoxəsrlik mədəniyyətinin, qeyri-maddi mədəni irs nümunələrinin, sənətkarlığının, tarixinin qorunmasına xidmət etdiyini vurğulayıb.

Jurnalistlər daha sonra “Pirəbədil” xalça MMC ilə tanış olublar. Şabran rayonunda toxunan xalçalar nəinki Azərbaycanda, xarici ölkələrdə də yaxşı tanınır. Media nümayəndələri rayonda fəaliyyət göstərən xalça toxuyan emalatxana ilə tanış oldular. Xalçaçılıq peşəsi Şabran nənələrindən nəvələrinə yadigar qalan ən gözəl məşğuliyyət vasitəsidir. Şabran xalça fabrikində toxunan “Pirəbədil”, “Qolu-Çiçi”, “Heyratı” və başqa çeşidli xalçalar indi dünya bazarlarında əla növ məhsul kimi satılır.

KİV nümayəndələri Rayon Mədəniyyət Sarayında xalq tətbiqi sənət ustalarının əsərləri ilə tanış oldular. Milli alətlər, müxtəlif toxumalar, taxta üzərində oymalar, balıqqulağı və muncuqlardan hazırlanmış sənət əsərləri, yağlı boya ilə işlənmiş rəsm əsərləri, illüstrasiyalardakı millilik və rəngarənglik infotur iştirakçıları tərəfindən xüsusi maraqla qarşılanıb. Nümayiş etdirilən əsərlərin əsas mövzusunu tarixi keçmişimiz, təbiət lövhələri təşkil edib. Xalçaçılıq nümunələrinə də sərgidə geniş yer ayrılıb.

Xalq yaradıcılığı mərkəzində yerli sənətkarların əl işləri və folklor nümunələrinin təqdimatı diqqət cəlb edib. “Çıraqqala” və “Xınayaxdı” xalq kollektivlərinin ifaları isə jurnalistlər tərəfindən böyük maraqla qarşılanıb.

Daha sonra media nümayəndələri Rayon Tarix-Diyarşünaslıq Muzeyində olublar. 1993-ci ildən fəaliyyət göstərən muzeydə 3200-dən artıq eksponat qorunub saxlanılır. Muzeyin direktoru Şəfiqə Məmmədovanın sözlərinə görə, bu eksponatlar müxtəlif dövrlərə aid tarixi özündə əks etdirən mədəniyyət nümunələridir. Diyarşünaslıq muzeyində bir-birindən qədim tarixə malik olan eksponatlar yer alıb. Burada gil qablar, süzgəclər, müxtəlif məişət əşyaları, fincanlar, əczaçılıqda istifadə edilən qablar, qadın bəzəyi, kəlağayılar, bilərziklər, eləcə də başqa eksponatlar nümayiş olunur.

Rayonda tarixi-arxeoloji abidələr sayılan qədim şəhər yerləri var. Padar kəndindəki “Gülüstani-İrəm” və Şahnəzərli kəndindəki Şabran şəhər yerləri daha çox məşhurdur. Əsası V əsrdə qoyulmuş Şabran şəhər yeri dünyanın ən mühüm tarixi abidələri sırasına daxil edilib. Qalaaltı kurortu Böyük Qafqazın ətəklərində yerləşir. Müalicəvi əhəmiyyətə malik olan Qalaaltı suyu çıxan bulağın ətrafında “Çıraqqala” uroloji sanatoriyası tikilib. Burada müalicə olunanlar və sadəcə istirahətə gələnlər qədim Çıraqqala qalasının xarabalıqları yerləşən dağın zirvəsinə qalxırlar. Həmin zirvədən ətraf kəndlərə və vadilərə açılan mənzərə adamı valeh edir. Rayonda qədim memarlıq abidələrindən Sədan kəndi yaxınlığında Qara-Dundur istehkamı (XIV əsr), Çarxan kəndində Çıraqqala, Siyəzəndə X türbəsi (XVIII əsr) mühafizə olunur. Gilgilçay səddi, Qədim Şabran şəhəri də burada yerləşir. Şabran şəhəri XIII əsrin ortalarında monqolların hücumuna məruz qalaraq dağıdılıb. Şəhər sonrakı dövrlərdə özünə gəlsə də, Səfəvi-Osmanlı müharibələri zamanı tamamilə məhv olub.

Burada aparılan arxeoloji qazıntılar isə bu şəhərin tarixinin daha qədim olduğunu təsdiqləyir. Qədim Şabranda tapılan maddi-mədəniyyət nümunələri burada müsəlmanlarla yanaşı xristian və yəhudilərin də yaşadığını deməyə əsas verir. Tolerant bir şəhər kimi məşhur olan Şabran digər cəhətləri ilə də fərqlənir.

Şabran şəhər Tarixi Mədəniyyət Qoruğu ilə tanışlıq zamanı tarixçi Əsədulla Hüseynovun sözlərinə görə, qədim Şabranda qibtə ediləcək səviyyədə istehsal sahələri olub və şəhərsalma prinsiplərinə əməl edilib. O dövrdə tikinti material kimi geniş istifadə olunan qırmızı kərpic məhz Şabran şəhərində istehsal edilirdi. Eləcə də qızılın əyarını müəyyənləşdirmək üçün burada nəhəng daşları da var idi ki, tarixçilər bunu da maraqlı fakt kimi dəyərləndirirlər. Deyilənə görə, bu yerlərdə 40 dəvə yükü qızıl da basdırılıb. Yayılan bu əfsanələr Şabranın qədim bir məskən olmaqla hələ sirrinintam açılmadığını göstərir.

Şabranda bir sıra qədim abidə və tikililər günümüzə qədər gəlib çıxıb. Qədim Şabran körpüsü orta əsrlər Azərbaycan memarlıq sənətinin ən yaxşı nümunələrindən hesab oluna bilər. Üç tağının əsasının qalıqları aydın görünən bu körpü hazırda Bakı-Quba magistral yolunun sol tərəfində, Ərəblər və Pirəmsən kəndləri hüdudlarındadır. Şabran şəhərinin abadlığından bəhs edərkən burada XI-XII əsrlərə aid küçəni, üstü örtülü kanalizasiya sistemini qeyd etmək lazımdır. Bunu qazıntılar zamanı tapılan çay daşlarından düzəldilmiş tikinti qalığı sübut edir. Müəyyən yerlərdə, uzunluğu 1,5, eni 20 sm olan bütün daşların ortası nov şəklində yonularaq kanalizasiya xəttinə qoşulub. Aparılan son araşdırmalar zamanı Şabran şəhərinin yerində uzunluğu 5 m olan su arxının qalıqları, qala bürcləri, IX-X və XVI-XVII əsrlərə aid saxsı qablar, mis pullar, “sandıq” formasında olan məzar daşları tapılıb.

Şabran yazılı mənbələrə görə erkən orta əsrlərdə şəhər kimi formalaşmışdır. IX əsrdən başlayaraq Şabranda dulusçuluq, ipəkçilik, şüşə istehsalı, metal işləmə və sair sənətkarlıq sahələri inkşaf edib.

Şabranda ilk dəfə olaraq IX əsrə aid kanalizasiya sistemi aşkar olunub. Şəhərə təqribən 14 kilometr məsafədə yerləşən xüsusi tinglər vasitəsi ilə su kəməri çəkilib. Şabran şəhərinin öyrənilməsinə 1980-cı ildə başlanılıb. Arxeoloji qazıntılar zamanı 3 tikinti layından ibarət təbəqə aşkar olunub. Birinci tikinti dövrü IV-VIII, ikinci IX-XII, üçüncü isə XIII-XVIII əsrləri əhatə edir. Qazıntılar zamanı ictimai yaşayış binalarının qalıqları, mədəni məişət tikintiləri xeyli istehsalat ocaqları aşkar edilib.

XVIII əsrin əvvəllərində ölkədə yaranmış qarışıqlıqdan istifadə Müşkülü Sacı Davud Qazımuxlu Surxay xanım feodal dəstəsi Şabranı qarət edərək dağıdıb. Tədricən tənəzzülə uğramış Şabran xarabalığa çevrilib.

Ümummilli liderimiz Heydər Əliyev Norveç səyyahı, alim Tur Heyrdal Şabrana gələrək, buradakı maddi-mədəniyyət nümunələrini yüksək qiymətləndiriblər.

 

Aqil LƏTİFOV

525-ci qəzet.- 2011.- 21 dekabr.- S.7.