Milli teleməkanda yerli serial boşluğu

BU BOŞLUĞUN MƏZMUNLU TELESERİALLARLA DOLDURULMASI ÜÇÜN İNDİ YETƏRLİ TAMAŞAÇI TƏLƏBİ DƏ VAR, LAZIMİ İMKAN VƏ ŞƏRAİT DƏ... BƏS PEŞƏKARLIQ?

 

 

Bir vaxtlar “Santa Barbara”, “Kölə İzaura”, “Bəxtsiz gözəl”, “Sadəcə Mariya”, sonralar “Mehriban düşmən”, “Qvadalupe”, “Vəhşi gözəl”, “Dul qadın Blanka” kimi seriallar Azərbaycan tamaşaçısının təkcə evini yox, mənəviyyatını, ruhunu da “işğal” etmişdi. Böyükdən kiçiyə hamı oturub bu serialların vaxtını həsrətlə gözləyər, filmdəki qəhrəmanlarla gülər, onlarla birgə ağlayardılar. Zaman keçdikcə həmin seriallardakı qəhrəmanlar mavi çərçivədən hoppanıb tamaşaçıların daxilinə, xarakterinə sirayət etməyə başladı. Həmin serialların sayəsində, necə deyərlər, “müasirliyə” qədəm qoyub, Qərb tərbiyəsi ilə inkişaf etməyə başladıq. Artıq məktəblərdə müəllimləri də, şagirdləri də dərsdən çox, Viktoriyanın, Qvadalupenin taleyi maraqlandırırdı. Yadımdadır, bir ara ədəbiyyat dərslərimiz Viktoriya ilə Xulio Sesarın məhəbbətinin tərənnümünə həsr olunurdu. Ədəbiyyat müəlliməmiz bir neçə dəfə 45 dəqiqə boyunca serialın növbəti bölümlərində baş verə biləcək hadisələrin “ssenari”sini qurub, qəhrəmanlar haqqında öz fikirlərini bölüşürdü bizimlə. Yavaş-yavaş serial qəhrəmanlarının imiclərini, saç düzümlərini, mimikalarını özündə əks etdirən insanlar çıxdı rastımıza. Məsələn, “Mehriban düşmən” serialının baş qəhrəmanlarından olan Viktoriyanın tərzi o aralar geniş yayıldı. Şəhərdə dodağının üstündə xal olan qızların sayı artdı. Həmin seriallara hətta iki-üç dəfə təkrar baxan tamaşaçılarımız da az deyil. Bu filmlərdə bizim insanlarımızın diqqətini cəlb edən, zövqünü oxşayan nə idi ki, həmin seriallara, sonunun nə olacağını təxmini bilə-bilə, ilk dəfəki həyəcan və maraqla baxırdılar? Bu yerdə “Bəyin oğurlanması” filmindən bu dialoq yadıma düşur:

“- Bizimkilər belədi də, öz kinomuza bir dəfə baxmırlar, amma onun-bunun kinosuna əlli dəfə baxırlar.

–Siz də elə çəkin, baxaq də...”

Azərbaycan tamaşaçının indiki zamanda bu sözü deməyə haqqı olduğunu danmaq olmaz. Çünki camaatın zövqünü oxşayan film çəkilmədiyi üçün tamaşaçı da film aclığını onun-bunun çəkdiyi əlləm-qəlləm işlərlə dolu seriallarla öldürməyə çalışır. Bu gününün isə ən aktual mövzusu yerli seriallardır.

Dünyada Braziliya serialları peşəkar aktyor və rejissor işinə görə məktəb sayılır. Elə buna görə də serialların kommersiya gücünə yaxşı bələd olan Amerika, Rusiya, Türkiyə kinomatoqrafçıları imkanlarını məhz bu sahənin inkişafına doğru yönəldiblər. Adıçəkilən ölkələrdə ilk vaxtlar Braziliya seriallarının dəsti-xətti üzrə, ailə-məişət problemləri, sevgi macəraları ilə zəngin seriallar çəkilsə də, sonralar daha keyfiyyətli və maraqlı ekran işləri istehsal etməyə başladılar. Bir vaxtlar cəmiyyətdə “evdar qadınların əyləncəsi” adlandırılan seriallar zaman keçdikcə artıq təkcə qadınların deyil, kişilərin və uşaqların da maraqlarını təmin etməyə başladı. Amerika, Rusiya, Tğrkiyə kinomatoqrafçıları böyüklər üçün detektiv, kriminal, uşaqlar üçün nağı janrlarında seriallar çəkməyə başladılar.

Azərbaycanda isə ilk milli serial ötən əsrin 90-cı illərində yarandı. Görkəmli kinorejissor Lütfi Məmmədbəyovun yazıçı Əlibala Hacızadənin “İtkin gəlin” romanı əsasında 1994- cü ildə çəkdiyi 12 bölümdən ibarət eyniadlı serial Braziliya, Latın Amerikası teleseriallarına qapanıb qalan Azərbaycan tamaşaçısını, az da olsa, maraqlandırmışdı. Bundan ruhlanan Lütfi Məmmədbəyov bir-birinin ardınca “Vəfalım mənim”, “Ayrılığın sonu yoxmuş” seriallarını çəkdi. Keyfiyyət baxımından çox da qənatbəxş olmayan həmin işlər Azərbaycana yerli serial anlayışını gətirmiş oldu. Amma bu serialların “ömrü” xarici oxşarlarının “ömrü” kimi uzun olmadı və təbii ki, tamaşaçılar yenidən Braziliya və Latın Amerikası seriallarının umuduna qaldı. Üstündən bir müddət keçdi, AzTV-də “Yandırılmış körpülər”, “Space”də “Bəyaz həyat”, ANS-də “Qızlar”, “Qaydasız döyüş” kimi seriallar peyda oldu, amma tamaşaçının diqqətini çəkə bilmədi.

Ötən əsrin 90-cı illərində Azərbaycan tamaşaçısının bütün marağı Braziliya və Latın Amerikası serialları üzərində dayanırdısa, 2000-ci ildən etibarən bu marağın hədəfinə Türkiyə teleserialları çıxdı və tezliklə ekranlarımıza hakim kəsildi. Bundan sonra artıq Azərbaycan telekanalları Türkiyə kinomatoqrafçılarının məhsulu olan rəngarəng teleseriallarla efir boşluqlarını doldurmağa çalışdılar. Son zamanlar isə Azərbaycan tamaşaçısının Türkiyə seriallarına olan marağının qarşısını almaq məqsədilə onların türk dilində yayımlanmasına son qoyuldu. Bunun ardınca “Bacanaqlar”, “Aramızda qalsın”, “Susmuş vicdan”, “Küləklər şəhəri”, “Qaynana” serialları dövrəyə girdi, lakin bu dəfə də “qaş düzəldilən yerdə göz çıxarıldı”. “Aramızda qalsın”ın Türkiyədə 10 ilə yaxın bir müddətdən bəri yayımlanan “Çocuqlar duymasın”ın, “Küləklər şəhəri” yenə də qardaş ölkənin məşhur “Kurtlar vadisi”nin, son aylarda yayımlanan “Qaynana” serialının isə “Benim annem bir melek”in çox uğursuz təqlidi olduğu Azərbaycan tamaşaçısının diqqətindən yayınmadı. Orijinallara maraqla baxan və onları unutmayan tamaşaçı zəif təqlidləri həvəssiz, hətta acı gülüşlə qarşıladı.

Noyabrdan etibarən İctimai Televiziyada yayımlanan, Azərbaycan və Türkiyə kinematoqrafçılarının birgə yaratdıqları “Qaranlıqlar çiçəyi” isə digər yerli seriallara nisbətən uğurlu sayıla bilər. İctimai Televiziyanın sifarişi əsasında Türkiyənin “Bay film” şirkəti tərəfindən ərsəyə gətirilən bu serialın rejissoru Mehmet Ulukan, operatoru Bülent Özerdir. Türk kinomatoqrafçılarının peşəkarlığı artıq filimin ilk seriyalarından öz sözünü deməyə başlayıb. Digər seriallardan fərqli olaraq, bunda peşəkar aktyorlara üstünlük verilib. Halbuki “Küləklər şəhəri” serialının rejissoru Samir Qulamov filmində peşəkar aktyorlara yer verməməsinin səbəbini qəribə bir məntiqlə – “tanınmışların arxasında gizlənmək istəməməsi” ilə əlaqələndirir.

Ümumilkdə götürdükdə isə yerli seriallarda ssenari, aktyorların peşəkarlığı, rejissor işi, səsləndirmə – bütün bunlar olduqca zəifdir. İstər görüntü, istər aktyor oyunu, istərsə də rejissor işi baxımından yüksək keyfiyyətli xarici seriallar izləmiş Azərbaycan tamaşaçısına yerli seriallar gülünc, bayağı və səviyyəsiz görünürsə, günahı müəlliflərin özündə axtarmaq lazımdır. Çünki serial çəkmək üçün hər şeydən öncə təcrübə, peşəkarlıq gərəklidir. Bu gün Azərbaycan tamaşaçısına təqdim olunan yerli seriallarda isə bu təcrübəsizlik qabarıq şəkildə özünü göstərir. Yerli seriallarda bir çox nüanslar var ki, bunlar doğrudan da yersizdir. Məsələn, ailə üzvlərinin evdə ayaqqabılı gəzməsini götürək. Azərbaycanda belə bir ailə davranışı modeli olmadığı üçün süni və maraqsız gəlir, baxmaq istəyəni də uzaqlaşdırır. Yəni heç bir təbiilik, səmimiyyət hiss olunmur. Çoxmu Azərbaycan qadını sutkanın az qala 24 saatını evində makiyajla, dikdaban ayaqqabıda dolaşır? Əslində, türk seriallarının daha çox tamaşaçı auditoriyası toplamasının sirri də elə məhz həmin filmlərdə hiss etdirilən təbiilik və səmimiyyətdir. Bunu isə peşəkar çəkiliş qrupu, usta, səviyyəli aktyorlar həyata keçirə bilər. “Olaylar” informasiya agentliyinin apardığı sorğunun nəticələri də onu göstərib ki, tamaşaçılar aktyorluq bacarığı olmayan şəxslərin, aparıcıların seriala çəkilməsinin düzgün olmadığı qənaətindədirlər. Bundan başqa, yerli serialların ssenariləri də günün tələblərinə cavab verən mövzu ətrafında qurulmur.

Hər bir kino böyük bir təbliğat işi xarakteri daşıyır. Çəkilən yerli seriallarımızda isə tamaşaçıya heç bir əhəmiyyətli mesaj ötürülmür. Filmi uğurlu, yaxud uğursuz edən əsas amillərdən biri də ssenarinin güclü ya zəif olmasıdır. Maraqlıdır, görəsən Azərbaycanda peşəkar ssenaristlər olduğu halda, niyə telekanallar onlara müraciət etmir, əvəzində ortaya qondarma, şit mətnlər çıxır? Kimin nəyinə lazımdır bunlar?

Türkiyə kinematoqrafçıları klassik yazıçılar Rəşad Nuri Güntəkinin “Yarpaq tökümü”, “Dodaqdan qəlbə”, Halid Ziya Uşaklıgilin “Aşkı-memnu”, Orxan Kamalın “Hanımın çiftligi” romanlarını, tarixi romaları ssenariləşdirərək ekrana daşımaqla böyük uğur əldə etdilər. Azərbaycan ədəbiyyatında serial çəkmək üçün kifayət qədər məşhur, maraqlı əsərlər olduğu halda, rejissorlar bu bazadan yararlanmırlar. Son bir ildə Türkiyənin “ShowTV” kanalında nümayiş olunan “Muhteşem Yüz yıl” serialının Azərbaycanda da kifayət qədər tamaşaçısı var. Bu serial vasitəsilə nəinki yaxşı pul qazanılır, üstəlik daha önəmli bir missiya – Türk tarixi, mədəniyyəti təbliğ edilir. Məlum məsələdir ki, Sovet hakimiyyəti illərində bizə öz tariximizi, mədəniyyətimizi, milli dəyərlərimizi əslinə uyğun şəkildə təbliğ etmək yasaqlanmışdı, indi isə qarşımızda belə bir maneə yoxdur.

Bu yaxınlarda İran kinematoqrafçıları görkəmli Azərbaycan yazıçısı Məmməd Səid Ordubadinin “Dumanlı Təbriz” romanı əsasında eyniadlı serial çəkiblər. Biz niyə bu cür dəyərli, maraqlı romanlar əsasında film çəkməyək? Dedektiv, kriminal janrlarında serial çəkmək üçün Çingiz Abdullayevin romanlarına sıx-sıx müraciət etmək olar. Bundan başqa, Salam Qədirzadənin, Əlibala Hacızadənin, Qılman İlkinin və digər yazıçılarımızın əsərləri də serial üçün hazır və uğurlu materiallardır.

Qaçqınlıq həyatı yaşayan, faciələrin qurbanları olan insanların həyatı, üzləşdikləri çətinliklər ssenariləşdirilib ekranlara daşına bilər və müəlliflərə uğur qazandırar.

Son illər Azərbaycanda milli kinonun inkişafı ilə bağlı bir çox işlər görülüb, önəmli addımlar addım atılıb. Bunlardan biri də Prezident İlham Əliyevin milli televiziya filmlərinin istehsalına maliyyə yardımının göstərilməsi haqqında 9 sentyabr 2011- ci il tarixli sərəncamı oldu. Sərəncama əsasən, milli telefilmlərin, teleserialların çəkilişini dəstəkləmək məqsədilə Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasına 5 milyon manat vəsait ayrılıb. İndi qalır bu vəsaitin müqabilində tamaşaçı marağına, zövqünə uyğun keyfiyyətli, səviyyəli televiziya filmləri, seriallar çəkmək. Bunun üçün də işə peşəkar rejissorlar, dramaturqlar, operatorlar, aktyorlar cəlb olunmalıdır ki, ortaya layiqli iş çıxarmaq mümkün olsun, xərclənən vəsait doğrulsun. Dövlətin bu sahəyə daha yaxından diqqət və qayğı göstərməsi də sübut edir ki, artıq milli teleməkanda serial məsələsilə bağlı bayağı özfəaliyyətdən gerçək peşəkarlığa keçməyin zamanıdır.

 

Günel CABİRQIZI

525-ci qəzet.- 21 dekabr.- S.6.