Oxudum, düşündüm...
İmir Məmmədlinin çoxşaxəli (nəsr, şeir, dramaturji, tərcümə) yaradıcılığı duyumluların ruhuna yad deyil. Bu anlamda onun təzəlikcə nəşr olunmuş “Səksən səkkiz səkkizlik” kitabı da oxucusunu düşündürəcək, yəqinindəyəm; bu və ya digər kitabın dəyəri məhz bu amillə müəyyənləşdirilir.
İmir Məmmədlinin şeirləri səmimiyyəti ilə səciyyəvidir. Düşündüyünü yazan, müşahidələrini, arzuladığını yazan şairin “Şaqren dərisi” şeiri vizual mövzusunu antik yunan əsatirindən alsa da müasirdir, poetik məntiq bəşəridir:
...şəhidlər...
Torpağa qarışırlar ki,
Vətən torpağı artsın.
Şəhidliyə yeni baxış, yeni çalar düşündürücüdür. Misralar pıçıldayr, deyir, həm də heysiyyətin səsi kimi eşidilir.
Gecənin zülmətinə bürünmüş qadın ağır addımlarla, “dişi yalquzağın ulartısıtək” harasa tələsir. Heç nədən çəkinmir, vahimələnmir. Yerişi, duruşu çöllərin pərisini xatırladır. Gecənin tənhalığında tək-tənha gedir, gedir. Əynində erkək canavarın dərisindən tikilmiş gödəkcə var...
Təqdim olunan obrazın görüntüsünə fəlsəfi baxış gərəkdir, İmirin təqdimatında bu baxış adilikdən bir duyum qədərincə yüksəkdə dayanır:
Erkək canavarın dərisi idi
Əyninə geydiyi tüklü gödəkcə...
Qəriblik ruhun candan uzaq düşməsidi, məncə. Axı “Ata ocağından uzaq düşənə, beş addım o yanda qürbət kimidi” (R.Faxralı). Qəribin qəriblikdən dönüşü ruhun cana qayıdışıdı. Məhz bu səbəbdən, hansı sosial-iqtisadi doyum olursa olsun, qəriblik mənəvi sıxıntıdı. İmir Məmmədli qəribliyin mənəvi sıxıntılarını özünəməxsus şəkildə verir, qəriblyin işartıları arxasında gümüldənən ağrı-acıları duyur, görür və bu duyum
Ayağımda gələn palçıqdan, qumdan,
Yurd yapdım, göyündə Günəşi yoxdu –
(“Qəribin nəğməsi”)
kimi təqdim olunur. Kimə? Təbii ki, “Qürbətdə xan olunca, öz elində dilən, gəz” yaşam fəlsəfəsinə bağır basanlara. Həqiqətən də qürbətdə “hava axıradək ram olmamış şir kimi adamı dişləyir” (“Yazqabağı qürbətdə”), qürbət qürbətə düşəni “bıçaq kimi qatlayıb nimdaş şalvarının cibinə qoyur”. Bu bədii fikirlər, əslində, vətənpərvərlikdən qaynaqlanır, deyilmi?..
İmir Məmmədliyə görə, “Dül xanımın göz yaşı kimi səpələnən çiçək” (“Yaz çiçəyi”) “dərdini əynində üzən adam”ı (“Dərdli adam”) yolundan saxlamalıdı. Yoxsa, yaşanılan illər urvatdan düşər...
...İmir Məmmədlinin “Səksən səkkiz səkkizlik” kitabı mənə də könül xoşluğu verdi, duyğularımın tozunu sildi...
Oxudum, düşündüm, düşüncələrimi bölüşdüm.
Rəşid Faxralı.
525-ci qəzet.- 2011.- 22 dekabr.- S.6.