Vətən dərdi
– millət yanğısı
“Ey müəllim, adəti-məzvirdir əşrarə elm, Qılma əhli-məkrə təlimi-məarif zinhar!”
Füzuli
“Valideynim məni göydən yerə endirdi, müəllimim yerdən göyə qaldırdı”
Aristotel
Dünyada müəllimdən böyük
ad yoxdur. Müəllimlik sənətlərin ən nəcibi, insan fəaliyyətinin ən nurlusu və ülvisidir. Hamının müəllimi
olur: şahın da, gədanın da, alimin də,
caninin də... Haçansa ən adil və
ən zalım şah öz müəllimindən bir qulaqburması alıb.
Gənc yaşlarında dünyaları
fəth etmiş İskəndər öz müəllimi Aristotelin qarşısında tir-tir
əsirmiş.
Bir gün səhər adyutantı böyük sərkərdə Suvorovun
yatdığı çadıra
girib təlaşla deyir: Əlahəzrət, mühasirədəyik. Sərkərdə
tövrünü pozmadan
cavab verir: Əşi elə bildim imtahana çağırırsan, mühasirədəyik
yarıb qalxacağıq.
Hər bir şagirdin ləyaqəti imtahanda tərləməkdi...
Müəllim təkcə dərs
öyrətmir, nəhayətdə
o, bəlkə də daha çox həyatı öyrənməyin
yolunu öyrədir.
Mənim
şair və publisist dostum Şöhlət Əfşar
“Həyat sən öyrədən deyil, müəllim!” poemasında
uzun illərdən sonra həyatda çaşıb qalmış
lirik qəhrəmanın
dili ilə həyatı dərk etmək üçün yenidən müəllimə
üz tutub, poetik-fəlsəfi suallarla
ona xitab edir: Bu lirik poemanın qəhrəmanı
müəllimin dedikləri
ilə həyatda olanları müqayisə edir. Poemanın konfilikti müəllimin dedikləri ilə həyatda olanlar arasındakı ziddiyyətdən
doğur:
Hər sözün müqəddəs,
mən də dinlədim,
Sənin tökdüyünü bir-bir
dənlədim.
Haqqı
dedim, zərbələrdən
inlədim,
Həyat
sən öyrədən
deyil, müəllim!
Şair
Türkün şərəfli
tarixinə üz tutur, böyük fateh Əmir Teymurun müəlliminə
ehtiramını yada salır:
Qılıncın gücünə igid
Teymurləng,
Məğribdən-Məşriqə məmləkət qurdu.
Cahana yetsə də, hökmü, qüdrəti,
Müəllim önündə ayağa durdu.
Belə nəql edirdilər ki, bir gün
Əmir Teymur başının dəstəsi
ilə ova gedirmiş. Göstəriş verir ki, onun
müəllimini də
dəvət etsinlər.
Palçıqlı keçidlərin birində müəllimin atı sıçrayıb
qabağa keçir və müəllimin atının nalından qopan palçıq Əmir Teymurun əbasına yapışır.
Hamı yerində donub qalır, gözləyirlər
ki, Əmir müəllimin başını
vurduracaq. Bir neçə müddət
beləcə heç
kim cəsarət
edib yerindən tərpənmir, bir söz demir. Nəhayət, Əmir Teymurun əzəmətli səsi eşidilir: Ehtiyatla əbamı əynimdən çıxarın,
verin saxlasınlar, onun üstündə mənim müəllimimin yadigarı var... Deyirlər ki, üstündə qurumuş palçıq olan həmin əba bu gün
də İstanbul müzeylərinin birində
saxlanılır.
Sənə dünya qədər
ehtiramım var,
Müəllim, həmişə əzizsən
mənə!
Bağışla, nə qədər
acı olsa da,
Giley edəcəyəm
özündən sənə.
Bu minvalla da həyatda
müəllimin dediklərini
görməyən şairin
bədii-fəlsəfi gileyləri
başlayır:
Əyrilərə bütün qapı
açıqdır,
Onlara sərt
yollar düz, hamar olur.
Günün günortası, düpbədüz
yollar,
Düzlərə keçilməz, nahamar olur.
Ölübdü heysiyyat, itibdi qürur,
Gəda ağsaqqaldan qabaqda durur.
İmansız, kitabsız haqdan
dəm vurur,
Həyat
sən öyrədən
deyil, müəllim!
Din-dinə qarışıb,
məzhəb-məzhəbə,
Yaman faydalanır
hibrid əshabə.
Saxta “hacı”lardan bezibdi Kəbə,
Həyat
sən öyrədən
deyil, müəllim!
Beləliklə də şairin
narahat poetik təhkiyəsi həyatın
bir çox qatlarına baş vurur, mənəvi eybəcərlikləri lay-lay qaldıraraq
un kimi üyüdür.
Müəllimin öyrətdikləri ilə öyrətmədikləri
– həyatda olanlar arasında ziddiyyətlər
getdikcə böyüyüb
şişir, psixoloji cəhətdən dolğunlaşır.
Vaxtilə böyük
rus tənqidçisi V.Belinski yazırdı:
“Poeziya həyatı,
bir imkan kimi, yaradıcı surətdə yenidən yaratmaqdır. Buna görə də o şey ki, həyatda ola bilməz
o, – poeziyada da yalandır... Hansı poeziyanın ki,
kökləri müasir
həyatda deyildir, hansı poeziya ki, həyata işıq salmır, onu izah etmir,
– bekarçılıq əlamətidir,
zərərsiz də olsa, havayı vaxt keçirməkdir.”
“Həyat sən
öyrədən deyil,
müəllim!” lirik poemasını da Şöhlət Əfşara
həyat yazdırıb. Əsərin zahirən gözə çarpan sujeti yoxdur. O, bir növ böyüyüb həyatda müəllimin dediklərini görməyən
şagirdin etiraz dolu ricətlərindən
ibarətdir. Fəqət, bu etirazların
özündə də
şagirdin müəllimə
izzəti-ehtiramı qorunub
saxlanır. Müəllimin obrazı psixoloji cəhətdən böyüyür.
Poema günümüzün
müasirlik ruhuna, sosial-siyasi manevr imkanlarına malikdir.
Məsələn, ATƏT-in Astana Sammitindən sonra aşağıdakı
misraların bədii-fəlsəfi
gücü bir az da artır:
Böyüklük “ATƏT”ə, “AŞPA”ya
düşür,
Lotular arxada bizə gülüşür.
Deyəsən, Qarabağ əldən
sürüşür,
Həyat
sən öyrədən
deyil, müəllim!
Bilmirsən bir çoxu haraya axır,
Maskalı üzlərin tutubdur paxır.
Bir az qurdalasan,
erməni çıxır,
Həyat
sən öyrədən
deyil, müəllim!
Poemada şairin
vətəndaşlıq cəsarətindən
gələn belə bəndlər xeyli yer tutur. Bu əsər bir ziyalı, bir vətəndaş qəlbinin
hayqırtısıdır. O da hamı kimi
sakit oturub müəlliminin öyrətmədiyi
həyatda baş verənləri sadəcə
seyr edə bilərdi. Lakin edə bilmir
və elə ona görə də yaxşı-yaman qələmə əl atır. Və bu anlarda məhz
qələm onun karına gəlir.
Lazım
gəldikcə itirdiyi
Qarabağını mənfur
düşmən tapdağından
xilas etmək üçün türkün
böyük əfşarlar
sülaləsinin oğlu
ulu babası Nadir şah kimi qılınca
da əl ata bilər. Aşağıdakı misralarda
bu qəzəb də yuva bağlayıb:
Meydanıdır acgözlərin, hərisin,
Hamı soyur bir-birinin dərisin.
Millət
batır, düşünən
yox gerisin,
Həyat
sən öyrədən
deyil, müəllim!
Min rəhmət oxuyaq Mirzə Cəlilə,
Yazıb “Ölülər”i açdı
sirləri.
İndi
əməlimiz betərdən
betər,
Ağlayan lazımdır biz diriləri.
Mən bir ayna tutub
təmiz ürəklə,
Yazdım həqiqəti, yazdım düzünü.
Qoy nəfsin qulları, əməli pislər,
Baxıb bu aynaya görsün
özünü.
Şöhlət Əfşar “Sözün
doğrusunu danışmaq
hünərdir” – deyən
Mirzə Cəlil, “Şairəm, əsrimin ayinəsiyəm” – deyən
M.Ə.Sabir ənənələrini
yeni əsrdə davam etdirir:
Şairəm, çünki vəzifəm
budur, əşar yazım,
Gördüyüm nikü-bədi eyləyim
izhar yazım,
Pisi pis, əyrini əyri düzü həmvar yazım,
Niyə
bəs böylə bərəldirsən a qare
gözünü,
Yoxsa bu ayinədə əyri görürsən özünü?!
Bir gün kimsə gəlib deyə bilər: “Aynaları sındırın!” Amma bunun
heç bir faydası olmayacaq. İnsan özündən qaça
bilməz. Onun bir çıxış yolu var: özünə
qalib gəlmək! Min
illərdi Şərqin
və Qərbin bütün fəlsəfi
təlimləri insanlığa
bu ali
həqiqəti təlqin
edir. Min ildir
sufilər insanları
insanlaşmağa çağırır,
yer nemətlərindən
əl çəkib ruhi aləmə qovuşmağa səsləyir,
fəzilət və qəbahət arasında mübarizə davam edir. Ş.Əfşarın poemasının bədii-fəlsəfi
pafosunu da belə niyyət müəyyənləşdirir. O əsl türk inamı, azərbaycançı
əqidəsi ilə yazır:
Yaxşı oğulları çoxdur
xalqımın,
Qoy bəxtiyar olsun millətin sevən!
Yaxşılar başında gəzdirir
deyə,
Daima ucalır bu ana Vətən!
Burada şairin
müəllimə gileyi
başa çatır. Bu həsb-halın oxucuya nə verdiyini yalnız möhtərəm
oxucu deyə bilər.
Nizaməddin ŞƏMSİZADƏ,
filologiya elmləri doktoru,
professor
525-ci qəzet.- 2011.- 22 dekabr.- S.7.