Görkəmli aktyor Ağadadaş Qurbanovun 100 illik yubileyi qeyd olunub

 

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə görkəmli sənətkar, unudulmaz teatrkino aktyoru, xalq artisti Ağadadaş Qurbanovun anadan olmasının 100 illiyilə bağlı yubiley mərasimi təşkil edilib. Mərasim istedadlı aktyorlar Günel Məmmədova və Elnur Kərimovun aparıcılığı ilə gerçəkləşib.

Çıxış edən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının direktoru, əməkdar artist Mübariz Həmidov tədbir iştirakçılarını salamlayaraq teatrkino sənətinin görkəmli nümayəndəsi Ağadadaş Qurbanovun mənalı ömür yolu və bənzərsiz yaradıcılığı haqqında geniş məlumat verib.

Görkəmli aktyorun yaradıcılıq yolunun Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının fəaliyyəti ilə eyni dövrlərə təsadüf etdiyini diqqətə çatdıran M. Həmidov bu tip tədbirlərin teatr taximizdəki əhəmiyyətini diqqətə çatdırıb: “Ölkə Prezidenti İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramı çərçivəsində Mədəniyyət və Turizm Nazirliyinin müvafiq tədbirlər planı hazırlanıb. Bugünkü tədbir də həmin silsilədəndir”.

Teatr Xadimləri İttifaqının sədri, xalq artisti Azər Paşa Nemət Ağadadaş Qurbanovun teatr sənətinin inkişafındakı xidmətlərindən danışaraq, sənətkarı Dövlət Gənc Tamaşaçılar Teatrını yaradanlardan biri kimi, bu sənət məbədində bir-birindən bənzərsiz çoxsaylı obrazlar yaratdığını vurğulayıb: “Ağadadaş Qurbanov sənətdə öz sözünü demiş, teatr məktəbi üçün örnək sayılan sənətkarlardan olmuş və özündən sonra silinməz izlər buraxıb. Aktyor həm də gözəl ailə başçısı olaraq, aramızdan vaxtsız getmiş Gülşən və Hamlet Qurbanovlar, hazırda rəssam və rejissor, əməkdar incəsənət xadimi Firəngiz Qurbanova kimi övladlar yetişdirib”.

Xalq artistləri Ağaxan Salmanlı, Rafiq Əzimov, kinoşünas Aydın Kazımzadə çıxış edərək, yaradıcılığı yeni-yeni aktyor nəsillərinə örnək olan, sənətin ən uca zirvələrini fəth edən, zəngin obrazlar qalereyası yaradan Ağadadaş Qurbanov haqqında fikirlərini dilə gətirərək, onun yüksək insani keyfiyyətlərini sadalamış, xatirələrini bölüşüblər.

Tədbirdə Ağadadaş Qurbanovun çəkildiyi filmlərdən kadrlar nümayiş etdirilərək, oynadığı rollar Dövlət Gənc Tamaşaçılar Teatrı aktyorlarının ifasında yenidən canlandırılıb.

Qeyd edək ki, teatrın foyesində ölməz aktyorun yaradıcılığını əks etdirən guşə yaradılıb.

 

HÜSNİYYƏ

525-ci qəzet.- 2011.- 22 dekabr.- S.7.