Dəyərli alim, bütöv insan
İsmayıl Oruc oğlu Məmmədlinin (Məmmədov) nüfuzlu elm adamı olması, tanınmış ziyalılığı təkcə diplomları, elmi dərəcəsi, elmi rütbəsi ilə yox, həm də yüksək vətəndaşlıq mövqeyi, vətən əxlaqı, humanizmi və mənəvi təmizliyi ilə də daha çox bağlıdır. Onun kamil şəxsiyyətində ən gözəl alimlik və insanlıq keyfiyyətləri cəmləşmişdir. Parlaq təfəkkürü, elmi erudisiyası, kəsərli sözü ilə tanınan filologiya elmləri doktoru, professor İsmayıl Məmmədlinin elmi yaradıcılığının kəmiyyət və keyfiyyət artımının və təkamülünün göstəriciləri onun təfəkkürünün diapozonunu, sərrastlığını, əhatə qüdrətini və zənginliyini təcəssüm etdirir. İsmayıl müəllimin elmi yaradıcılıq laboratoriyasına yaxından bələd olduqda adamı xoş bir heyranlıq bürüyür. İsmayıl müəllimin yaradıcı əməyinin, elmi fəaliyyətinin vüsətini aşağıdakı sözlərlə səciyyələndirmək olar: zəhmət və istedaddan doğan böyük enerji!
Güclü intellekt sahibi, istedadlı elm adamı kimi İsmayıl Məmmədlidə təbii insani duyğularla elmi təfəkkürün heyranedici sintezi vardır. Həmişə axtarışda, fəal təfəkkür və elmi düşüncələr aləmində olan İsmayılın elmi fəaliyyətini izləyərkən hiss edirsən ki, şəxsi həyatında keçirdiyi zəhmətli günlər, alın təri, elmi axtarış və yaradıcılıq ehtirasları, məqsəd aydınlığı, ruh yüksəkliyi, xalqın mənəvi sərvətinə – doğma ana dilimizə, ədəbiyyatımıza sonsuz məhəbbət, potensial enerji, elmin zirvəsinə, yüksəkliyə ucalmaq həvəsi onun yaradıcı xarakterinin ayrılmaz komponentləridir.
İsmayıl Məmmədlinin ömürlüyünə diqqət yetirdikdə gözlərimiz önündə istedadlı bir linqvist-alim, fədakar tədqiqatçı, sözün ən gözəl mənasında müdrik bir elm adamı canlanır. Çoxsaylı elmi əsərləri onun alimlik səlahiyyətini, potensial enerjisini, analitik təfəkkürünün dərinliyini, ən mürəkkəb problemi son dərəcə canlı şəkildə interpretasiya eləyə bilmək qabiliyyəti – bütün bu elmi, idrakı, mənəvi çalarlar onun avtoritet kimi tanınmasını, alim nüfuzuna güclü təkan vermişdir.
İsmayıl Məmmədlinin dəyərli əsərləri Azərbaycan dili tarixi, üslubiyyat, leksikoqrafiya, etnoqrafik leksika və s. sahələrdə bir sıra mühüm problemləri həll edərək müəyyən boşluqları doldurmağa xidmət göstərir. Özünün elmi təfəkkür genişliyini, faktlara yanaşma cəsarətini elmi ümumiləşdirmə qabiliyyətini nümayiş etdirmiş, bu sahədə nüfuzlu sözünü demiş, problemlərə düzgün istiqamət taparaq özünəməxsus elmi konsepsiyasını yaratmağa nail olmuşdur.
Rasional zəhmət sferasına meylli olan İsmayıl Məmmədli filologiya elminin meydana atdığı həllini gözləyən bir çox problemlərə cavab axtarmağa can atmış və böyük uğurlar qazanmışdır. Təqdirəlayiq cəhət ondadır ki, İsmayıla görə, dilimizin öyrənilməsi özünü vətənimiz, xalqımız üçün faydalı etmək prinsipinə əsaslanır. Ömrünü ithaf etdiyi filologiya sahəsinə, bütün varlığı ilə bağlı olduğu, ünsiyyətdə bulunduğu əhatəsinə olan təmas və sevgisi həm də öz daxili dünyasını zənginləşdirmə amilidir.
İsmayıl Məmmədlinin yaradıcılıq diapozonu geniş və əhatəlidir. O, çətin elmi problemin zəhmətinə qatlaşaraq Azərbaycan dilçiliyinin aktual məsələləri barədə araşdırmalar aparmış, filologiyamıza dəyərli töhfələr bəxş etmişdir. Faktlara analitik filoloji səriştə ilə yanaşmaq, yazdıqları kəmiyyət çoxluğunu mündəricə siqləti ilə uyğunlaşdırmaq, məzmun yeniliyini problemin dərinliyi ilə əlaqələndirmək onu bir dilçi-filoloq kimi xarakterizə edən əsas məziyyətlərdəndir. Belə bir fəallıq onun həyatında olduqca müsbət və aparıcı rol oynamış, yaradıcılıq stimuluna çevrilmişdir.
İsmayıl Məmmədli alim fərdiyyətini təsdiq etmiş, özünəməxsus üslubi yazı tərzi ilə yaxşı mənada özünü fərqləndirməyə nail olmuşdur. Onun çoxsaylı, nəzəri problemlərlə zəngin yaradıcılığı, orijinal alim şəxsiyyətinin təzahürləridir. Fenomenal tənqidi təfəkkürü, qibtəedici elmi duyum, adi faktı elmi fikrin predmetinə çevirmə qabiliyyəti İsmayıl Məmmədliyə dilçiliyin müxtəlif sahələrinə toxunmağa, öz fikir və mülahizələrini, elmi müddəaları inandırıcı faktlara istinadən işıqlandırmağa, elmi obyektə hərtərəfli orijinal yanaşma məharətinə, opponentləri inandırma bacarığına stimul verir. Yetkin ağıldan, işıqlı təfəkkürdən qopan yazıları, nəzəri ümumiləşdirmələr orijinallığına görə, ona görə diqqəti çəkir ki, onlarda paradoksal fikir modellərindən məharətlə istifadə olunmuşdur. Yüksək analitik düşüncə tərzinə yiyələnmiş alimin mükəmməl qələm məhsulları böyük elmi müddəalara aydınlıq gətirmək, azərbaycanşünaslığın aktual problemlərini açıqlamaq əzminin nəticəsidir. Azərbaycan dilçilik elminin təkamül təzahürləridir. İşıqlı intellekt sahibi kimi onun tədqiqat meydanı geniş və əhatəlidir və elmiliyi, professionallığı ilə seçilən yaradıcılığı kamillik zirvəsində olan tədqiqatçının dərin və elmi təfəkküründən xəbər verir.
Rəhbərlik etdiyi AMEA Nəsimi adına Dilçilik İnstitutunun Lüğətçilik şöbəsində 20 ildən artıqdır ki, ağır zəhmətlərə qatlaşmış, fikrini, zehnini ən aktual, gərəkli problemlərin həllinə sərf etmiş, yorulmaq bilmədən öz fərdi, orijinal alimlik keyfiyyətlərini təsdiq etmiş, səriştəli tədqiqatçı kimi nümunə rolunu oynamış və ətrafında, elmi və ictimai mühitdə müsbət, təsirli rezonans yarada bilmişdir. Elmi fəaliyyəti, qiymətli əsərləri əslində son dərəcə orijinal bir şəxsiyyət olan İsmayıl Məmmədlinin alim obrazının güclü bir komponentidir, dərin zəkasının, yaradıcılıq siqlətinin işıqlı təzahürüdür.
Əqidəsi, etiqadı, dünyagörüşü və fəal, iti analitik intellekti ilə yanaşı insanlığına, mənəvi zənginliyinə və daxili təmizliyinə yaxından bələd olduqca belə bir qənaətə gəlirsən ki, İsmayıl Məmmədliyə məxsus ləyaqət, ucalıq fitri xilqətdir. Onun timsalında alim və insan sözləri adi leksik vahiddən estetik meyara, insanlıq və mənəvi gözəllik, müdriklik etalonuna çevrilmişdir.
İsmayıl Məmmədli gözəl insani sifətlərə malikdir. Şəxsiyyəti bütöv, harmonik və son dərəcə koloritlidir. Onun naturasında təbii proporsiya heç zaman pozulmur. Mənliyini uca tutmağı bacaran sadə, təkəbbürdən uzaq insan nümunəsidir. Təbiilik, səmimiyyət və istiqanlılıq onun təbiətinin ayrılmaz əlamətləridir: bu təvazökar insanın səsində insan ruhunun şeiriyyəti, müdriklik cazibəsi, üzündə yalnız onun özünəməxsus dəyişməz kolorit, baxışlarında həmişə axtardığımız, möhtac olduğumuz bir bəşər həlimliyi vardır. Həssaslıq, məsuliyyət hissi, dəqiqlik, mənəvi bütövlük, onun alim-vətəndaş simasını tamamlayan dəyərli cizgilərdir. O, sanki insanlara xeyirxahlıq üçün doğulmuşdur. Dinamizm onun həyatının əsas atributlarındandır. Təsadüfi deyil ki, o, bu günədək 15-dən artıq elmlər doktoru və fəlsəfə doktorları yetişdirmişdir. Lüğətçilik şöbəsində 20 il ərzində 5 elmlər doktoru müdafiə etmişdir.
İsmayıl Məmmədli fitrətən söz sərrafıdır. Onda sözün bütün çalarlarını təhlilin rəngarəng elementlərinə çevirə bilmək bacarığı çox güclüdür. İsmayılın söhbətində sözün bütün arsenalı, potensialı və ifadə imkanları üzə çıxır. Nitqində müdrik hazırcavablıq, məntiq, yumor, sözün romantik çalarları sintez halındadır, ana dilimizin lüğət zənginliyi, intonasiya çoxçeşidliliyi öz əksini tapır. Lüzumsuz ritorikadan, şablonçuluqdan uzaqdır. Zəngin, müstəsna söz ehtiyatına malik olduğu üçün nitqində heç bir süni rabitə hiss olunmur, hər bir kəlmənin yerini, mətndaxili enerjisini asanlıqla tapa bilir.
Bizim əziz dostumuz, son dərəcə istedadlı alim qardaşımız, sözün əsl mənasında ata (həm də baba) olan, ağsaqqalımız, sadə, səmimi və mehriban məsləkdaşımız İsmayıl Məmmədli, qoy 65 yaş səni uzun ömürlülüyə aparan yeni pillə olsun. Sənə qəlbinin dərinliyində arzuladığın möhtəşəm, təmiz ruhi, ürfani könül dünyası arzulayırıq. Təbii, yaradıcı, şairanə, romantik, mənalı bir xoşbəxtlik – alim xoşbəxtliyi arzulayırıq.
Məhərrəm
HÜSEYNOV,
filologiya üzrə fəlsəfə doktoru
525-ci qəzet.-
2011.- 22 dekabr.- S.6.