“2011-ci il Azərbaycan-Türkiyə münasibətləri
baxımından əlamətdar bir il oldu”
NİZAMİ
ZÖHRABİ: “ AZƏRBAYCANLA TÜRKİYƏNİN
MƏDƏNİ ƏLAQƏLƏRİNİN TARİXİ
SİYASİ, İQTİSADİ
MÜNASİBƏTLƏRDƏN DAHA QƏDİMDİR ”
Bir neçə gündən sonra başa çatacaq 2011-ci il Azərbaycan Türkiyə münasibətləri baxımından bir sıra əlamətdar hadisələrlə yadda qalacaq. Bu il iki qardaş ölkə arasında ən müxtəlif sahələrdə dinamik inkişaf qeydə alınıb. Müsahibimiz Türkiyənin Azərbaycandakı səfirliyinin Mədəniyyət və Tanıtma Müşavirliyinin əməkdaşı Nizami Zöhrabi bu barədə daha ətraflı danışıb.
– Nizami müəllim, 2011-ci il Azərbaycan-Türkiyə mədəni münasibətlərinin inkişafı baxımından nələrlə yadda qalacaq? Türkiyə səfirliyinin Mədəniyyət və Tanıtma Müşavirliyi iki ölkə arasında mədəni əlaqələrin inkişafı üçün hansı işləri görür?
– Məlumdur ki, Azərbaycanla Türkiyənin mədəni əlaqələrinin tarixi siyasi, iqtisadi münasibətlərdən daha qədimdir. Çünki xalqlarımızı hər şeydən öncə ortaq mədəniyyət, dil, birgə soy-kök birləşdirir. Əslində, ortaq olmayan heç nəyimiz yoxdur, dərdimiz də ortaqdır, sevincimiz də, qazancımız da ortaqdır, itirdiyimiz də. Elə buna görə də, ölkələrimiz arasındakı mədəni münasibətlərdə ildən-ilə yaxınlıq daha çox hiss edilməkdədir. Təbii ki, biz səfirliyin mədəniyyət müşavirliyi olaraq Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin təlimatlarını həyata keçiririk. Türkiyə mədəniyyətinin Azərbaycanda daha geniş tanıdılması, bu sahədə müxtəlif tədbirlərin, birgə layihələrin təşkili bizim ümdə vəzifəmizdir. Eyni zamanda, Azərbaycanın mədəniyyət, elm, sənət adamlarının Türkiyədə tanıdılmasına töhfə verməyə çalışırıq. Azərbaycan yazıçılarının əsərlərinin Türkiyədə çap olunması, sənətçilərin konsertlərinin keçirilməsi, Azərbaycan filmlərinin Türkiyə festivallarına qatılması və s. işlərdə əlimizdən gələn köməyi göstərmişik.
İki ölkə mədəniyyət sahəsində uğurlarını, nailiyyətlərini birgə bayram edir. Təbii ki, bu il ərzində sadaladığım istiqamətlər üzrə fəaliyyətimizi davam etdirmişik. Bu il “Eurovision” müsabiqəsində Azərbaycanın qalib gəlməsi əslində bütün türk dünyasının qələbəsi idi. Azərbaycanlı gənc ifaçıların Azərbaycan və Türkiyə bayrağını dalğalandırması bu qardaşlığın gözəl nümunəsi idi.
– Azərbaycanlı turistlərin dincəlmək üçün üz tutduqları ölkələr arasında Türkiyə ilk sıralardadır. Turizm əlaqələri barədə nə deyə bilərsiniz?
– Əvvəlcə deyim ki, turizm sahəsində əlaqələrimizin artması iki qardaş ölkə arasındakı işbirliyinin nəticəsidir. 2011-ci il bizim üçün çox əlamətdar bir il oldu. Apreldə Bakıda keçirilən AİTF – Azərbaycan Turizm və Səyahətlər Sərgisinə Türkiyə 2010-cu ildə olduğu kimi tərəfdaş ölkə statusunda qatıldı. Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi, bir sıra turizm şirkətləri bu sərgidə iştirak etdi. 2012-ci ildə növbəti dəfə Bakıda keçiriləcək sərgiyə daha böyük, 110 kvadratmetrlik sahədə yenə də tərəfdaş ölkə kimi qatılacağıq. Gələn il daha çox turizm şirkətinin sərgidə iştirakıyla bağlı müraciətlərini almışıq.
Bundan başqa məlumdur ki, 2011-ci il Azərbaycanda “Turizm ili” elan edilib və Türkiyə dünya turizmində özünəməxsus yeri olan bir dövlət kimi Azərbaycana bu sahədə görülən işlərə yardımçı olur. İki ölkənin mədəniyyət və turizm nazirlikləri arasında əldə olunan razılığa əsasən bu ilin may-iyun və noyabr aylarında türkiyəli mütəxəssislər tərəfindən Azərbaycanın turizm sektorunda çalışan 380 nəfərə turizm təlimi keçdilər və onlara sertifikatlar verildi. Məncə, bu “Eurovision 2012” yarışmasına ev sahibliyi edəcək Azərbaycana Türkiyə Kültür və Turizm Bakanlığının layiqli qatqısıdır.
Ölkələrimiz arasında turist mübadiləsinə gəlincə, onu deyə bilərəm ki,
2011-ci ilin 10 ayında Azərbaycandan
Türkiyəyə gedən turistlərin sayında keçən
ilin eyni dönəminə
görə böyük artım olub. Əgər keçən ilin
yanvar-oktyabr aylarında Azərbaycandan
400660 turist getmişdisə, 2011-ci ilin 10 ayında 496265 turist
gedib, artım faizi
23,86 olub. Bunun da bir sıra səbəbləri
var. İlk növbədə
bu Türkiyənin öz
mədəniyyətini və turizmini Azərbaycanda
tanıtmaq üçün
lazımınca iş gördüyünün
göstəricisidir. Bu ilin
mart-aprelində Türkiyədə 40 gün,
40 gecə “İstanbul Alış-Veriş
Festivalı” keçirildi. Türkiyənin
Azərbaycandakı səfirliyi tərəfindən bu festivalın Bakıda təqdimatı keçirildi. Novruz tətillərindən
istifadə edən insanlar ucuz
alış-veriş üçün İstanbula üz tutdular. Müqayisə üçün
deyim ki, 2011-ci ildə
əvvəlki illə müqayisədə Azərbaycandan
Türkiyəyə gedən turist
sayında artım mart ayında 68,28%, aprel ayında 50,56% oldu. Onu da deyim ki, İstanbul
Şoppinq Festivalı
hər il
olacaq. 2012-ci ildə
də bu festivalın Azərbaycanda
tanıtımını keçirmək
niyyətindəyik. İnsanlar bir-birini
gördükcə, yaxınlaşdıqca
münasibətlər daha
sıx olur. Bu ilin sonuna qədər Azərbaycandan
Türkiyəyə gedən
turist sayının
550000-in üzərində olacağını
kəsinliklə söyləmək
olar. Ancaq bu artımın
2012-ci ildə daha çox olması üçün ciddi çalışmaya ehtiyac
var.
Hər il Türkiyə
Mədəniyyət və
Turizm Nazirliyinin hazırladığı tanıtım
reklamları Azərbaycanda
yayımlanır. Bu fəaliyyət
gələn il
üçün də
planlaşdırılır. Əvvəlki illərdən fərqli
olaraq 2012-ci ildə Türkiyənin sağlıq
turizminin və qış turizminin tanıtımına yönəlik
bəzi layihələr
də gerçəkləşdiriləcək.
Böyük turizm ölkəsi olan Türkiyə, sadəcə,
isti dəniz sahillərini əhatə edən yay turizminin
tanıtımı ilə
kifayətlənməyəcək, Hitit, Rum və Türk mədəniyyəti
nümunələrinin iç-içə
yer aldığı İç Anadolu və bənzərsiz qış turizmi imkanlarına sahib olan Şimal-şərqi Anadolunun
turizm potensialının
tanıtımına yönəlik
böyük işlər
görmək üçün
ciddi çalışmalar
yürüdəcəkdir. Düşünürük ki, bu çalışmalar
müsbət nəticələrə
gətirib çıxaracaq.
– Türkiyə və Azərbaycanın Mədəniyyət
və Turizm Nazirlikləri arasında müştərək filmlərin
çəkilməsi haqqında
razılaşma imzalanıb.
Bu sahədə birgə layihələr reallaşdırılırmı? Ümumiyyətlə, ölkələrimiz arasında kino və teatr sahəsində
mübadilə ilə
bağlı hansı tədbirlər keçirilir?
–Azərbaycanda düzənlənən
beynəlxalq film festivallarına
Türkiyə sinemaçılarının,
Türkiyədə düzənlənən
beynəlxalq film festivallarına
Azərbaycan sinemaçılarının
qatılması artıq
ənənə halını
alıb. Bu il
Türkiyənin Antalya şəhərində
keçirilən ənənəvi
“Altın Portağal” kinofestivalında Azərbaycan
filmləri də geniş yer aldı. Teatr sahəsində əməkdaşlığa
gəlincə, hər
il Azərbaycan
teatrlarının Türkiyəyə
qastrol səfərləri
olur və bu davam edəcək.
Çünki Azərbaycan teatrları
ilə Türkiyə teatrları arasında mübadilənin olması
çox önəmlidir.
Bu zamana qədər Türkiyə Böyükelçiliyinin
dəstəyi ilə Azərbaycan Akademik Dram Teatrı, Gənc Tamaşaçılar Teatrı
və s. dəfələrlə
Türkiyədə çıxış
ediblər. Bu ilin noyabr ayında Bakıda düzənlənən
Beynəlxalq Kukla Teatrları Festivalında
Ankara Kukla Teatrının
iştirak etməsi mədəni mübadiləyə
çox böyük fayda verdi.
Hazırda Azərbaycan Dövlət
Akademik Milli Dram Teatrında türkiyəli
yazar Sadıq Şendilin “Qanlı Nigar” əsəri oynanılır. Eyni zamanda
iki ölkənin mədəniyyət və
turizm nazirlikləri arasında imzalanan protokola görə, ortaq film çəkilişləri
start götürüb. İlk birgə film yazıçı
Elçinin “Mahmud və
Məryəm” əsəri
əsasında çəkilir.
Hazırda Türkiyədə çəkilən filmdə
Azərbaycan sənətçiləri
də yer alıb. Bu filmlə
hər iki tərəfin ortaya qoyacağı müştərək
bir əsər yaranacaq.
– İki ölkə
arasında nəzərdə
tutulan layihələrdən
biri də Bakıda Türkiyənin Kitab Satış Mərkəzinin yaradılmasıdır. Hazırda bu
layihənin reallaşdırılması
istiqamətində hansı
işlər görülür?
– Türkiyə tərəfin Bakıda Kitab Satış Mərkəzi açmaq təklifi Azərbaycanın əlaqədar qurumları tərəfindən müsbət dəyərləndirilib. Bununla bağlı müəyyən yerlər təklif olunub, indi onlar nəzərdən keçirilir. Kitab mübadiləsinə gəlincə, bu istiqamətdə də əməkdaşlıq var. Məsələn, sentyabrda Bakıda II Beynəlxalq Kitab Sərgi-Yarmarkası keçirildi. Türkiyədən 2 yayın evi sərgiyə qatılmışdı. Türkiyə Milli Kitabxanası da ayrıca stendlə təmsil olunurdu. Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin Kitabxanalar və Yayınlar Baş Direktorluğunun da ayrıca stendi vardı. Sərgiyə çox nəfis tərtibatlı kitablar gətirilmişdi və oxucular, mütəxəssislər tərəfindən yüksək qiymətləndirildi. Sərgi sona çatdıqdan sonra Sayın Böyükelçimiz Hulusi Kılıçın təlimatına əsasən çox sayda kitab AMEA Elmi Kitabxanasına, Bakı Dövlət Universitetinə, Azərbaycan Turizm İnstitutuna, Qafqaz Universitetinə, Gəncliyə Yardım Fonduna və s. hədiyyə edildi.
Eyni zamanda istərdik ki, Azərbaycanda keçirilən şeir bayramlarına Türkiyədən şairlər dəvət olunsunlar. Azərbaycanlı rəssamlar tez-tez Türkiyədə sərgilərinin keçirilməsi ilə bağlı müraciət edirlər. Biz səfirliyin mədəniyyət müşavirliyi olaraq onlara imkan daxilində dəstək veririk. Belə tədbirlər iki ölkənin sənət adamlarının bir araya gəlməsinə və həm də ortaq mənəvi dəyərlərimizin inkişafına xidmət edir.
Mədəni mübadiləyə daha bir nümunə kimi Aşıq Ələsgərin 190 illik yubileyinə Türkiyəli aşıqların qatılmasını, Bakıda keçirilən III Beynəlxalq Uşaq Muğam Festivalında Türkiyəli ifaçıların iştirakını və mükafata layiq yer tutmalarını qeyd edə bilərik. Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Azərbaycan aşıq sənəti və Anadolu aşıq sənətinin qarşılıqlı müqayisəsi və təhlili üzərində işlər aparılır. Əlbəttə, bütün bunlar iki ölkənin xalq musiqisinin öyrənilməsi baxımından böyük əhəmiyyət kəsb edir. Bundan əlavə, TÜRKSOY proqramı çərçivəsində Azərbaycan və Türkiyə musiqisi bu il Amerikada və Avropanın bir çox şəhərlərində səsləndi.
– Ölkələrimizin beynəlxalq arenada birgə çıxış etməsi üçün mədəniyyətin hansı sahəsində əməkdaşlığa daha böyük üstünlük vermək lazımdır?
– Qeyd etdiyim kimi, mədəniyyətin demək olar ki, bütün sahələrində sıx əməkdaşlığımız var. Amma beynəlxalq arenada birgə əməkdaşlığa gəlincə, Türkiyə ilə müştərək filmlərin çəkilməsinə diqqət ayrılsa, yaxşı olardı. Çünki Türkiyədə artıq kino sahəsi bir sənaye halına gəlib və ölkə büdcəsinə böyük gəlir gətirir. Biz istərdik ki, bu təcrübədən Azərbaycan da faydalansın. Azərbaycanda iqtisadi inkişaf tempi yüksəkdir, Türkiyənin isə bu sahədə bəlli bir təcrübəsi var. Bunları bir-biri ilə birləşdirib müştərək filmlər çəkmək və dünya bazarına çıxarmaq faydalı olar. Artıq bu sahədə işlərin getdiyini biraz öncə söylədik. Bunları dəyərləndirə bilən iş adamlarının var olması da bizi sevindirir. İctimai televiziyanın ekranlarından yayınlanan “Qaranlıqlar çiçəyi” bu arzular bağçasında açan ilk çiçəkdir, neçə-neçə ideyalar hələ qönçə halındadır. O gün olsun ki, bu qönçələr də açılsın.
P.SULTANOVA
525-ci qəzet.- 2011.- 22 dekabr.- S.4.