“Azərbaycan folkloru Avropa sivilizasiyası kontekstində” mövzulu konfrans keçirilib

 

Dekabrın 21-də AMEA-nın Rəyasət Heyətinin böyük akt salonunda Folklor İnstitutu “Azərbaycan folkloru Avropa sivilizasiyası kontekstində” mövzusunda elmi-praktiki konfrans təşkil edib. İnstitutun yaydığı açıqlamada konfransın məqsədləri barədə bildirilir: “Mədəni inteqrasiyaqloballaşma Azərbaycan mənəvi mədəniyyətinin ayrılmaz hissəsi olan folklorumuzu daha geniş müstəviyə çıxarılmasını zərurətə çevirir. AMEA Folklor İnstitutu da məhz bu zərurəti nəzərə alıb. Azərbaycan folklorunun Avropa sivilizasiyası kontekstinə çıxarılmasının səviyyəsinin müəyyənləşdirilməsi, məsələnin nəzəri və praktiki tərəflərinin aşkarlanması, folklorumuzun Avropa elmi ictimaiyyətinə tanıdılma sahəsinin genişləndirilməsi konfransın başlıca məqsədlərindəndir. Mənəvi sərvətlərimizin qədim və dərin köklərə bağlılığı onun nəinki regionda yerləşən xalqların, eləcə də digər dünya xalqlarının mənəvi sərvətlərinə təsirini və orada buraxdığı izlərdən xəbər verir. Bu məqamlar nəzərə alınaraq, konfransda Azərbaycan folklor nümunələrinin Avropadünya xalqlarının folklor nümunələri ilə müqayisəli şəkildə öyrənilməsi, bərabər tədqiqatların aparılması, birgə əməkdaşlıq məsələləri də müzakirə edilir. Bu isə Azərbaycanın elm sahəsində dünyaya inteqrasiyasına bir təkandır”.

Tədbiri giriş sözüylə AMEA-nın vitse-prezidenti Arif Həşimov açdı, Folklor İnstitutunun uğurlarından söz açdı: “Qarşıda bu yöndə xeyli məsələlərin həlli durur”.

A.Həşimov müasir elmi-texniki yeniliklərdən bacarıqla istifadə edilməsinin, bu yeniliklərə yiyələnməyin gərəkliyindən də danışıb: “Mənəvi dəyərlərimizin öyrənilməsində institut əməkdaşlarının zəhməti böyükdür. İllər keçəcək, bu zəhmətinizin dəyəri daha aydın şəkildə bilinəcək”.

AMEA-nın Humanitar elmlər üzrə akademik-katibi, AMEA-nın müxbir üzvü Kamal Abdulla “Mənəvi dəyərlərin başlanğıcını öyrənən” Folklor İnstitutunun bundan sonra görməli olacağı işlərin vacibliyindən bəhs edib: “Folklorumuzu daha dərindən araşdırmalıyıq”. O, habelə bu gün folklorun daha qlobal şəkildə araşdırılması qaçılmazlığına diqqət çəkib: “Folklorumuzun dünyaya geniş şəkildə təqdim olunması məqamı gəlib çatıb. Dünyanın şah əsəri sayılan “Kitabi – Dədə Qorqudu dünyanın digər məşhur şah əsərləri ilə müqayisədə dünyaya təqdim etsək, daha böyük uğurlar qazanarıq”.

O bu gün “Dədə Qorqud dastanları”nın artıq germanları da ciddi şəkildə maraqlandırdığını bildirib: “Uyğun kontekstdə axtarışların aparılması çox vacibdir”.

AMEA Folklor İnstitutunun direktoru, filologiya elmləri doktoru Muxtar İmanov iştirakçıları Folklor İnstitutu adından salamlayaraq bildirib ki, illər ərzində Avropa folklorşünaslığının uğur və uğursuzluqlarından kənarda qalmamışıq: “Bu sahədə Avropada yaxşı nə varsa, onu götürməyə çalışmışıq, habelə yaxşı sayılmayanların da təsirinə düşmüşük”.

M.İmanov bundan sonrakı mərhələdə vəzifə olaraq Avropa və ümumən dünya folklorşünaslığında oturuşan standartlar səviyyəsində folklor materiallarının toplanılması və araşdırılmasının gərəkliyini söyləyib, bu yöndə digər vacib məsələlərə də münasibətini bildirib.

AMEA-nın müxbir üzvü Tofiq Hacıyev qeyd edib ki, Folklor İnstitutu həmişə elmi problemlər qaldırmaq və həlli yönündə işləri ilə yada qalıb: “Bu gün Folklor İnstitutunun belə bir gərəkli mövzuda konfrans keçirməsi olduqca aktualdır”.

Azərbaycan Dillər Universitetinin professoru Şahin Xəlilli “Folklorda tarix və tarixdə folklormövzusunda çıxış edib. O, folklorun tarixə təsiri məsələlərindən tutarlı faktlarla söz açıb, ermənilərin tarix, habelə folklor məsələləri ilə bağlı saxtakarlıqlarını vurğulayıb: “Türkün qədim tarixinin, folklorunun, yaşantılarının Avropa folklor nümunələrində ciddi, sezilən izləri var”.

Bakı Slavyan Universitetinin professoru Rəhilə Qeybullayeva “Ənənəvi motivlərin proyeksiyası (“Kitabi-Dədə Qorqud” və “Hibelunqlar nəğməsi” eposlarında)” mövzusunda çıxış edib, ümumən türk ruhunun, folklor nümunələrinin bir çox Avropa folklor mətnlərində, mənbələrində ciddi izlərinin olduğunu bildirib.

Professor Füzuli Bayat (Folklor İnstitutu) çağdaş dövrdə klassik folklor söyləyicilərinin sayının azalmasından narahatlıqla danışıb. Qeyd edib ki, xalqın ruhundan yaranan folklorun müxtəlif elmi cərəyanlarda araşdırılması problemi var. Müxtəlif yaradıcılıq cərəyanlarının kor-koranə folklora tətbiqi istənilən nəticəni vermir, nəticədə folklor mətni kontekstdən ayrılır: “Araşdırma metodu əslində o xalqın özünün diktə etdiyi metoddur”.

Ümumən folklorun saxtalaşdırılması problemindən danışan F.Bayat elmi meydanda olan 25-dən çox yaradıcılıq metodlarının folklorşünaslıq üçün uyarlı olanının tapılması gərəkliyindən bəhs edib.

Professor Firidun Cəlilov artıq folklorda tarixin araşdırılmağa başlanılmasını mühüm hadisə saydığını bildirib: “Təəssüf ki, araşdırmalar daha çox eninə aparılır, dərininə aparılmır”.

O, türk dillərinin tarixi, mədəniyyəti ilə bağlı baxışlara köklü şəkildə yenidən baxılması gərəkliyindən söz açıb, Altay nəzəriyyəsinin türk xalqının tarixini qətiyyən ifadə etmədiyini bildirib: “Qəti şəkildə əminəm ki, monqol dili ilə türk dilləri qohum deyil. Altay nəzəriyyəsinə görə, türklər Monqolustan ərazisində yaranıb, oradan dünyaya yayılıblar”.

F.Cəlilov bu qənaətlərlə razı olmadığını, türklərin yaranışının ilkin mərkəzinin Azərbaycan olduğunu deyib: “Miladdan öncə burada yüzlərlə türk boyları vardı. Əgər Altay nəzəriyyəsinə əsaslansaq, uğur qazana bilməyəcəyik”. O bu məsələdən çıxış yolu olaraq Urmu nəzəriyyəsini təqdim edibonun haqqında danışıb: “Homeri dərindən anlamaq üçün mütləq türk xalqlarının folklorunu araşdırmaq gərəkdir”.

Professor Flora Mustafayeva (Azərbaycan İqtisad Universiteti) “Dits və Azərbaycan folklorumövzusunda çıxış etdi, “Kitabi-Dədə Qorqudu ilk dəfə dünyaya təqdim edən məşhur alman tədqiqatçısının bu il 260 illiyinin tamam olduğunu bildirib: “Dits Osmanlı imperatorluğu dönəmində 400-ə kimi əlyazma toplayıb”. Araşdırmaçı deyib ki, həmişə Azərbaycanla bağlı soraqlar Avropanın diqqətini ayrıca cəlb edib. Avropanın kitabxanalarında on minlərlə əlyazmamız saxlanılır.

Dosent-doktor Ağaverdi Xəlil “Azərbaycan və Avropa folklor əlaqələri” mövzusunda çıxış etdi, bu yöndə tarixən, habelə son ilərdə görülmüş qarşılıqlı əməkdaşlıq əlaqələridən danışıb. İlkin Rüstəmzadənin “Azərbaycan nağıl süjetlərinin Aarne-Tompson sisteminə uyğunluğuna dair” adlı məruzəsi də maraqla qarşılanıb.

Sonda məruzələrlə bağlı suallar və qonaqların çıxışları olub.

 

525-ci qəzet.- 2011.- 23 dekabr.- S.7.