Məhəmməd
Əmin Rəsulzadə
Əsərləri Üçüncü cild (1915-1916)
Nəşrin redaktorları:prof. Şamil Vəliyev və elmi işçi Samir Mirzəyevdir.
Ön söz
Azərbaycan milli qurtuluş hərəkatının ideoloqu və lideri, ilk həqiqi demokratik Xalq Cümhuriyyətimizin banisi M.Ə.Rəsulzadənin zəngin ictimai-siyasi və ədəbi-bədii publisistik irsinin I cildi (1903-1909) 1992-ci ildə, II cildi (1909-1914) 2001-ci ildə işıq üzü görmüşdür. İndi onun 1915-1916-cı illərdə dövri mətbuatda dərc olunmuş əsərlərinin III cildini oxuculara təqdim edirəm. Zənnimcə, 10 ildə təmənnasız hazırladığım bu əsər Azərbaycan tarixi və bütövlükdə I dünya müharibəsi dövrü tarixi ilə maraqlananlar üçün faydalı olacaqdır.
(Əvvəli ötən şənbə saylarımızda)
Qurama
Şalyapinin Bakıya gəlib də iki konsert verdigi məlumunuzdur.
Konsertlərdə mərəkə olduğu, bilet üstündə basırıq və qovğa çıxdığı da yadınızdan yəqin çıxmamış.
Gəlməsindən bir ay əvvəl Bakı qəzetələri haman Şalyapin gələcək – deyə uzun-uzadı şeylər yazdılar və xəlqi başa saldılar ki, Şalyapinin xasiyyəti bəddir. Özü də dəgmə-düşərdir. O oxuyanda kimsə gərək cıqqırını çıxartmasın. Və müsəlman opera və operettalarında olduğu kibi, “aman” “oxay” səslənməsin. Çünki xəlq nizamı pozarsa, Şalyapinin arxasını görər, xanəndə küsüb səhnədən çıxar, gedər.
Xülasə, bir pah, pah ki, İran xanlarının belə paxıllıqları tutar.
Yəqin oxucularımızdan bir çoxu Şalyapinin kim olduğunu bilmiyorlar. Əlbəttə, maraqlananlar bilsinlər ki, bu qədər şan və şöhrət sahibi olan kimdir?
Çətini elə bunu başa salmaqdır.
Fəqət burada ərəb dilinin qüdsiyyətindən kömək istəyəlim.
Bəli, ərəbdə bir söz var deyərlər ki: tərif-əl-şaiyə becinsha. Yəni şeylər öz cinslərilə anlaşılar. Bəli, kəndisincə məchul və naməlum bir şəxsi bir mühitə tanıtdırmaq üçün məzkur şəxsi o mühitə məşhur və məlum olan bir şəxslə tuşlamaq lazım. Məsələn, “Şahnamə” sahibi Firdovsini avropalılara tanıtmaq üçün İran Hömeri Firdovsi deyərlər.
Bizim mərhum Mirzə Fətəli Axundovu Avropaya bildirmək üçün – kəndisinə Qafqasiya türklərinin Molyeri adını taxmışlar.
Nadir şaha – İran Böyük Petrosu degilir.
Ənvər Paşanı – Türkiyə Napaleonu
adlandırırlar.
İmdi biz də Şalyapini tamamilə
oxucularımıza tanıtdıra bilmək üçün
bu məchul şəxsi bizdəki məlum zatlardan birisi ilə
tuşlamalıyız.
Biz də rusların Sarabskisi Şalyapin desək, qiyamətmi
qopar?
İmdi anlaşıldımı?
Zatən Sarabskinin Şalyapinə qiyas olduğuna,
eşitdigimizə görə Sarabski özü də qaildir. Artistimizin
kabinetini görmüş olanların rəvayətincə – vəbalı
deyənlərin boynuna – Şalyapin ilə Sarabskinin
fotoqrafları yan-yana asılmışdır. Necə ki,
rəvayət edirlər Ənvər Paşa da öz
fotoqrafını Napaleon ilə Soltan Məhməd Fateh əksləri
arasında asmış imiş!...
Teatr, səhnə, opera nə olduğunu bilməyən
oxucularımıza tanıtdırılmaq üçün də
Şalyapinə rusların Cabbarı da deyə biləriz.
İmdi
Şalyapinin kim olduğu bir dərəcəyədək
anlaşıldı.
Fəqət diyoram Sizcə anlaşılmaz bir şey
qalır.
Yaxşı
bəs bizim Sarabski ilə Cabbar bir yana gedəndə
heç bu qədər küy-kələk
çıxmayır. Niyə bəs elə rusların Sarabskisi
yaxud Cabbarları bir yana gedəndə bu qədər
bəh-bəhə nəsib oluyorlar?
Siz birdən
güman edərsiniz ki, yəqin rusların Sarabskisi bizimki kibi
fəqir bir ailədən yetişmə və aşağı
təbəqəyə mənsub bir adam
olmayıb xanzadələrdən-zaddandır.
Yox, əmin
olunuz ki, əgər Sarabski daş yolan olmuşsa, Şalyapin də
adi bir əmələ və şəhərbəşəhər
gəzib də özünə iş tapa bilməyən bir
“raboçi” olmuşdur.
Hətta
imdiki halda böyük əziyyət və ehtiramla qəbul
olunduğu Tiflisdə belə bir çox zaman ac qalmış, iş axtarmış da, tapa bilməmişdir.
Bilmiyorum qəzetələrin hankısında idi ki, kinayə
ilə baqqaldan, arabaçıdan artist olmaz – deyə
yazılmışdı. Bax, sizə Sarabski demiyəlim,
çünki, buna artist degil, benefistçi deməgə
başlamışlardır. İştə,
Rusiya musiqiçisi və rus operasının bütün mədəniyyət
aləmincə məşhur və müsəlləm bir
iftixarı – Şalyapin – ibtida “basyak” idi.
Tiflis qəzetələrindən birində rusların
Sarabskisi özünün Tiflisdə keçirdigi fəhləlik
həyatından bəhs edərkən diyor ki, keçən
gün getdim görüm ki, taxta karxanalarını su
basmış, ya nə? O zamanlar buraya gəlmiş, iş
istəmişdim. Başımda şlyapa
olduğu üçün mənidar bir surətdə
üzümə baxmış, “burada əfəndilərə
iş yoxdur” demişlərdi, diyor.
Halbuki, imdi Şalyapinin ehtiram və izzətlə mütənasib
qazancı da vardır. Məsələn, bu il dava
münasibətilə Şalyapin Londona gedə bilmədigindən
hər sənə London operalarından aldığı 75 min
manatı itirmişdir. Bir o qədər də
Amerika səfərindən qazana bilərdi ki, o da əlindən
çıxmış, hələ qiymətli
kağızları ucundan itirdigi ayrı. Artıq
bu adamın nələr qazandığını
özünüz düşününüz.
Fəqət maddətən itirdigini Şalyapin mənən
qazanmaq istiyor.
Sırf öz xərcinə olaraq Şalyapin
Petroqradla Moskvada bir neçə danə xəstəxanə
saxlayır. Öz xərcinə olaraq yetim
uşaqlar üçün məktəb saxladığı da
məşhurdur. Və şəhərləri
gəzərək oxuyur və oxumaq surətinə
yığdığı pulları dava münasibətilə
lazım olan xeyir işlərə sərf ediyor.
İştə,
millətdən və vətənindən gördügi xidmətə
müqabil vətən və millətin bərk günündə
rusların Sarabskisi haman öz vəzifəsini
ifa ediyor.
Bizə də lazımdır ki, şalyapinlər tərbiyəsinə
çalışaq, öz şalyapinlərimizin qədrini bilək,
şalyapinlərimizə də lazımdır ki, məqami-ehtiyacda
öz millətlərini unutmasınlar.
lll
Şalyapinin
xanəndəlik edib də azarxanə saxlaması münasibəti-hidayəsi
də nədənsə Petroqrad xanımlarının
öpüş verib xeyir iş üçün pul
yığmalarını yadıma saldı.
Qəzetələr xəbər verirlər ki, Petroqradda
hasilati-yaralılar faidəsinə gedən bir müsamirənin
xanımları gəliri çoxaltmaq üçün fikirləşmiş,
nəhayət qəribə bir şey
düşünmüşlərdir.
Öpüş
satışı!
Taqsa: əldən
beş manat, əldən yuxarı biləkdən 10 manat, dirsəkdən
yuxarı 15 manat, çigin, yaxud sinədən 25 manat, ondan
yuxarısı xüsusi danışıqla.
Öpüş
satışı elan olunandan bir az əvvəl
xeyriyə məqsədilə füruşə
çıxarılan xeyriyə əraqından məsti-laiqül
düşən “kavaler”lər busə bazarının müsərrəf
müştəriləri kəsilmişlər və bir saət
içərisində külli-məbləğ
yığmışlar.
Demək ki, hali-hərbdə ikən hər şey şəfqət
və mərhəmət üçün sərf olunuyor. Yalnız
musiqi həvasi, vodka keyfi degil, qadın gözəlligi də
işə gəliyor.
Bu surətlə ianə yığmaq Amerikada vaqe idi. Rusiyaya da tazə
gəldi.
Doğrusu bu tazə adət bənim heç xoşuma
getmiyor. Müsəlmanlıq damarıma toxunur. Yəni çe? Nə qədər böyük
məqsədlə də olsa, namus sərf olunmaz!...
Fəqət nə edərsən ki, namus məfhumu
özü rezin kibi, çəkdikcə uzanıyor bir
şeydir. Bir mahiyyətcə namussuzluq sayılan bir şey digər
mahiyyəcə eyni ədəb və nəzakətdir.
Bir yerdə ki, qadının əlini öpmək ədəb
və ehtiramdan sayılır, o yerdə şübhəsiz ki,
vətən yolunda öpüş bazarı açmaq o qədər
qərib bir iş təşkil etməz! Məəmafih
bənə öylə gəlir ki, vətən müdafiəsi
xatirinə hər şey fəda edilsə də, vətən
məfhumunun bir cüzisini təşkil edən milli adət və
qaidələr fəda edilməməlidir. Çünki
vətən deyincə bu adətlər də ona daxildir.
Fəqət uzun məsələyə girişdik ki,
heç də quramaya gəlməz.
lll
Petroqrad
xanımları öpüş verib xeyir iş
görüyorlar. Bu bir növ ticarət!
Bakınız Qarasu bazar müsəlmanlarının
arvadlara nəzərləri nədir?
“Krımski
vestnik” qəzetəsi Qarasu bazar istiqraz mütəqabilə
şirkətinin 1912-1913-cü ilə məxsus hesabnaməsindən
bəhs edərkən bu hesabnamənin cəmməsini nəql
edərək yazıyor ki:
“Hesabnamənin
38 səhifəsi: Həzin hekayələri qurtardıqdan sonra
bir az da gülməli əfsanələrlə əglənəlim.
Bank rəisinin yanına bəlli bir müsəlman
gəlib şirkətə üzv qəbul olunub da kəndisinə
borc verə bilməsini xahiş edər. Müsəlmanın
əhvali-iqtisadiyyəsinin bərbad bir halda olduğunu bildikdə
bank rəisi aldığı pulları sonra qısa surətlə
qaytara biləcəgini kəndisinə sorar, vaqe olan bu sualdan
inciyərək müsəlman deyər ki, “bu nə
sözdür” Əlhəmdüllah bənim beş
qızım var ki, beşi də ürfandır. Nə cür olsa da, hərəsindən yüzər
manat kalım alaram ki, bu bənim borcuma da, özümə də
bəsdir”. İştə, şirkət bu
qızı öz rəhnində hesab etməlidir.
İkinci
bir vaqeə daha:
Haman bankın rəisi yanına digər bir müsəlman
gəlir.
Duldur: bir az borc istiyor ki, evlənsin. Bir
arvad var, bir az da gözəldir. Qırx manat kalıma razıdır. Bu qiymətə imdi arvad tapılmaz. Əgər qırx manat verməsəniz, fürsət
əlimdən çıxar. Sonra xəsarətə
uğraram – deyə təxsisat tələb edər.
Bu da bir
növ ticarət!
“Kalım” Turkistanda moddur. Qafqasiyanın bəzi obalarında da
var. Görünüyor ki, Krımda da varmış... Kalım qızı və yaxud bir dul arvadı ər
evinə köçürtmək istərkən qız və
ya arvad sahibinə verilməsi lazım olan məbləğin
adıdır ki, aşağı-yuxarı satın bahası
deməkdir.
Kalım məsələsi olduğu yerlərdə
mühüm bir məsələ təşkil etməkdə də
Rusiya türklərinin bir qismi arasında ictimai bir mərəz
təşkil eləməkdədir. İştə bu mərəzlə
bitab düşənlər banklara qədər varıb özlərini
və özlərilə sərasər böyük bir cəmaəti
də məsxərə etdiriyorlar.
Niş
“Yeni
İqbal”, 19 may 1915, ¹19
Firuş
– sayış
Qurtuluş
Dünyanın ilk sahibi olan hər böyük millət
kimi türklər də soylarının qüvvətini bir məsalik
qaynağından almışlardır. Türklərdən
Budda dinində olanlar özlərinin Budda anasından
olduqlarını söylərlər. Müsəlman
olan türklər də Yafəsin yeddi oğlundan biri olan
Türkün nəslindən gəldiklərini iddia edərlər.
Türkün beşinci qərinədə Moğol və
Tatar adı ilə iki oğlu varmış. Moğol
xanın dörd oğlundan birisi də Qaraxan imiş.
İştə, bu zamana aid olaraq moğollar arasında
bir məsəl vardır. Bu məsələ görə:
Moğal hökmdarı Elxan tatarların xanı Siyunc ilə
müharibə ediyor. Siyunc xan qırğızlarla ittifaqda
olduğundan Elxani məğlub ediyor. Elxan
bütün qoşunu ilə bir yerdə qılıncdan
keçirilir. Elxanın ən kiçik
oğlu Qiyan, kiçik kürəkəni Toquz və iki
qızı ancaq bu möhlikədən qurtara biliyorlar. Bunlar dağlardan aşır, çayları, dərələri
keçiyorlar. Bir çəmənlikdə
önlərinə rast gələn bir ala keçini
qovalayıb arxasından gediyorlar. Keçini
qovalamaqda ikən özlərini meyvəli, güllü,
kiyahlı bir yerdə görüyorlar. Burada
keçi bunlardan qaçmayır. Dördü
bir yerə gəlib yerləşiyorlar. Burada
qalıyorlar. Ürunub artıyorlar. Uşaqları çoxalıyor. Bir
nəsil vücuda gəliyor. Aradan 400 il
keçiyor. Artıq bu yer bunlara
darısqallıq edir. Bir yana
çıxmaq istiyorlar. Fəqət yol
bulamıyorlar. Yol axtarmaq düşüncəsilə
məşğul ikən bir gün bir qurd görüyorlar.
Bu vəhşi heyvanın nərədən gəldiyini
araşdırarkən kiçik bir dəlikdən
çıxdığını görürlər. Gəlib baxıyorlar bu dəliyin ətrafı
keçilməz dağdır. Bir dəmirçi
bu dağların dəmirdən, misdən tökülmə
filiz olduğunu görür. Od vurub
dağı əridir. Türklər yenidən ətrafa
yayılır, beşinci əsrdə bütün aləmi dəhşətə
gətiriyorlar.
Bunlar yol tapdıqları günə yeni gün deyirlər. Və bu günün şərəfinə
hər il şənliklər qururlar. Yeddi bətni bəsləyən bu yurdun adı
Ərkənəqon (Ərkənə – dağ beli; qon – qonaq)
qalıyor. Qurda bir xilaskarlıq timsalı
veriliyor. Dağdan
çıxdıqları zamandaki xanlarının adı
Pürtəcnə – boz qurt oluyor.
Bu məsəli Moğal dilindən başqa çinlilərin
tarixi də qeyd ediyor. Çin tarixlərində bu məsəlin
günü belə göstərilirmiş. Türklərin tilisimlənmiş mühasirədən
çıxdıqları gün martın 9-u imiş,
moğollar da əski türklərdə martın 9-nu bayram
saxlamaq adəti müslimdir. Demək Novruz əsla
türklərə yabançı bir şey deyildir.
Qurd ilə 9 rəqəminə türklərdə 9 türk
asari – tarixiyyəsində böyük bir ehtiram
görülüyor.
Qədim türklər bayraqlarının başına
qızıldan bir qurd başı taxıyorlardı. Ayıq nam müstəari ilə
yazan “Xalqa doğru” mühərririnin iddiasına görə
Osmanlı köylərində 9 rəqəminə
qarşı bir hörmət hissi var. Əkin biçildiyi vaxt
köylülər komalarını doqquz – doqquz
yığıyorlar, adına da doqquz cun deyirlərmiş. Padşahlar verdikləri hədiyyələri doqquz –
doqquz veriyorlarmış. Osmanlıda vəzirlik
dərəcəsini göstərən tövqi 1, 2, 3, 4 ikən
padşahın tövqi doqquz ədəd olub.
Qədim türklər xan götürdükləri zaman
onu bir səccadə üzərinə oturdurdu və hörmət
əlaməti olmaq üzrə bir neçə dəfə
qaldırırmışlar, hörmətlərinin dərəcəsini
çoxaltmaq istədikdə doqquz dəfə yüksəldirmişlər.
Qurtuluş, qurtulmaq kimi sözlər heç şübhə
yoxdur ki, qurd sözündən müştəqq oluyor. Lisaniyun bu kəlmə
ilə yuxarıda bilmünasibə zikr olunan məsəl
arasında bir rabitə görürlər.
Qurtuluş demək – nicat deməkdir. Fəqət
türkcə kəlmə bəzən o qədər işlənməmiş
qalaraq məhcur olmuş ki, mənasını bir türkə
anlada bilmək üçün mütləqa ərəbcə,
farsca, yaxud ruscanın köməyinə ehtiyac göstərmək
məcburiyyətindəyiz. Şübhəsiz
ki, bu təbii olmayan hal məsəldə ki “ərkənəqun”
tilisiminə bənzər.
“Ərkənəqon”dakı türkləri “purtəcnə”
boz qurd qurtardı.
Zamanımız milliyyət əsridir. Milli bir ruh və
məslək sahibi olan gənc cəhalətdə və qəflətdə
yaşayan millətimizin xilaskar qurdudur. Yenicə
təsis olunan “Qurtuluş” doğma türkcəsi ilə
sevdiyi türk dilinə və türk elinə xidmət qəsdilə
müasir bir qurd xidməti görəcək bununla bir azca xidmət
edə bilərsə əlbəttə iftixar edə bilər.
M.Ə.Rəsulzadə
“Qurtuluş”
məcmuəsi, 1 oktyabr 1915, ¹1
• “Xalqa
doğru” həftəliyi sayı 51
Məsalik
– məsləklər
Möhlik
– təhlükə
Bətni
– sirri
Müslim
– istaətli
Müstəar
– burovuz, alınmış
Tövqi
– şahlıq möhrü
Səccadə
– canamaz döşşək
Müştəqq
– düzəltmə
Məhcur
– unudulmuş
Tutacağımız
yol
Dəhşətlərinə şahid olduğumuz
böyük müharibə bir həqiqəti – əsrimizin
milliyyət əsri olduğunu – isbat etdi.
“Dünyanın xəritəsi qəribə dəyişəcək”
– deyə heyrətlə qarışıq bir cümlə imdi
bir çox ağızlardan eşidilməkdədir. Dünya xəritəsinin
alacağı yeni şəklə vətəndaşların fədakarlığı,
dövlətlərin təşkilatı və orduların əzəməti
ilə bərabər heç şübhə yoxdur ki,
vüzuh və rüsux peyda etmiş milliyyət məfkurələrinin
də böyük təsiri var və olcaqdır.
Özünü lüzumunca bilib də istiqbal
üçün müəyyən bir ideal (məfkurə) bəsləyən
millət şübhəsiz ki, böyük bir qüvvət təşkil
edər. Şübhəsiz ki, sözün tamam mənası
ilə deyiləcək qədər kuhəfkən topların
hakim olduğu hərb meydanlarında təsirsiz qalmayan bu
qüvvət yaşıl mahudlu barışıq masası
üzərində də əsaslıca bir təsir yapacaq.
Hər
hankı qalib tərəf az-çox sürunclu bir dinclik
vücuda gətirmək istərsə əsrin vicdanları
üzərində ən çox təsir icra edən qüvvəti
– milliyyət məfkurəsini – ehmal edəməz! Bunun böylə olacağı arabir gələcəyin
sülhü haqqında söz söyləyən Avropa mütəfəkkirlərincə
də təsdiq olunmaqdadır. Sülhuyunə
mənsub siyasilərcə, milliyyət əsasına riayət
etməyəcək, millətlərin hüququnu gözətməyəcək
bir sülh əqdnaməsi çox çəkməz
yırtılar və sürunclu bir dinclik təmin edəməz.
Hüquqi-təbiiyyəsi paymal olmuş bir millət baqi
qalıncaya qədər Avropa müvazineyi-dövliyyəsi
hüquqi və sürunclu bir sülh üzü görməkdən
məhrum qalacağı kimi, kəndi vətəndaşları
arasında ögey-doğmalıq gözədən bir dövlət
də həqiqi bir qüvvətə söykənməyəcək,
mütərəqqi və qüvvətli bir təşkilata
malik olmayacaqdır.
Demək ki, müəyyən bir məfkurəyə və
əksər əfradınca müşəxxəs bir
qayeyi-amala malik olan millətlər, dövlətlər
arasındakı münasibətdə əhəmiyyət
qazandıqları kibi, dövlətlərin daxili siyasətləri
üzərinə də böyük təsirlər icra ediləcəklərdir. Bu surətdə
ayrı-ayrı millətlər bir millət olaraq yaşaya bilmək
üçün hər şeydən əvvəl özlərini
bilməli, müəyyən fikir və amallar ətrafında
birləşərək böyük bir məfkurəyə,
qayeyi-xəyala hədəf olacaq o işıqlı
yıldıza sahib olmalıdırlar. Çünki
müttəhid bir ruh və müştərək bir
yıldıza malik olmayan millətlərlə yeni əsaslar
üzərinə qurulacaq həyat hesablaşmayacaq və
böylə silahdan məhrum qalan heyətlər kimsəyə
söz eşitdirəmiyəcəklərdir!
İştə, millətimizin bir qəzetəçisi
olmaq hesabilə öhdəmizə düşən rəhbərlik
vəzifəsinin ifası üçün
tutacağımız yolun nöqteyi-əzimətini təşkil
edəcək əsas – milliyyət əsası.
Fəqət
sui-təfahümə meydan qalmamaq üçün həmən
ixtar edəlim ki, bizim qəbul etdiyimiz milliyyət düsturu
“Zemşina”, “Novaya vermya”nın və sair
bu kimi sağ qəzetə və məhafillərin bəhimi
millətçiliklərindən, əlbəttə,
başqadır. Məhafil onlarca özgə millətlərin
mənafeyi milləti-hakimənin mənafeyinə fəda edilməlidir.
Halbuki bizim tərvic elədigimiz əsas
bütün milliyyətlər üçün bir dərəcə
hürriyyət və müsavat tələb edir ki, bununla biz
rus cəmaətinin də salim düşünür qismilə
heç bir ixtilafda bulunmuyoruz.
Hər
bir millət azadə yaşayıb da tərəqqi edə bilmək
üçün üç əsasa istinad etmək məcburiyyətindədir:
Dil, din və zaman.
Dilcə biz türküz, türklük milliyyətimizdir. Binaənileyh
müstəqil türk ədəbiyyatı, türk sənəti,
türk tarixi və türk mədniyyətinə malikiyyətimiz
məqsədimizdir. Parlaq bir türk mədəniyyəti
isə ən müqəddəs qayeyi-amalımız,
işıqlı yıldızımızdır.
Dincə-müsəlmanız. Hər bir din öz
mütədəyyinləri arasında məxsusi bir təməddün
vücuda gətirmişdir ki, bu təməddün də bir
beynəlmiləliyyət səbəbi təşkil edər.
Müsəlman olduğumuz üçün biz
türklər beynəlmiləliyyəti-islamiyyəyə
daxiliz. Bütün islam millətlərilə
şərikli bir əxlaqa, dini bir tarixə, müştərək
bir yazıya, xülasə ortaq bir təməddünə
malikiz. Qəlblər bir Allaha mütəvəcce
və dilimiz müəyyən virdlər və dualarla mütəzəkkir
olduğundan bütün müsəlmanlarla şərik bir
ruha sahibiz. Bu şəriklik islamiyyətə
daxil olan zərərli təsirlərdən bizi mütəzərrər
etdigi kibi, bu yolda olacaq islahat feyzlərindən də bizi nəsibsiz
qoymaz.
Zamanca da-biz texnikanın (alyatın) elm və fənnin
möcüzələr yaradan bir dövründəyiz. Türk və
müsəlman qalaraq müstəqilən yaşamaq istərsək,
mütləqa əsrimizdəki elmlər, fənnlər, hikmət
və fəlsəfələrlə silahlanmalı,
sözün bütün mənasıyla zəmanə adamı
olmalıyız.
Demək
ki, sağlam, mətin və oyanıq məfkurəli bir milliyyət
vücuduna çalışmaq istərsək ki, zaman bunu
iqtiza ediyor – mütləqa üç əsasa
sarılmalıyız:
Türkləşmək, islamlaşmaq və müasirləşmək.
İştə,
millətimizin həyati-ictimaiyyəsini islah üçün
üzərinə dayandığımız sepayeyi-mədəniyyət!
Şərikli vətənimiz Rusiyanın müqəddəratına
gəlincə bütün vətəndaşlarımızla bərabər
bizdə hər şeydən əvvəl Rusiyanın müzəffəriyyət
və müvəffəqiyyətini arzu edəriz. Fəqət nə
gizlədəlim bütün tərəqqipərvər Rusiya
ilə bərabər biz dəxi arzu olunan bu zəfərin ancaq
daxili islahati-təriqilə hasil olacağına qaneyiz.
Rusiyada yaşayan bütün millətlər bu
müharibə əsnasında ibraz etdikləri səmimanə əlaqələr
ilə göstərdilər ki, hər bir şübhə və
sui-zənnlərin fövqündə saf bir niyyət və atəşin
bir vətənpərvərlik hissi bəsliyorlar. Bunun
mükafatı olaraq şübhəsiz ki, bütün millətlər,
o cümlədən də müsəlmanlar gözliyorlar ki,
islah olunmuş Rusiya kəndi cənahi-şəfqətində
yaşayan bütün millətlərə mədəni bir
istiqbal ilə yaşamaq, hürriyyəti-təbiisini
müzayiqə etməsin. Böylə bir
hürriyyətin heç şübhəsiz ki, Rusiya
istiqbalı nöqteyi-nəzərindən – cəsur
düşməni təpələyib də gəldigi yerə
qovmaq qədər böyük bir əhəmiyyəti
vardır.
Oxucularımızı artıq yormamaq üçün
“Açıq söz”ün təsisi ilə
tutacağımız yolun əsli nöqtələrini muciz bir
surətdə zikr etdik. Şübhəsiz ki, bundan sonra burada
müxtəsərən sərd etdigimiz əsasları daha təfsilli
və daha açıq bir surətdə yazacaq, fikirlərimizin
ümumiləşməsinə çalışacağız.
Ehtimal ki, türkləşmək, islamlaşmaq
və müasirləşmək nəzəriyyələrini təşrih
edərkən bir çox nöqtələrdə bizə
müarizlər bulunacaq və ehtimal ki (bəlkə də yəqin)
Rusiya daxili siyasəti həqqində bəslədigimiz məsləkə
görə rus tərəqqipərvərləri ilə bərabər
biz də bəzi əksəl-hərəkətlərə
tutulacağız.
Fəqət hanki fikir və qələm mübarizəsi
bundan azad olmuş.
Sərd elədigimiz fikir və nəzəriyyələrimizi
tərvic üçün “Açıq söz” açıq
bir dil ilə yazmağa səy etməklə bərabər
isminin müxəmmasına müvafiq olduğunu üslubunun
aydınlığından ziyadə nəşr edəcəyi
fikir və mənaların açıqlığında
göstərmək istəyəcəkdir.
Yazdığı şeylərə səmimanə surətdə
müariz olanlarla qəzetəmiz böyük bir həvəs və
ehtiramla mübahisə edəcək. Fəqət
“Açıq söz”də kəndi şəxsi mənfəətlərinin
düşmənini görərək qərəzlə meydana
girəcəklərə də sözün lap
açığı ilə qarşı
çıxacaqdır.
Xülasə
tutacağımız yolda önümüzə
çıxacaq olanlara qarşı yeganə vasitəmiz olacaq
açıq söz!
M.Ə.Rəsulzadə
“Açıq
söz”, 2 oktyabr 1915, ¹1
Vüzuh
– aşkarlıq, bəlli
Kuhəfkən
– dağı qazan, dağçapan
Ərbədə
– qovğada, davada
Rosux – qətiyyət,
möhkəmlik
Müşəxxəs
– tanınmış, seçilmiş
Əzimət
– niyyət, məram
İxtar
– xatırlama
Bəhimi
– vəhşi
Məhfəl
– cəmiyyət, məclis
Təfəhhüm
– dərk etmə
Təməddün
– mədəniyyət
İqtiza
– tələb
Zünun
– düşüncələr
cənah
– qanadı
Yeni
daxiliyyə vəziri
Bu günlərdə vəzirlər heyətindən
çıxmış daxiliyyə vəziri mənsəbli idarəyə
təyin olunan Xvostovun qəzetə müxbirlərinə kəndi
proqramı həqqində verdigi müfəssəl bəyannaməni
son gələn Petroqrad qəzetlərində oxuduq.
Az-çox
tərəqqipərvərlikləri və siyasi məsləkcə
bilnisbə xəlqlə yola getmək tərəfdarı
olmaları ilə məşhur olan iki vəzirin: (Şerbatov və
Samarin) kabinədən çıxmaları daxili siyasətdə
bir az genişlik gözləyənləri əndişəyə
salmışdı.
Yeni gələn Xvostov dumanın buraxılmasından əvvəl
təsis olunan tərəqqipərvər blokun xaricində olub
bu bürokratlıqdan yetişmə bir məmur və sağ
firqə rəisi olduğundan kəndisindən bittəbii
geniş bir proqram gözlənmiyordu.
Fəqət yuxarıdakı bəyənnaməsindən
anlaşılır ki, yeni gələn vəzir o qədər
də qatı tədbirlər və asayiş fikirlərilə
gəlməmişdir.
İçində
bulunduğumuz şərait daxilindəki söz ilə iş
arasındakı fasilə xaricində mücərrəd olaraq
düşünülüyorsa, Xvostov idarəsindən bir
çox məqbul tədbirlər gözləmək lazım gəliyor.
Xvostov adətən duma hüzurunda nitq söylər dərəcəsində
müfəssəl olan bəyanatında hökumətin
qüvvətli olması luzumundan bəhs eliyor. Fəqət qüvvətli
hökumət cəbr və zəcr yapan hökumət
olmadığını da haman əlavə
qılıyor. Hökumətin qüvvətli
olması Xvostovun bəyanına görə qanunları gözətməsindən
ibarətdir. Yoxsa zorbalığa salıb
da qanunsuzluq yapmaq və şiddət göstərmək
degildir.
Mətbuat
yeni vəzirin rəyincə bir genişlik hiss etməlidir. Vəzir təmamilə keçəndə tətbiqi
düşünülmək istənilən əskəri
senzurdan başqa digər bir senzur təşəbbüsünün
əleyhindədir. Mətbuat vətənpərəstligini,
vətən işində nə qədər faidəli
olduğunu göstərdi. Bunda şəkk
və şübhə yei qalmadı. Buna
görə də mətbuatı sıxmaq degil, azad buraxmaq
lazımdır. Mətbuatı azad buraxmaq
demək bir yazı anarşisinə meydan vermək demək
degildir. Mətbuat yazar. Qanunun kəndisinə vermiş olduğu səlahiyyətindən
çıxarsa, cəzasını görər. Qanunun ədalətlə tətbiqindən
yaxşı senzor olamaz. Vəzir mətbuatı
sıxışdırıb da yalnız bir elan vərəqəsinə
döndərməkdən nə səltənət, nə də
millət üçün bir faidə görmiyənlərdən
olduğunu söyliyor.
Bahalıqla mübarizə etməyə və
almanların Rusiyayı iqtisadən istila etmələrinə
müqabil çıxmaya yeni vəzir böyük bir əhəmiyyət
veriyor. Hətta tərəqqipərvər duma blokundan bəhs
edərkən proqramına bu iki məsələni daxil etmədigi
üçün sövqi-müaxizə və tənqid ediyor.
Bahalıq öylə bir dərəcəyə
gəlmiş ki, artıq dövlət onunla məşğul
olmalı və bu xüsusda ümumi bir tədbir gözətməlidir.
cəmaət müəssisələrindən
olan zemstvo və şəhərlər idarələrinin bu
yolda gördükləri işləri vəzir böyük bir
zaid kibi tələqqi ediyor.
Alman istilayi – iqtisadisi Rusiyadan qalxmalı. Fəqət bu
ayrı-ayrı fərdləri incitmək və familyaları
nemes familyalarına bənzəyənləri sögmək surətilə
olan iş degildir. Rusiyanın daxili sənaye və
ticarətini Almaniya ilə almanlardan biehtiyac bir halə
qoymalı ki, alman istilasi özlügündən zail olsun.
Yoxsa alman istilasi qalxıb da yerinə başqası, məsələn
yapon və yaxud Çin istilasi daxil olar.
Daxili sənaye və ticarəti yüksəltmək üçün vəzir əmələ ittifaqlarına böyük əhəmiyyət veriyor. Həmkarlar ittifaqı təzyiq olunmuyub biləks imkan verilməlidir ki, əmələlər iqtisadi hallarına aid olan hüquqlarda birləşsinlər. Əmələlər bu müharibədə inqilabiyun firqələrin təsiri altında olduqları halda, nə qədər vətənpərvər olduqlarını göstərdilər. Onların qanun və nizami dairəsində ittifaq yapmalarından faidədən başqa zərər gəlməz. Çünki vətən sənaye və ticarətini qüvvətləndirən ancaq təşkilatlı sərmayə ilə təşkilatlı səydir.
Şəhər idarələri ilə zemstvolar həqqində fikir bəyan edərkən vəzir özünün zemstvo düşməni olduğunun qələti-məşhur olduğunu isbat etmək səddindən sonra ordunun mühümmatını hazırlamaq, xəstə və yaralı əskərlərə kömək etmək və sair cəmaət işlərinin təşkilatı həqqində zemstvolarla şəhərlərin göstərdikləri xidməti təqdir etmiş, keçənlərdə Moskvada toplanan yığınlara söz keçirərək, bu yığıncaqların əməli cəhətini bəgənmiş. Fəqət aldıqları məşhur qətnaməni rədd edərək bunu siyasi bir xəta saymışdır. Vəzirin düşündiginə görə bu xüsusda ictimaidəkilər bir az məclisi-müəssisan cəhətə meyl etmişlər. Özü də istədiklərini müəyyən və müşəxxəs etməyib ələl-ətlaq hökumətin başqa bir rəng almasını tələb eləmişlərdir.
Milliyyət məsələsinə gəlincə, vəzir özünün bütün Rusiyada yaşayan millətlər üçün xoş keçilməsi tərəfdarı olduğunu söyləmiş: qoy onlar tərəqqi edib də məsud olsunlar. Fəqət bu şərtlə ki, bizə zərərləri toxunmasın – deyə amali bir cümlə işlətdikdən sonra Rusiyanın Allah verib o qədər sərvəti-təbiiyyəsi var ki, hamıyı doyurar – demişdir. Yəhudi məsələsi hal-hazırda kökü ilə həll olunacaq asan bir məsələ olmayıb diqqət və fərağətlə görülür bir işdir. Fəqət bu sırada yəhudilərin bilxassə həqqi-səknalərinə aid cəhətə vəzir böyük bir diqqət sərf olacağını və bu xüsusda qubernatorlara verilən təmim (sirkulyor) də yəhudilərin bir yerdən o biri yerə köçmələrini asanlaşdıracaq tədbir görmələri xüsusunda əmrlər veriləcəgi təsrih olunmuşdur.
Bəyanatının xatiməsi olaraq ələlümum əhvali-həzirəyə söz gətirərək Xvostov müharibənin əvvəllərində bütün Rusiya ilə bərabər Məclisi-Məbusan və əyani (Duma ilə Şurayi-səltənəti) çulğalayan ruh yüksəkliyi ilə və vətənpərvərlik hissinin təkrar iadəsinə böyük lüzum olduğunu bəyan edərək düşməni dəf etmək və Rusiyayı düşdügü girovdan qələbə və şan ilə çıxarmaq, ancaq bu ruh yüksəkligi ilə mümkündür – demişdir.
“Bir çox şeylər dəgişmiş, bir çox qiymətlər bahasını itirib başqa qiymət və əhəmiyyət hasil etmiş. Hökumət şüurlu hərəkət edərək bütün bunları nəzəri-diqqətə almalı və o surətlə rəftar etməlidir. Bəzi güzəştlərə getməkdən qorxmamalı, güzəşt etmək əlaməti – zəif degil. Bəlkə məqul bir tədbirdir”.
Vəzir ümid ediyor ki, Rusiya bu təhlükədən böyük və şanlı qalaraq qurtaracaqdır. Bu surətlə Rusiya əfkari-ümumiyyəsinin hökumətdən daxili siyasət dairəsində tələb etdiklərinin mümtədil bir qismini Xvostov ixtisar elədigimiz bu bəyanatında mühəqq görmüş və məmləkət üçün bunların lazım olduğuna mütərəf olmuşdur. Bu qədərlik bir etiraf yenə həqq ilə tətbiq olunsa, bir şeydir. Neçə zamandan bəri arzu olunan daxili islahata tərəf bir qədəm millətlə dövlətin ittihadına bir meyldir.
Ümid edəlim ki, yeni vəzirin dedikləri tətbiq olunmamış qalmasın. Fəqət siyasi əhvali-ümumiyyəyə siyasiyyə dəgişməyincə böylə bir ümid bəsləmək qabilmi?
M.Ə.Rəsulzadə
“Açıq söz”, 4 oktyabr 1915, ¹2
Zəcr – zülm etmə
Məhlikə – təhlükə
Müaxizə – sorğu-sual etmə, töhmətləndirmə
(Ardı var)
Şirməmməd
Hüseynov
525-ci qəzet.-
2011.- 24 dekabr.- S.26-27