Məhbəsə
sığmayan azadlıq eşqi
Budapeştli məktəblilər üçün həmişə şirin xatirələrlə yada salınan və unudulmaz tarixə çevrilən Pal küçəsindən keçib Ulbi küçəsi boyu sürətlə irəliləyirdik...
Görkəmli macar yazıçısı Ferens Molnarın məşhur qəhrəmanları Boka, Nemeçek və Çanakos da bir vaxt gecənin qaranlığında bu küçə boyu Qırmızıköynəklilərin başçısı, “qorxunc” Feri Atsın qəsrinə doğru tələsmiş, qarşılarına çıxan hündür, köhnə taxta hasarı aşmaq üçün gözlənilən təhlükələrə baxmayaraq bir an da olsun tərəddüd etməmişdilər. Çünki onların nəzarətindəki qalanın bürcündən qırmızı-yaşıl boyalı bayrağın Feri Ats tərəfindən qoparılıb aparılması Pal küçəsinin oğlanlarını bərk əsəbiləşdirmiş, heysiyyətlərinə toxunmuşdu.
Bokanın dəstəsindən fərqli olaraq biz, Macarıstandakı Azərbaycan səfirliyinin təşkil etdiyi “Macarıstan-Azərbaycan: Mədəniyyətlərin dialoqu” adlı beynəlxalq konfransa gəlmiş üç nəfər ziyalı ikiqat tikanlı məftil toru ilə əhatə olunan və aşılması mümkünsüz edilən beton hasarın önünə Budapeşt vaxtı ilə gündüz vaxtı, təxminən saat 13 radələrində yetişdik. İlkin parıltısını itirmiş yaşıl boyalı, hündür barıya yaxınlışdıqca keçirdiyimiz qəribə hisslərin təsiri altında yaranan həyəcandan xilas olmağa, özümüzə toxtaqlıq verməyə çalışırdıq. Budapeşt şəhərinin mənzərəli guşəsində yerləşən İslah müəssisəsinin giriş qapısının üstündən boy göstərən keşikçi qülləsinin ən yüksək nöqtəsində qırmızı-bəyaz-yaşıl rəngli bayraq asılmışdı. Bu, Çelenin bacısının bəzən qırmızı-yaşıl, bəzən də bəyaz-yaşıl rəngli parçadan tikdiyi bayraqların ən irisi və mükəmməli idi.
Macarıstan dövlətinin rəsmi qanunlarına və qapalı müəssisələr üçün səciyyəvi olan qaydalara ciddi əməl edilən məkanda – Kozma həbsxanasında təmas saxladığımız əməkdaşların mədəni davranışları, yüksək nizam-intizamı, səliqə-sahmanı xoş təəssüratlar yaradırdı. Gülərüzlə qarşılanmasaq da, bir tərəfdən qonaq statusunun bizə verdiyi üstünlüklər, o biri tərəfdən isə yerli personalın vəzifə borcundan irəli gələn tələblər nəticəsində diqqət və ehtiramla əhatə olunmuşduq. Zəruri prosedur qaydaların icrası zamanı macar məmurlarının hər gün təkrarlanan yeknəsəq məşğuliyyətlərinə vicdanlı və məsuliyyətli münasibətlərini duymamaq, dəyərləndirməmək ədalətsizlik olardı.
Budapeşt şəhərinin hər bir qonağın diqqətini çəkən tarixi yerləri, əsrarəngiz təbiəti, mədəniyyət və incəsənət ocaqları ilə tanışlıqdan əvvəl Kozma həbsxanasına yollanmaqda məqsədimiz məlum hadisədən sonra taleyinə bu həbsxanada məhbəs həyatı yaşamaq hökmü yazılan xalqımızın ləyaqətli və fədakar oğlu, milli ordumuzun cəsur və mübariz zabiti Ramil Səfərova baş çəkmək, imkanımız daxilində ona ürək-dirək vermək, mənəvi dəstəyimizi əsirgəməməkdən ibarət idi.
Səfər proqramında nəzərdə tutulmasa da bura gəlməyə bilməzdik. Budapeştə gedəcəyimdən xəbər tutan çoxsaylı dostlarım, həmkarlarım, tələbələrim qeyri-adi maraqla məndən soruşurdular: “Ramil Səfərovla görüşmək mümkün olacaqmı?”
Avtomobilindən, kabinetindən, iş yerindən üçrəngli Azərbaycan bayrağı fonunda Ramil Səfərovun şəklini asanlar, Ramilə həsr olunmuş şeirləri, mahnıları, meyxanaları fəxarətlə, səmimiyyət hissi ilə oxuyanlar, söyləyənlər, qəlbində, ruhunda Ramil sevdası ilə yaşayanlar bir anlıq dayanır, düşünür, kövrəlir və doluxsunmuş gözləri ilə “Bizdən Ramilə salam söylə” – deyirdilər.
Ona bəslənən sevginin, rəğbətin bəhrələndiyi qaynaqlar haqqında düşünəndə öncə üçrəngli Azərbaycan bayrağı fonunda, zərli və üçulduzlu paqonların bəzədiyi kitel geyinmiş, məğrur baxışları uzaqlara zillənmiş Ramilin şəkli gözlərim qarşısında canlanır. Azərbaycanda haqlı olaraq Ramil Səfərovu ancaq milli bayrağın fonunda təsəvvür edirlər, dövlət bayrağının sevdalısı və müdafiəçisi kimi tanıyırlar. Mənim fikrimcə Ramil Sahib oğluna ümumxalq sevgisi Azərbaycan bayrağına sevgidən qaynaqlanır.
Həbsxananın qonaqlar üçün ayrılmış otağında köhnə tanışlar kimi, çox mehriban görüşdük. Ramil Sahib oğlu Səfərov uca boylu, pəhləvan cüssəli, nikbin əhval-ruhiyyəli, hazırcavab və təmkinli, müsahibini sona qədər dinləməyi bacaran, fikrini aydın, məntiqli ifadə edən, Azərbaycan – Macarıstan əlaqələrini bütün incəliklərinə qədər mütəmadi izləyən və obyektiv dəyərləndirən istedadlı düşüncə adamı, bayrağını və torpağını şəxsi həyatından çox sevən vətənpərvər bir ziyalıdır. Gözlərindən oxunan, baxışlarının dərinliyindən duyulan yurd, doğma el-oba həsrətinin, intizarının doğurduğu sualları etik-mənəvi düşüncənin görüntülədiyi təbəssümlü çöhrəsi pərdələyirdi. Onun orijinaldan tərcüməsində macar ədəbiyyatının görkəmli qadın nümayəndəsi, yazıçı Maqda Sabonun “Qapı” romanının Bakıda çapa hazırlanmasından məlumatlı olduğum üçün söhbətə girişə də elə “Qapı”dan başladım. Vaxt bolluğunda sıxılan, tənhalığı könüllü seçmək məcburiyyətində qalması ilə milyonların rəğbətini qazanan, bilik və enerjisini yaradıcılığa yönəltməyə qərar verən Ramil Səfərov ilk bədii tərcüməsi üçün çox güman ki, “Qapı”nı təsadüfi seçməmişdir. İlkin anlamına görə qapı giriş və çıxışın, gəliş və gedişin, həsrət və vüsalın sərhəddidir, təmas xətti və son nöqtəsidir. Əgər bu anlamı “məhbəs qapısı” məfhumu ilə əvəzləsək işıqla qaranlığın, sevinclə kədərin, mərhəmətlə nifrətin arasında yer alan ikiqat tikanlı məftil toru ilə əhatə olunan beton səddin dəmirdən hazırlanmış, günün çox az vaxtlarında açılıb-bağlanan örtünün həm də “ümid qapısı” rəmzi mənasını daşıdığının fərqinə varmalıyıq.
Xanım Maqda Sabonun (1917-2007) “Qapı”sı hüdudsuz zaman ümmanında cismən azadlığa təşnə olan, ruhən hürriyyətin hüdudsuz üfüqlərinə can atan Ramil Səfərovun zənnimcə bədii yaradıcılıq dünyasına, ədəbiyyat aləminə açılan ilk uğurlu qapısı, ilk tərcümə əsəridir.
Bu “Qapı”dan Ramilin yaradıcılıq aləminə daxil olanlar Ulbi küçəsi boyu üzü yuxarı irəliləyib “Pal küçəsinin oğlanları” ilə tanış olmaq imkanı qazanar, onların bayraqları və torpaqları uğrunda apardıqları mübarizənin, göstərdikləri şəxsi şücaətin, qəhrəmanlıqların şahidi ola bilərlər.
Müasir macar nəsrinin və dramaturgiyasının klassiklərindən biri sayılan Ferens Molnarın (1878-1952) “Pal küçəsinin oğlanları” (“A Pal utcai fiuk”) povestini orijinaldan doğma dilimizə çevirməmişdən əvvəl Ramil Səfərov ədibin “Andor”, “Ac şəhər”, “İblis”, “Canavar”, “Liliom”, “Olimpiya”, “Aruvim meşəsinin sirri” və b. nəsr və dram əsərləri ilə tanış olmuş, müəllifin fərdi üslubunu, bədii yaradıcılıq imkanlarını, yaradıcılığının bədii özünəməxsusluqlarını diqqətlə təhlil edib öyrənmişdir. “Pal küçəsinin oğlanları”nın ideyası, povestin mövzusu ürəyinə yatdığına, ruhuna yaxın olduğuna görə əsərin tərcüməsi mütərcim üçün ciddi çətinliklər törətməmişdir.
Yanoş Bokanın iti ağlı, ədalətli qərarları, yoldaşlarını səfərbər etmək bacarığı, Çonakosun dostluqda etibarlılığı, sədaqəti, Ernö Nemeçekin cəsarəti, yurdsevərliyi, təvazökarlığı və ən ağır məqamda fədakarlıq nümayiş etdirməsi “Pal küçəsinin oğlanlarını” biri-birinə yaxınlaşdıran, yaşlarının azlığına baxmayaraq yüksək amallar ətrafında birləşdirən ali insani keyfiyyətlərdir. Povestdə Pal küçəsi Budapeştli gənclər üçün mübarizə məktəbi, vətənpərvərlik meydanı, həyat universiteti missiyasını daşıyır.
Ramilin doğulub boya-başa çatdığı, hazırda Ermənistan ordusunun işğalı altında qalan Cəbrayıl rayonunun oğlanlarının da bir vaxt öz “Pal küçəsi” var idi. Burada həmyaşıdları ilə “Dirə-döymə”, “Çiling-ağac”, “Dava-dava” oyunları ona mübarizlik, vətənpərvərlik hissi aşılayır, gələcəyin həqiqi Azərbaycan vətənpərvərləri kimi yetişmələrinə öz töhfəsini verirdi. O zaman təsəvvürünə belə gəlməsə də əslində Budapeştdən min kilometrlərlə uzaqda yaşayan Ramil balaca, qaraşın “Azərbaycan Nemeçeki” idi.
1990-cı illərin əvvəllərində təpədən dırnağa qədər silahlanmış erməni bandaları havadarlarının köməyinə güvənərək Cəbrayılın dinc əhali yaşayan kəndlərinə hücum edəndə torpağını və bayrağını qoruyan cəbrayıllı gənclərin silahı Feri Atsın nizələrindən və baltalarından çox və üstün deyildi.
Dil, din və irqindən asılı olmayaraq dünya oğlanlarının hamısının uşaqlıq çağı “Pal küçəsi”ndən keçir. Onların hamısı vətənpərvərlik və doğma yurda məhəbbət dərsini müxtəlif ölkələrdə müxtəlif adlar altında tanınan belə küçələrdə alır, böyük həyata burada vəsiqə qazanırlar.
13 aprel 2006-cı ildə Ramil Səfərova hökm oxuyan macar hakimin Ferens Molnarın “Pal küçəsinin oğlanları” povestini oxuduğuna qətiyyən şübhə etmirəm. Ancaq bir məsələ məni düşündürür: görəsən həmin hakim bir anlığına qarşısında Azərbaycan ordusunun yurdu işğal olunmuş, yaxınları qətlə yetirilmiş zabiti Ramil Səfərovu deyil, “nizə və balta” ilə silahlanaraq işğalçı Feri Atsın üstünə şığıyan və onu məğlub edən Ernö Nemeçeki görsəydi ona hansı cəzanı verərdi? Hakimin bu sual üzərində daha dərindən düşünməsi fikrimcə onun “Azərbaycan Nemeçeki”nə qarşı nə qədər ədalətsiz qərar qəbul etdiyini anlamağa kifayət qədər ciddi yardım göstərərdi... Azərbaycanda deyildiyi kimi: “Tövbə qapısı həmişə açıqdır”.
Kozma həbsxanasının görüş zalında Ramil Səfərov ilə yarım saatdan çox söhbət etdik. Sözarası bildirdi ki, İctimai radionun Türkiyə ilə birgə layihəsi olan “Qorqud Ata” verilişini izləmək imkanına malikdir. Vaxtın azlığına baxmayaraq ona məktub göndərmiş ADMİU-dakı tələbəm Nərmin Hacıyevaya cavab yazdı: “Hörmətli Nərmin xanım! Yazdığınız səmimi sözlərə görə dərin minnətdarlığımı bildirirəm. Sizə və sizin timsalınızda bütün gənclərimizə uğurlar arzulayıram! Hörmətlə: Ramil Səfərov. Budapeşt, 25 noyabr 2010”.
Bizim üçün ayrılmış otuz dəqiqəlik vaxt bir göz qırpımındı bitdi. Ayrılmaq, xudahafizləşmək zamanı yetişmişdi. Görüşə nigarançılıq hissi ilə getmişdim, çıxanda isə özümdə bir yüngüllük hiss edirdim. Onun məhbəsə sığmayan azadlıq eşqi, tükənməz yaradıcılıq ilhamı məni sevindirdi, qürurlandırdı, valeh etdi. Bir ildə macar ədəbiyyatının iki görkəmli klassikinin əsərlərini Azərbaycan dilinə orijinaldan tərcümə etmək Ramilin bu sahəyə ciddi münasibətindən xəbər verir. Onu da vurğulamaq yerinə düşər ki, R.Səfərov macar ədəbiyyatının ən gözəl nümunələrini orijinaldan doğma dilimizə çevirən ilk tərcüməçidir.
Qərib ölkədə məhbəs həyatını ləyaqətlə yaşayan Ramil Səfərovla görüşümüzü təcili şəkildə təşkil edən, Ramilin hər iki tərcümə kitabının çapına məsləhətləri, Azərbaycan və macar cəmiyyətlərindəki şəxsi nüfuz və əlaqələri ilə yaxından yardım göstərən, məhbəsdəki Azərbaycan övladına qayğı və diqqətini bir an da əsirgəməyən Macarıstandakı səfirimiz, tanınmış ziyalı və dövlət adamı Vilayət Quliyev və səfirliyin bütün əməkdaşları ayrıca təşəkkürə layiqdirlər. Yeri gəlmişkən, Ramil Səfərov da həm əvvəlki səfirimiz H.Həsənovun, həm də V.Quliyevin diqqət və qayğısından dönə-dönə minnətdarlıq hissi ilə bəhs etdi.
Ferens Molnarın “Pal küçəsinin oğlanları” kitabının işıq üzü görməsində maddi və mənəvi dəstəyini əsirgəməyən, misgərlik incilərinin bərpası və təbliği sahəsində ilk tanınmış və ən zəngin kolleksiyaçımız, Heydər Əliyev adına Fondun prezidenti Mehriban xanım Əliyevanın və Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü və dəstəyi ilə dünyanın 25-ə yaxın ölkəsində şəxsi eksponatları əsasında tətbiqi-incəsənət nümunələrini sərgiləyən, “Azərbaycan bayrağı” ordenli Şahid Həbibullaya ən səmimi təşəkkürlərimi bildirirəm.
Həmyerlimizin tərcümə yaradıcılığı ilə səmərəli məşğul olması üçün yaratdığı şəraitə görə Budapeşt şəhərindəki Kozma həbsxanasının rəhbərliyinə və Macarıstan penitensiar xidmətinə razılığımızı çatdırıram.
Əmin olduğumu bildirmək istəyirəm ki, tez-gec Azərbaycan – Macarıstan ədəbi-mədəni əlaqələr xəzinəsinə Ferens Molnarın “Pal küçəsinin oğlanları” povesti, Maqda Sabonun “Qapı” romanı kimi sanballı töhfələrin bəxş edilməsində Ramil Səfərovun ciddi xidmətləri hər iki dövlət və xalq tərəfindən layiqincə dəyərləndiriləcəkdir. Cəsur həmyerlimiz Ramil Sahib oğluna iki xalq və iki mədəniyyət arasında mənəvi körpü salmağa yardım göstərən bu nəcib fəaliyyətini azadlıqda və doğma vətənində davam etdirməyi arzulayıram.
Budapeşt,
25 noyabr 2010-cu il,
Bakı,
25 noyabr 2011-ci il
Asif RÜSTƏMLİ
525-ci qəzet.- 2011.- 24 dekabr.- S. 25.