Bizi ağ günə çıxartmayan – şeir...

 

“Bəlkə də bu, günahımdı –

Qələm aldım, şeir yazdım...”

Məmməd Araz

 

“Heç nəyin mənası yox imiş...”

 

Gözdolusu görüb sevincini duymadığı ömrünün üstəlik bir qərinəsinin üçdəbiri qədərində ağrı-acısını yaşayan, bu yaşayışın da son illərini evdən, ev adamlarından savayı görüb-görəcəyi olmayan yataq xəstəsi, şair Müzəffər Şükür Məchula, ətraf aləmlə müntəzəm əlaqə saxlayıb, iztirablarını bir az da azaltmaq üçün arada-bərədə, ömrə calanması mümkün olmayan dəqiqələr – xırda kontur payları yollayardım. O da, minnətli qalmağı özünə sığışdırmadığından, bu balaca diqqətimin əvəzində zəng edib, tutqun, batqın, ümidsizlik və taleyindən narazılıq duyulan səsiylə mənə təşəkkürünü bildirərdi.

Sonuncu dəfə 15 iyul 2011-ci ildə “Necəsiniz?”sorğuma “Yaxşı deyiləm!” cavabını eşidəndə ona gümrahlıq gətirmək məqsədiylə: – Yaradıcılığınız nə yerdədi? – soruşdum.

Gözləmədiyim halda, bir az da əsəbi: – Heç nəyin mənası yox imiş! – dedi.

Bir anlıq əlim yerdən-göydən üzüldü. Beynimə iynə kimi batıb çıxan bu fikirdən dərk elədim ki, day Müzəffər Şükür bu dünyayla haqq-hesabı qurtarıb, artıq xəyalı başqa dünyalardadı. Yaşadığı günləridə puç olmuş ümidlərinin can ağrılarından ayrı heç nə deyil.Elə bu andan etibarən onun ölüm xəbərini eşidəcəyim günü gözləməyə başladım. “Ədəbiyyat” qəzetinin hər yeni sayını əlimə alanda, az qala ürəyim əsə-əsə tez açıb son səhifəyə baxardım.

Demə, bu hissi Müzəffər Şükürlə ilk gənclik illərindən əhd-peymansız qardaşlıq çörəyi kəsən şair Məmməd İsmayıl da yaşayırmış. Bu yay Türkiyədən qayıdan ustadın elə aeroportdaca, adamlar arasında sözə başlamaq üçün proloq rolunu oynayan “kef-əhval” sorğusundan qabaq:

 

–Müzəffər necədi!? –həyəcanı da bu narahatlığın nəticəsiydi.

–Salamatdı!

–Ayə, nə yaxşı, nə yaxşı!..

 

“Mən dolanıb gəlmişəm

dünyanın o başından”

 

İş elə gətirdi ki, 29 sentyabr 2011-ci ildə Moldovaya – Beynəlxalq Kitab sərgisinə getdim. Kişinauya – bu ölkənin paytaxtına toxdadığım günün səhəri şam yeməyindən sonra telefonumu açanda, mənə gələn zənglər arasında “Müzəffər Şükür” adını da gördüm. Son dəfə bir ildən bir az əvvəl Məmməd İsmayıl və şair Aydın İbrahimovla birgə yoluxmağa getdiyim, üzümüzə qapını açmağa belə durub gəlməyə qıçlarının giri çatmayan, çarpayıda iqtidarsız vəziyyətdə düşüb qalan şair gözlərimin qabağına gəldi. Onda bizimlə bir az söhbətdən sonra səsi titrəmiş, nəfəsi boğulmuş, gözləri dolub,ağlamışdı.

–Ayə, yaxşı-yaxşı, qoy oturmuşuq, nə olub sənə!? – deyə Məmməd İsmayıl ömür boyu əyilməz gördüyü dostunun xəstəlik qarşısında sınmasını ona bağışlaya bilməmişdi.

Telefonumun ekranından gözümə girən, “Eşitmədin?! Zəngini gözləyirəm axı!” narahatlığı kimi mənalandırdığım “Müzəffər Şükür” adına lal kəsilmişdim. Ot çalan, yer belləyən, şeir yazan əllərinin gənclik enerjisindən,xəstə göyərçinin dənə döyən dimdiyinin zəif titrəyişləri qalmış barmaqlarıyla saat 17.10-da yığıbmış məni. Tez adını seçib, şəhadət barmağımı “Yes” düyməsinə qoydum. Birdən Rəsul Həmzətovun qardaşı qızının ölümünə yazdığı şeiri fikrimə qara yel kimi əsdi:

 

Mən dolanıb gəlmişəm dünyanın

o başından,

Siz gedə bilmirsiniz yaxın mənzilinizə!

 

Dünya başıma dar oldu: “Zəng edib, nə deyim, deyim ki, Moldovadayam?! Deyim ki, özü də yalandan deyim, sənin də kitabını gətirmişəm. Dərdinin üstünə bir dərd də mən qoyum?! Düşünməz ki, mən yerimdən dura bilmirəm, amma sən, ay Qəşəm, maşallah, gör səsin dünyanın harasından gəlir!”.

Bunları əlbəttə Müzəffər Şükür deməmişdi, bəlkə heç ürəyindən də keçirtməyəcəkdi! Amma mənim qəlbim belə deyirdi. Barmağımı “No” düyməsinə sürüşdürüb, bir qədər saxladım. Aranı dağa, dağı arana aparmağa qadir bu cansız əşyanın mənimlə həmfikir olmaqdan ayrı əlacı qalmadı;əvvəlcə gur, tədricən itib gedən avazla səsini içinə çəkdi.Telefonu hirslə çarpayımın üstünə atdım; ilk dəfəydi Müzəffər Şükürün can ağrılarıyla baş tutan zənginə cavab verməkdən qorxurdum.

Bakıya qayıdan kimi də nəşriyyat qayğıları töküldü üstümə. İki həftə ərzində nə Müzəffər Şükür yadıma düşdü, nə də o yada saldı məni. Nə bilim, rəhmətliyin dəyməcəsi yaxın idi, bəlkə zənginə cavab vermədiyim üçün inciyibmiş, bəlkə can hayındaymış?! Onda heç bunlar haqqında fikirləşməmişdim də. Bir gün də göz açıb gördüm,Xəzərin o tayında – Aşqabaddayam.Ordan da 7 günə güclə qayıtdım. Səhəri – 29 oktyabrda isə şair dostum Mövlud Teymur zəng edib, adəti üzrə bir qatar güləndən sonra ciddiləşdi:

–Qəşə-ə-əm, xəbərin var, Müzəffər rəhmətə gedib?!

–Nə danışırsan?!

–Vallah!

Heç cür ağlıma sığışdıra bilmirdim ki, day Müzəffər Şükür yoxdu.

–Ay Mövlud, lo xəbər vermək sənin köhnə peşəndi, bəlkə səhv eləyirsən? Axı yazığı bir dəfə də “öldürmüşdün”.

–Ayə, mən neyləyim, demə, uşaqları telefonunun səsini alıbmış ki, az danışsın, canına ziyandı. Dünən Yazıçılar Birliyinə zəng ediblərmiş.Sabah üçüdü. Bu axşam Əli Həkimlə yola düşürük. Gedirsə-ə-ən?

Müzəffər Şükürün oğlanlarının qarasına deyindim:

–Niyə vaxtında xəbər verməyiblər, heç olmasa dəfninə çatardıq. İndi ora gedib kimi görəcəyik? Day Müzəffəri qəbrə də qoyublar, üstünü də torpaqlayıblar. Hüzr hüzrdü, istər indi, istər də sonra, fərqi nədi!

Qoy Məmməd İsmayıl da Türkiyədən qayıtsın, onunla gedəcəm.

Yaşı səksəni haqlamış,əslən Naxçıvandan olan şair Əli Həkimlə İsmayıllının Buynuz kəndindən gəlmiş şair Mövlud Teymur Müzəffər Şükürün saysız-hesabsız dostları arasında ən sədaqətli olduqlarını bir daha sübut elədilər; qardaşımıza son ehtiramlarını bildirmək üçün avtobusla Ağstafaya yola düşdülər.

Bir neçə gün sonra “Ədəbiyyat” qəzetində Yazıçılar Birliyinin Müzəffər Şükür Məchul haqqında nekroloqunu oxuyanda, onun iş yerləri sırasında, vaxtilə direktoru olduğum “Şur” nəşriyyatının dadını görüb, gözümü qəzetdən çəkdim...

 

“Ədə, dur! Öküzü vur...”

 

Baxmayaraq ki, Müzəffər Şükür məndən 8 yaş böyük idi, o, işləyəndə hələ mən universitetin I kursunda oxuyurdum, dövran elə döndü ki, o, mənim yanıma işə girməyə gəldi. İstəyini bir anda rəsmiləşdirib; əmr yazıb, qol çəkib, möhürləyib, bir nüsxəsini də özünə verdim. Amma o,işə gəlib-eləmədi. Biz, bəlkə ehtiyacı da vardı, ona məvacib də yazmadıq. Heç qonorar almaq üçün redaktə eləməyə kitab da istəmədi. Bir dəfə də olsun ehtiyacını açıb-ağartmadı.Soruşa bilərsiniz, day bu nə işləmək oldu? Sadəcə, “Əmək kitabçam batmasın!” marağı vardı rəhmətliyin.

Onun da, sidq-ürəklə yolunda yarı canını qoyduğu, az qala ailə-uşağının rahatlığından keçdiyi nəşriyyat fəaliyyətinə haqsız olaraq xitam verilmişdi. Sonuncu iş yeri – “Yazıçı”yla,inanıram ki, ürək ağrısıyla vidalaşmışdı: “Deməli, bir də mən sənin qapını açıb, işə gəlməyəcəm?”.

Bəzən idarəçilik təcrübəsi olmayan, insanlarla işləməyi bacarmayanlar vəzifəyə gətirilir. Bundan da məhz kollektiv ziyan çəkir. Rəhmətlik şair Qiyas Əcaib vardı, Gədəbəydən idi, xalq ruhunda gözəl şeirlər yazırdı, özü də “Maarif” nəşriyyatında redaktor işləyirdi. Bu, çapın, kitabın, iş tapmağın qıt vaxtlarında balaca vəzifə sayılmırdı. Uşaqlığını yetimçiliklə keçirmiş, ilk gəncliyini bir qarına ac, bir qarına yarı-tox yola vermiş, həyatının son onillərində isə əli çörəyə çatmış Qiyas Əcaib də “Allaha min şükür!” razılığıyla hər gün rahat, arxayın işə gedir, narahatlıqdan, nigaranlıqdan uzaq da evə qayıdırdı. Rəhmətlik bu xoşbəxt günlərində tez-tez anasını xatırlayırdı: “Arvadın çiynində yük olsam da, məni oxşayıb əzizləmək üçün girəvə gəzərdi. Bir də görürdün şirin yuxudan gözüm açılmır. Yazıq anam oturub başımın üstündə,mənə oyanmaq laylası çalır:

 

– Ədə, dur,

Öküzü vur!

Yatma, qalx,

Getdi xalx!”

 

Bir gündə “Maarif” nəşriyyatının direktorunu təzələyirlər.Vəzifə kürsüsünə əyləşdirilmiş birinci şəxs Qiyas Əcaibə qısa və olduqca kəskin bir ultimatum yollayır:“Üç ay ərzində ya ərizə verib, işdən gedirsən, ya da tezliklə ixtisara salacağıq səni!”.

Qiyas müəllim bu notanı alan günün axşamı mənə zəng elədi.

–İndi idarələr təssərrüfat hesablıdı, istənilən vaxtda istənilən işçini qolundan tutub çölə ata bilərlər. Üç ay da üç aydı, Qiyas müəllim, razılaşın!

–Lap atası qəbirdən xortlayıb gəlsə də,mümkün deyil! Dədəsinin idarəsidi!?

Bu söhbətdən o qədər də keçmədi. Bir səhər Qiyas müəllim işə gəlib, davamiyyət jurnalına qol qoymaq istəyəndə, görür adının üstündən xətt çəkiblər. Katibəyə deyir, a qızım, mən ölmüşəmmi, adımı qaralamısınız?!

Evə qayıdır, həyat yoldaşı danışırdı ki, sifəti qapqara yanmışdı və iflic olur. Bir həftə çəkmədi, eşitdik ki,haqq dünyasına qovuşub.

Müzəffər Şükür Qiyas Əcaibin taleyini yaşamasa da, elə onun kimi ilk mənəvi zərbəni ruhən bağlandığı “Yazıçı” nəşriyyatından uzaqlaşdırılanda almışdı. Bizim “Şur” nəşriyyatına üz tutması da əslində quru bir təsəlliydi ondan ötrü: “Yazıçı” ya qədir bilən rəhbər gələcək, mən də geri qayıdacam!”.Qələm dostumuzun nə “qədirbilən” rəhbər arzusu çin oldu, nə də geri qayıtmaq istəyi. Heç “Yazıçı” da onun gördüyü “Yazıçı” olub qalmadı.

 

“Təzə ştatımız var,

səni salmışam yada...”

 

Müzəffər Şükür sədaqətli insan idi. Bu ali keyfiyyət təkcə dost-tanışa münasibətdə özünü göstərmirdi. Həm də nəşriyyata – düşdüyü yerə sadiqlik vardı əqidəsində. Ona görə də heç vədə irəli getmək, vəzifə tutmaq marağında olmamışdı. “Azərnəşr”də işə necə başlamışdısa, sonradan yaradılan “Yazıçı” nəşriyyatına köçürtməsəydilər, elə orda da ömrü

nün axırınacan redaktor olub qalacaqdı.

Halbuki, nəşriyyata ondan sonra gələnlər vurub gedib şöbə müdiri olmuşdular, baş redaktor müavini olmuşdular, hətta baş redaktor olanı da vardı. Ancaq Müzəffər bəy hələ də nəşriyyatın adı gurultuyla səslənən, əslində qara fəhləsi sayılan redaktorluq qiyafəsindən sıyrılıb çıxmaq fikrindən uzaq idi.Redaktor isə, necə deyərlər, bitdən sirkəyəcən yaxşını, yamanı, hətta hər cür zir-zibili mütləq oxumalıydı, mütləq rəy verməliydi, mütləq redaktə etməliydi, lazım gəlsə təzədən yazmalıydı. Bu işlərdən isə açığı Müzəffər Şükür həzz alırdı.

Bir dəfə, onda mən də “Yazıçı”da işləyirdim,fasiləyə yaxın gördüm əlində müəllifin yüz yerdən yamayıb gözlədiyi korrekturası, koridor boyu gəzir:-Bax ey, – mənə də göstərdi, – az qala təzədən yazmışam!

Ürəyimdə dedim: “Ay qardaş, gərək müəllifin özünə işlədəydin! Axı onun yerinə şeir yazmaq redaktorun borcu deyil!”.

Əli təmiz, nəfsi təmiz qələm dostumuzun məvacib haqqını bir gün nəşriyyatın direktoru qəsb eləyib, başqasına vermişdi və onu al dillər azı salmışdı ki, bəs sənin vəzifəni böyüdürəm, iş yoldaşının isə, haramı olsun, pulunu artıracam. Vəzifə puldan üstündü. Bunu, Müzəffər Şükür direktorun ona diqqəti kimi qəbul etmişdi; yəni, xahişsiz-minnətsiz məni bir pillə qabağa atıb.

Day deyəmmədim ki, qardaşım, direktor sənin haqqını yeyib. Düşündüm ki, buna mənim yaşım imkan vermir. Desəydim də, inanacaqdımı? Əsla! Məni içimdən yeyən narahatlığı heç olmasa “Müdirin qərəzi” adlı şeirimlə soyuda bildim:

Təzə ştatımız var, səni salmışam yada,

Məvacibin dəyişmir, rütbənsə artır ancaq.

O “dostun” ki, var,

onu böyütmərəm dünyada,

Rütbə haramdır ona... pulunu artıracam!

 

Mən bu şeiri nə onda, nə də sonralar göstərdim rəhmətliyə. Başqa birinə də oxumadım heç. Vaxt ötdükcə belə bir yazımın varlığını da unutdum. Yalnız indi, Müzəffər Şükür barəsindəki bu yazımla haqq-hesabı üzmək məqamında yaddaşım onu öz gizlinlərindən tapıb çıxarıb qoydu qabağıma.

 

“Yenə çaldı çaydanımız uşaq nəğməmi...”

 

Müzəffər Şükürlə məni şair Məmməd İsmayıl tanış etmişdi. Məmməd İsmayılla tanışlığımın səbəbkarı isə özüydü. Hardan? Lap kəndimizin özündən. 1966-cı ildə Xəlsə məktəb kitabxanasına gələn 16 gənc müəllifinə təbriklər arasından bəyənib seçdiyim Musa Yaqub oldu, Ağasəfa oldu, Abbasağa oldu, bir də Məmməd İsmayıl. Sonradan M. İsmayılla əmizadəsi Firudin vasitəsiylə əyani tanış olub, ünsiyyət bağladım.Ev sahibindən üz görən kənd uşağı kimi həftə səkkiz, mən doqquz, onun kirədə olduğum mənzilə gedib-gəlirdim. Zənnim məni aldatmırsa, onda gərək ki, yarızirzəmi bir yerdə qalırdı. İndi də gözümün qabağındadı, bir gün ucaboy bir cavanın həmin mənzildən pilləkənlə asta-asta yuxarı qalxdığını gördüm. Mənim maraqla baxdığım, amma həyətdə söhbət eləyən bizə – M. İsmayılla mənə heç gözünün quyruğuyca nəzər də yetirməyən bu cavan “Məmməd, mən getdim!” deyə,küçə qapısından eşiyə çıxdı.

Him-cimlə danışmaq biz şirvanlıların qanındadı. Yalançılar sözü, bir dünya söhbət eləyərik, dilimiz kəlmə də kəsməz.Mən də əsl şirvanlı olduğumdan gah eşiyə çıxan gəncin arxasıyca baxdım, gah küçə qapısına tərəf boylandım, gah da sual dolu nəzərlərimi Məmməd İsmayıla dikdim.

Məmməd müəllim şirvanlı olmasa da fikrimi aldı:

–Şair Müzəffər Şükürdü. “Azərnəşr”də korrektor işləyir.

Beləcə ilk dəfə Müzəffər Şükürü gördüm. Bu, gərək ki, 1967-ci il idi. Məncə elə həmin il də onun “Yelkənlər açılır” adlı ilk kitabı nəşr edildi. Bu balaca və müəllifinə bir dünya sevinc gətirən topludan yaddaşımda köz bağlayan “Yenə çaldı çaydanımız uşaq nəğməmi” misrasıyla möhürlənən bir bəndinin özündə belə kəndimizə hərüz tutanda mənə yol yoldaşlığı eləyir.

 

Sevinc, şadlıq qulluq etdi anamla qoşa,

Elə bil ki, eyvanın da dağıldı qəmi.

Buxarıda ocaq daşı durdu baş-başa;

Yenə çaldı çaydanımız uşaq nəğməmi!

 

Qələm dostum ilk kitabını mənə də bağışlamışdı. Bu günəcən də saxlayıram.Onu da deyim ki, bu, onun məndə olan yeganə əsəridir.

Sonralar M. Şükürlə yaxından tanış olduq. “Yaxından” deyəndə, elə başa düşülməsin ki, bir-birimizin çiyninə vura-vura zarafatlaşırdıq, qol-qola girib, qızlarla görüşə gedirdik, yeyib-içirdik, kef eləyirdik. Xeyr, bunların heç biri olmamışdı. Baxmayaraq ki, 43 ilə yaxın ünsiyyətimiz vardı, onunla bir süfrə başında oturub,çörək kəsdiyimi, bəlkə də yadımdan çıxıb,heç cür xatırlaya da bilmirəm.

Mən 1967-ci ildə Müzəffər Şükürlə tanış olanda o, kirədə qalırdı. 5 il sonra mən ali məktəbi bitirib, kəndimizə dönəndə o hələ də kirədəydi.3 il rayonumuzda müəllim işləyib, daimi yaşamaq üçün Bakıya qayıdanda Müzəffər Şükürü elə əvvəlki vəziyyətində – kirəkeş gördüm. Bir fərqi vardı,qabaqlar hansısa vətəndaşın evində qalırdı, bu dəfə dövlət yataqxanasında yer vermişdilər ona. Hətta ondan sonra şəhərə gələn, onunla kirə yoldaşlığı eləyənlər belə ev-eşik sahibi olmuşdular. Mən özüm də yazıçı Cəmil Əlibəyovun xeyirxahlığıyla “Azərbaycanfilm” kinostudiyasına işə girib, 7 il orda çalışandan sonra mərhum naşir Əjdər Xanbabayevin razılığı,Məmməd İsmayılla Sabir Rüstəmxanlının köməyi sayəsində gəlib “Yazıçı” nəşriyyatında Müzəffər bəylə çiyin-çiyinə vermişdim. Bu da 1982-ci il idi.Yaşı əllini döyən qələm dostumun hələ də şəxsi mənzili yox idi.Bir damın altında yaşamaq haqqı olan Müzəffər Şükürün ailə üzvləri bir-birindən aralı düşmüşdü; həyat yoldaşı və uşaqları Ağstafanın Eynallı kəndində, özü isə Bakıdaydı. İş-gücün əlindən nəfəs dərməyən şair uşaqlarının da üzünü quş taxta dəyəndən –dəyənə, ayda-ildə bir görürdü.Orda – Ağstafada bir ev ər üzünə, ata nəfəsinə həsrət, burda – Bakıda bir otaq qadın qayğısına tamarzıydı. Orda bir qadın evin başıpapaqlısı olmuşdu. Burda bir kişi özünə xörək bişirir, çay qoyur, yır-yığış eləyir və iki daşın arasında şeirini də yazırdı.

Bəli, tale şair Müzəffər Şükürə belə gün sınmışdı.

Rəhmətliyin nöbvəti Ağstafa səfərindən sonra bir dəfə gülə-gülə elədiyi söhbət xatırıma gəlir: “Elə bil bu dəfə kənd mənə düşməmişdi; başım bərk ağrıyırdı.Qanı qara vəziyyətdə uzanıb qalmışdım. Tərs kimi birdən inəyimiz böyürməyə başladı. O dəqiqə oğlum pəncərənin qabağına qaçdı: “Mələmə, ay inək, mələmə, Müzünün başı ağrıyır!”.

 

Baş redaktor müavini, bir də redaktorsuz kitab əhvalatı

 

Müzəffər Şükür prinsipial idi. Əgər bir şeyə inandısa, onu bu inamdan min dəlillə döndərə bilməzdin. Güzəşt etmək adlı siyasi gedişlərdə ona yad idi.Biriylə dost oldumu, əbədi dost olardı, biriylə düşmən oldumu, bunun da əbədiyyətdən gələrdi sorağı.

Redaktə etdiyi kitabın müəllifinədə güzəşti yox idi şair qardaşımızın. Hamı bilirdi ki, əgər əsərinin redaktoru Müzəffər Şükürdüsə, onun meydanında nəinki şöbə müdiri, heç baş redaktor belə at səyridə bilməz. O, hər mənada kitaba sahiblik eləyirdi. Şişirtmə demirəm, açığı müəlliflər ondan tük salırdı. İş elə gətirdi, redaktor kimi müəlliflərə güzəşti olmayan Müzəffər Şükürün bir kitabının redaktorluğu, özünün istəyiylə, mənə tapşırıldı. Gözləyirdi ki, sadəcə adım redaktor olacaq. Ona görə gözləyirdi ki, şeirlərini doğma balası qədər, bəlkə də ondan artıq istəyirdi. Bu şeirlərə onun özü kimi yanaşılmayanda elə bilirdi izzəti-nəfsini təhqir edirlər.

Mən isə onun şeirlərinə yalnız əsəri kimi münasibət bəsləmişdim. O da görəndə ki, bəzi şeirlərinə hətta iradım da var, bərk incimişdi. Bir gün də kitab çıxdı, ancaq mənim adım kitabda çıxmadı. Bəlkə də “Yazıçı” nəşriyyatının tarixində ilk hadisəydi ki, kitab redaktorsuz nəşr olunurdu. Bunu özümə dərd edib, Müzəffər Şükürdən küsməsəm də, o, məndən küsdü.Sonralar haqqı-nahaqqı öz yerinə qoyan zaman, aramıza düşən dağları-dərələri Şirvan düzünə döndərdi.

Bir dost kimi xəstə yatanda yoluxmağa getdim, bir naşir kimi yaxşı bir kitabını öz hesabıma nəşr etdim, bir yaxını kimi təsəlli verənlərindən oldum. O da öz növbəsində tez-tez mənə razılığını bildirərdi. Hər zəngləşəndə isə mütləq Məmməd İsmayılı arzulayardı. Məmməd bəy də bir parça çörəyin ucundanTürkiyəyə pənah demişdi.

Müzəffər Şükür bir sıra qələm dostlarından məhəbbətlə danışardı. Bu, yazıçı-naşir İsmayıl Vəliyev idi, təmənnasız olaraq kompüterdə şeirlərini yığdırırdı.Bu, gəncəli naşir İlham bəy idi, hansısa kitabını öz hesabına nəşr etmişdi. Bu, xalq şairi Zəlimxan Yaqub idi, hər cür kömək göstərir, xəstə yatanda mütləq dəyməyə gedirdi ona.Bu, Nizami Cəfərov idi, sözünü eşidərdi...

“Atatürk” Mərkəzinin direktor müavini Osman Musayev danışırdı ki, Müzəffər Şükür nə qədər ki, ayaqüstəydi, hər ay gəlirdi yanımıza. Baxmayaraq ki, ağır xasiyyəti vardı, bərk dostlaşmışdıq. Nə xahişi olurdu, Nizami müəllimin, yerinə yetirməyə çalışırdıq. Birdəfəlik yatağa düşəndə isə hər ay zəng eləyirdi bizə...

Hərdən baxırdım ki, əli-ayağı yerli-yerində olan adamların öhdəsindən gələ bilmədikləri işi Müzəffər Şükür öz xəstə yatağında telefon zəngiylə həll edir.O, son nəfəsinəcən dost-tanış yanında nüfuzdan düşmədi. Heç kimə gərək ola bilməyəcəyi bir vaxtda belə onun xahişini uca tutanlar qədərincəydi.

 

Nəfsitəmiz, gözütox,

“Məchul” Müzəffər Şükür

 

Müzəffər Şükür Sovet dağılandan sonra özünə “Məchul” təxəllüsü götürmüşdü. Əvvəllər belə bir istəyi vardımı, yoxdumu, deyə bilmərəm! Bir onu bilirəm ki, heç kim ondan,güman ki, bu adı öz adına əlavə etməyinin sirrini, birdən xətrinə dəyər deyə, soruşmamışdı. Bəlkə də kiminsə ehtiyatla “ay qağa, nə yaxşı bu təxəllüsü götürmüsən?” sualına onun cavabı da sözkəsənlik olmuşdu: “Götürmüşəm də!”. “Məchul” hamımız üçün məchul olaraq da qaldı.

Hər səhər işə gələndə Müzəffər bəyi nəşriyyatın koridorunda əlində boş çaydan su dalıyca gedən görərdim. Hər axşam da işdən hamıdan tez getməzdi.İnciklikləri, barışmazlıqları, güzəştə getməzlikləri, ev, iş, ailə qayğıları sözün əsl mənasında Müzəffər Şükürü yıxdı.

Qanında nəciblik vardı Müzəffər bəyin; xeyirxahlıq eləməyi, əldən tutmağı, adamlara gərək olmağı sevirdi. Mənim rəhmətlik qardaşım Abdulbağının işi haqsız yerə məhkəməyə gedib çıxanda, Müzəffər Şükürün bir xahişiylə rəhmətlik Valeh Musayev – “Kommunist” qəzetinin (indiki “Xalq”) bölgə müxbiri – necə tapşırmışdısa, məhkəmə həm alacağı puldan nəfsini çəkmişdi, həm də tutulmaq maddəsini məcburi əməklə əvəz eləmişdi. De, görüm, bu yaxşılığın əvəzində Müzəffər Şükür məndən bir içim su qədər təmənna umdumu?

Şair Mövlud Teymura nə deyirsən, işi əyən kimi durub İsmayıllıdan, ya da elə Bakının özündən qaçardı onun üstünə. İnsafən sonralar Mövlud da bunları unutmadı. Hər rayondan gələndə mütləq Müzəffər Şükürə baş çəkərdi. Ayağa dura bilməyən qələm dostumuz Bakıyla birdəfəlik üzülüşüb, kiçik vətənə sığınanda belə, Mövlud onu yoluxmağa Ağstafaya – Eynallı kəndinə gedərdi. Halbuki, o,Müzəffər Şükürün onlarla xeyirxahlıq elədyi insanlardan biriydi. Bu da bir nəciblikdi ki, çoxlarının qanında, necə deyərlər, bu komponenti tapa bilməzsən.

Şair Məmməd İsmayıl bir dəfə Eynallıya gedib, Müzəffər Şükürə baş çəkəndə Mövludu onlarda görmüşdü. Bu barədə mənə heyrətlə danışırdı: “Müzəffərin heç kimə köməyi dəyə bilməyəcəyi bir vaxtda, bu adam onun yastığının dibini kəsdirib oturmuşdu. Təəssüf ki, belə insanları indi çıraqla da tapa bilməzsən!”.

Müzəffər Şükürün iki ali keyfiyyətini də qabartmağa dəyər. Bu, nəfsi təmizlik və gözütoxluq idi. Gizli deyil, bir sıra nəşriyyat redaktorlarının qaz vurub, qazan doldurduqları Sovet dövründə M.Şükür adi paya belə halal baxa bilmirdi. Özü danışırdı ki, Aşıq Şəmşirin kitabının redaktoruydum. Bir gün Kəlbəcərdən mənə bal gətirmişdi.Qırımımdan duydu ki, narazı qalmışam.Dedi:“Müzəffər, bala, ürəyinə ayrı şey gəlməsin, öz arımın barıdı.”. “Ustad,mən boynuma düşən işi görmüşəm.”. –Hiss etdim inciyəcək, “bir az gözlə, bu dəqiqə pay sahibini tapacam” deyə, düşdüm direktorun yanına:“Bəs Aşıq Şəmşir bal gətirib.”.“Özün demişdin?”.“Nə danışırsınız!?”. “Payı götürərlər də.”. “Yox, mənlik deyil!”. “Adə, bəri gətir, görüm, elə həkim mənə təmiz bal yazmışdı!”.

Müzəffər Şükürü qınamıram da. Baxmayaraq, kasıb böyümüşdü, əli iş-gücə çatsa da ehtiyacı böyük idi,amma təmənnasız idi.Yazıçı Ələviyyə Babayeva bir söhbətimizdə dedi, Mir Cəfər Bağırova ona görə rəhmət düşür ki, indikilər kimi öz cibini doldurmaqla məşğul olmurdu.

 

“Kimə zəng edim, oğul?”

 

Haçansa, vaxt Müzəffər Şükür Məchulu da min ilin ölüsünə tay eləyəcək. Haçansa ölümüylə sinələrə çəkdiyi dağ da qaysaq bağayacaq.Qəbrinin üstə gəlib başdaşında yazılmış tarixə baxan biri, inanıram ki, deyəcək, balam, yaşayıb da! 70 il sənə zarafat gəlir!? Kaş, elə mənim də bu qədər ömrüm olaydı!

Müzəffər Şükür ömrünün son 12 ilini can harayında oldu. Bir sözlə, küll halında yaşamadı, çarpışdı, vuruşdu, əzab çəkdi, sındı töküldü.Nə yaxşı kitabları qaldı, şeirləri qaldı. Bu da heç olmasa onun ömrünü nəsil-nəcabəti qədər uzadacaq.

P.S.Mən əl telefonumdan həyatdan gedən dostlarımın və qohumlarımın nömrələrini pozmuram. Tez-tez adlarıyla rastlaşır, bir anlıq da olsa simaları ilğım kimi gözlərimin qabağından ötür. Hələ də onların sağ olduqları təəssüratı yaranır məndə.Bu, xalq şairi Qabildi, naxçıvanlı şairlər Elman Həbiblə Heydərəli Nuraldı, Sabirabaddan Vaqif xalaoğludu, kürdəmirli şair Əlislam Bilal və Məzahirdi,Qubadan Malikdi, indi də Müzəffər Şükür...

O günü oğlu Elnur zəng eləmişdi: – Əmi, atamın telefonu açıqdı, nə vaxt istəsəniz zəng edə bilərsiniz.

Diksindim: – Kimə zəng edim,oğul?

– Bizə.

27.10.-13.12. 2011

 

Qəşəm İSABƏYLİ

525-ci qəzet.- 2011.- 24 dekabr.- S.28-30.