Tiflisdə Azərbaycandilli
məktəb şagirdlərinin rəsmlərinin sərgisi
açılıb
Gürcüstan paytaxtındakı Yelena Axvlediani adına Uşaq Rəsm Qalereyasında Azərbaycanın Gürcüstandakı səfirliyinin təşəbbüsü və təşkilatçılığı ilə Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20 illiyinə və 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr edilən rəsm sərgisi keçirilib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, tədbirdə Gürcüstanda fəaliyyət göstərən Azərbaycandilli məktəb şagirdlərinin 100-ə qədər rəsm əsəri nümayiş etdirilib. Sərgidə Azərbaycan səfirliyinin müşaviri Şövqi Mehdizadə çıxış edərək, qeyd edib ki, nümayiş etdirilən rəsm əsərləri şagirdlər arasında təşkil edilən müsabiqə üzrə çəkilib: “Bu müsabiqə bir neçə aydır ki, səfirlik tərəfindən elan olunub və nəticədə rəsm çəkib bizə göndərən şagirdlərin 16 əsəri münsiflər heyəti tərəfindən bəyənilib.”
Sərgidə Alget 1 saylı orta məktəbin XII sinif şagirdi Sevil Nəbiyeva I, Bəylər kənd orta məktəbinin 8-ci sinif şagirdi Arif Naziyev II, Tiflisdəki 73 saylı Azərbaycan dilli orta məktəbin 6-cı sinif şagirdi Elvin Vəliyev III yerə layiq görülüb. Tədbirdə Azərbaycanın Gürcüstandakı səfirinin xanımı Nərgiz Hüseyn yüksək yerlərə layiq görülən gənc məktəbli rəssamlara diplomlar, hədiyyələr və həvəsləndirici mükafatlar təqdim edib. Sonra rəsm qalereyasının direktoru Liya Qorqadze, səfirliyin əməkdaşı Qurban Əliyev müsabiqədə iştirak edən məktəbliləri təbrik edərək, onlara uğurlar arzulayıblar.
Tədbirdə Kvemo-Kartli bölgə qubernatorunun müavini Hüseyn Usubov, Azərbaycan şirkətlərinin nümayəndələri, jurnalistlər, Azərbaycan dilli məktəb müəllimləri, ziyalılar iştirak edib.
Hüseyn Usubov APA-ya açıqlamasında tədbirlərin ənənəvi şəkildə hər il keçirildiyini deyib: “Ümidvaram ki, gənclər gələcəkdə daha gözəl və məzmunlu rəsm əsərləri yaradacaqlar. Onların bu istedadı xəbər verir ki, bu gənc rəssamların arasından istedadlı rəssamlar çıxacaq. Biz buna sevinirik”.
525-ci qəzet.-
2011.- 24 dekabr.- S.21.