Milli Dram Teatrının səhnəsində
“Qadın sevgisi”
Dekabrın 24-25-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində Viktor Hüqonun
“Mariya Tüdor” əsərinin motivləri
əsasında “Qadın
sevgisi” tamaşasının
premyerası oldu. “İkihissəli, şekspirsayağı dram” kimi
müəyyənləşdirilən tamaşa mərhum rejissor Mehdi Məmmədovun tərcüməsi
əsasında hazırlanıb.
“Qadın sevgisi”nin quruluşçu rejissoru Gümrah Ömərdir. Əsas qəhrəman –“Kraliça
Mariya”obrazında xalq artisti Məleykə Əsədova, digər rollarda xalq artisti
Hacı İsmayılov
(Zindan rəisi), əməkdar artistlər Cəfər Namiq Kamal (Vali), Sabir
Məmmədov (Fəhlə),
Kazım Həsənquliyev
(Fəhlə), Ayşad
Məmmədov (Yəhudi),
Əjdər Həmidov
(Yəhudi), Elxan Quliyev (Zindan rəisi), Telman Əliyev (Kansler), aktyorlar Elşən Rüstəmov (Məşuq),
Hikmət Rəhimov (Məşuq), Şəlalə
Şahvələdqızı (Qız), İlahə Həsənova (Qız), Vüsal Mustafayev (Cəllad) çıxış
etdilər. 90 dəqiqə ərzində
tamaşaçıya həyəcanlı
anlar bəxş edən aktyor heyəti yüksək peşəkarlıqlarını nümayiş etdirməklə
ölkənin əsas
teatr səhnəsində
növbəti qələbəni
tarixə yazdılar.
Premyeradan sonra Məleykə xanım təəssüratlarını
bölüşdü. “Viktor Hüqonun məşhur “Mariya Tüdor” əsərinin əsasında
səhnələşdirilən “Qadın sevgisi” tamaşasının premyerasına
çoxdan hazırlaşırdıq.
Nəhayət ki, uzun sürən məşqlərdən
sonra bu əsəri tamaşaçılara
təqdim etdik. Teatrımızın tarixində bu
əsər 2-ci dəfədir
ki, səhnəyə qoyulur. İlk dəfə mərhum
rejissorumuz Tofiq Kazımov “Mariya Tüdor”a quruluş vermişdi və baş rolu həmişəyaşar
aktrisa Hökümə
xanım Qurbanova canlandırmışdı. Təsəvvür edin, premyeranın
ilk günü səhhətimdə
elə problemlər yaranmışdı ki, hətta rəhbərlik tamaşanı təxirə
salmağı da düşünürdü. 39 qızdırma ilə
səhnəyə çıxdım.
Və tamaşaçılara
xəstələnməyimi hiss etdirmədən, mənə
tapşırılan rolun
öhdəsindən gəlməyə
çalışdım. Ümidvaram ki,
hər şey yaxşı keçdi”.
“Bəs, real həyatda necə, əgər sizə xəyanət etməyi qarşısına
məqsəd qoyan sevgiliniz olsaydı, siz tamaşadakı “qraf” üçün cəllada əmr verib ölüm hökmü çıxardığınız
kimi, onunla da belə davranardınızmı
– sualımıza xalq artisti belə cavab verdi. “Allah
Təala mənə o
qədər böyük
ürək verib ki, hətta pislik edən insanlara da nifrət
etməyi bacarmıram.
Tamaşalarda baş verən
pis hadisələr qoy real həyatımızdan
yan keçsin. Hamınıza sevgi dolu günlər arzulayıram” –
Qeyd edək ki, 2011-ci il xalq artisti M.Əsədova üçün məhsuldar
il kimi keçib.
İl başlayanda o, Musiqili Komediya Teatrının kollektivi ilə birlikdə 17 illik fasilədən sonra Qoqolun məşhur
“Evlənmə” əsərində
“Aqafiya Tixonovna” komik obrazında teatrsevərləri sözün
yaxşı mənasında
təəccübləndirib. İlin yekununda isə “Mariya Tüdor” tamaşasındakı obrazı
ilə yeni uğura imza atdı.
Milli.az
525-ci qəzet.-
2011.- 27 dekabr.- S.7.