Təhsilimizdə aparılan qiymətləndirmələr, mülahizələr

 

ABŞ-ın Montana Universitetində “Kurikulum hazırlığı” kursu üzrə təhsil alan kurikulum mütəxəssisi və kifayət qədər pedaqoji staja malik Azərbaycan dili və ədəbiyyatı, fizika müəllimləri kimi ölkəmizin təhsil sistemində aparılan qiymətləndirmələr barədə bu yazıda öz mülahizələrimizi sizinlə bölüşmək istəyirik.

Son zamanlar KİV-də təhsilin keyfiyyətindən bəhs edən çoxlu sayda yazılara rast gəlirik. Yazı müəllifləri təhsilin keyfiyyət parametrlərini, onun ölçülmə xüsusiyyətlərini təsvir edir, fərqli formalı və məzmunlu məsələləri müqayisə edərək nəticəyə gəlməyə çalışırlar.

Qeyd edək ki, təhsilin keyfiyyətinin müəyyən edilməsində qiymətləndirmənin nəticələrindən istifadə etmək üçün onun nə məqsədlə aparıldığını, kimin qiymətləndirildiyini və qiymətləndirmənin hansı meyarlarla keçirildiyini nəzərə almaq çox vacibdir.

Hazırda ölkəmizdə iki məqsədə görə mərkəzləşdirilmiş qaydada qiymətləndirmə aparılır: buraxılış və qəbul imtahanları. Nədənsə, KİV-də ölkəmizin ümumi təhsil sisteminin keyfiyyəti haqqında mühakimə yürütmək üçün yalnız qəbul imtahanlarının nəticələrindən istifadə edilməsi faktına rast gəlirik.

Bildiyimiz kimi, keyfiyyət öyrənilən hədəfin müəyyən olunmuş standartlara uyğunluğunu bildirir. Onun parametrləri standarta nə qədər uyğun olarsa, keyfiyyətin də bir o qədər yüksək olduğu müəyyən olunur. Bu baxımdan, şagirdlərin təlim nəticələrinin obyektiv qiymətləndirilməsi ilə əldə edilmiş məlumatlar da ümumi təhsilin keyfiyyətini müəyyən etmək üçün əsas mənbədir desək, yanılmarıq.

Bəs təhsilin keyfiyyətini müəyyən edən qiymətləndirmə hansı özünəməxsus xüsusiyyətlərə malik olmalıdır?

İlk növbədə onu qeyd edək ki, cəlb edilənlər eyni parametrlər üzrə eyni səviyyədə qiymətləndirilməlidir. Yəni ölkənin coğrafi ərazisi, şəhər və kənd məktəbləri, şagird kontingenti böyük və kiçik olan məktəblər eyni səviyyədə təmsil olunmalıdır.

Bu parametrləri nəzərə alsaq, qəbul imtahanlarının nəticələri əsasında təhsilin keyfiyyətinə qiymət verilməsinin birtərəfli yanaşma olduğunu görmək mümkündür. Çünki burada təhslin keyfiyyətinə qiymət vermək üçün vacib olan məsələyə kompleks yanaşma faktı kənarda qalır. Belə ki, təhsilin keyfiyyəti barədə söz demək üçün təhsil müəssisələrinin fəaliyyətindən tutmuş valideyn – məktəb əlaqələrinə qədər bütün məsələlər öyrənilməlidir.

TQDK-nın apardığı qəbul imtahanları yalnız müraciət edən abituriyentlərin bilik və bacarıqlarını qiymətləndirdiyinə görə ölkənin bütün coğrafi ərazilərinin və müxtəlif tipli məktəblərin təmsil olunmasından söhbət gedə bilməz. Belə ki, bir ildə hər hansı bir regiondan böyük sayda müraciətlər olduğu halda, bir neçə il sonra bu nisbət dəyişə bilər.

Deyilənlərə TQDK-nın müxtəlif fənlər üzrə qəbul imtahanları üçün hazırlanan test tapşırıqlarındakı müəyyən çatışmazlıqları və bu çatışmazlıqların abituriyentlər üçün yaratdığı çətinlikləri də əlavə etsək, təsvir etmək istədiyimiz mənzərə hamımız üçün aydın olar.

İlk olaraq imtahanqabağı hazırlıq keçən abituriyentlərin istifadə etdiyi ədəbiyyatlardan danışmaq istərdik. Məlumdur ki, seçim və müsabiqə yolu ilə keçirilən qəbul imtahanlarına hazırlaşan abituriyentlər üçün dərsliklər əsas mənbə sayılsa da, onlar digər köməkçi vəsaitlərdən də istifadə edirlər. Qeyd etməliyik ki, abituriyentlərin müraciət etdiyi həmin vəsaitlərdə dərslikdə olmayan, həm abituriyent, həm də müəllim üçün anlaşılmazlıq yaradan, elm sahəsində mübahisə doğuran məsələlərin öz əksini tapması təəssüf doğurmaya bilmir. Belə hallara TQDK-nın hazırladığı müxtəlif fənlər üzrə vəsaitlərdə rast gəlinir. Bunlardan bir neçəsini diqqətinizə çatdırmaq istəyirik.

Azərbaycan Respublikası Təhsil Nazirliyinin 07.04.2005-ci il tarixli, 227 nömrəli əmri ilə təsdiq edilən və 2009-cu ildə təkrar nəşr olunan ümumtəhsil məktəblərinin 10-cu sinfi üçün ədəbiyyat dərsliyinin 65-ci səhifəsində yazılır:

“Nəsimi Şərq şeirinin məsnəvi, qəsidə, qəzəl, tuyuq, müstəzad, tərcibənd, müləmmə kimi şəkillərindən öz yaradıcılığında istifadə etmişdir”. Yəni, başqa sözlə desək, Nəsiminin yalnız əruz vəznində yazdığı nəzərə çatdırılır.

Lakin TQDK-nın “ədəbiyyat fənni üzrə vəsait”ində Nəsiminin əruz vəzni ilə yanaşı, heca vəzninin varsağı janrında da yazdığı qeyd olunur:

“...Lakin Nəsiminin heca vəznli şeirləri də vardır. Onun türkcə divanında təsadüf edilən heca vəznli şeirləri varsağı formasındadır” (TQDK, “Ədəbiyyat fənni üzrə vəsait”, 2010, səh.120).

Görəsən, abituriyent hansı faktı düzgün qəbul etsin?! Axı dərslikdə olmayan, akademik səviyyədə hələ də öz həllini tapmayan subyektiv mühakimənin, faktın vəsaitə gətirilməsi nə dərəcədə doğrudur?!

Eyni faktlarla TQDK-nın Azərbaycan dili fənni üzrə hazırladığı vəsaitdə də qarşılaşırıq.

TQDK-nın “Azərbaycan dili fənni üzrə vəsait”ində dərslikdə olmayan anlayışların işlədilməsi (dodaq və damaq ahəngi, omonimlərin cinas qafiyəsi yaratması, dublet, mütləq və nisbi sinonimlik anlayışları, morfemika və s.), fonetika bəhsində müşahidə olunan böyük bir sistemsizlik, bəzi sözlərin orfoepiyasına ikili münasibət (məsələn, səhifə 571-də ağac sözünün [ağaç], ağacdələn sözünün [ağaçdələn] şəklində yazılmasına baxmayaraq, eyni sözlər 572-ci səhifədə müvafiq olaraq, [ağaş] və [ağaşdələn] formasında yazılmışdır.) nəinki abituriyent, eyni zamanda müəllim üçün də çətinlik yaradır.

Dərslikdən məlumdur ki, əvəzlik bütün əsas nitq hissələrini əvəz edir. TQDK-nın “Azərbaycan dili fənni üzrə vəsait”ində isə, subyektiv mühakimənin nəticəsi kimi qeyd olunur ki, əvəzlik fel istisna olmaqla, digər əsas nitq hissələrini əvəz edir:

“Əsas nitq hissələrinin sualları (fel istisna olmaqla) sual əvəzliklərinə daxil olur” (TQDK, Azərbaycan dili fənni üzrə vəsait, 2010, səh.173).

Tabelilik əlaqəsi sayılan idarə əlaqəsinin ancaq müstəqil leksik mənalı sözlər arasında mövcud olması danılmaz elmi faktdır. TQDK-nın Azərbaycan dili fənni üzrə hazırladığı vəsaitdə isə qoşmaların da özlərindən əvvəlki sözü idarə etdiyi, yəni həmin sözlə idarə əlaqəsində olduğu yazılır:

“Qoşmalar da özündən əvvəlki sözləri idarə edə bilir” (TQDK, Azərbaycan dili fənni üzrə vəsaiti, 2010, səh. 323). Bəs qoşmanın tərifində nə deyilir?!

“İsmin adlıq, yiyəlik, yönlük və çıxışlıq halında olan sözlərə qoşularaq müəyyən məna çaları yaradan köməkçi nitq hissəsinə qoşma deyilir”(Azərbaycan Respublikası Təhsil Nazirliyinin 23.03.2008-ci il tarixli, 357 nömrəli əmri ilə təsdiq edilmiş ümumtəhsil məktəblərinin VII sinfi üçün Azərbaycan dili dərsliyi, 2011, səh.114). Yəni söz hallanır, sonra qoşma ona qoşulur.

Deməliyik ki, hər bir müəllifin istənilən bir məsələyə öz baxışı ola bilər. Amma abituriyentin imtahanlara hazırlaşması üçün nəzərdə tutulan hər hansı bir vəsait heç bir halda fikir mübadiləsi poliqonuna çevrilə bilməz!

Yuxarıda sadaladığımız nəzəri səhvlərlə yanaşı, TQDK-nın Azərbaycan dili və ədəbiyyat fənni üzrə vəsaitlərindəki test tapşırıqlarının bəzisinin, sanki tələsik yazıldığından iki düzgün cavabla və ya, ümumiyyətlə, düzgün cavab qeyd olunmadan tərtib olunması tələbə qəbulu kimi mühüm, strateji bir prosesi həyata keçirən qurum üçün mənfi hal sayılır.

Bu vəsaitlər qəbul imtahanlarına hazırlaşan abituriyentlər üçün ədəbiyyat siyahısına salındığından, onların həmin vəsaitlərdən istifadə etməsi icbari xarakter daşıyır. Bu mənada abituriyentlərin başqa yolu da yoxdur.

TQDK-nın qəbul imtahanları üçün hazırladığı test nümunələrində də müəyyən çatışmazlıqlarla qarşılaşırıq.

Məsələn, 03.07.2011-ci il tarixində III qruplar üçün istifadə olunan test kitabçasının B variantında olan, aşağıda verilmiş test tapşırığını nəzərdən keçirək.

“Yarıq, yaralı, yarğan” sözləri haqqında doğru olmayan fikirləri müəyyən edin.

1.“Yar” felindən yaranmış eyniköklü sözlərdir.

2.Sözlərin kökü isimlə omonimdir.

3.Sözlərin üçü də feldən yaranmışdır.

4.Sözlər morfoloji üsulla yaranmışdır.

5.Bu sözlər sxeminə uyğundur.

A)1,3,4 B) 1,2 C) 2,4,5 D) 3,5 E) 1,4,5

Bu test tapşırığında D variantı düzgün cavab kimi qəbul olunub. Həqiqətən də, sözlərin hər üçü feldən düzəlməmişdir və hər üçünün tərkibi kök və bir leksik şəkilçidən ibarət deyil. Lakin I bənddəki fikir də doğru olmayandır. Çünki sözlər eyniköklü olsa da, hər üçü feldən yaranmamışdır. Yarıq və yarğan sözlərindən fərqli olaraq yaralı sözü isimdən düzəlmiş sifətdir. Belə çıxır ki, test tapşırığında verilən bəndlərdən ikisi deyil, üçü səhvdir. Lakin düzgün cavab kimi belə bir variant yoxdur. Əslində I bənddəki fikir kökü “yar” feli olan eyniköklü sözlərdir şəklində verilsə idi, doğru olardı. Göründüyü kimi bu fakt şərhsiz elmi səhv olduğundan həm şagirdin çaşqınlığına, həm də müəllimin şagird qarşısında çıxılmaz vəziyyətdə qalmasına gətirib çıxarır.

Aşağıda baxacağınız başqa bir nümunə isə ədəbi dilin normaları və onların pozulması ilə bağlı olan test tapşırığıdır. (22.07.2011, II qrup test kitabçası, A variantı, test 5).

Nümunədə ədəbi dilin hansı norması pozulmuşdur?

“Dəniz sevinirdi gəlişimizə,

Dalğalar dikəlib bizə baxırdı.” (N.Kəsəmənli)

A) fonetik və qrammatik

B) leksik və fonetik

C) leksik və qrammatik

D) qrammatik

E) fonetik

Bu test tapşırığında düzgün cavab kimi D variantı qəbul olunub. Yəni şeirdə inversiya baş verdiyindən qrammatik norma pozulmuşdur. Lakin diqqət etsək, görərik ki, ikinci misrada nöqtə səhvən dırnağın içində yazıldığından fonetik norma da pozulmuşdur. Deməli, doğru cavab əslində A variantıdır.

Başqa bir nümunə (22.07.2011, II qruplar üçün test kitabçası, B variantı, test10 ):

Nümunədə ədəbi dilin hansı norması pozulmuşdur?

“Axşamdır.

Titrəyir günəşin sarı telləri”

A)fonetik və qrammatik

B)leksik və qrammatik

C)leksik və fonetik

D)fonetik

E)qrammatik

Verilmiş şeir nümunəsində inversiya baş verdiyindən həm qrammatik norma pozulmuş, eyni zamanda ikinci misranın sonunda nöqtədən istifadə olunmadığı üçün fonetik norma da pozulmuşdur. Lakin testin düz cavabı kimi E variantı qəbul edilmişdir. Əslində, əsas durğu işarəsi olan nöqtənin cümlədə işlənməməsi və ya səhv yerdə istifadə olunması fonetik normanın pozulması sayılmalıdır.

Şagirdlərin köməkçi nitq hissələri üzrə bilik səviyyəsini yoxlamağa xidmət edən bir tapşırığa nəzər yetirək (03.07.2011, III qruplar üzrə test kitabçası, B variantı, test10):

Aşağıdakı bağlayıcının növünü və sinonimini müəyyənləşdirin.

“Ya ağaclar kəsilir, ya da başqa sahə seçilirdi”.

A) inkar; nə, nə də

B) aydınlaşdırma; yəni

C) qarşılaşdırma; amma

D) iştirak; həm, həm də

E) bölüşdürmə; gah, gah da

Yuxarıdakı test tapşırığının cavabı E qəbul olunmuşdur.

Azərbaycan dilçilik elmindən məlumdur ki, ya, ya da bağlayıcıları iştirak edən cümlədə iki işdən birinin mümkünlüyü ifadə edilir. Gah, gah da bağlayıcılarının işləndiyi cümlələrdə isə hadisələr bir-birini əvəz edir. Bu yanaşmanı, fikri əsas tutaraq həmin bağlayıcıların bir-birinə sinonim bağlayıcı kimi götürülməsi nə dərəcədə doğrudur?! Düzdür, sinonim olmaq sözlərin eyni mənanı verməsi anlamına gəlmir. Lakin məsələ burasındadır ki, bölüşdürmə adı altında qruplaşdırılmasına baxmayaraq, ya, ya da və gah, gah da bağlayıcıları heç yaxın mənalı sözlər də sayıla bilmir.

Tez-tez qarşılaşdığımız mənfi məqamlardan biri də orfoepiya və ya orfoqrafiyasına görə mübahisəli sözlərin test tapşırıqlarında istifadə olunmasıdır.

Ə. Əfəndizadənin 1989-cu ildə nəşr olunmuş “Orfoqrafiya-orfoepiya lüğəti” 2009-cu ildə yenidən çap olunmuşdur. Təzə nəşrdə bəzi sözlərin yazılışı və ya tələffüzü əvvəlki nəşrdən fərqlənir. Lakin bu yeniliklər və təkmilləşmə barədə yeni nəşrdə heç bir məlumat verilməmişdir. Görəsən, ayrı-ayrı nəşrlərdə müxtəlif cür yazılan və ya tələffüz olunan sözlərlə qarşılaşan abituriyent nəyə əsaslanaraq hansı variantın doğru olması qənaətinə gələ bilər?! Bəlkə, bu tip testlərin abituriyentlərə təqdim olunmasında hansısa bir zərurət var?!

Tələffüz və yazılışı fərqli, müxtəlif formalarda verilmiş sözlər orfoepik təhlil məqsədilə test tapşırıqlarında istifadə edilməməlidir. Bu priyom test sualının çətinliyinə deyil, şagirdin çaşdırılmasına və hüquqlarının pozulmasına xidmət edir.

Məsələn, 10.07.2011-ci il tarixində I qruplar üçün test kitabçasının B variantında təqdim olunmuş 2 nömrəli test tapşırığında istifadə olunan “Portret” sözünün tələffüz forması lüğətin 1989-cu il nəşrində [partret] , 2009 –cu il nəşrində isə, [partiret] şəkilində yazılmışdır. Görəsən, belə mübahisə doğuran testlərdən istifadə olunması nə məqsəd güdür?! Çətin sual anlayışını bu tipli testlərlə ifadə etmək də kökündən səhvdir. Çətin səviyyəli test proqramdankənar fakt əsasında deyil, daha düşündürücü şəkildə, lakin abituriyentin mənimsədiyi və ya mənimsəyə biləcəyi biliklər səviyyəsində tərtib olunmalıdır.

Ədəbiyyat üzrə test tapşırıqlarında istifadə olunan, sadəcə hafizənin yoxlanılmasına xidmət edən bir test tapşırığına diqqət edək (03.07.2011, III qruplar üçün test kitabçası, A variantı, test 48):

M.Füzulinin “Leyli və Məcnun” poemasından verilmiş nümunə hansı epizoda aiddir?

...dedi: “ Ey vəfalı yarım!

Qəm mərhələsində qəmgüsarım.

Adətcə görünməz ixtilatın,

Hər günküyə bənzəməz nişatın.

Noldu sənə, söylə, zar olubsan?

Bitaqətü biqərar olubsan?

Qandan bu küdurət oldu hasil?

Noldu səbəbi məlahəti-dil?”

A) Məcnunun atasının elçilikdən qayıtması

B) İbn Səlama ərə gedəndən sonra Məcnunun Leyliyə məktub göndərməsi

C) Məcnunun Novfəllə görüşməsi

D) Atasının Məcnunu səhradan evlərinə qaytarması

E) Məcnunun Leylinin İbn Səlama nikah edilməsindən xəbərdar olması

Yuxarıdakı test çalışmasının doğru cavabını qeyd etmək üçün “Leyli və Məcnun” poemasını əzbərdən bilmək əsas şərtdir. Axı verilən materialı əzbərdən bilmək, güclü zehnə malik olmaq savadın göstəricisi olmadığından bu tipli test tapşırıqları da biliyin qiymətləndirilməsi üçün əsas götürülə bilməz. Deməliyik ki, haqlı olaraq, bu tipli test tapşırıqları həm müəllim, həm də şagirdlər tərəfindən normal qarşılanmır. Hər hansı bir əsərdən müəyyən bir hissə verməklə həmin nümunə əsasında ədəbiyyat nəzəriyyəsi üzrə bilikləri yoxlamaq, əsəri təhlil etmək cəhətdən testlər tərtib etmək daha məqsədəuyğun sayıla bilər.

Ədəbiyyat fənninə aid bəzi test tapşırıqlarında tarixi xronologiyanın ağırlığı o qədərdir ki, həmin tapşırıqlar tarix fənni üzrə testlərdən heç də fərqlənmir. Bəzi test tapşırıqlarının, o cümlədən yuxarıda verilmiş nümunənin təkcə oxunuşuna bir dəqiqə vaxt sərf olunur. Ümumilikdə 120 sualı cavablandırmaq üçün abituriyentə 180 dəqiqə vaxt verilir, bu da orta hesabla hər suala verilən maksimum 1,5 dəqiqə deməkdir. Nəzərə almaq lazımdır ki, sual kitabçasında qeyd etdiyi nəticələri cavab kartına köçürmək də abituriyentdən müəyyən vaxt tələb edir.

Həmçinin TQDK-nın riyaziyyatdan I qrup üzrə test tapşırıqlarında da müəyyən çatışmazlıqlara rast gəlinir.

I qruplar üçün hazırlanmış test kitabçasının C variantında (10.07.2011-ci il) 112-ci test tapşırığının şərti anlaşılmazdır.

112. Dairənin mərkəzindən uzunluğu 8 sm olan perpendikulyar qaldırılmışdır. Dairənin sahəsi 225 ? sm olarsa, perpendikulyarların üç nöqtəsi ilə çevrənin nöqtələri arasındakı məsafəni tapın.

Məsələnin şərtindən ilk anda heç nə başa düşülmür. Məsələnin şərtinin bu cür verilməsi nə məqsəd daşıyır....

Məsələni bu cür vermək daha yaxşı olardı:

Dairənin mərkəzindən onun müstəvisinə uzunluğu 8 sm olan perpendikulyar qaldırılmışdır. Dairənin sahəsi 225 ? sm olarsa, perpendikulyarın üç nöqtəsi ilə çevrənin nöqtələri arasındakı məsafəni tapın.

I qruplar üçün hazırlanmış test kitabçasının C variantında (10.07.2011-ci il) 116-cı test tapşırığının cavabında isə səhvə yol verilmişdir.

Tast tapşırığı belədır:

116. tənliyinin kökləri hasilini tapın.

A) 6 B) 4 C) D) 9 E) 3

Tənliyin 4 kökü var: –9, 9, –, . Bunların hasili isə 27-yə bərabərdir. Düzgün cavab yoxdur.

Fizika fənnindən IV qruplar üçün hazırlanmış test kitabçasının B variantında 26-cı test tapşırığında (16.07.2011-ci il) deyilir: Müstəvi kondensator sabit gərginlik mənbəyinə qoşulmuşdur. Kondensatorun lövhələri arasına dielektrik daxil etdikdə onun elektrik tutumu (C) və yükü (q) necə dəyişir?

İlk baxışda tapşırığın mətnində hər şeyin sanki doğru təqdim edildiyi görünsə də, nəzərdən qaçırılan məqam nədən ibarətdir?

Bizcə, tapşırıq belə təqdim edilməli idi: Hava qatı ilə ayrılmış sabit gərginlikli müstəvi kondensatoru ( və ya hava kondensatorunun) lövhələri arasına dielektrik daxil etdikdə onun elektrik tutumu (C) və yükü (q) necə dəyişər?

Bizim belə düşünməyimizin səbəbi nədir?

Birincisi, hesab etsək ki, kondensatorun lövhələri arasında vakuumdur (çünki tapşırığın mətnində bu haqda heç bir qeyd yoxdur), o halda düşünmək olar ki, dielektrik kimi lövhələrin arasına qaz da (məsələn, hava) daxil etmək olar. Digər tərəfdən də məlumdur ki, qazların dielektrik kimi nüfuzluğu vahidə yaxındır və dərslikdə qeyd olunur ki, qazlarda elektrik sahəsi elə vakuumdakı kimidir(bax: IX sinif fizika dərsliyi 2009-cu il, səh.27). Deməli, testə verilən cavab da belə ola bilər: tutum və yük dəyişmir( baxmayaraq ki, cavablar içərisində beləsi yoxdur, lakin bu testin mətnində buraxılan diqqətsizliyi sığortalamır, çünki abituriyent doğru cavab yoxdur fikrinə gələ bilər və ya digər cavabların doğruluğunu yoxlamaq üçün əlavə vaxt itirməli də olar).

İkincisi, hesab etsək ki, tapşırığın mətnində qazların dielektrik nüfuzluğunun elə vakuumdakı kimi sayılaraq dielektrik kimi qazları nəzərdə tutulmayıb (halbuki, bu kökündən səhvdir), onda da test tapşırığının şərti belə olmalı idi: Müstəvi kondensator sabit gərginlik mənbəyinə qoşulmuşdur. Kondensatorun lövhələri arasına bərk və ya maye dielektrik daxil etdikdə onun elektrik tutumu (C) və yükü (q) necə dəyişər?

Çünki dərslikdən məlumdur ki, qazlardan fərqli olaraq bərk və maye halda olan dielektrik mühitlərin dielektrik nüfuzluğu vahiddən xeyli böyükdür.

Göstərilən amillərin abituriyentin nəticələrinə təsiri ilə bağlı əlavə şərh vermək istəmirik. Biz yalnız həlli vacib olan məsələlərə münasibətimizi bildirməyə çalışdıq. İnanırıq ki, yuxarıda sadaladığımız çatışmazlıqlar tezliklə aradan qaldırılacaq və abituriyentlərin nəticələrinə təsir edən ən xırda məsələlər belə gələcək qiymətləndirmələrdə nəzərə alınacaq.

 

Nəzakət MEHDİYEVA

Təhsil Sektorunun İnkişafı üzrə İkinci layihə Milli qiymətləndirmə proqramının rəhbəri,

Nizami AĞAYEV

Əməkdar müəllim, fizika riyaziyyat elmləri üzrə fəlsəfə doktoru

Sədaqət MƏMMƏDOVA,

Azərbaycan dili və ədəbiyyatı

müəllimi

525-ci qəzet.- 2011.- 27 dekabr.- S.6.