Xilas yolu

 

 

O DAĞIN O ÜZÜ BİZİM VƏTƏNDİR

Ölkə prezidenti ad günündə, özü də 50 yaşının tamamında Ağcabədi rayonu ərazisində salınmış Taxta körpü qəsəbəsində məskunlaşan əslən Laçın rayonundan olan məcburi köçkünlərlə görüşə getdi. Bu görüş dövlət başçısı İlham Əliyevə məhəbbət bəsləyənlərin sıralarını sıxlaşdırdı, dünyanı bir az təəccübləndirdi, düşmənlərə göz dağı verdi. Əsl rəhbər, əsl sərkərdə jesti idi bu addım. Dünyanın təbriklərini paytaxtda yox, düz- biyabanda məskunlaşmış nisgilli, həsrətli, ümidli insanların əhatəsində qəbul etməyin ab-havasında əzəmət, təntənə yaşadı, arxalandığı, etibar etdiyi insanların istiliyini, həlimliyini, yaxınlığını duydu prezident. Laçınlıların sifətlərində mərdlik, danışıqlarında təravət, baxışlarında cəsarət, yenilməzlik, müharibə sınaqlarına hazırlıq gördü prezidentimiz. Bu şərəfli insanların yüzlərlə problemləri, xahişləri olsa da, ölkə prezidentinin yaratdığı ümid, etibar, inam dolu durum hamını sehirlədi elə bil. Bu an düşüncələrində Vətənə qayıdışı ən incəliyinə qədər götür-qoy edən insanlar prezidentin səmimi danışığını Laçında dinləyirmişlər kimi bir durumda idilər. Elə prezident də Laçın şəhər meydanında danışırmış kimi bir sehrin, bir ecazkarlığın təsiri ilə duyğulanmışdı. Üzü Laçına sarı dayanmışdı, dağlara baxa-baxa danışırdı prezident.

Hər cür siyasətdən, təbliğatdan uzaq bir mövqedən baxanda hiss olunurdu ki, əhali inamın, etibarın, ümidin, Laçına qayıdış istəklərinin təminatçısını görürlər öz qarşılarında. Laçınlılar sevdikləri, hörmət bəslədikləri, inandıqları Prezident İlham Əliyevi bu görüşdə daha çox xilaskar olaraq qəbul etdilər. Azərbaycan xalqı şahiddir ki, prezident hansı bir , problem, layihə və sair barədə söz verirsə, o, vaxtında reallaşır. Onun bu keyfiyyətini xaricdə də yüksək qiymətləndirirlər.

Qarabağ probleminin həlli gününün tarixini heç kəs deyə bilməz. Obama, Putin, Merkel, Ərdoğan, Sarkozi bir yerə toplaşıb danışsalar belə.

Böyük dövlətlərin mövcud durumda Qarabağdan sancılı ağrıları var. Dərdin çarəsi Azərbaycanda tapılmalı, Azərbaycan ordusu erməni sancısını birdəfəlik kəsməlidir. Əsas məsələ istək, inam, reallığa cavab verən əməli fəaliyyət bütün bunları istiqamətləndirən, reallaşdıran şəxsiyyətin varlığıdır. Hadisələrin hansı istiqamətdə inkişaf etməsindən asılı olmayaraq haqq bizim tərəfimizdədir. Haqqı haqq edən, onu ədalətlə uzlaşdıran lazımdırsa, Azərbaycanda varinsan resursu, güclü ordu, müasir hərbi texnika, ümumxalq vətənpərvərliyi, işğalla barışmamazlıq, prezidentin qətiyyəti əzmi.

Ölkə prezidenti torpaqlarımızın ordumuzun gücü ilə azad ediləcəyi anı hamıdan yaxşı bilir. O anda, o zamandairəliəmri veriləcək. O anın, o zamanın xalqla, millət vəkillərilə müzakirəsinə gərək qalmayacaq.

Müharibə prezidentin müstəsna səlahiyyətidir.

O anı laçınlılar hamıdan çox səbirsizliklə gözləyirlər.

Prezidentlə görüşdən sonra “Laçın əhalisinin hamısı silah altında əsgərdir” desək, inanın ki, bu həqiqət olar. Bu gün bütün laçınlıların – çobanın da, əkinçinin də, maldarın da, ziyalının da, qocanın da, cavanın da – hər bir ailənin söhbətinin əsas mövzusu prezidentin gəlişidir. İlham Əliyevin səmimiyyəti, laçınlıların dərdinə özünəməxsus yanaşması, tərk edilən evlərdə ermənilərin yaşamalarını ürək ağrısı ilə qeyd edərək, daxili duyğu hisslərini gizlədə bilməməsi, insanların ona ürəkdən qaynaqlanan saf, təmiz münasibəti misli görünməmiş bir vəhdət yaratmışdı. Düşmən üzərində qələbənin kökünün bu vəhdətdən qidalanacağını indi hər kəs dərk etməkdədir.

Quru çöllərdə həyat sürən insanların sifəti təravətlənib, baxışları işıqlanıb, danışıqları səlisləşib. Hətta, Laçına qayıdanda kimin hansı sahədə ev tikəcəyi barədə indidən qonşular arasında torpaq müharibəsi başlayıb. Adi görünən bu həyati detallar xalqın prezident sözünə etibarının təzahürüdür.

Vətən uğrunda döyüşmüş insanlar sanki böyük bir ağırlığı üzərlərindən atıblar. Onlara sərkərdə inamı qayıdıb, onlar Ali Baş Komandana Azərbaycan tarixində hərbi sahədə misilsiz qələbələr qazanacaq şəxsiyyət olaraq inanır, onun əmri ilə döyüşə atılacaqları günün şərəfini indidən duyurlar.

Hansı obaya gedirsən, prezidentin ünvanına alqışlar eşidirsən. Vətən büllurluğunu qorumuş anaların, nənələrin dilindən eşidilən “Allah prezidentimizə yar olsun”, “Allah işini avand eləsin”, “Qarabağı azad etmək yolunda Allah ona güc, qüvvət versin” deyimlərini eşidəndə “amin!” deməyin müqəddəsliyini yaşayır hər kəs. Özüüzü vətənə, dağlara boylanaraq söylənir o alqışlar, Kəbə müqəddəsliyinə bərabər tutulan vətənə xitabən səslənir aminlər.

Qarabağ azad ediləcək. Xalqımız istəyir ki, bunu İlham Əliyev reallaşdırsın. Bu həm də ulu öndərin istəyi idi. Laçınlıların İlham Əliyevə inamının kökündə ülvi duyğular durur. Ağsaqqallar onu layiqli övlad, orta nəsil bacarıqlı qardaş, sədaqətli dost, cavanlar ümid, güvənc yeri, hərbçilər yenilməyəcək sərkərdə, qaçqınlar və məcburi köçkünlər xilaskar olaraq dəyərləndirir, ümidlərini doğruldacaq yeganə şəxsiyyət olaraq qəbul edirlər. Cəmiyyət, sadə insanlar, xüsusən qaçqınlar və məcburi köçkünlər hiss edirlər və görürlər ki, Qarabağ bir an belə olsun prezidentin fikrindən çıxmır. O, gecə-gündüz bu çözümün yollarını axtarır. Bütün başqa məsələləri müvəffəqiyyətlə həll edən prezidentimizin həyat amalı, ən böyük istəyi və ən ümdə vəzifəsi Qarabağı azad etməkdir. Açıq-aşkar görünür ki, ağır döyüşlər öncəsi İlham Əliyev yüzə-yüz xalqına arxalanır, orduya etibar edir, qələbəyə inanır. Mövcud durumda xalq-prezident birliyi bütün səpkilərdə sarsılmazlığın reallığını sərgiləyir. Xalqını, vətənini sevən, onun yolunda hər şeyə qadir olan prezident, prezidentini seçən, onu sevən, dəstəkləyən, ona inanan xalq. Bu birliyin önündə heç bir düşmən duruş gətirə bilməz. Bu birliyə dünyanın aparıcı dövlətləri də xoş məramla, hörmətlə yanaşır, Azərbaycan dövlətinin güc və qüdrətinin mənbəyinə etibarla baxırlar.

Vətənin zaman-zaman xilaskar şəxsiyyətlərə ehtiyacı olub. Torpaqlarımızı işğaldan azad edən prezidentimizin adını xilaskar kimi tarixə yazan böyük Azərbaycan xalqı olacaq!

 

Akif SƏLİMOV

Qarabağ müharibəsi döyüşçüsü,

istefada olan polis polkovniki

525-ci qəzet.- 2011.- 29 dekabr.- S.4.