Daş yağan gün

 

Məlum olduğu kimi bu yaxınlarda Əli İldırımoğlunun “Daş yağan gün” romanı çapdan çıxmışdır. Müəllif əsər üzərində yenidən işləmiş və romana bəzi əlavələr, dəyişikliklər etmişdir. Məlum olduğu kimi, son günlər Fransa parlamentinin qondarma erməni soyqırımı iddiası Türkiyədə və Azərbaycanda geniş etirazlara səbəb olub. Odur ki, həmin əlavələrin aktuallığını nəzərə alıb, bir parçasını oxuculara təqdim edirik.

Yaxın-uzaq qohumların, dost-tanışların iştirakı ilə çox da geniş olmayan mənzilin nisbətən iri zalında on beş-iyirmi nəfərlik xudmani məclis qurub yaşca bir-birindən xeyli fərqli olan Solomon Betkerlə Silva Poqosyanın yeni ailə həyatı qurmaları münasibətilə təbrik edib, bəylə gəlinə xoş gələcək arzuladılar. Məclisə dəvət olunanların əksəriyyəti erməni idi. Onların arasında Solomon Betkerin qohumlarından demək olar ki, heç kəs gözə dəymirdi. Solomon Betkerin təkidli xahişi ilə onun cəmi üç nəfər yoldaşı mərasimə təşrif gətirmişdi.

Andranik Poqosyan sevindiyindən qanadı olsaydı uçardı. Onun və qızı Silvanın yaxınları şən davranışları ilə Solomon Betkerlə yaranan belə bir qohumluqdan son dərəcə məmnun olduqlarını və bununla fəxr etdiklərini aydınca büruzə verirdilər. Silva ərinə olan ehtiramını nümayiş etdirirmiş kimi nəvazişlə onun qabağındakı qab-qacağı tez-tez dəyişdirir, qədəhinə konyak süzür, hərdən özünün bəzəkli ipək dəsmalını çıxarıb onun yağlaçov dodaqlarını, alnında puçurlanan təri silirdi. Andranik içkinin təsirindən qızarmış sərxoş baxışlarını məchul bir nöqtəyə zilləmişdi. Hiss olunurdu ki, qızının süfrə başında ərinə göstərdiyi bu cür həzin nəvazişdən məmnundur. Və daxilən düşünürdü ki, “Afərin Silva!! Solomon Betkeri seçib-sevməkdə necə də məharətlisən. İndən sonra Solomon Betker bizim dediyimizlə oturub-duracaq, çaldığımızla oynayacaq, hər yerdə millətimin təəssübünü çəkəcək, andraniklər nəslinin sözünü deyəcək. Böyük nüfuz sahibi olan belə bir yəhudi aliminin türkün düşmənləri tərəfinə keçməsi bilirsən nə deməkdir?! Anandan əmdiyin süd, mənim verdiyim çörək sənə halal olsun, Silva!! Mənim ağıllı, dərrakəli qızım!! Bizim Silvanın hesabına Solomon Betkerlərin sayını artırıb, nəinki evdə, Kremldə, Yelisey sarayında əyləşənləri, bütün dünyanı ayağa qaldırıb hamını inandırarıq ki, doğrudan da türklər erməniləri qırıb genosid eləyib.olsun ki, sən cavansan, mənim Silvam?! Düzdür, Solomon Betker yaşca atan yerindədir.

Yaxşı bilirəm ki, ondan sənə ər çıxmaz. Ancaq sən məndən ağıllısan, düz yol seçmisən, Silva!! Solomon Betker kimilərin hesabına Amerikada, Fransada türklərə qarşı nifrət yaradıb yüzlərlə, minlərlə sözükeçən adamı inandırmışıq ki, türklər bizi genosid eləyib. Amerikanın, Fransanın bəzi ixtiyar, iqtidar sahibləri az qalıb ki, bizdən ötəri göz yaşı töksünlər və genosid qurbanlarına yas tutub ağlasınlar. Mənim ağıllı qızım Silva!! Solomon Betkeri tovlayıb ələ keçirməklə heç bilirsən bizim Andraniklər nəslinə necə fövqəladə xidmət göstərmisən?! Mənim kamallı qızım!! Məni qınayan olmasaydı, elə buradaca, hamının gözü qabağında ayağa qalxıb səni bağrıma basardım, dönə-dönə o qırmızı pamadalı dodaqlarından öpərdim. Atan olsam da heç vaxt ağlıma gətirməzdim ki, sən bu qədər uzaqgörən, ağıllı, fəndgirsən, mənim Silvam

Solomon Betker isə özünü heç də təzə bəy kimi aparmırdı. Onun müəmmalı davranışından hiss olunurdu ki, Solomon Betkerin daxili aləmində gizli bir fikir dolaşır. O, tez-tez məclisdəkilərə üzrxahlıq edib ayağa qalxır, balkona çıxıb siqaret tüstülədir və yenə də fikirli-fikirli geriyə dönürdü. Silva xanım onun müəmmalı davranışını başa düşüb, incə barmaqlarını Solomon Betkerin boyun-boğazında, nazik qırışlar düşmüş sir-sifətində gəzdirirdi ki, yaşlı sevgilisinin eyni açılsın və ətrafdakılardan həya eləmədən tez-tez qolunu Betkerin boynuna salıb, təravətli yanaqlarını onun təzəcə qırxılıb ətirlənmiş batıq sifətinə söykəyirdi. Süfrəni dövrəyə alan qonaqlar isə öz aləmindəydi. Onlar növbə ilə ayağa qalxıb bəlağətli sözlərlə bəylə gəlinə təriflər deyib, əllərindəki dolu qədəhləri həvəslə bir-birinə toxundurub cingildədirdilər. Silvanın rəfiqələri yanaşı oturduqları ərlərinin qulağına nə isə pıçıldayıb xısın-xısın gülürdülər. Onların gülüşündə incə bir istehza olduğunu Andranik Poqosyandan başqa məclisdəkilərin heç biri eyninə almırdı.

Məclis başa çatdıqdan sonra qonaqlar şad-xürrəm ayağa qalxıb ev sahibləri ilə xudahafizləşdilər. Hərə öz evinə tərəf yollandı. Silva yan otağa keçib əynindəki bahalı paltarını dəyişdi. AndranikSolomon Betker stullarını bir-birinə yaxınlaşdırıb çay gətirtdirdilər. Andranik üzünü yeznəsinə tutub, ikrahla başını buladı və narazı halda:

– Qatarla gələndə Eduard Çeburdanidze adlı əclaf bir gürcüyə ilişdim, – dedi.- Başdan-ayağa zəhər tuluğu idi. Yanımda silah olsaydı, təpəsinə iki güllə vurardım, – əlavə etdi. – Guya gürcüdür!! Din qardaşıdır!! Xaç gəzdirir!! Ancaq ermənilərin qatı düşmənidir!! Özün yaxşı bilirsən ki, Andranik Torosoviç Ozanyan erməni xalqının iftixarıdır. Onun adı bütün dünyada məşhurdur. Di gəl ki, Andranik Ozanyanın adını çəkəndə elə bil atasına söydülər. Onun ruhu şərəfinə badə qaldırmaq istəyəndə əlindəki konyak dolu qədəhi yerə qoydu. Utanıb-çəkinmədən üzümə qarşı dedi ki, Andranik Ozanyan qəhrəman yox, insan qatilidir, qaniçəndir. Əsrin əvvəllərində ermənilərin qırılmasının əsas səbəbkarı Andranik olub. Guya ki, həmin dava-dalaşda türklərin o qədər də günahı olmayıb. Erməniləri qırğına verən Andranik Ozanyandır.

Andranik Poqosyan həyəcanlı danışığına fasilə verib, onu diqqətlə dinləyən Solomon Betkerə yoxlayıcı nəzər saldı. Və:

– Eduard Çeburdanidze kimi xaçpərəstdənsə, olmasa yaxşıdır! Elələrinin kökünü kəsmək lazımdır. – Sözünə davam etdi. – Özüalimdir!! Guya həmişə düz danışdığına görə hər yerdən qovulub, indi arxivdə eşələnir. Düz eləyiblər! Eləsi arxivdə işləməyə yox, heç donuz otarmağa da layiq deyil!

Andranik Mockvaya gələrkən qatarda rastlaşdığı Eduard Çeburdanidzedən eşitdikləri barədə nə qədər həyəcanlı danışsa da, Solomon Betker ağzından qıfılı götürüb qaynatasının dediklərinin bircə kəlməsini belə təsdiq etmədi. Heç olmasa, düzdür- demək mənasında başını belə tərpətmədi. Axırda üzünü qaynatasına tərəf tutub təmkinlə:

– Sizin söhbətinizdən belə nəticə çıxartdım ki, Eduard Çeburdanidze dediyiniz o gürcü obyektiv adamdı. Əslində öz dininə, daşıdığı xaça sadiq adam həqiqəti danışmalıdır. Yalançı, Allahın düşmənidir. Görünür, Çeburdanidze sizin ürəyinizə yatan, arzunuzca olan yalan danışmağı özünə rəva bilməyib. Sizə sərf etməyən həqiqəti deyib.

Solomon Betker bir siqaret yandırıb ciddi görkəm aldı. Və:

– Şübhəsiz ki, biz qohum olmuşuq, – dedi. – Silvanın atası, mənim qaynatam kimi həmişə hörmətinizi saxlamağa borcluyam. Başqa cür ola da bilməz. Çünki biz artıq qaynayıb qarışmışıq. Yeri gələndə sizə hər cür kömək etməyə hazıram. Türklərlə ermənilər arasında ədavətə gəldikdə, vaxtilə olub-keçmiş əhvalatı təzədən qızışdırıb közərtməyə lüzum görmürəm. Əslində Gürcüstandan olan sizin o kupe yoldaşınız Eduard Çeburdanidzenin dediklərində həqiqət var. Tarixi hadisələr barədə fikir yürüdəndə bir var obyektiv gerçəkliklərə, rəsmi dəlil-sübutlara əsaslanasan, birvar, emosional, qərəzli hisslərə uyub, olmayan hadisələri yalandan uydurasan. Düzdür, əsrin əvvəllərində erməni-türk qarşıdurması olub. Hər iki tərəfdən xeyli insan qırılıb. Həmin anlarda sizin xalq qəhrəmanı, xilaskar hesab etdiyiniz və inciməsəniz, deyərdim ki, hətta adını daşıdığınız Andranik Ozanyan xoşagəlməz, insanlığa sığmayan bəd əməllər işlədib. Elə arının yuvasına çöp uzadan əvvəlcə sizin o Andranik Ozanyan olub. Türkiyədə doğulub boya-başa çatdığı halda, o tərəfin müsəlmanlarına arxadan zərbə vurub. Türkiyədə özü kimi millətçilərdən silahlı dəstə düzəldib, öz həmvətənlərinə qarşı çıxıb, Türkiyəyə qarşı vuruşan Bolqarıstan, Rusiya ordusuna kömək edib. Bir tərəfdən də azərbaycanlıların üstünə ordu yeridib, neçə-neçə kəndi oda qalayıb, minlərlə günahsız insanı, uşaqlı-böyüklü qətlə yetirib. Bu, qəhrəmanlıq yox, qəddarlıqdır. O, Çeburdanidzearxiv materiallarından bunu bildiyi üçün düzünü danışıb. Ona görə də yaşca məndən böyük olsanız da, acığınıza gəlsə də, deməliyəm ki, o gürcüyə əclaf deməyə haqqınız yoxdur. Bu cür söz-söhbətləri mən də az-çox eşitmişəm. Mənim fikrimi bilmək istəsəniz deyərdim ki, o dövrdə baş verən hadisələr doğru-düzgün araşdırılıb ortalığa çıxarılsa, məlum olar ki, türklər –azərbaycanlılar çox qırılıb, nəinki ermənilər. Ona görə də ermənilər nahaq yerə bu məsələni qurdalayıb, özlərini duruluğa çıxartmaq üçün canfəşanlıq edirlər. Hətta Fransanın, Amerikanın mötəbər dairələrində inam yaranmışdı ki, guya ermənilər genosidə məruz qalıb. Bəzi dövlətlər erməni millətçilərinin reallıqdan uzaq olan yalan təbliğatına uyub, kor-koranə qərar qəbul ediblər ki, doğrudan da ermənilər türklərin genosid siyasətinə məruz qalıblar. Həmin dövlətlərin başçılarından soruşmaq lazımdır ki, belə bir qərar qəbul etməzdən əvvəl zəhmət çəkib hansı arxiv sənədlərini vərəqləmisiniz?! Hansı tarixi araşdırmaları aparmısınız? Erməni lobbisinin təsiri altına düşən Amerikanın və Fransanın ixtiyar sahiblərindən soruşmaq gərəkdir ki, iki qonşu xalq arasında baş verən xoşagəlməz hadisələrdə kimin haqlı və ya haqsız olduğunu müəyyən etmək üçün sizi kim vəkil tutub?! Bax, bu mənada bir çox dövlətlərin genosid barədəki yanlış mövqeyi mənə gülünc gəlir.

Andranik aldığı cavablardan sarsılır, ona görə daxilən peşmançılıq çəkirdi. Ancaq Silvanın gələcək taleyini gözləri önünə gətirib yeznəsinə etiraz etməkdən çəkinirdi. Həm də atasını özlüyündə məzəmmət edirdi ki, gərək ona bu Andranik adını qoymayaydı. Eduard Çeburdanidzenin, Solomon Betkerin sözlərində yəqin ki, bir həqiqət var. Doğrudan da adını daşıdığım Andranik də azacıq aşın duzu olmayıb. Ona görə də Andranik Poqosyan yeznəsinin qarşısında susub sükuta dalmışdı. Solomon Betker barmaqları arasında tüstüsü çözələnən siqaretini külqabına qoyub, qəddini düzəldərək:

– Əlbəttə, ermənilərin yaxşı bəstəkarları, alimləri, ədəbiyyat və incəsənət xadimləri var. Onların istedadına qibtə etmək olar. Təəssüf ki, şərə xidmət eləyən qatı millətçilər çirkin əməlləri ilə mənsub olduqları millət barədə ikrah hissi yaradırlar. Mənim hörmətli qaynatam, istəyirəm, bu cür məsələlərdə düzgün, ədalətli mövqe tutasınız, qərəzli hisslərin əsirinə çevrilməyəsiniz. Tarixi baxımdan andraniklərin və onların varislərinin tutduğu qatı millətçilik yolu çətin ki, sizə uğurlu gələcək vəd etsin. Söhbət düşmüşkən onu da deyim ki, ermənilərin torpaq, ərazi iddiaları da kökündən yanlışdır. Bizim Elmlər Akademiyasında işləyən bir çox tarixçi dostum var. Qafqazda baş verən konfliktlər barədə onlarla çoxlu söhbətlərimiz olub. Yaxın tariximizə diqqətlə nəzər salanda tam aydın olur ki, Cənubi Qafqazda yaşayan ermənilərin böyük əksəriyyəti qonşu dövlətlərdən, xarici ölkələrdən bura köçürülüb. Belə bir departasiyanın da əsas təşəbbüsçüsü və təşkilatçısı o vaxtki rus padşahlığı olub. Onda rus çarı şovinist bir siyasət yeridirdi. Sonralar Leninin özü o vaxtkı rus şovinizminin əleyhinəydi. Və bunu təhlükəli bir siyasət hesab edirdi. Əslində bu, Rusiyanın özü üçün də zərərli bir siyasət idi. Çünki böyük millətçilik iddiası yarananda, istər-istəməz xırda millətçilik əhval-ruhiyyəsi baş qaldırır. Mən özüm də şəxsən qatı millətçiliyə xəstə təxəyyülün təzahürü kimi baxıram.

 

(Ardı gələn sayımızda)

Əli İLDIRIMOĞLU

525-ci qəzet.- 2011.- 29 dekabr.- S.