Canlı əfsanə!

 

ÜNLÜ SƏNƏTÇİ, XALQ ARTİSTİ, MİLLƏT VƏKİLİ ZEYNƏB XANLAROVANIN 75 YAŞI TAMAM OLDU  

Azərbaycan səhnəsinin canlı əfsanəsi, müsiqi dünyasının kraliçası, korifey sənətkar, millət vəkili, Azərbaycanın və SSRİ-nin xalq artisti, “Şöhrət” ordenli Zeynəb xanım Xanlarovanın dünən doğum günüyubileyi idi. Dəfələrlə bəzi yazılarımda da qeyd etdiym kimi , hər bir insan övladının bu həyatda onun üçün əlamətdar olan doğum gününü, yubileyini qeyd etməsi onun özəl haqqıdır və bu haqqı da heç kəs, heç bir qüvvə onun əlindən (təkcə Böyük Yaradandan başqa) ala bilməz. Ancaq həyatda elə insanlar da var ki, onlar öz doğum günlərini, yubileylərini qeyd etməyi xüsusilə, haqq edirlər. Özü də nəinki təkcə özləri və yaxın ətraflarının iştirakı ilə, hətta, daha geniş miqyasda, dövlət səviyyəsində belə qeyd etməyi, xatırlanmağı, təbriklər almağı haqq edirlər. Belə insanlardan biri də- deyərdim ki, birincilərindən biri də məhz təkrarsız, bənzərsiz sənətkarımız, xalqımızın parlamentdəki layiqli təmsilçisi Zeynəb xanım Xanlarovadır (hərçənd ki, ünlü sənətçi bu günkü reallığımızda-müharibə vəziyyətində olan ölkəmizdə təmtəraqlı yubileylərin, ad günlərinin keçirilməsinin əleyhinədir)...

Bu, mənim şəxsi fikrimdir, əgər Azərbaycanın son 10-11 əsrdəki böyük insanlarını, tarixi şəxsiyyətlərini müəyyənləşdirməli olsaq, Zeynəb xanım bu siyahıda, bu cərgədə ön yerdə gedənlərdən biri ola bilər və yaxud, olmalıdır, olacaq. Çünki ömrünu həsr etdiyi, günlərini verdiyi 50-60 illik fəaliyyəti, xalqına, dövlətinə təmənnasız xidməti, ötən əsrin 70-ci illərində – Azərbaycanın, harada yerləşməsindən belə xəbəri olmayanların yanında Vətənimizi ucalara qaldırması, dünya səhnələrini fəth etməsi belə deməyə bizə əsas verir. Bəziləri indi bu fikirlərimlə bəlkə də razılaşmaya, bunları Zeynəb xanıma olan tükənməz insani məhəbbətimlə, ehtiramımla əlaqələndirə bilər, amma tam səmimi deyirəm ki, bunlar əsl həqiqətdən və reallıqdan doğan məqamlardır...

Bu xanım istər səhnədə-musiqi dünyasında, istər siyasi-parlament , istərsə də ictimai fəaliyyətində hər zaman sözün əsl və həqiqi mənasında fırtına qoparıb, olay yaradıb, hadisəyə çevrilib. Özünün fenomenliyini, təkrarsızlığını, bənzərsizliyini, eləcə də böyüklüyünü, ucalığını hamıya və hər kəsə nümayiş etdirib. Bu xanım istər xalq mahnılarının – bənzərsiz muğamlarımızın, istər müasir-bəstəkar mahnılarının, istərsə də nisbətən müasir-estrada mahnılarının ifası sahəsində, ifaçılığında öz möhürünü vurub. Azərbaycanda belə bir geniş və hərtərəfli ifaçılıq, yaradıcılıq məharətinə malik olan bir-iki sənətkar tapmaq olar.

Zeynəb xanım musiqi dünyasına, səhnəyə sözün əsl mənasında azadlıq, demokratiya gətirib. Ötən əsrin 70-80-ci illərinə kimi mövcud olan çərçivəyə salınmış, buxovlanmış sənətkar, ifaçı obrazını məhz o, dəyişməyə nail olub. Səhnədəki hərəkətləri , maneraları ilə sovet ideologiyasının formalaşdırdığı və ya formalaşdırmağa çalışdığı sənətkar obrazını əsl sənətkar obrazı ilə əvəz etməyi yalnız o bacarıb. Dövründə 60-80-ci illəri nəzərdə tuturam nəinki xanım muğam ifaçılarının, hətta, bəzi kişi xanəndələrin belə oxumağa cəsarət etmədiyi muğamlarımızın şahı olanÇahargah” muğamını məhz o, ifa edib. Yəni, Azərbaycan musiqi tarixinə ən çətin muğam olan “Çahargah”ın ilk xanım ifaçısı kimi düşüb.

Opera səhnəmizin şah əsəri olan və hələ də liderliyi əldən verməyən “Leyli və Məcnun” operasında Leyli rolunun ən uğurlu və ən parlaq ifaçısı da məhz o, olub. İnsanlardan, opera sənəti pərəstişkarlarından, musiqi bilicilərindən hər zaman soruşanda, Leyli obrazının iki-üç ən parlaq ifaçısı arasında ilk çəkilən məhz onun adı olur.

Bəli, Zeynəb xanım hansı janrda oxuyursa, ifa edirsə, ona öz möhürünü vurubvurur. Elə iki-üç il öncə Heydər Əliyev adına Respublika Sarayında verdiyiheç zaman yaddaşlardan silinməyəcək solo konserti bu xanımın bir daha necə böyük və əlcatmaz bir zirvə, korifey sənətkar olduğunu göstərdi. Bu gün – içlərində, hətta, tanınmış bəstəkarların belə diringi mahnılarının, zövqsüz, şit, bayağı, insanı insanlııqdan çıxaran mahnıların, musiqilərin baş alıb getdiyi bir zamanda, hər şeyə rəgmən yenə də Zeynəb xanımın hələ neçə illər bundan əvvəllər ifa etdiyi bəstəkar mahnıları dillər əzbəridir. İnsan bu mahnılardan doya bilmir. Özüburada ən əsas məqam odur ki , bu əvəzsiz mahnıların böyük əksəriyyəti məhz onun özünə aiddir, onların bəstəçisi məhz özüdür...

Bəzən, hətta xətrini istədiyim insanlar, həmkarlarım Zeynəb xanımı böyük sənətkar kimi qəbul etdiklərini bildirsələr də, onu siyasətçi, parlamentari kimi qəbul etməkdə çətinlik çəkdiklərini iddia edirlər. Amma mən o insanlarla nə dünən razılaşmışam, nə bu gün razılaşıram, nə də gələcəkdə razılaşmaq fikrindəyəm. Əsl siyasətçi və ya parlamentari olmaq heçbütün günü siyasi tədbirlərdə-parlamentdə çıxış etmək, medianı, efirləri gecə- gündüzişğal” etmək deyil. Heç əsl siyasətçi və ya parlamentari yalandan özünə təmkin vermək, özünü təmkinli, ağıllı göstərmək, “ağır oturub-batman gəlmək” də deyil. Əsl siyasətci və ya parlamentari xalqa və dövlətə lazım olan məqamda öz sözünü deyən, öz birmənalı mövqeyini ortaya qoyan insandır. Zeynəb xanım da aktiv siyasətdə, 25 ilə yaxın parlamentdə olduğu dövrdə – üzü Xalq Hərəkatından, qanlı və şanlı 20 Yanvardan bu yana bütün dönəmlərdə və situasiyalarda öz sözünü demiş, öz mövqeyini ortaya qoymuş bir insan, şəxsiyyətdir. Zeynəb xanım parlamentdə az danışan, ancaq danışanda da hər kəsin ürəyindən olan, hər şeyi belə demək mümkünsə, kökündən baltalayan bir xanım- siyasətci, xanım-parlamentari, əsl millətin vəkilidir. Zeynəb xanım “bizə Hacıbalanın fontanları lazım deyil, xalq acqarnına fontanları neyləyir, bizə Rəsulzadənin, eləcə də Şəhriyarın heykəlləri lazımdır”- deyə parlament tribunasından gur səslə səsləndi. Düzdür, o zaman bəzi müxalifətçilər və müxalifət qəzetləri Zeynəb xanımın bu addımının, çıxışının məqsədli, sifarişli, icazəli olduğunu iddia etdilər, ağızlarına gələnləri düzüb-qoşdular, amma bunun üstündən cox az müddət keçəndən sonra Zeynəb xanım bu məsələni parlamentin Mədəniyyət komitəsinin iclasında çox kəskin şəkildə qaldırdı. Özü də Rəsulzadəyə nəinki heykəl qoyulmasını, hətta, onun nəşinin, qəbrinin, eləcə də Füzulinin qardaş Türkiyədən öz doğma vətəninə gətirilməsini tələb etdibir daha onun mövqeyinə şübhə ilə yanaşanların tam yanıldıqlarını öz böyüklüyü ilə mədəni şəkildə üzlərinə vurmuş oldu. Bütün bunlar onu göstərir ki, ”Zeynəb xanım böyük sənətkardır, amma siyasət, parlament onun yeri deyilkimi fikirlər, iddialar səfsəfədən başqa bir şey deyil. Zeynəb xanım hər zaman nəyi harada, nə cür, nə necə deməyi məharətlə bacaran əsl siyasətçi, parlamentaridir. Zeynəb xanım elə bir Şəxsiyyət, elə bir Zirvədir ki, onun haqqında günlərlə yazsan, cild-cild kitablar ortaya qoysan, yenə bəs etməz. Odur ki, fikirlərimi yekunlaşdıraraq qeyd etmək istəyirəm ki, bu gün Zeynəb xanımın əslində heç kimə və heç nəyə ehtiyacı yoxdur, sadəcə və sadəcə, bizlərin- Azərbaycan dövlətinin və insanlarının , millətimizin, o cümlədən,siyasətimizin, səhnəmizin,parlamentimizin ona ehtiyacı var. Bizlər hər zaman bu xanımın qədrini-qiymətini bilməli, onunla fəxr etməliyik.

Əzizimiz Zeynəb xanım ,Sizi bir daha əlamətdar yubileyiniz münasibəti ilə təbrik edir, sizə cansağlığı, ictimai-siyasi-mədəni fəaliyyətinizdə sonsuz uğurlar, şəxsi həyatınızda daim səadət dolu günlər arzulayıram. Allah-təala Sizi bizlərə- Azərbaycan insanına, Azərbaycan türklərinə və Türk dünyasına çox görməsin. Amin!

 

Kamil HƏMZƏOĞLU

525-ci qəzet.- 2011.- 29 dekabr.- S.