Milli Elmlər Akademiyasında akademik Adilə Namazovanın 85 illiyi
qeyd olunub
Dünən Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətində akademik Adilə Namazovanın anadan olmasının 85 illiyilə bağlı yubiley mərasimi keçirilib. Tədbirdə parlamentin vitse-spikeri Bahar Muradova, millət vəkilləri Qənirə Paşayeva, Gülər Əhmədova, Tibb Universitetinin rektoru Əhliman Əmiraslanov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova və başqa elm adamları, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tibb Universitetinin rektoru Əhliman Əmiraslanov deyib ki, Adilə Namazova çox şərəfli və mənalı bir ömür yolu keçib. Rektor bildirib ki, Adilə Namazova 1926-cı ildə Ağdam rayonunun Seyidli kəndində anadan olub. Orta təhsilini və ilk həyat məktəbini doğma rayonda keçən A.Namazova öz zəhməti, istedadı və ləyaqəti ilə Azərbaycanın say-seçmə qadınları sırasına yüksələ bilib. 1949-cu ildə Azərbaycan Dövlət Tibb İnstitutunun müvəffəqiyyətlə bitirib. 1965-ci ildən Azərbaycan Tibb İnstitutunun pediatriya kafedrasının müdiridir. Tədqiqatı, əsasən, uşaqlarda revmatizm və ürək-damar xəstəliklərinə həsr olunub. Azərbaycanda pediatriya elmi məktəbinin yaradıcısıdır. 300 elmi əsərin, 8 monoqrafiya və dərsliyin, 5 ixtiranın müəllifidir. 1967-ci ildən Azərbaycan Pediatrlar Cəmiyyətinin sədridir. Prezident yanında Ali Attestasiya Komissiyasının Rəyasət Heyətinin üzvü, Türkdilli Ölkələrin Pediatrlar Cəmiyyətinin vitse-prezidentidir. A.Namazova keçmiş SSRİ-nin Ali Sovetinin deputatı olub. Azərbaycanın “Şöhrət” ordeni ilə təltif edilib. A.Namazova elmi və təcrübi təbabət sahəsində dünya miqyasında dəyərləndirilən nailiyyətlər qazanıb. A.Namazova beynəlxalq aləmdə tanınan pediatr-kardioloqlardan biridir. O, Azərbaycan Pediatrlar Cəmiyyətinin sədri, türk dünyası pediatrları cəmiyyətinin vitse-prezidentidir. Adilə xanım 1965-ci ildə tibb elmləri doktoru dərəcəsi alıb, 1966-cı ildən professordur. 1971-ci ildə o, SSRİ Tibb Elmləri Akademiyasının müxbir üzvü seçilib. Hazırda Rusiya Federasiyası Tibb Elmləri Akademiyasının üzvüdür. Görkəmli alim 1981-ci ildən səhiyyə əlaçısı və Azərbaycanın Əməkdar elm xadimidir. A.Namazova 1982-ci ildə Respublika Dövlət Mükafatına layiq görülüb. O, uzun illər N. Nərimanov adına Azərbaycan Dövlət Tibb Universitetinin pediatriya kafedrasına başçılıq edib.
Tibb elmləri namizədi, professor Fuad Musayevin sözlərinə görə, Adilə Namazovanın tədqiqatları, əsasən, uşaqlara revmatizm, ürək qüsurları və digər uşaq xəstəliklərinə həsr olunub. İlk dəfə olaraq ürək çəpərinin anadangəlmə qüsurlarının klinik xüsusiyyətlərini A.Namazova öyrənib. O, Azərbaycanın ilk qadın pediatr alimi sayılır. Əsərləri ölkəmizdə və xaricdə çap olunub, həmçinin bir sıra beynəlxalq təbabət məclislərində elmi məruzələrlə çıxış edib. 1989-cu ildə ABŞ-da buraxılmış “Dünyanın ulduz qadınları” ensiklopedik nəşrinə keçmiş SSRİ-dən adı düşən qadınlardan biri A.Namazova olub. Türk dünyasının böyük oğlu, Ümumdünya Pediatrlar Cəmiyyətinin sədri Ehsan Doğramacı Bakıda olarkən deyib: “Türk dünyası pediatrları içərisində Adilə xanım və mən bacı-qardaşıq. O mənim pediatr bacım, mən isə onun pediatr qardaşıyam”.
Qeyd olunub ki, A.Namazova ölkəmiz müstəqillik qazanandan sonra Azərbaycan elminin suverenlik atributu kimi yaradılan Ali Attestasiya Komissiyasının Rəyasət Heyətinə üzv seçilib. Görkəmli alimin elmi yüksəlişi, nailiyyətləri, qazandığı nüfuz həmişə onu yetirən torpağa, həmyerlilərinə başucalığı, iftixar gətirib. O həm də layiqli vətəndaş, el-oba təəssübkeşidir. Qarabağ torpağının son illərdəki ağrılı-acılı günləri Adilə xanımın şəxsi həyatından və ictimai fəaliyyətindən kənarda qalmayıb. Keçmiş Sovet dövründə millət vəkili kimi o, erməni millətçilərinin Qarabağla bağlı əsassız iddialarının ifşa edilməsində var gücüylə çalışıb. Adilə Namazova həmişə doğma rayonu ilə, Qarabağla, onun insanlarının qayğıları, səhiyyə problemlərinin həlli ilə sıx əlaqədar olub. A.Namazovanın zirvələrə ucalan həyat yolu, sadəliyi və nəcibliyi, xalqına göstərdiyi xidmətlər yeni nəsillər üçün dəyərli nümunədir.
Vitse-spiker Bahar Muradova da Adilə Namazovanın zəngin, mənalı ömür yolunu və fəaliyyətini yüksək qiymətləndirib: “İnsan dünyaya gəlir yaşayır, yaradır özündən sonra iz qoyur. İnsan ömrünün əsas hissəsini ailəsinə, yaxınlarına, sevdiklərinə sərf edir. Ancaq Adilə Namazova ömrünün hər anını vətəninə, millətinə, xalqına həsr edib. Bunun üçün də onun həyat yolu hər kəs üçün bir örnəkdir. Adilə Namazova peşəkar həkim kadrların hazırlanmasında müstəsna xidmətlər göstərib. Onun yetirmələri bu gün həkim kimi vətənə, xalqa yüksək səviyyədə xidmət edirlər”. B.Muradova qeyd edib ki, A.Namazovanın qazandığı böyük uğurlar Azərbaycan tibb elminin tarixində ayrıca bir mərhələdir: “Adilə xanım ləyaqətli, humanist, xeyirxah, mehriban insandır. Peşəsində qazandığı uğurlar da bu xüsusiyyətləri ilə bağlıdır. Xeyirxahlıq onun həyat tərzidir”.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova isə vurğulayıb ki, Adilə Namazovanın Azərbaycan tibb elmində parlaq izləri var: “Fitri elmi müdrikliyi ilə gələcəyə çox faydaları və əbədiyaşar elmi-təfəkkür körpüsü salmış korifeylərimiz sayca çox deyil. Lakin onların ümman qəlbinin, kainat tutumlu təfəkkürünün çırağında, nurunda, enerjisində, elmin, ziyanın, biliklərin əsrarəngiz və ecazkar sehri, möcüzəsi gizlənir. Həkim, əsilzadə, xanım-xatın, nəcib və zərif bir Azərbaycan qadını deyəndə Adilə Namazova obrazı gözümüz qarşısında canlanır. Adilə xanım sözün həqiqi mənasında vətəni, milləti üçün əvəzzsiz xidmətlər göstərib. Onun bu xeyirxah əməlləri hər kəsin yaddaşına əbədi həkk olunub”. H.Hüseynova vurğulayıb ki, A. Namazova həmişə həkimlik peşəsini çox uca tutur, həkimi günəşə bənzədərək deyir: “Həkim insanlara günəş qədər lazımdır”. Əslində, A.Namazova özü də yüksək mənəviyyata malik bir günəşdir”.
Sevinc QARAYEVA
525-ci qəzet.- 2011.- 29 dekabr.- S.3.