“Fransa
kimi böyük
dövlət erməni diasporunun girovuna çevrilib”
SEVİNC
FƏTƏLİYEVA: “SƏNƏDİN FRANSA SENATINDA QƏBUL
OLUNMAMASI ÜÇÜN QARŞI TƏRƏFLƏ
İNTENSİV ŞƏKİLDƏ İŞLƏR
APARMALIYIQ”
Müsahibimiz Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyevadır.
– Sevinc xanım, ötən həftə Fransa parlamenti qondarma erməni soyqırımını inkar edənlərin cəzalandırılması ilə bağlı qanun layihəsi qəbul etdi. Fransalı həmkarlarınızın bu mövqeyini necə qiymətləndirirsiniz?
– Əlbəttə ki, təəssüf hiss keçirirəm. Birmənalı olaraq mən bu məsələ ilə bağlı o fikirdəyəm ki, Fransa parlamentində qondarma erməni soyqırımını inkar edənlərə qarşı məsuliyyət müəyyən edən qanun layihəsinin müzakirəyə çıxarılması siyasi maraqlara xidmət edir. Əslində, bu məsələnin araşdırılması ilə mütəxəssislər, tarixçilər məşğul olmalıdır. Amma təəssüf ki, belə olmadı. Bu gün Fransa parlamentinin aşağı palatasının bu qanun layihəsini qəbul etməsi ən azı Avropa dəyərlərinə ziddir. Bu sənədin qəbul edilməsi Fransanın insan hüquq və azadlıqları kimi fundamental dəyərləri tapdaması demək olacaq. Eyni zamanda, proseslərin indiki məcrada inkişafı təbii ki, Fransa-Türkiyə münasibətlərinə heç də müsbət təsir göstərməyəcək. Artıq bu məsələ ilə əlaqədar Türkiyə tərəfi sərt addımlar atmaqdadır.
– Necə düşünürsünüz, bu, Azərbaycan-Fransa parlamentləri arasında əməkdaşlığa nə kimi təsir göstərə bilər?
– Bildiyiniz kimi, Milli Məclisin dekabrın 23-də keçirilən iclasında millət vəkilləri, o cümlədən parlamentin rəhbərliyi Fransa Milli Assambleyasının qəbul etdiyi həmin qanuna kəskin etirazlarını bildirdilər. Əlbəttə ki, Fransa parlamenti tərəfindən belə ədalətsiz qanun layihəsinin qəbul olunması bizim də münasibətlərimizə müsbət təsir göstərməyəcək. Azərbaycan parlamentinin üzvləri olaraq, həmin sənədin Fransa Senatında qəbul olunmaması üçün qarşı tərəflə intensiv şəkildə işlər aparmalıyıq. Nəzərə almaq lazımdır ki, bu dövlət ATƏT-in Minsk qrupunun həmsədridir, lakin Fransa Milli Assambleyasının bu qərarı onun məsələyə qərəzli yanaşmasının göstəricidir. Bu qərarla Fransa ermənipərəst mövqedə olması ilə bağlı ehtimalları daha da gücləndirə bilər. Ümid edirəm ki, bütün bunları nəzərə alan Fransa dövləti sonda bu məsələyə obyektiv yanaşacaq və Senat həmin qanun layihəsini təsdiq etməyəcək. Bir sözlə, ümidvaram ki, sonda məntiq və ədalət qalib gələcək.
– Bir qisim düşünür ki, bu qanun layihəsi erməni lobbisinin fəaliyyətinin təsiridir, digər qisim isə bunu Fransada prezident seçkiləri qabağı düşünülmüş addım kimi xarakterizə edir...
– Təəssüf ki, Fransa kimi böyük dövlət erməni diasporunun girovuna çevrilib. Hesab edirəm ki, burada hər iki amil rol oynayıb. Yəni seçkilərdə Fransada yaşayan ermənilərin səsini qazanmaqdan ötəri müəyyən dairələr erməni diasporunun belə uydurmalarının parlamentdə qəbul olunması üçün dəstək göstərir. Hamımıza məlumdur ki, Avropada erməni lobbisinin ən çox toplaşdığı ölkə Fransadır. Təbii ki, Fransada hakimiyyətə gəlmək istəyənlər bu gücdən yararlanmağa çalışırlar. Ermənilər üçün isə indiki dövrdə yeganə “rıçaq” məhz elə qondarma soyqırımı məsələsidir...
– Sizcə, Azərbaycan parlamentində də adekvat olaraq bu kimi qanun layihəsi qəbul olunmalıdırmı? Məsələn, Xocalı soyqırımı ilə bağlı və sair...
– Bildiyiniz kimi, Azərbaycan torpaqlarının 20 faizi işğal olunub, 1 milyondan çox insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. 1992-ci ildə ermənilər tərəfindən Xocalıda yüzlərlə dinc azərbaycanlı qətlə yetirilib. Bu qətliamın məsuliyyəti isə hal-hazırda Ermənistana rəhbərlik edən şəxslərin üzərinə düşür. Əgər Fransa parlamenti ədalətlidirsə, onda bütün dünyanın gözü qarşısında baş verən Xocalı soyqırımını tanısa daha yaxşı olar. Özümüz də şahidik ki, Fransa parlamentində qəbul edilmiş absurd qanun layihəsi nəinki Türkiyədə, hətta dünyada, eləcədə Fransaya yaxın, müttəfiq ölkələrdə də birmənalı qarşılanmır. Biz öz addımlarımızla buna oxşar hərəkətlərdə diqqətli olmalıyıq. Bəli, hamımız bilirik ki, ermənilərin qondarma soyqırımından fərqli olaraq, Xocalıda əsl etnik təmizləmə, soyqırımı hadisəsi baş verib. Bizim də borcumuzdur ki, bunu dünya ictimaiyyətinə çatdırıb, daim gündəmdə saxlayaq. Lakin bizim əsas səylərimiz daxili, birtərəfli qərarları qəbul etmək yox, beynəlxalq qurumlarda həqiqətin hansı tərəfdə olduğunu göstərib sübut etməkdir.
KAMİL
525-ci qəzet.- 2011.- 30 dekabr.- S.3.