“Kaspi”
– üç əsrin ziyalı
tribunası
Xalqın, cəmiyyətin taleyüklü problemlərinin həllində böyük vəzifələri yerinə yetirmiş və yetirməkdə olan mətbuatın tarixi həmişə elmi ictimayyətin diqqət mərkəzində olub. Mənəvi dəyərlərimizin, mədəniyyətimizin yenidən qiymətləndirilməsi, bunlara yeni müstəvidən baxış müasir Azərbaycan ziyalılarının elmi-təhlil süzgəcindən keçirdiyi həlli vacib məsələlərdəndir.
XIX əsrin sonu, XX əsrin əvvəllərində Zaqafqaziyada böyük nüfuz qazanmış “Kaspi” 38 illik fəaliyyət dövründə oxucularını dövrün əhəmiyyətli hadisə və yenilikləri ilə tanış etmiş, müxtəlif yazıçı və jurnalistlərin publisistik çıxışlarına öz səhifələrində yer vermişdir. 1897-ci ilin oktyabr ayında Bakı milyonçusu H.Z.Tağıyev qəzeti və mətbəəsini 57 min manata satın almışdır. Demokratik məsləkli bu qəzetin ətrafında dövrün azad fikirli mütərəqqi ədəbi qüvvələri–qabaqcıl ziyalıların nümayəndələri, yazıcıları, publisistləri– Həsən bəy Zərdabi, Əlimərdan bəy Topçubaşov, Məhəmmədağa Şaxtaxtlı, Əhməd bəy Ağaoğlu, Əli bəy Hüseynzadə, Cəlil Məmmədquluzadə, Nəriman Nərimanov, Ceyhun Hacıbəyli, Sultan Məcid Qənizadə və başqaları toplaşmışdılar. Onlar öz fəaliyyətlərində real və konkret vəziyyətdən çıxış edərək Azərbaycan xalqının həyatındakı “ağrılı nöqtələr”i vaxtında və həssaslıqla duya bilirdilər. Dövrün “ağrılı nöqtələr”i dedikdə ilk növbədə xalq cəhaləti, milli məsələ – müsəlman türklərinə qarşı təxribatlar, təhsillə bağlı problemlər, xalqın maarifləndirilməsi, Şərq ətaləti, Azərbaycan qadınının hüquqsuzluğu, islami dəyərlər və digər ictimai mətləblər nəzərdə tutulur. Milli istiqlal düşüncəsinin formalaşmasına xidmət edən yazıçı və publisistlər Azərbaycan dilində mətbu orqan çıxmadığı dövrdə Zaqafqaziya türklərinin yaşam tərzi, həlli vacib problemlərini məhz “Kaspi” qəzeti vasitəsi ilə bəyan edirdilər.
1919-cu ilin martına qədər fəaliyyət göstərən “Kaspi”də V. Kuzmin (1881-1887), V. Liçkus-Xomotov (1887-1888), P. Qordiyevski (1888-1889), N. Sokolinski (1889-1897), S. Mixaylov (1890), M. Şaxtaxtinski (1891-iyun-avqust), M. Uspenski (1892), K. Karyaqin (1894-1897), Ə. Topçubaşov (1898-1907), Ə. Hüseynzadə (1907) və A. Veynberq (1907-1919) redaktor kimi çalışmışlar.
80 ildən sonra məhz mart ayında “Kaspi” həftəlik qəzet kimi yenidən fəaliyyətə başladı. Azərbaycanın xeyriyyəçi maarifpərvəri H. Z. Tağıyevin qoyduğu yolun bu gün də davam etdirilməsi, irs-varislik ənənələrinin yaşadılması millətsevərlikdən, mənəvi zənginlikdən irəli gəlir. Vətənpərvərlik duyğusu, milli təəssübkeşliyi ilə tanınan, elm sahəsində və söz sənətində öz dəsti-xətti olan Azərbaycanın xanım ziyalısı, filologiya elmləri üzrə fəlsəfə doktoru Sona Vəliyevanın dəstəyi və rəhbərliyi ilə “Kaspi”nin yenidən mətbuat arenasına çıxması yeni mərhələ kimi dəyərləndirilməlidir. Filologiya elmləri doktoru, professor Alxan Bayramoğlunun “Kaspi” qəzeti-sələfinin layiqli davamçısı kimi” məqaləsində deyildiyi kimi: “Kaspiçilər də sanki öz böyük sələflərinin çağırış və yaradıcılıq tövsiyələrinə əməl edərək, qələmlərini...milli mənafe baxımından, necə deyərlər, məhz ürəklərinin qanı ilə işlətdilər”. Təqdirəlayiq haldır ki, “Kaspi”yə bu gün tanınmış jurnalist Natiq Məmmədli baş redaktorluq edir. Hazırda qəzetin oxucu auditoriyasının genişlənməsində bu şəxsin böyük təcrübəsi mühüm rol oynayır. Qəzet həftəlik 24 səhifədən ibarət ədəbiyyat əlavəsi ilə nəşr edilir. Onun səhifələrində mətbuat tarixinin hələ bir çox açılmamış, öyrənilməmiş sahələrinə, sovet ideologiyasının təsiri nəticəsində zəngin yaradıcılıqları tədqiqatlardan uzaq qalmış və ya təhrif olunmuş şəxsiyyətlərin həyat yoluna yeni baxış bucağından nəzər yetirilməsi, tarixin qaranlıq səhifələrinə yenidən işıq salınması bunu deməyə əsas verir ki, qəzet bugünkü nəsil üçün ictimai-siyasi fikir tariximizin öyrənilməsində çox işlər görəcəkdir.
Bu günlərdə Bakı Mətbuat Mərkəzində qəzetin 130 illik yubileyi ilə əlaqədar keçirilən tədbirdə qəzetin təsisçisi S. Vəliyeva “Tarixi “Kaspi”nin varisləri kimi milli kimliyimizlə, milli varisliyimizlə fəxr etməyə bilmərik” deməklə milli-tarixi yaddaş, milli-mənəvi dəyərlərin qorunmasında bu yolun uzun yolçusu olduqlarını bir daha təsdiq edir.
“Kaspi” qəzetinin (1881-1919) 130 illik fəaliyyətini özündə əks etdirən “Üç əsrin qəzeti” kitabı da qəzetin bu sahədə uğurlarından biridir.
“Üç əsrin qəzeti” adlı kitab Azərbaycan mətbuatında irs-varislik, sələflik nöqteyi-nəzərdən qiymətlidir. Kitabda özünə yer tapan “Kaspi” qəzetinin nəşri, yazarları haqqında yeni araşdırmalar maraq doğurur. Müasir “Kaspi” qəzeti 130 illik münasibətilə 2011-ci ilin aprelin 1-dən mətbuat tarixinin araşdırmaçıları və ekspertlər arasında elmi və publisistik məqalələrin qəbulu üçün müsabiqə elan etdi. Bu ilin avqustun 31-nə kimi davam edən müsabiqəyə təqdim olunan əsərlər münsiflər tərəfindən dəyərləndirilərək kitabı daxil edilib. Təqdim olunan araşdırmalar bir daha təsdiq edir ki, müstəqillik əldə etdikdən sonra artıq Azərbaycan mətbuat tarixinin digər mətbu orqanları kimi, “Kaspi” qəzeti də özünün layiqli qiymətini tapıb. Tədqiqatlardan görünür ki, zaman keçdikcə bu qəzet ətrafında aparılan araşdırmalar daha da canlanmış, daha çox öyrənilməyə, ictimayyətin təfəkkürünə yol tapmağa başlamışdı. Kitabda S. Mövlayevanın, Ş. Hüseynovun, A. Məmmədovun, Ş. Vəliyevin, A. Tahirlinin, Q. Quliyevanın, L. Hacıyevanın, S. Məmmədovanın və digərlərinin tədqiqatları bunu deməyə əsas verir ki, SSRİ dövründə tamamilə izləri yaddaşlardan silinmiş yazarlar, ədiblər, onların yaradıcılıq qabiliyyəti, yaradıcılıq yolları, elmi təfəkkürləri, məntiqli mülahizələri və ədəbi –tənqidi mübarizə yolları öz tarixi həqiqətini- xalqa, millətə xidmət dəyərini bu gün əbədiləşdirir..
Kitabda “Kaspi” qəzetinin ilk tədqiqatçısı S. Mövlayeva ilə müsahibə maraq doğurur. Müsahibədə qəzetin fəaliyyəti ilə bağlı bir çox məqamlara aydınlıq gətirir. Eləcə də 1918-ci ildə mart qırğınları zamanı mətbəənin ermənilər tərəfindən top atəşinə tutularaq yandırılması, hətta C. Məmmədquluzadənin qəzetə göndərilən yeganə məqaləsi haqqında da yeni maraqlı informasiyalar verilir.
Prof. Ş. Hüseynovun “Əli Mərdan bəy Topçubaşi və “Kaspi” qəzeti” araşdırmasında Ə. Topçubaşovun qəzetin 133-cü nömrəsində dərc olunmuş, mətbuatın cəmiyyətdə, xalqın ictimai-siyasi, mədəni həyatında həlledici rolunu müəyyənləşdirən və bu gün də aktuallığını saxlayan proqram səciyyəli “Redaksiyadan” sərlövhəli yazısı, həmçinin “Bakıda tatar (Azərb.) dilində qəzet” məqalələri bu günkü mətbuat tariximiz üçün qiymətli mənbədir. Filologiya elmləri üzrə fəlsəfə doktoru Qərənfil Quluyevanın “Kaspi”də çap olunan yeganə azərbaycanlı şairə-Sona Axundova haqqında yeni tapıntısı da qəzet haqqında yeni tapıntıdır.
Bu gün “Kaspi” öz keçmiş ənənəsinə sadiq qalır. 130 il əvvəlki “Kaspi” ilə müasir “Kaspi” demək olar ki, eyni mübarizə, eyni savaş, eyni amal uğrunda mübarizə aparır. 130 il əvvəlki mübarizə mükəmməlliyidir ki, bu günkü “Kaspi” onun izini araşdırıb və onun izi ilə gedir, onu gələcəyə daşıyır.
Aygün ƏZİMOVA,
filologiya elmləri üzrə fəlsəfə
doktoru
525-ci qəzet.-
2011.- 30 dekabr.- S.4.