Polşada üç gün

 

Hekayə

 

Üçüncü yer

 

Bakı...Bir zamanlar göz bəbəyim olan şəhər. Havası olmadan yaşaya bilməyəcəyim şəhər indi nədənsə boğurdu məni.Ən acı xatirələrim bu şəhərlə bağlı idi...

Bir zamanlar onunla eyni şəhərin havasını udurduq..indi isə onsuz bu şəhər çox dözülməzdi.Bu şəhər almışdı onu mənim əlimdən. Onunla birgə gəzməkdən doymadığım küçələrdə indi yalnız gəzib dolaşırdım. Xatirələri yada salıb için-için ağladığım bu küçələr sanki onsuzluğun mənim üçün nə qədər ağır olduğunu anlayırmış kimi inildəyirdi. Xəzərin sahilinə gedirdim hər dəfə. Onunla birgə oturduğumuz qayalıq indi mamır bağlamışdı. Sanki burda tökdüyüm göz yaşlarım qayaları bugünə qoymuşdu.Hələ də isti hənirtisi olan payız havası məni soyuq qış kimi üşüdürdü. Bəlkə də məni üşüdən onun yoxluğu idi...

Bu şəhərdən çıxıb getmək istəyirdim.Xatirələr isə insafsızcasına ayağıma dolaşırdı...

Yox,qəti qərar vermişdim...Bir  neçə günlük də olsa gedəcəkdim Bakıdan.

Ailəmi yola gətirmək çətin oldu. Amma onlar da baş verənləri görürdülər.Görürdülər ki, kursantımın yoxluğu məni hər keçən gün bir az daha məhv edir. Görürdülər ki,Bakı məni boğurdu.

Çox yaxın bir rəfiqəm Lalə Polşaya təhsil almağa getmişdi. Laləylə uşaqlığımız bir keçmişdi.Buzovna bağlarında,dəniz kənarında az gəzməmişdik ayaqyalın, başaçıq. Lalənin anası rus əsilli idi. Lalə də yarı rus, yarı azərbaycanca danışırdı. Bu da onun dilinə şirinlik gətirirdi.Telefonumda Lalədən bir mesaj:

“Sabaxın xeyir, milaya...kak delişki..? Masi bugün sizə gəlmək istiyir. Nu vaxt elə, evdə tapıl, soskuçilas po tebe”

Bakıdakı günlərimiz maraqlı keçirdi. Dərsdən vaxt tapan kimi bir araya gəlib, aləmi qatırdıq. Onun yanında danışmamaq, gülməmək olmurdu. Lalə BDU-də oxuyurdu, Polşaya 2-ci kursdan sonra Təhsil Nazirliyinin tələbə mübadiləsi proqramı ilə getmişdi. Onsuz çox darıxırdım. Onsuz da son bir ildəki susqunluğum Lalə gedəndən sonra lap çoxalmışdı. Saatlarla skype-da, agent-də, facebook-da danışırdıq. Amma yanımda olmağının yerini heç nə vermirdi. Ən çox da “Dur, gedirik Sahilə, bu nədi,  nənəm kimi bardaş qurub oturmusan”. Onun bu cümləsinə heç cür etiraz etmək olmurdu. Ən çox sevdiyi şaurma idi. Məni də şaurma xəstəsi eləmişdi. Onsuz lap tək qalmışdım...

Amma biletim artıq hazır idi..

Sabah 12 civarında artıq Polşada olacaqdım. Sevimli rəfiqəmi görəcəkdim. Onu bağrıma basacaqdım. İlahi, bu hissi sözlərlə ifadə etmək heç cür olmurdu.

Və budur, Varşava hava limanındayam. Lalənin politologiyadan imtahanı var idi. Gələ bilməmişdi qarşılamağa.Telefonda özünü elə hey danlayırdı, imtahanın niyə bu günə düşdüyünə əsəbləşirdi. Bizdə tətil olsa da Polşada ixtisas imtahanları hələ də davam edirdi. Eybi yox, deyib sakitləşdirmişdim onu. Ünvanı, küçənin, binanın, mənzilin nömrəsini vermişdi. Hətta demişdi ki, açarı qarşıdakı qonşuya verib. Demişdi ki,”Lala” desən çıxardıb verəcək açarı...

Məktəb vaxtı ingilis dilini yaxşı oxuyurdum. Fikrim diplomat olmaq idi. Bizim yarımqrupda ən yaxşı mən bilirdim. Bağışlayın, bir az təvazökarlıqdan uzaq oldum. Sonra anamın sözünü yerə salmayıb işlərimi Tibb universitetinə vermişdim.Vallah, heç özüm də bilmədən gözümü açıb gördüm ki, artıq tələbəyəm. Sonradan bu universiteti də, həkimliyi də sevməyə başladım...özüm də anlamadan tibb həyatımın mənasına çevrilmişdi.

Elə məktəb vaxtı öyrəndiyim o bir-iki kəlmə köməyimə çatdı. Taksi sürücüsünə kağızdakı ünvanı göstərdim.Pəncərədən baxdıqca Varşavanın köhnə ənənələr şəhəri olduğunu düşündüm: qədim binalar...Bakının səs–küyündən sonra bura mənə cənnət kimi görünürdü. Nəinki Varşava, ümumiyyətlə Polşa haqqında təsəvvürlərim o qədər də çox olmayıb heç vaxt. Ən yaxşı halda məşhur futbol klubunun adıyla bitirdi bu biliklər, “Visla”la. Taksi məni düz həmin binanın qarşısında düşürtdü. Lalənin təsvir etdiyi binanın qarşısında idim. Eybəcər bir intonasiya ilə nə qədər ödəyəcəyimi soruşdum.       

Cavabında 30$ sözündən başqa heç nə anlamadım.Taksi pulunu çantadan çıxardanacan  əşyalarımı düşürtdü. Əşyalarım çox deyildi, bir neçə günlük gəlmişdim. Lalənin dediyi kimi 4-cü mərtəbəyə qalxdım. Üzbəüz qonşusunun zəngini basdım. Nə yalan deyim, qapını ya orta yaşlı xalanın, ya da qoca babanın açacağını düşünürdüm. Yanıldım. Qarşımda sarışın, hündür boylu, gözləri təbəssüm dolu bir gənc dayanmışdı. Məni heyrətə salan onun əynindəki hərbçi paltarı idi. Bir anlıq da olsa baxışlarımız toqquşdu.Tez gözlərimi çantalara dikib,“Lalə’’- deyə səsləndim.

Oğlan başa düşmüşdü, divardan açarı götürüb mənə uzatdı. Heç çox sağol da demədim,onun qapısından uzaqlaşdım.

Və budur Lalənin mənzilindəyəm...

Hər şey elə mən təsəvvür etdiyim kimi idi. Hər şey Lalənin zövqü ilə sahmanlıydı. Pəncərə kənarında ikimizin də sevdiyi kimi dibçək gülləri vardı. Hər tərəfdə şamlar  birdə divarlardakı abstrakt rəsmlər, yəni bizim ortaq olmayan yeganə məqam. Heç sevmirdim bu abstrakt əsərləri. Məsələn, düz ortada qara bir nöqtə. Di gəl, bundan baş aç ki, nədi bu.

Mənzil çox rahat idi, soyuducuda hazır yemək də var idi. Lalə nəyin harada olduğunu, necə etməli olduğumu kağıza yapışdırıb soyuducunun üstünə yapışdırmışdı. Çox sevdiyim “Mimoza” hazırlamışdı. Dadına baxanda bütün həyatım biranlıq keçdi gözümün önündən.Ölmüşün əlinin duzu var idi.Mənə də çox şeyi o öyrətmişdi.Depressiyaya düşən kimi götürüb zəng eləyirdim: –Lalə, mənə təzə resept de.

Divana uzandım. Nədənsə qapını üzümə açan sarışının siması gözümün önündən getmirdi. Diqqətimi cəlb edən onun yaraşığı deyildi, əynindəki hərbçi paltarı idi məni heyrətləndirən. Elə bu fikirlərlə də yuxuya getdim.

Yuxudan qəfil oyandım. Kimsə məni qıdıqlayırdı. Həyatda ən nifrət etdiyim şey idi. Hətta kimsə uzaqdan belə barmaqlarını mənə tərəf uzatsaydı, dəli olurdum.

Bu mənim gözəlim idi...Lalə, məni oyatmağın yolunu bilirdi. Başımın üstündə görən kimi yerimdən qalxıb ona sarıldım. Sonuncu dəfə 6 ay əvvəl görmüşdüm. Saçları uzanmışdı. Elə bil azca arıqlamışdı. Görüş  mərasimi bitdikdən sonra başımı dizlərinin üstünə qoydum.Sadəcə darıxmışdım...

Gecə saat 04:36 idi. Bizsə söhbət etməkdən doymurduq. Birdən duruxdu...”Qonşum xoşuna gəldi?”- deyə yarızarafat, yarıciddi soruşdu. Düzü, nə deyəcəyimi bilmirdim.Onsuz da ağzımı açmağa imkan vermədi.

Aleksandr, qısaca Aleks... Anası polyak əsilli, atası rus olan bu gənc Polşa hərbi akademiyasını bu il bitirib, 6 aydı ki, burda Lalənin qonşusudu. Aleks Yeqorskda doğulub,valideynləri ayrılandan sonra anası Aleksi də götürüb Varşavaya qayıdır, ata-anasının yanına.Aleks əvvəl özəl hərbi məktəbdə oxuyur, daha sonra akademiyaya qəbul olunub, bunları o danışdı.

Lalə məni gözəl tanıyırdı. Kursant dolu həyatımın hər anını bilirdi. Bilirdi ki, necə də olmasa Aleksin əynindəki hərbi geyim mənim diqqətimi çəkəcək. Bu düşüncələrlə də Lalənin dizləri üstə yatıram...

Polşada səhəri açmaq maraqlı idi. Saat 11-in yarısı durdum, yarıyuxulu halda mətbəxə doğru addımladım. Birdən dayandım. Evdə Lalədən başqa da kimsə var idi. Qonaq otağının qapısından içəri boylandım.Təəccüblü deyildi. Bu səhər süfrədə tək olmayacaqdıq. Aleks qonağımız idi. Lalə mətbəxdən çıxıb tələm-tələsik rusca danışmağa başladı:

–Poznokomsya, moya lyubimaya podruşka Aysel.

Üzünü mənə çevirib dedi:

– Aska, bugün Aleks bizi şəhəri gəzdirəcək...

Eto budet dlya menya bolşoy çestyu – deyə Aleks oturduğu yerdən durdu və gəlib mənimlə salamlaşdı.

Yarım saata Lalə də, mən də hazır idik.Aleks bu kiçik səyahətə Köhnə Şəhərdən başlamağı məsləhət gördü.                                                                            

Köhnə Şəhər... bura daxil olduğun zaman qarşında tamamilə başqa mənzərə açılırdı.                                           Bakının İcərişəhərini xatırladan, həm də ondan çox fərqlənən bir mənzərə var idi qarşımda. Qəribə bir ilıqlıq var idi burada. +3 dərəcə temperatura baxmayaraq buludların arasından arabir özünü göstərən Günəş həlimlik qatırdı havaya...

Köhnə Şəhəri daha çox qotika və barokko üslubunda tikilən binalar təşkil edirdi.Ən əzəmətli binası Zamek Krolevskidi. Bu bina II Dünya müharibəsində dağıdılmış, 1970-80-ci illərdə yenidən bərpa olunmuşdu.Aleks içəri keçmək üçün bilet aldi bizə. Yalnız bazar ertəsi xaric həftənin bütün günləri giriş pullu idi.

İçəridə hansısa Polşa rəssamının sərgisi keçirilirdi. Sarayı bir qədər gəzib ayrıldıq oradan. Daha sonra Pelekan evi, Barbikan evini dolaşdıq.Artıq saat 4 idi.Acmışdıq hamımz. Aleks bizə maraqlı bir yer təklif etdi. “Stare Miasto” Polşa ənənələrinə sadiq bir yer idi.Ümumiyyətlə Polşada bütün yeməkxanalar adətən az adam üçün nəzərdə tutulmuşdu.Hər restoranda maksimum 5-6 stol qoyulurdu.

Polşa ənənələrini özündə əks etdirən yeməklərin dadına baxdıq, məndən yeməklərin adını soruşmayın. Bunun üçün Laləyə müraciət edin, bir-iki resept öyrənməyə də macal tapmışdı hələ.

Artıq gec idi. Aleks bizi evə aparmğa qərar verdi.Sabah Lalənin daha bir imtahanı vardı.Yorğun olduğumdan şam eləməyib yatdım.

Səhər oyananda artıq Lalə getmişdi. Süfrədə hər şeyi hazır qoyub getmişdi. Bu gün Aleks məni tək gəzdirəcəkdi.Yeməyimi yeyib,süfrəni yığışdırdım.Qapı döyüldü.Aleks artıq hazır idi.

Polşada  ikinci gün...Səyahətimiz Varşavanın ən böyük küçəsi Nowy Swiat küçəsindən başladı. Daha sonra Varşavanın ən böyük meydanlarından biri olan Üçlü Xaç meydanına getdik, burada ən möhtəşəm kilsələrdən biri yerləşirdi. Kilsə 1818-25-ci illərdə neoklassisizm üslubunda  tikilmişdi. Daha sonra 1886-95-ci illərdə iki qüllə və bir qübbə də əlavə olunmuşdu. 1944-cu ildə Varşavada baş verən hadisələr zamanı dağılmış, sonra yenidən bərpa olunmuşdu.Varşavanın ən gözəl 230 metr hündürlüyü olan Voluminous sarayından seyr etmək olar məncə.Sanki bütün şəhər ayaqlarının altında idi.

Bu sarayı Stalin Polşaya hədiyyə etmişdi.

Bütün bunları danışan Aleksə böyük heyranlıqla baxırdım.O danışdıqca gözlərimi ondan çəkmirdim.Mehriban təbəssümü, arada zarafatları məni darıxmağa qoymurdu.Aleksin”Ti vseqda tak qrustiş?” sualı məni yuxudan ayıltdi sanki.Sanki qeyri-təbii bir qüvvə olanları ona danışmağa vadar etdi:

  2-ci kursda oxuyurdum.Onunla tanışlığımız dekabr ayına təsadüf etmişdi.Bəlkə də aramızda ilk baxışdan məhəbbətə inananlarınız yoxdu.Amma biz inanmışdıq..Elə ilk baxışdan aşiq olmuşdum ona. Hərbçi idi, akademiyanın 4-cü kursunda oxuyurdu.Ona hər şeyi ilə heyran idim. İdeal cütlüklər olmur deyirlər,bəlkə biz də ideal deyildik, amma fərqli idik.Saatlarla birlikdə gəzib dolaşırdıq. Elə  ayrılığın ilk addımında darıxırdıq, evə çatan kimi sarılırdıq telefona.

Beş ay sonra nişanlandıq. Ailələrin narazılığına səbəb yox idi. Bütün yollar açıq idi bizim üçün. Ailəsi məni çox istəyirdi,xüsusilə də bacısı.

O gün telefondakı səs də bacısının idi:

–Aysel, Neftçilər Xəstəxanasına gəl...

Sadəcə tək bir cümlə məni atmışdı evdən bayıra.Qaraciyər serrozu idi. Bunu eşidəndə hamı kimi mən də inanmamışdım, dedim yəqin zarafatlarından biridi yenə.

Amma torpağa tapşırılan günü anlamışdım ki,bu zarafat deyilmiş.Qəbristanlıqda üşümüşdüm.Elə bildim yenə gəlib gödəkçəsini çixarıb verəcək mənə. Bağrına basıb alnımdan öpəcək.”Sən mənimsən,sadəcə mənim” deyəcək.Yenə ordakı yad nəzərlərə qısqanacaq məni. Üzümü qucağında gizlədəcək.

Yenə siqaret yandıracaq, mən də siqareti yandırmamış yalandan öskürəcəm, “Ay şeytan, hələ heç yandırmamışam eyy”-deyə ürəkdən güləcək.Yenə əllərim əllərində isinəcək. Yenə metroda qulaqcıqların bir ucu onun qulağında, biri mənim qulağımda sevdiyim mahnıya birlikdə qulaq asacağıq...Yenə...

Nəzərlərdən uzaqlaşıb evə gəldim. Doğum günümdə aldığı ayını bağrıma basıb ağladım.An olurdu ki, öz səsim özümü qorxudurdu.Hıçqırıqlarım özümə vahiməli gəlirdi. Elə  bil pis yuxu idi hər şey...Ya da qorxulu bir film. Uzaqdan baxırdım öz həyatıma...Ruh kimi dolaşırdım, nə dərslər, nə praktika, heç nə vecimə deyildi. Həyatım dəyərsizləşmişdi mənim üçün...Sanki heç nə çatmırdı mənə...Sanki ətrafdakılardan təcrid olunmuşdum. Elə bil ki, bu dünyada yaşamırdım...

Bunları danışdıqca Aleks heyrətlə dinləyirdi məni və bunları danışdıqca gözlərimdən yaş damlaları gilələnirdi.Maraqlı burasındadı ki, Aleks heç nə danışmırdı, sadəcə susurdu...Biz evə doğru Nowy Swiat kücəsi ilə irəliləyirdik, son 30 dəq. ərzində heç birimiz bir kəlmə də danışmamışdıq. Birdən Aleksin boğazındakı boyunbağıya taxılmış üzüyə sataşdı gözlərim. Baxışlarımdan bunun nə olduğunu soruşmaq istədiyimi anladı, mən soruşmadan cavablandırdı.

Anasının nişan üzüyüydü. Bir gün evlənəcəyi qızın barmağına taxacaqdı bu üzüyü o da...

Artıq evdəydim. Bu gün olanlar məni ovsunlamışdı.Yorğun bir halda divana uzandım...

Bu gün Polşada  üçüncü və sonuncu günümdü.Axşam saat 21:30-da təyyarə qalxır.Elə bu fikirlə  də yuxudan oyanıram. Lalə ikimizin də çox sevdiyimiz mahnını ifa edirdi.Bir zamanlar bu mahnı Bakıda da məşhur idi: Yolka “Provans”...

Yuxulu-yuxulu mətbəxə getdim.Heç nə yemək istəmirdim.Sadəcə bir stəkan çay içdim, Lalədən imtahanın necə keçdiyini soruşdum,”Keçmişəm”- deyə cavab verdi.

Saat 2-yə qədər söhbətləşdik,ordan-burdan, xatirələrdən...Buzovnadakı günlərimizdən,imtahana hazırlaşmağımızdan...Nə bilim, ilk dəfə şəhərə tək çıxdığımız gündən...

Saatın iki olmağına baxmayaraq Aleksdən hələ də bir xəbər yox idi. Onu görmək istəyim dəqiqələr keçdikcə artırdı...Axı, necə ola bilər ki, mən onu görmədən yola düşəcəm?

Lalə ticarət mərkəzinə getməyi təklif elədi, onsuz da hələ vaxtımıza var idi. Hədiyyə almaq mənim də könlümdən keçirdi.Polşada əqiq daşları çoxdu, onlardan hazırlanan boyunbağları, suvenirlər çox məşhurdu.Mən bir neçə dükandan həm özüm, həm də anam və qrup qızları üçün hədiyyələr seçdim.

Evə qayıdanda artıq 6 idi və hələ də Aleksden bir xəbər yox idi. Budur artıq çamadanım hazırdı, Lalə taksi çağırır və hava limanına yola düşürük.Yol boyu “Yenidən bu gözəl şəhəri  görə biləcəyəmmi?”, “Aleks, niyə mənimlə sağollaşmadı?”, “Bakıda məni nələr gözləyir?”sualları beynimdən çixmırdı, Lalə də əlimdən bərk tutmuşdu, ondan ayrılmaq isə ayrı bir dərd idi.

Varşava hava limanındayıq. Qeydiyyatdan keçmişik artıq.Təyyarənin qalxmağına dəqiqələr qalıb...

Laləni bağrıma basıram.Hər ikimiz ağlayırıq  hər ikimiz ağladığımızı bildirməməyə çalışırıq. Zarafatımızdan da qalmırıq.Budur irəli doğru addımlıyıram və bu zaman kimsə qırıq və tanış olan bir intonasiya ilə adımı çəkir:

–Aysel!!!!

İnana bilmirəm, Aleksandrdı... Donub qarşımda. Əlində anasının yadigarı üzük qarşımda diz çöküb...

–Aysel, ya xoçu çto bı ti eto kolso vseqda nosila s soboy. Pojaluysta, bud  moyey jenoy...

Bütün hava limanı sanki bizi üzük qaşı kimi dairəyə almışdi...Bu sözlər məni ovsunlamışdı...Amma təəssüf mənim getməkdən başqa çarəm yox idi. Ailəm, sevdiklərim Bakıda məni gözləyirdi.

Üç ay sonra

Saat 14:36,notebooku açıb sevimli rəfiqəmdən mail görürəm:

–Salamik, milaya, necəsən? Darıxmışam sənin üçün...Sabah Bakıya gəlirəm.Sənə qəşəng xəbərim var, bilirsən Bakıya mənimlə kim gəlir? Aleksandr....

 

 

Aysel Xəlilova

 

525-ci qəzet.- 2011.- 31 dekabr.- S.30.