İxtisasartırma təhsili: inkişaf naminə atılan addımlar

 

Ümumi təhsil sistemində həyata keçirilməkdə olan məzmun islahatları – yeni fənn kurikulumlarının, qiymətləndirmə sisteminin tətbiqi, müasir təlim metodlarının təlim prosesində istifadəsi pedaqoji kadrların ixtisasının artırılmasını zəruri edir. Bununla əlaqədar ölkənin bütün ümumtəhsil məktəblərinin ibtidai sinif müəllimləri xüsusi proqram əsasında fənn kurikulumlarının tətbiqi üzrə ixtisasartırma təhsilinə cəlb olunub.

İxtisasartırma təhsili prosesinin keyfiyyət parametrlərinin xüsusi meyarlar vasitəsilə qiymətləndirilməsi məqsədilə monitorinqlər aparılıb. 2010-cu ildən başlayaraq ixtisasartırma təhsili sahəsində yeni modelin tətbiqi və modul-kredit sisteminə keçidlə əlaqədar tədbirlər həyata keçirilməkdədir. Təhsil naziri Misir Mərdanovun sözlərinə görə, ənənəvi ixtisasartırma modelinə əsasən ixtisasartırma təhsili bir müəssisə tərəfindən həyata keçirilib. Təlimlər kifayət qədər səriştəsi olmayan və xüsusi hazırlıq keçməyən əməkdaşlar tərəfindən pərakəndə şəkildə aparılıb. Müəllimlərə məcburi olaraq yalnız bir proqram təklif edilib, proqram qiymətləndirilməyib və keyfiyyətinə təminat verilməyib. İcbari və nəticəyönümlü olmadığı üçün xeyli sayda müəllimlər müəyyən edilmiş ixtisasartırma dövründə təlimlərdən kənarda qalıb. İxtisasartırma təhsilinin nəticələri üzrə monitorinqlər aparılmayıb, ixtisasartırma təhsilinin nəticələri stimullaşdırılmır, ixtisasartırma təhsili bütün hallarda müəllimlərin iş və yaşayış yerindən xeyli uzaq olan müəssisələrdə həyata keçirilir, tələbat və ehtiyaclar öyrənilmədiyindən, proqramlarda nəzərə alınmadığından müəllimlər kurslara gəlmirlər. Yeni ixtisasartırma modelinə görə isə QHT-lər və digər maraqlı tərəflər də prosesə cəlb edilməklə ixtisasartırma təhsili sahəsində rəqabət mühiti formalaşır. Peşəkar və səriştəli təlimçilər hazırlanır, komanda formalaşır, müəllimlərə ixtisasartırma proqramlarında seçim imkanı yaradılır. Təklif edilən ixtisasartırma proqramları qiymətləndirilir və qəbul edildikdə tətbiqinə razılıq verilir, nəticəyönümlü olduğu üçün müəllimlər icbari olaraq müəyyən edilmiş ixtisasartırma dövründə təlim kursundan keçirlər. Keyfiyyətin təmin edilməsi məqsədilə ixtisasartırma proqramlarının həyata keçirilməsi prosesi, onun nəticələri üzrə monitorinqlər aparılır. İxtisasartırma təhsilinin nəticələri stimullaşdırılır. İxtisasartırma təhsili bütün mümkün hallarda yerlərdə, təhsil müəssisələrində həyata keçirilir, tələbat, ehtiyacların öyrənilməsi daha səmərəli və effektiv yollarla təhsilmüəssisələri – təhsili idarəetmə orqanları – Təhsil Nazirliyi və əlavə təhsil strukturları tərəfindən həyata keçirilir. Nazir bildirib ki, Təhsil Nazirliyi tərəfindən 2010-2011-ci dərs ilində I siniflərdə dərs deyəcək ibtidai sinif müəllimləri üçün təlim kurslarının təşkili məqsədilə TSİİL çərçivəsində keçirilmiş tenderə əsasən təlimlərin respublikanın bütün rayon və şəhərlərini əhatə etməklə 12 lot üzrə həyata keçirilməsi nəzərdə tutulub. Tender komissiyasının qərarına əsasən 4 təşkilat: Müasir Təhsil və Tədrisə Yardım Mərkəzi, “İnkişaf” Elmi Mərkəzi, Azad Müəllimlər Birliyi, Şəxsiyyətin inkişafı və yeni pedaqoji texnologiyalar üzrə İctimai Birlik təlim kurslarını keçirmək hüququ qazanıb. 2010-cu ilin iyun-sentyabr aylarında 112 təlim mərkəzində yaradılmış 355 qrupda, 109 təlimçi tərəfindən 7778 nəfər ibtidai sinif müəllimi 6 günlük (36 saat) təlim kursundan keçmiş və əldə etdikləri bilik və bacarıqların səviyyəsinə görə uyğun olaraq onlara sertifikatlar verilib. 6 günlük (36 saat) təlim kursunun müəllimlərə müvafiq bacarıqların aşılanması üçün kifayət etmədiyi nəzərə alınaraq, 60 saatlıq (10 günlük) tədris planı və proqramı hazırlanıb təsdiq edilib. 2011-2012-ci dərs ilində 1-ci siniflərdə dərs deyəcək ibtidai sinif müəllimlərinin fənn kurikulumlarının tətbiqi sahəsində nəzəri və praktik hazırlığını təmin etmək məqsədilə təlim kurslarını təşkil edəcək təşkilatları müəyyənləşdirmək məqsədilə 2011-ci ilin yanvar-may aylarında tender keçirilib. Tender komissiyasının qərarına əsasən ölkənin bütün rayon və şəhərləri əhatə edilməklə 9 iqtisadi zona üzrə təlimləri keçirmək hüququnu 5 QHT qazanıb. Müasir Təhsil və Tədrisə Yardım Mərkəzi: Abşeron, Aran, Dağlıq Şirvan və Yuxarı Qarabağ iqtisadi zonaları, “İnkişaf” Elmi Mərkəzi, Bakı şəhəri və Lənkəran iqtisadi zonaları, Azad Müəllimlər Birliyi, Gəncə-Qazax iqtisadi zonası,“Yaşlıların Təhsili Assosiasiyası” İctimai Birliyi, Şəki-Zaqatala iqtisadi zonası, “Təhsilin humanistləşdirilməsi” İctimai Birliyi, Quba-Xaçmaz iqtisadi zonası: “İyul ayından etibarən VMA tərəfindən təlimlərin monitorinqi aparılıb. Monitorinq 18 regionda 24 təlim mərkəzini əhatə edib.

Monitorinq zamanı təlimlərin təşkili vəziyyəti, davamiyyət, təlimlərin proqrama uyğun keçirilməsi, İKT-dən istifadə, təlimçilərin bacarıqları, təlim iştirakçılarının fəallığı və əldə etdikləri bilik və bacariqlar qiymətləndirilmiş, sorğular aparılıb. Monitorinqin nəticələrinə dair Təhsil Nazirliyinə təqdim olunan hesabatdan aydın olmuşdur ki, ümumilikdə təlim kursları yaxşı təşkil edilib, təlimlər proqrama uyğun aparılıb, təlimçilər peşəkarlıq və səriştəlilik nümayiş etdirilib, təlim iştirakçıları kurslarda fəal iştirak ediblər. Monitorinq zamanı bir sıra problemlər də aşkar olunub: bəzi təlimçilərin peşəkarlığı və səriştəliliyinin kifayət qədər olmaması, bəzi təlimçilər tərəfindən neqativ hallara yol verilməsi, müxtəlif məqsədlərlə müəllimlərdən pul yığılması, təlimlərə cəlb olunan müəllimlərin siyahılarında uyğunsuzluq hallarının olması. Həmçinin təlimlərdə tam iştirak etməyən müəllimlərə sertifikatların verilməsi, bir sıra rayon təhsil şöbələri tərəfindən təlimlərə cəlb olunan müəllimlərin siyahılarının dəqiqləşdirilməsi, təlim mərkəzlərinin müəyyənləşdirilməsi, onların zəruri texniki avadanlıqlarla təchizi və sair məsələlərin həllində ləngimə, laqeydlik hallarına yol verilib. Bəzi RTŞ-lər tərəfindən təyin edilən əlaqələndiricilər öz funksiyalarını icra etmək əvəzinə, təlimləri keçirən təşkilatların və təlimçilərin işinə yersiz müdaxilələr etmiş, müəllimlərin təlim kurslarından yayınması, siyahıda adı olmayanların kursa cəlb edilməsi kimi neqativ hallara şərait yaradıblar. Bəzi hallarda təlim kursunu keçirən təşkilatlar və ayrı-ayrı təlimçilər yerli təhsili idarəetmə orqanlarının əlaqələndiriciləri ilə razılaşma əsasında təlim kurslarının müqavilə şərtlərinə zidd hərəkətlərə yol veriblər. Monitorinqin nəticələri barədə məlumat aldıqdan dərhal sonra 2 nəfər təlimçi təlimlərdən kənarlaşdırılıb. Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihə çərçivəsində 2012-2013-cü tədris ilində ümumtəhsil müəssisələrinin V siniflərində dərs deyəcək müəllimlərin fənn kurikulumlarının tətbiqi sahəsində nəzəri və praktik hazırlığını təmin etmək məqsədilə müvafiq hazırlıq işləri aparılır. Təlim kurslarının düzgün planlaşdırılması və təşkili məqsədilə yerli təhsili idarəetmə orqanlarına Təhsil Nazirliyinin məktubu çatdırılıb, onun icrasına 20 gün vaxt verilib. Məktubda ümumtəhsil məktəblərinin rəhbərləri tərəfindən V siniflərdə dərs deyəcək müəllimlərin sayının optimal müəyyənləşdirilməsi üzrə bir sıra tələblər müəyyənləşdirilib. Təlimlərə cəlb ediləcək müəllimlərin sayının həddən artıq çox olması riskini azaltmaq məqsədilə 2012-2013-cü tədris ilində fənn kurikulumlarının tətbiqi üzrə təlimlərdən keçəcək müəllimlərin tərkibi müəyyənləşdirilərkən təlim dili nəzərə alınmaqla, fənn müəllimlərinin aşağıdakı sayda siyahıya daxil edilməsi məqsədəuyğun hesab edilib. Ana dili, riyaziyyat və xarici dil fənlərindən hər bir məktəb üzrə ən çoxu 2 müəllim, Azərbaycan tarixi, coğrafiya, biologiya, informatika, həyat bilgisi, texnologiya, təsviri incəsənət, musiqi və fiziki tərbiyə fənlərinin hər birindən hər bir məktəb üzrə 1 müəllim. Yeni fənn kurikulumlarının tətbiqinə keçidin ciddi məsuliyyət tələb edən proses olduğunu nəzərə alaraq, V siniflərdə kifayət qədər səriştəli və yüksək peşəkarlıq səviyyəsinə malik müəllimlərin dərs aparması, paralel siniflər olduqda belə, imkan daxilində dərslərin həmin müəllimlərə verilməsi tövsiyə olunub. Nəzərdə tutulan müəllimlər təlim kursunu müvəffəqiyyətlə bitirdikdən sonra ehtiyac yaranarsa, V siniflərdə uyğun ixtisas üzrə işləyəcək digər müəllimlərə fənn kurikulumunun tətbiqinə dair zəruri bilik və bacarıqların çatdırılması məqsədilə dərs ilinin əvvəlində, eləcə də ilboyu seminarlar, nümunəvi dərslər, digər metodiki tədbirlər təşkil etməlidirlər. Təlim kursları rayon və şəhərlərdə müəllimlərə yaxın olan mərkəzlərdə (məktəblərdə) təşkil ediləcəkdir. Bilavasitə Təhsil Nazirliyinin nəzdindəki ümumi təhsil müəssisələrinin V siniflərində dərs deyəcək fənn müəllimləri həmin müəssisələrin yerləşdikləri ərazilərdə, məcburi köçkün məktəblərinin müəllimləri isə məskunlaşdıqları şəhər və rayonlarda təşkil edilən təlim kurslarına cəlb olunacaqlar”. Təhsil nazirinin dediyinə görə, Təhsil Nazirliyi tərəfindən müəyyən təhlillər aparılmış və 2012-2013-cü illərdə V siniflərdə işləyəcək və təlimlərə cəlb ediləcək müəllimlərin təxmini sayı müəyyənləşdirilmişdir. 5 iqtisadi zona üzrə keçiriləcək təlimlərə ilkin hesablamalara görə 61611 nəfər müəllim cəlb ediləcək. Təlimlərin təşkili ilə əlaqədar yerli təhsili idarəetmə orqanları ciddi məsuliyyət daşıyırlar, ilk növbədə V siniflərdə işləyəcək müəllimlərin dəqiq müəyyənləşdirilməsi, təlimə cəlb edilənlərin siyahısının hazırlanması və vaxtında Nazirliyə təqdim olunması əsas vəzifələrdəndir. Təlimləri aparmaq üçün 2008-ci ildə 50 nəfər təlimçi olmuşdursa, 2011-ci ildə təlimçilərin sayı 200 nəfərə çatdırılıb: “2012-ci ildə təlimlərdə iştirak edəcək müəllimlərin sayının xeyli artması ilə əlaqədar daha 560 nəfər təlimçinin hazırlanması üçün Təhsil Nazirliyi UNİCEF-in Azərbaycandakı nümayəndəliyinə müraciət etmiş, bu istiqamətdə müvafiq tədbirlər həyata keçirilir. 2012-2013-cü dərs ilində V siniflərdə fənn kurikulumlarının tətbiqi üzrə təlimlərdən keçəcək müəllimlərin siyahılarının hazırlanması, təlimlərlə əlaqədar təşkilati işlərin həyata keçirilməsi, o cümlədən təlimçilərin qiymətləndirilməsi, məktəb direktorları üçün “Yeni fənn kurikulumlarının tətbiqinin idarə olunması” mövzusunda 5 günlük (30 saatlıq) təlim kurslarının keçirilməsi ilə əlaqədar təşkilati işlərin yerinə yetirilməsi nəzərdə tutulub. İxtisasartırma üzrə yeni modelin tətbiqi ilə əlaqədar dövlət sifarişi əsasında yeni maliyyələşdirmə mexanizminin hazırlanıb təsdiqinə nail olunması, məktəbəqədər, ümumi, məktəbdənkənar təhsil, ilk peşə-ixtisas təhsili müəssisələrinin rəhbər və pedaqoji kadrlarının ayrı-ayrı kateqoriyaları üçün ixtisasartırma təhsilinin minimum həddini, ixtisasartırma modullarını, modullar üzrə təlim proqramlarının siyahısını əhatə edən Kurikulum Çərçivəsi təsdiq olunmalıdır.

 Modul-kredit əsaslı ixtisasartırma təhsili proqramlarının qiymətləndirilməsi və onların tətbiqinə icazə verilməsini təmin etmək üçün Nazirliyin müvafiq struktur bölmələri ilə əlaqəli işləyən xüsusi komissiya, ekspert qrupları yaradılmalıdır. İxtisasartırma təhsili üzrə proqramların təqdim edilməsi, qiymətləndirilməsi və tətbiqinə icazə verilməsi mexanizmini əks etdirən sənəd təsdiq edilməlidir”. Sevinc

 

 

QARAYEVA

 

525-ci qəzet.- 2012.- 31 dekabr.- S.10-11.