Gürcü rəssamınŞəhərləri Bakıda sərgiləndi

 

R.Mustafayev adına Azərbaycan Dövlət İncəsənət Muzeyində Gürcüstan təsviri sənətinin görkəmli nümayəndəsi, rəssam Mamuka Tsetsxladzenin “Şəhərlər” adlı fərdi sərgisi açılıb. Tədbirdə çıxış edən mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva iki qonşu xalq arasında dərin dostluq münasibətlərindən, oxşar mənəvi dəyərlərdən, ölkələrimizin mədəni əməkdaşlığının uğurlu nəticələrindən bəhs edib. S.Məmmədəliyeva gürcü rəssamın Bakıda açılan fərdi sərgisinin müvəffəqiyyət qazanacağına, bu sərgi timsalında xalqlarımızın bir-birinə daha da yaxınlaşmasına və mədəni əlaqələrimizin dərinləşməsinə kömək edəcəyinə inandığını bildirib. Gürcüstanın Azərbaycandakı səfirliyinin nümayəndəsi Nikolas Qoqitidze xalqlarımız arasında olan səmimi dostluğun başqa millətlər üçün nümunə olmasından, ölkələrimiz arasında ictimai-siyasi, mədəni əlaqələrin gündən-günə möhkəmlənməsindən danışıb. Muzeyin direktoru Çingiz Fərzəliyev, Azərbaycan Rəssamlar İttifaqının katibi, xalq rəssamı Ağaəli İbrahimov, Dövlət Rəssamlıq Akademiyasının prorektoru Səlxab Məmmədov və digər çıxış edənlər Mamuka Tsetsxladzenin yaradıcılığından, onun Gürcüstan rəssamlıq sənətinə verdiyi töhfələrdən söz açıb, Azərbaycan rəssamları ilə yaxın münasibətlərini diqqətə çatdırıblar. Çıxış edənlər Azərbaycan, Almaniya, Fransa, Rusiya, Macarıstan, Estoniya və digər ölkələrdə yaşayan və yaradıcılığını bu ölkələrdə davam etdirən Mamuka Tsetsxladzenin məharətlə yaratdığı əsərlər içərisində müxtəlif şəhərlərin təsvirinin üstünlük təşkil etdiyini bildiriblər. Mamuka Tsetsxladzenin “Konstantinopol”, “London”, “Paris”, “Venesiya” və s. məşhur tabloları arasında “Köhnə Bakı” əsərinin əhəmiyyətli yeri var. M.Tsetsxladze çıxışında tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib, xalqlarımız arasında dostluğun möhkəmlənməsi, mədəni əlaqələrin daha da dərinləşməsi üçün əlindən gələni edəcəyini deyib. Sonra tədbir iştirakçıları sərgi ilə tanış olublar. Dəfələrlə ölkəmizdə keçirilmiş Gürcüstan təsviri sənəti sərgilərinin iştirakçısı olan rəssamın Bakıda ilk fərdi yaradıcılıq sərgisində 50-yə yaxın boyakarlıq və qrafika nümunələri nümayiş etdirilir. Sərgi Gürcüstan Mədəniyyət, Abidələrin Mühafizəsi və İdman Nazirliyinin, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Gürcüstandakı nümayəndəliyinin, ICOM (Beynəlxalq Muzeylər Komitəsi) Gürcüstan təşkilatının dəstəyi ilə keçirilir.

 

 

HÜSNİYYƏ

 

525-ci qəzet.- 2011.- 1 fevral.- S.7.