Mənə 40-cı qapının açarını ver!..  

 

YAXUD, GETDİM XOŞBƏXTLİYİN ARXASINCA...

 

Buz kimi xəyanətlərin, buz kimi yalanların soyuğunda üşüməyən çağımızın yeni şerinin yeni nəfəsi Ayselin “Doğulacaq qadın”la bağlı düşüncələrini izləyərkən...

Ondan sonra “doğulacaq qadın” elə onun özü olmalıdı, çünki o qadına ruhunu, ondan sonra dünyaya gələcək kişiləri, sevgisini, kədərini və sevincini, şeirlərini vəsiyyət edir. Bir tərəfi sevgi qoxuyan, bir tərəfindəsə yalnızlıq, tənhalıq fəryad edən, ən gözəl kişiləri ən pis, ən xəbis qadınlara bağışlayan və dünyanın ən xoşbəxti, həm də ən bədbəxti olan bugünkü qadın yerini doğulacaq qadına verir. Lakin “O”nu sevməyi, qorxmadan, heç bir əngəldən, maneə və yasaqlardan çəkinmədən sevməyi, sevə-sevə, həm də sevilməyi – QADIN olmağı bacarmağı və özündən sonrakı qadın üçün özünü qorumağı tövsiyə edir. Çünki əmindir ki, lirik qəhrəmanı, doğulacaq qadın Qadın olmağı bacararsa, mütləq onun şeirlərini oxuyub kövrələcək, göz yaşlarını saxlaya bilməyəcək və heyfsilənəcək ki:

 

Səndən öncə bir şair qadın vardı-

bir az məsum, bir az günahkardı.

Bir adi qadın vardı,

bir dəlisov qadın-

bütün qadınlar o idi...

 

Bu misraların müəllifi bütün qadınları özündə ehtiva edə bilən, poeziya adını verdiyimiz sirli, cazibədar, eyni zamanda yaradıcılıq əzabları ilə boyaboy bir dünyaya ilk, ancaq deməzdim ki, kövrək, kifayət qədər cəsarətli, inamlı addımlarla gələn və yaşama fərqli rakursdan baxaraq bu fərqliliyin əsərlərində uğurlu ifadəsinə nail olmağı bacaran bir yazardır. O, bir düşüncə adamı, yaradıcı insan olmaqla yanaşı, həm də bir övladdı-sevimli şairimiz Kəmalə xanım Abıyevanın göz bəbəyi, ciyərparasıdı... Ana sevgisini, ana qucağını və şəfqətini qələmdaşlarından fərqli biçimdə ifadə edə bilən orijinal üslublu, yeni nəfəsli Ayseldi... O Aysel ki, qadınları – təkcə ana olmağı bacaranları deyil, zərif cinsin Yer üzündəki bütün təmsilçilərini özü kimi duyur, öncə insan kimi anlayır sonra qadın kimi çözür. O, anasını da ilk növbədə insan-qadın olduğuna görə, sonra da gerçək ana ola bildiyinə görə müqəddəs sayır. Anasına həsr etdiyi şeirdə bunu ifadə edir şair, üstəlik, ancaq ana olduqları üçün özlərini müqəddəs hesab edənlərə anasını misal gətirərək, bioloji analığı qınayaraq bir mesaj da göndərir:

 

Mən səni məni doğduğun üçün qınamıram,

mən səni niyə doğduğun üçün qınayıram.

Sən onsuz da müqəddəssən.

Yanında olmaqdan qorxuram.

 

Davamlı müşahidələrin, anaya-insana dibsiz sevginin nəticəsi olan və bəlkə də bir anın içərisində yazılan bu şeirdəki səmimi və təsirli etiraf diqqətdən qaçmır, insanın iç dünyasını titrədir. İçində sanki məsum bir uşaq yaşayan saf ürəkli anasının səbr və təmkinlə (bəlkə də onun üzündən) keçirdyi qəlb ağrısına görə utanır və bu utancı yaşamaqdan qorxur Aysel... Kiçik otağına çəkilib onu-övladını “necə həzin-həzin, səssizcə, möhtəşəm sevə bilən bir qadının, bir insanın, bir ananın cocuqca saflığına bəzən inana bilmir və bu inamsızlığından utanır... ancaq bu Ana onun hər şeyi, ümidi, pənahı, üz tutub gedəcək yeri, ən nəhayətsə, tənhalığının qənimidi...

 

Ana, məni buralarda qoyub getmə,

Mən səndən başqa yer tanımıram...

 

Şeirdə incə bir məqama, əslində onun leytmotivini təşkil edən fikrin alt qatına toxunmaq istəyirəm. Bu, “Ana, düşünmə ki, məni necə həzin-həzin sevdiyini görmürəm”dən yansıyan bir övladın valideyninin iç dünyasına nüfuz etməsidi, onu duyması, anlamasıdı, anaya təkcə dünyaya övlad gətirən bir varlıq kimi deyil, bir dosta, arxa-dayağa, sevgiliyə, insana sevgisini duyursan. Hamı övladdı və ana bətnindən doğulur, ancaq hər övlad öz anası, valideynlərilə dost ola bilmir...

Aysel bilir ki, onun anası təkcə doğurucu varlıq deyil, cəmiyyətdə tanınan, müəyyən mövqeyi olan bir şair, pedaqoq-şəxsiyyətdir. Bəlkə də onların ev-məişət qayğılarından uzaq ruhsal münasibətləri daha gözəl, daha rahat, doğal və çəkicidi... Düşünürəm ki, bu şeirdə Aysel anasını-qadını ev, məişət çərçivəsindən çıxararaq daha önəmli müstəvidə təqdim edir...Bu, övladla valideyn arasında bioloji deyil, mənəvi-ruhani əlaqə, qarşılıqlı anlaşma istəyinə söykənən qutsal bir münasibətdir...

Yenicə dostlaşdığı, nələrisə bölüşə bildiyi, lakin “Səni sevirəm”- söyləməyə gecikdiyi atasına onun ölümündən sonra yazdığı şeir də maraqlı məqamları ilə yadda qalır. “Ata, çox tez öldün” uzun illərin ayrılığının, sükutunun şeiridi... İllərin müşahidələrinin nəticəsidi. Hər görüşündə onu bioloji yöndən deyil, daha çox insan, arxadaş (bu söz arxa daşım, söykənəcəyim, dayağım yozumunda necə də gözəl səslənir!) kimi yaxından tanımaq istəyi həm bir dost, həm də övlad kimi bəslədiyi sevgini etirafa gecikdirir...

Nə yazıq ki, atası qəfildən dünyanı tərk edir və təzəcə sevməyə başladığı bir insanın yoxluğu onun ruhunu sarsıdır, “kədərini artırıb boyunu qısaldır, sükutunu, içindəki boşluğu bir az da böyüdür”. Ancaq onu həyatda yalqız qoyan hansısa səhvinə görə qınamağa tərbiyəsi, etik mədəniyyəti yol vermir, bu fikrini çox yumşaqca, qəlbə toxunmayan incə sözlərlə, kübarcasına ifadə edir. Ruhuna and içib: “sənə yas saxlamayacam, bir gün də olsun, molla çağırıb yasin oxutdurmayacam, ancaq qəlbimdə yaşadacam deyir:

 

Ata, məni özünə oxşadardın,

Oxşatma.

Yalqız olmaq istəmirəm...

mən səni qəlbimdə oxşayacam...

və sən orda yaşayacaqsan...

Darıxanda,

dostlarımı yığıb anacam,

Yadıma salacam gülüşünü,

Yoxluğuna gizlicə ağrıyacam.

Səni sevdiyimi özüm biləcəm...

 

Çağımızın azad düşüncəli, azad üslublu yazarı Aysel, həm də anadı. “İzelimin şeiri”ndən yansıyan, şirinliyi ilə “gözündən düşən dünyanı da dada gətirən,” gözəlləşdirən qızının doğuluşu ilə həyatı büsbütün dəyişən – “hər qığıltısından xoşbəxt olan, kəpənəyə dönərək havada yeriməyi öyrənən, daha yuxunu yox, onunla keçirdiyi yuxusuz gecələrini sevən, ölənədək keşiyini çəkərəm, ancaq sən də yaşamağı öyrən” deyən və gözlərinin dumduru təmizliyində sanki saflaşan, həyata daha sıx sarılan Ana...

Qadın, onun problemləri, incə, kövrək qəlbinin sevinci və ya kədəri, fərəhi, ya üzüntüsü önə çəkilir Ayselin qələmində. Bu üzdən özü gənc, düşüncələrinə görə isə çoxlarından yaşlı olan yazarı feministlikdə bəlkə də qınayanlar da tapılacaq... Ancaq bir həqiqət var ki, o, məhz zərif cinsin nümayəndəsi olduğuna görə qadınların, bilavasitə özünün yaşantılarını, duyduqlarını və düşündüklərini misralara, yaxud yeri gələndə sətirlərə çevirir. Onun şeirlərinin məna yükü çox ağırdır və bu yük, onu yaradan səbəblər oxucunu düşünməyə, qanrılıb öz həyatına bir nəzər salmağa və özünə: – Bəs mən necə, qadın olmağı bacarmışammı, uğruna hər bir fədakarlığa getdiyim həyat arxadaşım tərəfindən sevilmişəmmi?- sualını verməyə sövq edir...

Bütün qadınlar sevgidən yazırlar, amma onların hamısı sevgili ola bilmirlər. Sevgili olmağı bacaran şair Aysel sevgini də haqq etmədiyi ayrılığı da yaşayır. (Əbədi xoşbəxtlik kimin nəsibi olub ki?)... Ancaq mərdanə yaşayır tərk edilməyin acısını onun lirik qəhrəmanı. Sevgidə azad, içdən gələn səmimi, isti, heç bir təzyiq, aşırı təpkiyə söykənməyən insanca münasibətin tərəfdarıdır bu qəhrəman: “Səsin yenə qulağımı həbs edib, ayağı sürüşkən sevgilim,” və “Kölgəlikdə dayandıqca sənə yerikləyirəm”- i yazan bir insanın “O”-na, sevdiyinə: “Sevdiyin gün gəl, unutduğun gün gedərsən”... deməsi nə qədər çətindi... Və bu sevən insan nə dərəcədə qürurludu...

 

Mənə yasaq olan insan, hardasan?

Ətim ürpənir yoxluğuna inandıqca.

Kölgəlikdə dayandıqca sənə yerikləyirəm.

Hisli-paslı reallığın içində

gəlişini sayıqlayıram.

İstəmirəm nə ana, nə qadın olmaq sənsiz.

Sənsiz adam da olmaq yaramır işə...

 

“Sən mənim hər şeyimsən”- deyə hayqıran bu misralar Türkiyənin məşhur söz və bilim adamı, Qarabağ əsilli Yavuz Bülənd Bakiləri – “Şaşırdım kaldım iştə” şeirindən çox sevdiyim şairi xatırlatdı və həmin əsərin misraları yaddaşımda bir daha təzələndi:

 

Şaşırdım kaldım iştə, bilməm ki, neimsin?

Bazen kız kardeşimsin, bazen öpöz annemsin.

Sultanımsın susunca, konuşunca kölemsin.

Eskilmeyen çilemsin...

Orada ufuk çizgim, burda yanım, yöremsin.

Beni ruh kibi saran sonsuzluk dairemsin

Çaresizem çaremsin.

Şaşırdım kaldım iştə, bilməm ki, neimsin?

 

Və “Səndən o yana heç nə yoxdur deməsəm, bil ki, səndən o yana heç nə yoxdur”... dərəcəsində sevir Ayselin lirik qəhrəmanı... O, bağlandığı hər kəsi, hər şeyi bu dərəcədə, var – gücü ilə tükündən – dırnağına qədər sevir və dəyərləndirir.

Onun qəhrəmanı, çoxlarından fərqli olaraq, xəyanətlərin ruhunda doğurduğu acının, pessimizmin və yalqızlığın boz rəngini (onun düşüncələr aləmində gecənin səssizliyi, sükut rəngsizdi, yaxud boz rəngdədi) dəyişə bilir. Bəzən yalqızlığı, tənhalığı acgözlüklə yaşayır, elə darıxır ki, qaranlığı gözlərinə təpir, bəbəklərinin qaralığı gecənin qaranlığına qarışaraq bir-birinə yaraşır və gecənin darıxan yeri gecə ilə qolboyun olan, bu yalnızlıqda sevdiyini anlayan və anan o olur. Bu da həmin fikrin fərqli, yalnız özünəxas ifadə yolu:

 

Küləyin altında düşünürəm,

baxsana halıma, səni gözləyirəm.

Gələnim, gedənimsə

bir solğun sabah, bir yazıq gecədir.

Kim deyərdi?

Küləyə bürünüb gözləyəcəm,

donacam bir gün

qışdan öncə,

Səni sevdiyimi anlayacam...

 

Ayselin şeirlərində sakitlik, səssizlik, sükut, tənhalıq, yalqızlıq, təklik və...bir də uçuq qəlb anlayışı xüsusi məna kəsb edir. Yenə də ənəvilikdən qaçır o, sınıq qəlb, yaralı qəlb və s. demir, məhz bərpası, sağalması mümkünsüz olan uçuq qəlb yazır...

 

Gün, kim anlar ki, bizi, kim ağlar ki, bizimlə?!

Kim sevər ki, bizi bu uçuq qəlblə?

Biz kədərin qohumlarıyıq,

bu çal-çağır ölkəsində

Kimə lazımıq?!

 

  Bu tənhalıq, yalqızlıq və kədər bəzən qəlbini sıxıb darıxdırsa da, çox vaxt xoş gəlir ona... Ruhundan qopan şeirlərinə, yazılarına görə, onlara hətta minnətdardı. Bu yazılar məhz həm də dost olduğu tənhalığının, yalqız, yalnız özü ilə təklikdə qaldığı anların, darıxdığı məqamların və... gecələrin məhsuludu...

 

Darıxdıqca

ruhumda quruyan arzularımla

təkbətək qalıram...

Nə yaxşıdır təklik...

Gedim özümə qarışım...

mənimlə nə yaxşıdır,

nə yaxşıdır təklik...

 

Onun təsvirində kədər bir obrazdı, ifadəsi də tamam fərqli biçimdədi... İnsan ömrünün illəri bir-birini əvəzlədikcə yaş üstünə yaş gələr, qocalığına bir addım daha yaxınlaşdığını düşünən insanın, təbii ki, təəssüfdən doğan göz yaşları içinə axır əksər halda...Hər yaşında axıb içinə dolan bu göz yaşları İnsan qocalanadək dopdolu bir kədər olur. Və Ayselin lirik “mən”i yaşlanana qədər ömür yollarında onunla qoşa addımlayan kədər yaşlı bir kədərə dönür...

“Boşluq”, “yoxluq”, “yoxsulluq” anlayışları isə onun sərbəst poeziyasında xüsusi bir anlam daşıyır, insan qəlbində assosiativ duyğular yaradır:

 

Hər şeyə inanmasaq, olmayacaqlar

olacaqlar kimi olmazdı,

Olanı olmayan kimi anlamazdıq.

Bu qarışıqlıq yaranmazdı,

boşluğun antonimini bilərdik...

Doluluqmudur əcəba?

Boşluq-doluluq, doluluq-boşluq,

Nə hansı, nə nədir, baba?

Hansı çox, hansı azdır?

Bir onu bildim ki, bu olaylı dünyada bolluqdur.

Boşluqlardan boluq...

 

Lakin bu anlayışın digər yozumu da yaddaşında ilişib qalır. Əslində boşluqların bolluğunu yaradanlardan birini diqqət mərkəzinə gətirir, dünyanı qurub-yaradan insanın içərisi boşdursa, demək dünyanın özü də boşluqlardan ibarətdir.

“Əsil dost dar gündə tanınar” ata sözünün fikir yükü üzərində boy verən “Yoxsulluq” şeirini həyəcansız oxumaq mümkün deyil. “Yoxsulluq” onun üçün nə Allahı tanımaq, nə dünyanı anlamaq, nə onu dadmaq, nə qanmaq, nə qürurlu olmaq, nə çalışmaqdır. Onun üçün:

 

 

İnsanın dar günüdür yoxsulluq,

Hər şeyi, hamını tanıyan günüdür

Eşitdiyi maşın səsinin, gördüyü insan kölgəsinin,

beyninə dolub içini boşaltmasıdır,

tənhalığının artmasıdır.

ola biləcəklərin “yoxdur” nidasıdır!

“Yox” qanunudur yoxsulluq,

“Yox”dur, yox...

 

Yoxluqlardan, problemlərdən bezəndə, həyatın çəkilməz ağırlıqlarından, insanların anlamsızlıqlarından, yersiz söz-söhbətlərindən yorulub usananda “Heyf ki, anlayacağın qədər deyə bimirəm və heç o qədər danışmaq da istəmirəm, beynini yorma, yorulmaq qədər üzmür adamı heç nə, kimdən və nədənsə küsüb-inciyəndə sanki İçində bir arzu göyərir: ”Tanrı sizə xərcləməyə o qədər pul, görməyə o qədər iş versin ki, bizim işimizə qarışmayasız, Getməyə yeriniz bol olsun, bizə hərdən gələsiz, ərə verməyə, evləndirməyə çoxlu övladınız olsun, bizə yetişməyəsiz...   “Mənə toxunmayın deyir... Mənim ki:-  

 

Sizinlə ortaq heç nəyim yoxdur-

torpaqdan, havadan başqa.

Sizinlə oxşar heç nəyim yoxdur-

Doğulmaqdan, ölməkdən başqa.

 

Beləcə, Ayselin poetik fikir dünyasında düşüncələr, fikirlər sanki qanadlanaraq çərçivələrdən, basmaqəliblikdən sıçrayaraq çıxır, azadlığa atılır. Fikrin azad formada təqdimi şairə yeni ifadə imkanı verir... Ayrı-ayrı insanlara və şəxsiyyyətlərə həsr etdiyi ithaf şeirlərində də oxucu ənənəviçilikdən sıçrayıb çıxmanın şahidi olur: “Nənəmdən sonra yazıldı”, ”İzelimin şeiri”, ”İradə üçün”, ”Aysel Əlizadənin Alikə yazdığı şeir”,”Güzgüdəki adamın şeiri”,”Anara yazılıb” “Mövlud Süleymanlıya”və s.

Onun şeirlərində təzahür edən fikir yükü bir sıra misralarını sanki aforizm səviyyəsinə qaldırır: “İçindəki xarabalıq insan əlinin zəhmətidir”, “Kiminsə ağılsız olduğunu söyləmək bunu sübut etməkdən asandır”, “İnsanlardan ibarət kolleksiyaya bənzəyir ömür”, “Qaranlıqdan qorxmamaq güclü olmaq deyil”, “Boşluğu doldurmaq üçün, ağlamaq da olar, ağlamamaq da. Ağrımaq olmaz”, “Unudulanların ahı yeni adamların köhnə günahıdır”, “Darıxmaq yaxşıdır heç nə olmayanda, yaşamağa heç nə qalmayanda darıxmaq lazımdır”, “Mat rojayka doğan anadır, İçinə adam yerləşdirən qadın tanrıyla şərikdir. Qadın Tanrıya adam yaratmaqda kömək edir”, “Anladım ki, bütün qadınlar qocalanda nənə olmurlar”... müşahidələri sərrast və uğurludur. Bu müşahidələr poetikləşəndə, şeir nümunələrinə çevriləndə yaddaşlara həkk olunur... “Anladım ki, bütün qadınlar qocalanda nənə olmurlar” deyimi də belə müşahidələrin məhsuludu... O, küçədə dilənçilik edən qoca, yoxsul qadının halına acıyır. Bioloji nənə olmayan bu qadına uşaqlar belə “nənə” deyə müraciət etmirlər, çünki uşaqların anladığına görə, nənə dilənçilik etməz, nənə evinin ağbirçəyi olar...

Və ən nəhayət, Ayselin “Göydən gələn qonaq” şeiri barədə düşüncələrimi sayğıdəyər oxucularımla bölüşmək istəyirəm... Bizləri həmişə inandırıblar ki, bütün mələklər, peyğəmbərlər göydə bərqərar olur və yeri-göyü, dünyanı bir “Ol!” əmrilə yaradan Allah da məhz göydədir... O, göydən gələn qonağa üz tutaraq: –Sən ki, gəldin, masamın üstündə qələmimdən başqa heç nə görmədin, sevgilimizi isə yerində tapmadın... Bunun izahını yazdığı şeirdə verir: “Qoluma “Yoxdur” sözü yazıldı bir zaman, fikir verməyib sildim, hər şey yoxa çıxdı, o vaxtdan, Alın yazım qoluma yazıldı. O vaxtdan masamın üstündə qələm var, o vaxtdan yazıram, bacardığımı qoruyuram, bacarmadığım əldən gedir...” Bir halda ki, yerin-göyün, dünyanın yaradanı, sahibisən, ya İsasansa ya başqa müqəddəs o zaman əldən gedən nəsnələrimi, itən xoşbəxtliyimi geri qaytar, mənə 40-cı qapının açarını ver!

 

 

Esmira FUAD,

filologiya üzrə fəlsəfə doktoru

 

525-ci qəzet.- 2011.- 1 fevral.- S.7.