“Bioetika haqqında” qanun layihəsinin adı dəyişməlidir”

 

“SƏNƏDİN “BİOETİKA VƏ İNSAN HÜQUQLARI HAQQINDA”QANUN ADLANDIRILMASINI TƏKLİF EDİRƏM” 

 

Müsahibimiz Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnsan Hüquqları İnstitutunun “Bioetika və tibbi hüquq” şöbəsinin müdiri, YUNESKO-nun Beynəlxalq Bioetika Kafedralar Şəbəkəsinin Azərbaycan Bürosunun rəhbəri, professor Vüqar Məmmədovdur.

 – Son vaxtlar “Bioetika haqqında” qanun layihəsinin hazırlanması ilə bağlı xəbərlərlə rastlaşırıq. YUNESKO-nun Beynəlxalq Bioetika Kafedralar Şəbəkəsinin Azərbaycan Bürosunun rəhbəri kimi siz bu faktı necə şərh edərdiniz? 

– Mən bunu müsbət qiymətləndirirəm. Parlament üzvlərimizin və ictimaiyyətin bu mövzuya olan münasibəti məni sevindirir. Lakin hesab edirəm ki, sənədi “Bioetika haqqında” deyil, “Bioetika və insan hüquqları haqqında” qanun adlandırmaq lazımdır. Çünki bu, YUNESKO-nun 2005-ci ildə qəbul etdiyi Ümumdünya Bioetika və İnsan Hüquqları haqqında Bəyannaməyə də uyğundur. 

– Bu qanunun məhz indi gündəmə çıxmasının səbəbi nədir? 

– Hər bir dövr onun yalnız özünə xas olan problemlər doğurur. Sürətli elmi-texniki tərəqqi insanın bu tərəqqinin mənfi nəticələrindən müdafiəsi üçün qanunvericilik bazasının təkmilləşdirilməsi zərurətini ortaya qoyur. Hələ təxminən yüz il bundan öncə yalnız fantastik mövzuda yazan yazıçılar ərzaq qıtlığının genetik modifikasiya olunmuş məhsullar hesabına aradan qaldırılmasının, həyatın donor orqanların köçürülməsi nəticəsində uzadılmasının, eləcə də klonlaşdırma yolu ilə “əbədiliyin” təmin olunmasının, süni intellektin yaradılmasının, surroqat analığın və s. mümkünlüyü haqqında danışırdılar. Son onilliklərdə gen mühəndisliyinin, biotexnologiyaların və tibbi innovasiyaların inkişafı nəticəsində insan cəmiyyətinin bu yeniliklərə uyğunlaşmasının səbəb olduğu bir çox etik və hüquqi problemlər yaranıb. Hazırda biz bitki, həşərat və heyvan genlərinin cütləşdirilməsi yolu ilə əldə edilən, yüksək məhsuldarlıq və müxtəlif xəstəliklərə qarşı dözümlülüklə yanaşı, həm insan orqanizminə, həm də ətraf mühitə təsir baxımından tam gözlənilməz nəticələri olan çoxlu sayda genetik modifikasiya olunmuş ərzaq məhsullarına malikik. Yeni orqanlar yetişdirmək üçün gövdə hüceyrələrindən istifadə olunması kimi yeni dəbə minmiş bir ideya ilə nə etmək lazımdır? Bəs rüşeymin hüquqlarını necə qorumalı və surroqat analıq problemini necə həll etməli? Təbabətdə və əczaçılıqda nanotexnologiyalardan istifadə hansı nəticələr yaradır? Alimlərin insanın genetik strukturuna müdaxilə etməsinin nə kimi nəticələri ola bilər? Bütün bu məsələlər mükəmməl təhlil, eləcə də onların həlli üçün təkcə elmi və etik deyil, həmçinin hüquqi münasibət tələb edir. 

– Vüqar müəllim, bu qanun Azərbaycanda abortların aparılmasını qadağan edə bilərmi? 

– Mən də qəzet məqalələrində oxumuşam ki, qəbul ediləcək bioetika haqqında qanunla Azərbaycanda abortlar qadağan oluna bilər. Bu, heç də tam düzgün olmazdı. Abortlar haqqında hüquqi normaları bioetika haqqında qanundansa, reproduktiv sağlamlıq haqqında qanunla qəbul etmək daha məntiqi olardı.

Şübhəsiz, abortlar haqqında məsələ bioetika və tibbi hüququn məşğul olduğu sahələrdən biridir. Burada çoxlu sayda hüquqi və etik məsələlər var. Qadınların hər bir nəfərinə düşən abortların orta sayına görə Azərbaycan Avropada lider ölkələrdən olaraq abortların icrasının hüquqi norma və mexanizmlərini hazırlamalıdır.

– Bəs bioetika nədir və onun inkişafında YUNESKO hansı rol oynayır? 

– Elmi tərəqqidən bəşəriyyətin rifahı naminə istifadə etməyin zəruriliyinə əsaslanan BMT və onun strukturları aparılan elmi tədqiqatlarda etik və hüquqi hədlərin müəyyənləşdirilməsi üzrə tədbirlər görməyə başlamışlar. Ötən əsrin 70-ci illərində elmin yeni bir sahəsi – insanın təbabətdə və biologiyada fəaliyyətinin əxlaqi tərəflərini müəyyənləşdirən həyat haqqında elm, biologiya yarandı. 1993-cü ildən etibarən bioetika BMT-nin elm, təhsil və mədəniyyət məsələləri ilə məşğul olan strukturlarının, YUNESKO-nun fəaliyyətinin prioritet istiqamətinə çevrildi. Son 20 il ərzində qəbul edilən çoxsaylı beynəlxalq sənədlər və BMT Konvensiyaları sübut edir ki, biologiya elmlərinin nailiyyətlərinin tətbiqi şəxsiyyətin və bütövlükdə bəşəriyyətin sağlamlığının qorunmasına və iztirablarının yüngülləşdirilməsinə xidmət etməli, biologiya elmləri sahəsində elmi-texniki tərəqqinin genişləndirilməsi isə insan hüquqlarının qorunmasını və hamının rifahını təmin edə biləcək şəkildə həyata keçirilməlidir. Bundan başqa, insan ləyaqətinə zidd olan gen mühəndisliyi metodlarından istifadəni qadağan edən tədbirlər görülməsinin zəruriliyinə də xüsusi diqqət yetirilir.

Yuxarıda deyilənlərdən aydın olur ki, bioetika əsas insan hüquqlarının – yaşamaq və sağlamlıq hüququnun müdafiəsi məqsədilə öz həllini tələb edən etik və hüquqi xarakterli problemləri əhatə edən müasir elmin aktual və mühüm istiqamətlərindəndir. Ona görə də mövzunun aktuallığı şübhə doğurmur. Lakin qeyd etmək lazımdır ki, qanunun adına yanaşmada yanlışlıq var. Bir qanun, yaxud qanunvericilik aktı bütün bioetik məsələləri tam əhatə edə bilməz və ona görə də bu cür adlandırılmamalıdır. Hesab edirəm ki, bu istiqamətdə qanunvericilik layihələrinin ekspert təhlili və müzakirəsinin davam etdirilməsi vacib və məqsədəuyğundur. Sənədin “Bioetika və insan hüquqları haqqında” qanun adlandırılmasını təklif edirəm.

– Qeyri-qanuni transplantalogiya ilə bağlı bir neçə aydan bəri aparılan müzakirələri necə şərh edərdiniz? Bu vəziyyətdən çıxış yollarını nədə görürsünüz? 

– Gerçəkdən də bizim KİV-də Azərbaycanın bəzi şəxsi klinikalarında “qara transplantoloqlar” tərəfindən orqanların köçürülməsi üzrə qeyri-leqal əməliyyatların aparılması haqqında informasiyalar yayılıb. Artıq bir neçə aydır ki, təhqiqat getsə də, nəticələri bəlli deyil. Lakin mətbuatda həmin faktlar mövcud qanunvericilikdə olan boşluqların və müvafiq strukturların fəaliyyətsizliyinin göstəricisi kimi müzakirə edilməkdədir. Mən şəxsi klinikaları və səfərə çıxan cərrahların gəlişini və fəaliyyətini nəzarət altında saxlamalı olan orqanların fəaliyyətsizliyi fikri ilə razıyam. Bu, 28 dekabr 1999-cu il tarixli “İnsanın orqan və toxumalarının transplantasiyası” haqqında Azərbaycan Respublikası Qanununun kobudcasına pozulmasıdır. Bu qanuna əsasən, ölkəmizdə insan orqanlarının alqı-satqısı qadağandır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 137.1 maddəsində göstərilir ki, insanın orqan və toxumalarının qanunsuz alqı-satqısı minimum əmək haqqının 2-5 min misli miqdarında cərimə ilə, yaxud iki ilə qədər islah-əmək işləri ilə və ya gələcəkdə hansısa məsul vəzifəni tutmaq hüququndan məhrum edilməklə 3 ilə qədər azadlıqdan məhrum edilmə yaxud, 3 ilə qədər müddətdə müəyyən fəaliyyətlə məşğul olmaq hüququndan imtina ilə cəzalandırılır.

Mütəxəssislərin fikrincə, təkcə bizdə deyil, həm də bütün dünyada canlı donorluq sövdələşməyə çevrilməkdədir. Hərçənd ki, hüquqi cəhətdən bu, orqanların həmişə əvəzsiz olaraq qohumdan-qohuma verilməsi kimi sənədləşdirilir. Təəssüf ki, transplantoloq həkimlər özləri də çox zaman bu cür sövdələşmələrdə iştirak edirlər.

Qanunun mövcud olmasına baxmayaraq, respublikamızda onun bir çox icra mexanizmləri yoxdur. Biz bu sahədə xeyli etik və hüquqi məsələləri tənzimləyə biləcək sistem yaratmalıyıq. Belə bir sistemin olmadığı şəraitdə hansısa orqanın transplantasiyasına ehtiyac duyan vətəndaşlar çoxsaylı problemlərlə üzləşirlər. Onlardan biri də bahalı əməliyyatlardır. Belə ki, bu əməliyyatları yaxşı maliyyə imkanları və ya dəstəyi olan insanlar, məsələn, biznesmen, artist, aktyor və ya məmur etdirə bilər. Bəs mühəndis, həkim, müəllim və təqaüdçü nə etməlidir? O, bunu özünə rəva görə bilməz. Bu isə hüquqların bərabərliyi prinsipinin pozulmasıdır. Bu da belə bir nəticəyə gətirib çıxarır ki, ölkəmizdə vətəndaşlar üçün tibbi yardımın mümkünlüyü fərqlidir, insanların bir kateqoriyası bunu özünə rəva görə bilir, digəri isə həyatını itirməlidir. Bu, həm Azərbaycanın qoşulduğu beynəlxalq hüquqi sənədlərin, həm də milli qanunvericiliyin pozulmasına səbəb olur. Bu problemin digər ölkələrdə həllinin müxtəlif metod və formalarının araşdırılması ölkəmizin vətəndaşlarının əsas hüquqlarının – yaşamaq hüququ və bərabər tibbi yardım almaq hüququnun təminatı məqsədilə Azərbaycan üçün məqbul variantların axtarışına əsas verir. Bu problemin, əlbəttə, mərhələli həlli beynəlxalq hüquq normalarına və tezliklə təkmilləşdirilməli olan milli qanunvericiliyə müvafiq olaraq gerçəkləşdirilməlidir. Lakin normativ hüquqi bazanın tətbiq edilməsi üzrə zəruri əməli vasitələr olmazsa, bu hüquqi bazanın inkişafı və təkmilləşdirilməsi üçün göstərilən səylər, sadəcə, “ölü sənədlər”in yaranmasına gətirib çıxaracaq. Bu vasitələr səhiyyə sistemindəki icra strukturları tərəfindən yaradılmalıdır. Yeni texnologiyalar yeni yanaşma və metodlar tələb edir.

Demokratiyanın əsasını insan hüquqları təşkil etdiyi kimi, səhiyyə sisteminin mərkəzində də pasiyentin hüquqları olmalıdır. Başqa sözlə, insan hüquqları nə qədər qorunursa, demokratik prinsiplərə yaxınlaşma, yaxud bu prinsiplərdən uzaqlaşmanın dərəcəsi haqqında da bir o qədər mühakimə yürütmək olar. Bu elə pasiyentin hüquqlarına da aiddir. Bu hüquqlar səhiyyə sistemində önəmli yer tutmalıdır. Onların əsasını həkim, tibbi sistem və pasiyent arasındakı yetərincə mürəkkəb, həssas və məxfi qarşılıqlı münasibətlər təşkil edir.

Pasiyentin öz hüquqları olmalıdırsa, həkimin də müəyyən hüquqları, o cümlədən, intellektual mülkiyyət və müstəqillik hüquqları olmalıdır. Ona görə də pasiyentin hüquq və məsuliyyəti haqqında qanun qəbul edilməsilə eyni zamanda, peşəkar həkim fəaliyyəti riskinin sığortalanması da daxil olmaqla, həkimlərin və digər tibb işçilərinin hüquqları və peşə məsuliyyəti haqqında da qanun qəbul etmək məqsədəuyğundur. Ölkəmizdə pasiyentlərin hüquqlarının müdafiəsinə aparan yol vətəndaşların hüquqi maariflənməsindən və tibbi hüququn inkişafından keçir. Öz hüquqlarını bilən insan onları müdafiə edə bilər, bunu özü edə bilməyəndə isə ona bu sahə üzrə savadlı vəkil lazımdır.

– Azərbaycan öz vətəndaşlarına bu cür hüquqi müdafiə təqdim etməyə hazırdırmı? 

– Təəssüf ki, yox. Bu məqsədlə ölkəmizdə tamamilə yeni elmi istiqamət olan “bioetika və tibbi hüquq” inkişaf etdirilməlidir. Bu fənn həm tibbi, həm də hüquqi fakültələrdə məcburi tədris olunmalıdır. Məhz bu iki ixtisasın qovuşuğunda yeni elmi istiqamətin inkişafına nail olmaq olar. Bu yeni istiqamət bizim ölkəmiz üçün yeni olsa da, dünyada isə çoxdan mövcuddur. Ölkəmizdə vəkilliyin xüsusilə, tibbi hüquq sahəsindəki inkişafı vətəndaşların hüquqlarını səhiyyə sistemində də peşəkarcasına və keyfiyyətli müdafiə etməyə qadir olan yeni mütəxəssislər nəslinin yaranmasına imkan verir. Bu prosesin başlanğıcı 2010-cu ilin əvvəllərində AMEA-nın İnsan Hüquqları İnstitutu və YUNESKO-nun Beynəlxalq Bioetika Kafedralar Şəbəkəsinin Azərbaycan Bürosu ilə birlikdə qoyulub. “Bioetika və tibb hüquq” elmi ixtisaslarının yaradılması və qeydiyyatı, tədris vəsaitlərinin hazırlanması, eləcə də YUNESKO-nun təlim materiallarının Azərbaycan dilinə tərcüməsi, həm müəllimlər üçün, həm də ölkənin ali məktəblərindən birinin yuxarı kurs tələbələri üçün treninqlərin keçirilməsi planlaşdırılır. Ölkə parlamenti ilə birlikdə maarifçilik və qanun yaradıcılıq işlərinin aparılmasının da böyük rolu var. 

– Ekspertlərin əksəriyyətinin fikrincə, təbabətin kommersiyalaşması və həkim səhvlərinin aşkarlanmasında şəffaflığın olmaması çağdaş mill təbabətin zəifliyinin əsas səbəblərindən biridir. Bununla bağlı sizin fikrinizi bilmək istərdik.

– Razıyam. Lakin onu da əlavə etmək istərdim ki, pasiyentlər və həkimlər də daxil olmaqla, bütün cəmiyyətimizin hüquqi maariflənmə səviyyəsi çox aşağıdır. Təəssüflər olsun ki, təbabətin kommersiyalaşması halları vardır. Bu məsələnin həlli həm səhiyyənin hüquqi bazasının yaradılması, məcburi tibbi sığorta məsələsi, bütün ölkə vətəndaşlarının məcburi illik müayinəsi, vaksinasiya, ölkə vətəndaşlarının öz hüquqları ilə bağlı maariflənmə səviyyəsinin yüksəldilməsi və pasiyentləri əsassız maliyyə xərclərinə saldıqlarına görə həkim məsuliyyətinin gücləndirilməsi ilə, həm də həkim səhvləri ilə bağlıdır.

Həkim səhvləri problemi tibbi hüququn ən vacib problemlərindən biridir. Əksər ölkələrdə bu problemlə bağlı statistik məlumatlar geniş ictimaiyyətin diqqətinə çatdırılır. Bu isə vəziyyəti təhlil etməyə, səbəbləri müəyyənləşdirməyə və onların aradan qaldırılmasını təmin etməyə şərait yaradır, ölkə təbabətinin gerçək təkamülünə imkan verir. Heyf ki, Azərbaycanda belə statistika aparılmır. Bununla bağlı, məhkəməyə edilən müraciətlər də çox nadir hallarda olur. Yalnız böyük hay-küyə səbəb olan bəzi işlər məcburən məhkəmələrə qədər gedib çıxır.

Beynəlxalq Tibbi Etika Məcəlləsinə əsasən, həkim pasiyentlərlə və həmkarları ilə münasibətdə vicdanlı olmalı, səriştəsizlik göstərən, yaxud yalançılığı müşahidə olunan həmkarları ilə mübarizə aparmalıdır. Bu məcəllənin normaları hələ ki, ölkəmizdə lazımi səviyyədə fəaliyyət göstərmir. Bizdə həkimlərin bir hissəsini digərlərinin qüsurlarını ört-basdır etməyə məcbur edən tamam başqa etik normalar işləyir. Ona görə də tibbi işçilərinin özləri arasında da bioetika və tibbi hüquq sahəsində təhsil və maariflənməyə böyük əhəmiyyət vermək lazımdır.

 

 

Rufik İSMAYILOV

 

 525-ci qəzet.- 2011.- 1 fevral.- S.4.