Kino xadimi Yusif Şeyxovun
60 yaşı tamam olur
Bu gün – fevralın
2-də milli kinomuzun dəyərli simalarından
olan, öz professionallığı və
səmimiyyəti ilə
seçilən, bacarıqlı
təşkilatçı və
ssenarist kimi tanınan Yusif Şeyxov özünün
60 yaşını qeyd
edir. Bununla bağlı
Azərbaycan Professional
Kinorejissorlar Gildiyası
Bürosunun yaydığı
açıqlamada bildirilir:
“Ömrünün böyük
bir hissəsini – 40 ilini, milli kinomuzun
inkişafına həsr
edən Y.Şeyxov
1975-ci ildə Azərbaycan
Dövlət İncəsənət
İnstitutunu bitirdikdən
sonra fəaliyyətə
rejissor assistenti qismində, “Azərbaycanfilm“
kinostudiyasında
başlayıb. Sonralar
Dövlət Kinematoqrafiya
Komitəsi (1979-1985), “Azərkinoprokat”
(1985-1990), “Azərkinovideo” İB
(1990-2001), Mədəniyyət Nazirliyi (2001-2006) və Mədəniyyət və
Turizm Nazirliyində
(2006-cı ildən) fəaliyyətini
davam etdirib. Harda işləməsindən
aslı olmayaraq, Yusif Şeyxov öz bacarıq və istedadını əsirgəməyib və
işə professional,
ətrafdakılara isə
mehriban və səmimi münasibət bəsləməsilə seçilib.
O, Azərbaycan kinosunda
çalışdığı bu illərdə bütün yaradıcı
istedadını kinomuzun
təbliğinə və
inkişafına həsr
edib, kino onun üçün həyati amilə çevrilib. Kino yaradıcılığına hələ
məktəb illərində
“Sehrli xalat” filmində baş qəhrəmanlardan birini oynamaqla başlayan Yusif Şeyxov sonralar bir çox
bədii, sənədli
və cizgi filmlərinin ssenari müəllifi olub, maraqlı, aktual mövzulara toxunub. Kino sahəsindəki uzunmüddətli,
səmərəli xidmətinə
görə Azərbaycanın
Əməkdar Mədəniyyət
İşçisi fəxri
adına layiq görülmüş Yusif
Şeyxov Professional Kinorejissorlar Gildiyasının
üzvü olaraq milli kinematoqrafın ictimai həyatında fəal iştirak edən, öz həmkarları və dostları arasında nüfuza və hörmətə malik sənətçidir.
Hörmətli və əziz həmkarımızı
60 illik yubileyi münasibətilə ürəkdən
təbrik edir, ona həyatda və sənətdə yeni-yeni uğurlar arzulayırıq”.
GÜNEL
525-ci
qəzet.- 2011.- 2 fevral.- S.7.