Sonuncu çiçək
dükanı
“Başqa adamlar” kitabından
O müdhiş gecənin
sabahı bütün çiçək dükanları
bağlandı. Nəinki çiçək
dükanları, şəhərdəki bütün xidmət
sahələri də dondu. Sonradan günlər keçdikcə
onlar gah sakit, gah gizli fəaliyyət göstərərək
yavaş-yavaş işlərini bərpa etsələr də
çiçək dükanlarından açılan
olmadı. Əslində çiçək tacirlərindən
heç birinin digərinin daha işləməmək qərarından
xəbəri yoxdu. Yəqin bu şəhərin
insanlarının çiçəyə ehtiyacı
olmayacağını düşünmüşdülər.
Heç vitrinlərdən çiçəkləri də yığışdırmamışdılar-
o faciədən qabaq dükanlar necə
bağlanmışdılarsa, elə də qalmışdı.
Və elə bil bu vəziyyəti çiçəklər də
hiss etmişdilər- onlar da bir gecənin içində sanki
hansısa bir yararsızlıq duyğusu ilə
solub-bürüşmüş, axşama isə
çürümüş çiçəklərin qoxusu
küçələri basmışdı. Bircə qərənfillərə
bunların heç bir aidiyyəti yoxuydu- o günlərdə
onlar hər yerdə rastına çıxır, hər kəsin
əlində gəzirdi. Buna görə də o
dükanların vitrinlərində,
çürümüş çiçəklərin
arasında qərənfil görə bilməzdin- ancaq
onları kimin necə və nə vaxt camaata
payladığını deyə bilmərəm. Bircə mən
bağlamamışdım dükanı. Əslində digərlərinə
baxanda o balaca zirzəmiyə heç dükan da demək olmaz-
mənim özümə bənzəyən köhnə təmirli
dükanım yaşadığım binanın altında,
küncdə, gözdən uzaq bir yerdə idi. Heç
dükanımın müştəriləri də o qədər
çox deyildi, alıcılar əsasən məhlələrarası
qonşularımdı. Bütün çiçəkləri
də özüm becərirdim- beşmərtəbəli evin
üçüncü mərtəbəsində iki otaqlı mənzilimi
istixanaya çevirmişdim. Evimə bir baxan olsa, orda insan yaşadığına
yəqin ki, inanmazdı. Ya da evə ilk dəfə daxil olan
insan cənnətə düşdüyünü
düşünər- minilliklər sonra cənnətə
qayıda bildiyinə sevinərdi yəqin. Yəqin oranı
görüb bunları düşünən insan bir az da xəstə
təxəyüllü olmalıdı – sağlam birisi torpaq və
soxulcan qoxan o otaqlardan sadəcə heyrətlə
qaçardı. Mən niyə qaçmırdım-
özümə də maraqlıdı. Yəqin bir səbəbim
vardı– mən çiçəklərimi sevirdim. Bu məhəbbət
adi təbiət sevdasından daha irəliydi, məsələn,
baba- nəvə sevgisinə daha çox oxşayırdı. Mən
çiçəklərimə qulluq edərkən onları
balaca balalar kimi əzizləyir, onlarla danışır,
onlarla gülür, bütün dərdimi də onların
yanında unudurdum. O qoca yaşımda onlarla vaxt keçirməkdən
xoşbəxt olur, çiçəklərim
üçün mahnılar qoşub oxuyurdum. Yəqin bu da
ahıllığımdan irəli gələn bir xəstəlik
idi. Mən inanırdım ki, onlar da məni sevirlər. Hələ
səpdiyim toxumların cücərmədiyini, əkdiyim
şitillərin tutmadığını, güllərimin
solduğunu görməmişdim- ta o müdhiş gecə Onu
görənə kimi. Bir dəfə də olsun
topdansatışlardan, çiçək tacirlərindən
çiçək alıb dükanımda
satmamışdım- ancaq öz əlimin məhsulunu
çıxarırdım satışa. Bəlkə
bütün bunlara görə o faciəli günün səhəri
mən dükanı açmaya bilmədim. Faciə gecəsi
küçədən güllə və
qışqırıq səsləri, heyrət və qorxu hissi
açıq pəncərədən içəri dolduqca mənim
beynimdə ancaq bir fikir varıydı- güllərimi, əllərimin
zəhmətini bu faciədən qorumaq. Onlar işıq gələn
hər yerə atəş açırdılar: içimdən
bir çoxları kimi əli yalın,
bağıra-bağıra onların üstünə getmək
fikri keçsə də, güllərimin qeydinə qalmaq,
onları sahibsiz buraxmamaq naminə, özümü Həvva
yaradılana qədərki, Adəm kimi hiss edərək
qaranlıqda oturdum. Sonradan, şəhərdə baş verənlərə
öz gözümlə şahid olandan sonra bu qoca
yaşımda özümdən utanmışdım- hər kəsin
canını tapşırmağa
çalışdığı saatlarda mən sanki
böyük bir dəyəri qoruyurmuş kimi güllərimi
qorumağa çalışmışdım- unutmuşdum ki,
insanlar olmayan yerdə gözəllik də yoxdu, incəlik də,
yəni ondan sonra heç güllər də lazım deyil
heç kimə, ondan sonra güllər Marsdakı suya bənzəyir,
istifadəsi mümkünsüz, yararsız. Sabaha kimi
düşünmüş – tək-tük uzaqda və
yaxında atılan güllələri saymış və belə
qərara gəlmişdim ki, işləyəcəm. Başqa gəlir
gələcək yerim də yoxuydu, çiçəklərimə
də heyfim gəlirdi- həm də ola bilməz axı bu
şəhər sadəcə çiçəklərdən
imtina etsin və ən azından o faciəni ağlamağa
çiçək axtarmasın.
Çiçəklər
insanın həmişə həm sevincini həm kədərini
bölüşüblər- insanlar toya da çiçək
aparıblar, qəbir üstünə də, ad gününə
də, xəstə yanına da- yəni bir az dərin fikirləşsən
çiçəklər üçün bir başqa hissiyyat
mövcuddur ki, onun tərkibində həm kədər, həm
faciə, həm də xoşbəxtlik və ümid var- qəribə
də olsa onlara baxaraq həm gülə, həm
gülümsünə, həm göz yaşları axıda,
həm də hönkürüb ağlaya bilərsən. Bəlkə
də bu hissin adı dostluq və sadiqlikdir- yəni onlar bir
yaxın dost kimi hər kəsin xeyirinə və şərinə
yarayırlar. Bu xüsusiyyətlərinə görə də
onları hər kəs sevir- qoca, cavan, uşaq, sağlam, xəstə
və hətta ölülər. Mən filosof deyiləm- bu
fikirlər də tamamilə mənim deyil. Mən onları bir
şeir kitabında oxumuşdum. Kitabı mənə dostum
vermişdi- kitabın müəllifi siyasi xadim, həm də
xalq şairiydi. Hər adam onun kitabını tapmaq, şeirlərini
oxumaq istəyirdi. O müdhiş gecədən bir il qabaqkı
dəfn- o şairin dəfni hələ də yadımdadı.
Elə izdihamlı mərasimlər həmişə olmur. Onda
mən çiçəklərimi havayı
paylamışdım- bunu özümə borc bilmişdim. Beləcə
o şeirin misralarını yadıma salmağa
çalışaraq dükanı bağlamamaq və sadəcə
adını dəyişmək haqqında
düşündüm- ancaq bir qərara gələ bilmədim.
Görəsən nə ad versəm çiçək sözünün
hal- hazırda insanlarda yaratdığı mənfi emosiyanı
aradan qaldıra bilər, nə ad versəm bu dükan
insanların gözündə açıq
qaldığına görə, elə bir faciədən sonra
bağlanmadığına bəraət qazana bilər? Xalqın
belə faciəli günündə bircə qarın
çörəkdən ötrü çarpışdığımdan
özümü qınamışdım da. Ancaq bəhanələrim
də vardı- ən azından çiçəklərin
günahı yoxuydu, ən azından əlimdə olanları
satmaq lazımdı deyə düşünmüşdüm-
axı məzarların üstünə çiçək
lazım olacaqdı. Əslində bunların bəhanə
olduğunu da bilirdim: mən sadəcə işimdən əl
çəkmək istəməmişdim, başqa bir işlə
məşğul olmağa ərinərdim, bəlkə də
rəqiblərimin olmayacağını hiss edərək daha
çox pul qazanmaq istəmişdim...
O gecə qocaman şəhərdə
kimsə yatmamışdı- küçədə cəsədlər
küçə-küçə , ev-ev, məscid-məscid
daşınmışdı. Evlərinə sığınan
insanlarınsa fikirləri, ümidləri
dolaşmışdılar bütün dünyanı. Pəncərələrdən
baxanlara elə gəlmişdi ki, bu gecə küçələrdə
böyük oğurluqlar baş verir- küçələrdən
cəsədlərin aparılması sakit- səssiz
görülən oğurluqlara bənzəyirdi, hətta təcili
yardımlar da sirena və işıqlardan imtina etmişdilər-
çünki o qədim nağıldan tamamilə fərqli
olaraq indi səs gələnə də, işıq gələnə
də güllə atırdılar. Sanki Cırtdanın hara
getdiyini dəqiq bilməyərək, elə birdəfəlik məsələni
həll etmək istəyirdilər. Şəhərin
küçələrini gəzdikcə tamam haldan
düşdüm. Sağ qalmaq üçün
işıqlardan qaçmaq, binaların girişində, ya da
tinlərdə gizlənmək, hətta bəzən yalandan cəsədlərin
arasına uzanmaq lazım gəlirdi- tankların üstündə
çəkdiyi şəkli rəssam seyr edər kimi ətrafı
seyr edənlərin, atmağa heç nə tapmayanda havaya
ataraq bəlkə də xəyallarında Allahın mələklərini
vurmağa çalışanların güllələri hələ
qurtarmamışdı. Bax hər şey ordan
başlamışdı- küçələrdən. Hər
kəsin həyatında yaxşıya, ya da pisə doğru
bir çevriliş, bir dönüş nöqtəsi olur. O
gecə və o küçələr minlərlə insanda
olduğu kimi mənim həyatımın da dönüş
nöqtəsi imiş. O yarımqaranlıq, qan və
azadlıq qoxuyan küçələrin birində həyatımda
ilk dəfə dəhşətli bir vahiməylə qorxdum. Evimə
tərəf qayıdanda, işıqlanmaqda olan şəhərin
alatoranında qarşıma çıxan mənzərədən
donub qaldım- üst-üstə qalanmış cəsədləri
bir neçə təcili yardım daşımağa
çalışır, bir yandan da adamlar cəsədləri
qucaqlarında yaxındakı məscidə və evlərə
qaldırırdılar. Heyrətdən üzümü
Tanrıya çevirəndə gözlərim qarşı
beşmərtəbəli binanın üstündə
ilişib qaldı- orda, nədənsə bu alatoranda
işıqlı şəkildə aydın görünən
bir adam dayanmışdı- nə əlində silah
görünmürdü, nə də kiminsə onu görərək
atəş açacağından qorxmurdu. Kölgənin
qırmızımtıl rəngi vardı- bəlkə də
işıqlanmaqda olan səmanın rəngiydi bu, bəlkə
də hər tərəfdə gölməçələnən
qan gözümü tutmuşdu. İki addım o tərəfə
atdım- kimsə dözə bilməyib bu gecənin itkilərinə,
kimsə təslim olmaq istəyir həyata- özünü
atmaq istəyir, olmaz belə, belə zəiflik olmaz! Ancaq bir
anın içində gördüyüm dizlərimi
qatladı- qırmızımtıl kölgə sərbəst
bir şəkildə binanın qırağından adladı və
mənim bir anda onu ətrafdakılara göstərmək istədiyimdən
sanki istifadə edib yoxa çıxdı. Dizlərim yerdə,
əllərim ətrafdakılara onu göstərmək istədiyimdən
havada, bax eləcə qaldım. Özümü itirmişdim. Əllərim
əsir, heyrətindən çığıra da bilmir, səsim
batmış halda, dizlərim yerdə, qəribə səslər
çıxararaq asfaltın qan qoxuyan tozunu sifətimə
çırpır, beynimə dolan maraqlı bir fikirlə
çığırmaq istəyirdim: ölənlərin,
şəhidlərin arasında mən yoxam! Mən sağam!
Niyə? Qorxaq kimi çiçəklərinin arasında,
qaranlıqda oturaraq bundan sonra alverimi necə
quracağımı düşünmüşdüm
çünki, sağ-salamat ola-ola meyitlərin arasına
uzanmışdım çünki. Çünki baş verənlər
mənə uzaq bir xəyal kimi görünmüşdü:
ancaq öz çiçəklərimi düşünərək,
ancaq özümü düşünərək hər kəsi
unutmuşdum! Ətrafda cəsədləri daşımağa
çalışan insanlar məni küçədən
qaldıraraq təcili yardıma vermək istəyirdilər,
ancaq bu mümkün deyildi. Dizlərimdən
aşağısı tutmur, çəkim ağır,
özüm də heç qiyamətəcən dizlərimi
yerdən qaldıra biləcəyimi
düşünmürdüm. Bir neçə adam birlikdə də
cəhd etdilər, ancaq məni yerimdən qaldıra bilmədilər-
“dərdi ağırdı” dedilər. Mən heç nə
görmürdüm- sarsılmışdım,
tapdalanmış və məhv olmuş, ölmüşdüm
sanki. Yoxa çıxaraq havanın tərkibinə
çevrilmişdim elə bil- boğazımdan bir ağır
zəncirlə yük asılmışdı.
Ölmək istəyirdim:
ancaq buna təbii bir yol yoxdu. Özünü yaşamaq istəməyəndə
öldürə bilmək qüdrətinin təbii bir halda
insana verilməməsi ədalətsizlikdi deyə
düşünmüşdüm. İndicə o kölgənin
özünü binadan atıb öldürmək istəyən
insan olduğunu düşünəndə onun bu hərəkətini
zəiflik kimi qiymətləndirmişdim- bax budur özüm də
ölmək istəyirəm. Gözlərimdə o kölgənin
izi qalmışdı- diqqətlə baxan olsaydlı, bəlkə
hələ də göz bəbəklərimin
böyümüş qaranlığında onun azacıq
qızarmış əksini görə bilərdi. Mən elə
bil hələ də onu görürdüm. Sonra təngənəfəs,
sərxoş insanlar kimi, bir az da gülə- gülə- dəli
kimi sürətlə küçələri keçərək,
döngələri dönərək, insanların utancaq
baxışları altında özümü
yaşadığım məhəlləyə yetirdim- yolboyu
kiminsə məni təqib etdiyini düşünərək
arxaya baxdım, qarşıma çıxan bütün
binaların üstünə baxdım- “o kim idi, nəyə
baxırdı, ordan hara uçdu” kimi axmaq suallar verirdim
özümə- balaca uşaqlar günəşin hara getdiyini
soruşan kimi. Özümə güldüm yolboyu, yolboyu həm
də bütün küçələrdə mənə elə
gəldi ki, artıq burda olmuşam, burdan bir dəfə
keçmişəm, hətta bəzən mənə elə gəldi
ki, bayaqdan bir addım da getməmişəm, elə yerimdə
dayanıb qalmışam- bax elə bu binanın
başından baxırdı kölgə qan gölməçələrinə,
mən də bax burda, bu cəsədlərin yanında yerə
dizlərim üstə dəymişdim. Bəlkə
bütün küçələrdə mənzərələrin
eyni olduğundandı bu, bəlkə də qan tutmuşdu
gözlərimi. O gecənin səhəri dükanı həmişəkindən
də bir saat tez açdım- göz önündə olacaq və
insanların fikirlərini cəlb edəcək çiçəkləri
öndən yığışdırdım, qapının
üstünə asılmış lövhəni
götürdüm, atdım zırzəminin ən uzaq
küncünə. Bacardığım qədər
çiçəkləri, güldanları və dibçəkləri
zirzəminin nisbətən arxa hissəsinə
daşıdım. Xeyli də yorulub tərlədim- sonda
işimdən razı qaldım. Baxanda bu mənzərə
gözlərimə xoş gəldi: “elə belə də
olmalıydı, lap əvvəldən”- deyə
düşündüm- “ elə həmişə, dünən
gecədən də qabaq bu zirzəmi belə
olmalıydı,”- və bunu indiyə kimi niyə etmədiyimə
heyfisləndim. Dibçəkləri və içində
güllər dolu güldanları bacardığım qədər
içəri yığdığımdan balaca bir yerə
iç-içə sıxılmış güllər eyni
zamanda həm xoşbəxt ( sanki bayram məclisinə
yığışmışdılar ), həm də bədbəxt
( sanki nədənsə qorxub hansısa meydandan arxaya çəkilmişdilər
) görünürdülər. Bir az da kədər doldu qəlbimə-
guya ki, çiçəkləri bir az gözə
çarpdırmamağa çalışdım, nəticədə
dükan əvvəlkindən də gözəl oldu. Qapıdan
düz içəri enən pillələrlə enən kimi,
bir boşluğa düşürdün və qəfil
çiçəklər öz gözəllikləri və ətirləri
ilə səni ağuşlarına alırdılar: sanki nəfəsin
qısıla-qısıla, güc- bəla ilə, yorulmuş əzələlərinə
inad dağın başına qalxmısan, nəfəsini dərə-dərə,
yüksəklikdən aldığın həzzdən
ayılmamış, qarşındakı çəmənliyin
tən orasının güllər
açdığını görürsən-
qıpqırmızı, sap- sarı, qatışıq bənövşəyi
və bəzən də qaramtıl- bədənindəki son
gücünlə özünü onlara çatdırmağa,
onların arasında bir üzügöyə,
üzütanrıya uzanmağa çalışırsan- niyə,
heç özün də bilmirsən. Və bundan sonra nə
olacaq- öləcəksənmi damarlarına səbəbsiz
yüklənən bu sevincdən, ya yenidən
doğulacaqmısan- bəlkə də öz içində
oyanacaqsan qəfil yuxudan- heç düşünmədən.
Elə bil qəsdən bütün bu hissləri hesablayıb
bəzəmişdin dükanı- hirsləndim öz-
özümə. Nə qədər gözəl görünsə
də “ belə olmaz” deyə düşündüm. Dibçəklər
üçün satdığım torpaq kisələrinin
birinin ağzını açdım və yerlə bir etdim-
qoy belə dağınıqlıq olsun, içəri girənin
ağlına bir dağınıqlıq çöksün,
beyinlərdəki xaosa bərabər olsun. Bütün
bunları edərkən əllərim əsirdi. Bununla da
ürəyim sakitləşmədi- bəzi çiçəklərin
qanadlarını qırdım, ancaq sonadək qoparıb
atmadım- qırılmış qanadlar sıyrıntı dərilərindən
asıla qaldı, sahibsiz kimi- ayrı vaxt bunu heç vaxt edə
bilməzdim, bunu ayrı vaxt belə qoymazdım- bəzilərinin
qönçələrini qırıb atdım yerə, ayaq
altına, bəzisini də ümumiyyətlə çox
gözəl olduğuna görə məhv etdim. Çünki
şəhərin hazırki halıyla onların gözəlliyi
heç uyuşmurdu- hətta dükanımda belə bir
gözəlliklə yanaşı özümü narahat hiss
edirdim: elə bil hər kəsin aclıq çəkdiyi bir
zamanda sən naz- nemət içində üzürsən. Bütün
bunları edərkən bir zərrə qədər də tərəddüd
etmədim- çiçəklərin gözəlliklərini
qıra- qıra anladım ki, dünən gecədən bu yana
keçən zaman ərzində bütün bu ssenari beynimdə
yazılıbmış.
İçimdə həm
də qəribə bir hiss də vardı- çiçəklərin
məndən inciməyəcəklərinə əmindim. Bircə
gözümdə dünən axşam ilk güllə səsi
eşidiləndən bəri yığılıb
qalmış yaşlar məni dinləmədilər-
azadlıq arzusuyla gözlərimə dolub yanaqlarıma
daşdılar. Mən onları bu uzun ömrümdə
çox əsarətdə saxlamışdım, indisə bu
mümkün deyildi. Bir siqaret yandırdım- ilk dəfə
çiçəklərin yanında, utanmaz- utanmaz siqaret
çəkməyə başladım, tüstüsünü
də rahatca hər tərəfə fısqırtdım. Əvvəl
bunu heç vaxt etməzdim, utanardım çiçəklərimdən,
onların onsuz da zirzəmi qoxusuyla korlanmış
havalarını korlamağa qıymazdım- ancaq indi çox
şey dəyişmişdi. Dəyişən nə idi
axı- hələ özüm də bunu ayırd edə bilməmişdim.
Siqaretin tüstüsüylə ürəyimə bir
rahatlıq çökdü- sinəmdəki bir boşluq doldu
sanki və beynim dincəldi. Hətta bir anlıq mənə elə
gəldi ki, çiçəklər də bu nikatinli havadan məst
oldular, onların da gövdələrində boşluqlar
varmış- tüstü onların bədənlərində
də öz yerini aldı, sanki çiçəklər də
düşünmürdülər artıq nəyin niyə və
necə olduğunu. Günlər keçdikcə məni
narahat edən bircə o kölgənin anlaşılmaz
görüntüsü idi. Faciədən sonra bir neçə
gün ərzində həlak olanların basdırılma mərasimində
də, o gündən sonra hər gün ancaq və ancaq o
xiyabana tərəf axışan insanların arasında da, gecələr
təklikdə çıxıb dolaşdığım
küçələrdə də, hətta öz
yaşadığım binanın üstündə də
gözlərim o kölgəni axtarırdı. Ondan bir iz yox
idi. İnsanların arasında onu axtardıqca hiss edirdim ki,
insanlar sanki hamısı ona oxşayır- ancaq necə
oxşaya bilərlər axı, mən ki kölgəni uzaqdan
görmüşdüm- bircə qırmızımtıl rəngi
yadımda idi. O gecədən sonra şəhər dəyişilmişdi.
İnsanlarda mübarizə əzmi artmışdı-
ruhlanmışdılar, dirçəlmişdilər. Onlar bir-
birləri ilə eyni doğmalarını itirmiş kimi
danışırdılar.
O gündən bəri hər
kəs faciədən qabaqkı kimi meydana
axışırdı. Sanki bütün yollar bir neçə
gündən bəri böyük bir xiyabanda basdırılan
şəhidlərlərin yanına aparırdı, hər
hansı yerə gedirsə getsin hər kəs ordan keçir,
hər kəs orda dayanır, orda nəfəs alırdı. Bir
də bir qəribəlik vardı insanlarda- sanki bir- birlərinin
gözünün içinə baxmağa qorxurdular. Hər kəs
sanki o gecə ölmədiyinə görə utanırdı-
sanki özü kimi ölməyənlərə deyil, ölənlərin
gözünə baxırdı. Ölənlərin
yaxınları idi burda hər kəs- burda hər kəs
ölü sahibi kimi hiss edirdi özünü. Həm də mən
hiss etdim ki, sanki, o gündən sonra şəhərin
küçələrində, meydanlarında qarşıma
çıxan hər kəs ölmüşdü- hər kəs
canlı meyit kimi gəzirdi, artıq itirəcək bir yanı
olmayan cəsəd, elə bir cəsəd ki, artıq
yaşamadığına görə heç nə də itirə
bilməz. Və əslində bunun- bu hisslərin nə dərəcədə
qorxulu olduğunu indi anladım. İndi anladım ki, əslində
bu qırğın tamamilə başqa məqsədlər
daşısa da əks nəticə verib- insanlarda belə qəzəb,
belə qorxmazlıq yaratmaq olmaz. Şəhərdə yeganə
çiçək dükanını ilk dəfə
bütün faciələrə baxmayaraq gizli- aşkar bir- birlərini
sevməyə davam edən sevgililər aşkar etdilər. Yavaş-
yavaş qanadı və qönçələri qırıq,
susuzluqdan bürüşmüş və bu xüsusiyyətləri
ilə elə bir faciədən sonra normal qarşılanan
çiçəklər alınmağa başladı. Yavaş-
yavaş hiss etdim ki, ən çox eybəcər hala
düşmüş çiçəklər
alıcıların daha çox diqqətini çəkir- mən
də hər səhər gözlərimin yaşını silə-
silə çiçəklərimi qırır,
vicdanımı yeyib- bitirərək alverimi
böyüdürdüm. O facidən sonra ümidlərini bir-
birinə bağlayan, ya da heç kimə ümid etməyərək
şəhid olmuş qohumlarını ağlayan insanlar bu
kiçik zirzəminin səsini yavaş- yavaş bütün
şəhərə yaydılar. Özüm də hiss etmədən,
başımı aşağı salıb çiçəklərimi
becərə- becərə, əllərimi əsdirərək
hər axşam onların qol- qanadını qıra- qıra
şəhərin dilinə düşdüm. Bəlkə də
bilsəydim belə olacaq- heç açmazdım o faciədən
sonra dükanı. Bəlkə də bilsəydim
çiçəklərin qol-qanadını elə
insafsızca qırıb insanların diqqətini üstümə
çəkməzdim. Bəlkə də çiçəkləri
havayı paylasaydım daha yaxşı olardı- belə
gözə girməzdim. O faciəli gündən sonra şəhər
mənim çiçəklərimlə nəfəs
alırdı- artıq sevgililər deyil, adi şəhər
sakinləri də səbəbli- səbəbsiz çiçəklərimi
alır, içlərindəki kədəri, gözlərindəki
əzabı o çiçəklərə ötürür,
çiçəklər də sanki bir məmnuniyyətlə
insanları narahat edən fikirləri üstlənir və
onların ağırlığı altında solurdular. Alverim
qalxdıqca qəlbimi bir kədər bürüyürdü-
utanırdım insanların kədərindən pul
qazandığıma. Və günü- gündən daha
çox çiçək yetişdirməyə
çalışır, daha çox qiyməti
aşağı salırdım. Sonda ən aza endirdim qiyməti-
ancaq özümün və çiçəklərimin tələbatına
uyğun pul almağa başladım insanlardan. Eyni zamanda da bir
rahatlıq vardı içimdə- mənim çiçəklərim
insanları sakitləşdirir, rahatlaşdırırdı. Bütün
tacirlər, çiçək dükanı sahibləri- yenə
də bir- birindən xəbərsiz demək olar eyni fikir
ardıcıllığını düşünür, durur,
gözləyirdilər. “Qoca işini yaxşı qurub, gör
bir saman altdan necə su yeridir...”- deyirdilər dükanım
haqda. Mənim xəbərim yoxdu. “Elə bir gündən sonra
abırsız- abırsız çiçək satır,
utanmaz- utanmaz pul qazanır...”- deyə şəhərin ən
böyük çiçək taciri əlini stolun
üstünə çırpıbmış. Əslində qəzəbinin
səbəbi tamam başqa idi. “Bizim fikirləşə bilmədiyimizi
düşünüb, bizim ağlımıza gəlməyəni
edib...”- başını aşağı salıb onun qarşısında
durmuş köməkçisi çiyinlərini çəkərək
dillənibmiş. Bir gecə dükanını bütün
gücü ilə işə saldı. Bir gecədə
bütün dükanı tər- təmiz təmizlətdi,
yenilətdi və vitrinləri hazırlatdı. Ancaq iş
çoxdan dayandığından çiçəkləri
lazım olan yerlərdən tapa bilmədi- həm xaricdən
çiçək gətirənlər bu tərəflərə
artıq gəlmirdilər, həm də yerli
istehsalçılar artıq çiçək
yetişdirmirdilər. O gecədən sonra kimə desən də
yetişdirməzdi- hələ bir səni söyərdi də.
Onlar mənim çiçəkləri hardan gətirib
satdığımı tapmağa çalışarkən
yeni bir faciənin əsası qoyuldu:
hazırlatdığı, təzələtdiyi vitrinləri
bir gecədə də vurub dağıtdılar, yerlə bir
etdilər.
Çiçək satışı üçün hazırlanmış, bu bər- bəzəkli, ancaq çiçəksiz vitrinlər hələ də meydanlara yığışıb ən azından ölən şəhidlərinin ruhuna azadlıq tələb edən insanların gözlərinə pis görünmüşdü. Mən isə bütün bunlardan xəbərsizdim. O kölgənin kabusuna çevrilmişdim. Yuxuda qırmızımtıl kölgə məni təqib edirdi, dükanda olmadığım vaxtlarsa mən təkrar- təkrar küçələri axtarır, o binanı tapmağa çalışır, ancaq tapa bilmirdim. Elə bil o küçə, o bina şəhərdən itmişdi. Eyni zamanda da özümü tamamilə itirdiyimi hiss edirdim. Hiss edirdim ki, artıq çiçəklərin qol- qanadını məhz o kölgənin acığına daha hirslə, daha həvəslə qırıram. Hiss edirdim ki, artıq çiçəklərin qol qanadının qırılmaması üçün zaman yetişsə də bu adətimi tərgidə bilmirəm. Hər dəfə yeni bir çiçəyə zərər vurarkən dönüb girişə baxır, o kölgənin niyəsə gəlməli olduğunu düşünür və hər bir müştərimin sifətində onu axtarıram. Yavaş- yavaş dəli olurdum elə bil. Qocalırdım. Əllərim daha həyəcanla əsir, ürəyim hər gün daha bərk vururdu. Mən gözləyirdim. Bir çoxları vitrinlərin yerlə bir edilməsini mənim işim hesab etdi- çünki mən heç nədən xəbərsiz gecələr o kölgəni axtarırdım şəhərdə. O faciədən sonra şəhər ilk dəfə birdən- birə canlandı və ortalığa yeni bir mövzu gəldi. Dükanıma söhbətə, ağzımdan söz almağa kimlər gəldi- kor peşman qayıtdılar. Dükanım o qədər sadə, çiçəkləri o qədər hüzünlü, özüm də o qədər qoca idim ki, mənim belə bir şey etməyəcəyim göz önündə idi. Hələ çiçəklərimin qırıqlığında, solğunluğunda bir sehr vardı- gördülər almaya bilmirdilər, aldılar- çiçək tamamilə solunca çiçəkdən ayrıla bilmirdilər. Bir sabah çiçək almağa gələn bir cütlüyün məni dükanın içində, yarpaqları, qolları, qönçələri qırıq çiçəklərinin arasında ölü tapacaqlarına əmindim- vitrinləri dağıdılan dükanın heç şüşələri yerlərdən tamamilə yığışmamış olmalıydı bu. Belə də oldu. Böyük bir bıçaq kürəyimdə, böyük kədər dükanımda, böyük bir qan gölünün içində. Ölümün başına yığışaraq zirzəmidəki çiçəklərin qan qarışmış ətrinə heyran olan insanları sarsıdansa, cəsədimi üzüyuxarı çevirərkən gözlərimdəki sevincin böyüklüyü oldu- sanki kimsə mənə böyük bir yaxşılıq edib. Məni onlarla yanaşı basdırdılar- xiyabanda, şəhid kimi, üstümdə bütün şəhər də ağladı, dükanımdakı bütün çiçəkləri də tökdülər üstümə. Bundan gözəl ölüm ola bilməzdi mənim üçün- çünki mən axtardığımı da tapmışdım. O qırmızı kölkgəli adam gəlmişdi o gün dükanıma- sadəcə əlində mənə yönəlmiş bıçaq vardı. Mən onu çoxdan gözləyirdim... Mən öləndən sonra şəhərdə çoxlu çiçək dükanları açıldı. İnsanlar da yavaş-yavaş həyatlarına döndülər. Onlar azadlığı əldə etdilər və unutdular. Yaşasaydım, mənə qəribə gələrdi. Ancaq indi hər şeyi başa düşürəm- azadlığı ancaq ölənlər bir saniyə də unutmurlar. Yaşayanlarsa azadlığı unutduqları üçün yaşaya bilirlər. Ölümü soruşsanız, o qədər də fərq yoxdu, bircə əllərim daha əsmir... Mart 2009-Avqust 2010
Zərdüşt ŞƏFİZADƏ
525-ci qəzet.- 2011.- 5 fevral.- S.28-29.