“Özümü heç vaxt rahat
hiss etmirəm: heç bir halda və heç bir yerdə!”
Müsahibimiz yazar-publisist Aysel Əlizadədir
– Sizə necə
müraciət olunmasını istərdiniz?
– Sizə necə rahatdır. Bircə mənə “gənc yazar” deməyin. 90 yaşımız olur, hələ də “ gənc yazar” nə bilim, “gənc publisist”ik . “ Gənc yazar” adlı sənət olmur axı. Mən qocalmaqdan qorxmuram. Əksinə, elə hey gənc olmaqdan qorxuram. Adam ya yazar olur, ya da yazır. Uzaq başı, haqqında danışanda demək olar ki, “ gənc olmasına baxmayaraq...” və sairə (gülür). Dostum demiş, mən qədim adamam. Bir də bilmirəm, suala dəxli var ya yox, adamların bir-birinə “sən” deməsindən zəhləm gedir. “Sən” böyük ərkdir. Heyif ki, iki cümlədən sonra çox adam bu ərkə keçməyin vaxtı çatdığını sanır. Xoşum gəlmir, “bu sizdən-bizdən” deyənlərə şübhəylə yanaşıram. Azad Mirzəcanzadənin bir prinsipi vardı. O, ən yaxın dostları ilə sizlə danışardı. Əgər sənə keçdisə demək, adam onun çox yaxınındadır.
– Özünüzü
yazıçı kimi rahat hiss edirsiniz, yoxsa jurnalist kimi?
– Özümü heç
vaxt rahat hiss etmirəm: heç bir halda və heç bir yerdə!
Yaradıcılıqla məşğul olanda bir az rahat oluram.
Bu yaxşı bir yazı yazanda və ya maraqlı bir
veriliş hazırlayanda ola bilər. Fərqi yoxdur.
Yaradıcı ruh əslində yükdür. İşim bitəndən
sonra, əgər ürəyimcə alınıbsa,
boşalıram. Rahatlayıram da demək olar. Bu da uzun
sürmür. Sonra yenə... Yazardan çox oxucu kimi rahat
oluram. Əslində yazar olmaq elə həmişə narahat
olmaq deməkdir.
– Ədəbiyyat sizin
üçün nədir?
– Ədəbiyyat çox
şeydir. Ədəbiyyat universitetdir, əyləncədir,
düşüncədir, fəlsəfədir, özünü
ifadə vasitəsidir. Ədəbiyyat dostdur, sevgilidir!
– Əvvəl müğənni
kimi özünüzü sınamışdınız.
Gözəl səsiniz var. Bəs niyə davam etmədiniz?
– Bu yaradıcı ruh ki deyirəm,
işdən daha çox yorur adamı. Heç durmaq, sakitləşmək
bilmir. O dönəmdə çox dinamik iş fəaliyyətim
vardı. Bir tərəfdən tv fəaliyyətim, proqram
hazırla, ssenari yaz, çəkilişlər elə, montaja
get, canlı yayım, digər tərəfdən musiqi.
Mahnıların sözlərini yazırdım, bəstəkarla
birgə işləyirdik, sonra aranjımançının zəhləsini
tökürdük. Sonra səsyazma studiyasındakı işlər.
Sonra klip çəkilişləri. Bu bir adamın işi
deyil. Yaradıcılıq üçün gərək şəraitin
olsun. Dəstək, komanda, gəlir, professional ortam və sairə.
– Sizcə, Azərbaycanda
şou-biznes varmı?
– Biznes sahəsində
monopoliya, qoyulan çoxlu tələblər, lazım olan xeyli
sənədlər, “şapka”lar, nə bilim, nələr varsa,
bu, azad biznesə və ya biznesdə azadlığa ciddi əngəldir.
Biznesin özündə ciddi, köklü problem-əngəl
varsa, şou-biznes necə ola bilər?! Biz deyirik ki, ölkəmiz
kiçikdir, ona görə də burda hansısa işi
peşəkar səviyyəyə çatdırmaq
mümkünsüzdür. Belə deyil. Ölkədə
peşəkarlıq səviyyəsi miqyasa – sərhədlərə
uyğun olmur. Ölkədə peşəkarlıq səviyyəsi
miqyası, sərhədləri genişləndirmək
üçündür. Əksinə, kiçik ölkədə
böyük işlər görmək daha asan olmalıdır.
Şou-biznesə peşəkarlar buraxılsa, onlar özləri
bu işi yoluna qoyarlar. Bütün sahələrə aiddir bu.
Qanun qüvvəyə minməlidir. Təkcə müəllif
hüquqlarını qorumaqla bu işləri yoluna qoymaq olar.
Ancaq kimin üstünə gedəcəksən, müəllifin
haqqını ödəməmək üçün min hoqqa
çıxaracaq. O qədər tanış, zəng,
tapşırıq gələcək ki, vaz keçəcəksən.
Bizim ölkədə kimisə qanunla dilləndirəndə
olay düşmənçiliyə gedib çıxır. Nədənsə
qanun vergi yığmağa gələndə dəmirdəndir.
– Maraqlı və populyar
telelayihələriniz olub. Necə oldu ki, televiziyadan
ayrıldınız?
– Yoruldum, bezdim. Mənim kimi
adamlar indiki tv-də işləyə bilməzlər. Kimlə
işləyək axı?! Mən ancaq peşəkarlarla
işləyə bilərəm. Başqaları ilə
alınmadı...
– Bu gün cəmiyyətin
düşünən insanları televiziyaları tənqid
edir. Elə siz də bu mövzuda maraqlı yazılar
yazırsız. Nədir sizi bugünkü telekanallardan
narazı salan? Nələri dəyişmək istərdiniz?
– Nələri?? Hər
şeyi kökündən dəyişərdim. Bizim çox
istedadlı, professional tv-çilərimiz var. Onları
yığıb gətirərdim. TV-ni zavod rejimindən
çıxarıb yaradıcı ortam yaradardım. Az və
keyfiyyətli verilişlərdən başlayardım. Hər
şeyi dəyişərdim. Hər şeyi. Səsi,
dekorları, kameraların qoyuluşunu. Güclü redaktor,
rejissor komandası yığardım. Ən istedadlı
adamları yığardım tv-yə. Rafiq Hüseynliyə
minnətçi düşərdim.
– Aparıcının
özünü efirdə müstəntiq kimi aparmasına bir
tamaşaçı kimi necə baxırsınız?
– Hər kəs öz
işini görsə, yaxşı olar. Müstəntiq müstəntiq,
aparıcı aparıcı olsa, işlər qaydasına
düşər...
– Evlilik proqramlarına
münasibətiniz necədir?
– Normal. Hətta
yaxşı. Səviyyəli tərtibatı,
aparıcıları olsa, nədən olmasın? Səviyyəli.
Özəlliklə də bizim kimi kompleksli, çəkingən
bir ortam üçün yararı var. Bizim insan ilişgi qura
bilmir. Bu verilişlər insanlara həyat arxadaşı
axtarmaqda ayıb bir şey olmadığını öyrədir.
İnsan yarını hər yerdə və hər vasitəylə
axtarmalıdır. Pis olan odur ki, xalq orda da uşağına əri,
arvadı özü bəyənir, özü seçir. Efirə
analar, xalalar, bacılar, xalaqızılar qoşulur. ORT-nin
“Davay pojenimsya” layihəsi var. Çox maraqla baxıram ona.
Larisa Quzeyeva aparır. Yanında da 2 professional. Roza və
Vasilisa. 3 əjdaha oturub başda. Ancaq onları dinləsən,
həyatı öyrədərlər. Larisanın da,
maşallah, evlilikdə xeyli səriştəsi var. İnsan
ayağına bir ayaqqabını günlərcə
axtarır. Yarını niyə axtarmasın, başım
çıxmır.
– Bu fikirlə
razısınızmı ki, “cəmiyyət necədirsə
televiziya da o cürdür”?
– Bu ağır sualdır.
Televiziya cəmiyyətin proobrazıdır.
Güzgüsüdür. Ancaq cansız güzgüsü deyil,
Zeynal müəllim demiş, “danışan
güzgüsü”dür. Cəmiyyətin səsi niyə gəlmir?!
Niyə eşidilmir?! Hanı ağıllı başlar?! Cəmiyyət
efirə çıxan kimi görürsən ki, insanlar
işsiz-gücsüzdülər. Gənclər boşluqdan
gic-gic işlərlə məşğuldur. Ancaq cəmiyyət
efirə çox nadir hallarda, təsadüfən
çıxır. Bu mənada televiziya güzgü rolunu, demək
olar ki, oynamır. Ancaq televiziyanın nə iş
gördüyünə fikir verəndə o çox şeyin
güzgüsünə çevrilir.
– Azərbaycan
yazıçısının və kitabının dünyada
tanınması üçün nə
çatışmır?
– Yaxşı əsər və
onu dünyaya çıxarmaq amacı. Azərbaycan
yazıçısına dəstək lazımdır.
Çünki onun nə pulu var, nə bazarı, nə əlaqələri.
Bizim çox istedadlı yazarlarımız var ki, Nobelə
layiqdilər. Məsələn, Afaq Məsud Nobel almış
Yelinekdən daha güclü yazardır. Bu qadının hər
şeyi yazıçıdır. Duruşu, baxışı,
yerişi, həyatı... Afaq Məsud yazıçı heykəlidir.
Onun ancaq “Sel”ini, “Sərçələr”ini 15 nəfər
Yelinek birləşsə, yaza bilməz. Afaq xanımı
dünyada az-çox tanıyırlar da hətta. Əgər
Azərbaycan kimi bapbalaca ölkənin qadın
yazıçısı özünü az-çox dünyada
tanıda bilirsə, görün indi ona bir az dəstək
olsa, nələr edər.
– Bəs başqa mədəniyyət
sahələri? Musiqiylə dünyaya çıxmağa cəhd
göstəririk...
– Qəbələdə
keçirilən klassik musiqi festivalı, muğam festivalı,
teatr festivalı bunlar hamısı çox
yaxşıdır. Dünya mədəniyyətinə
qoşulmaqdır. Qəbələyə gələn dünya
musiqiçiləri bizim musiqini eşidib məəttəl
qalırdılar ki, necə ola bilər ki, bizim bundan xəbərimiz
olmasın. Teatr festivalı da ölkə kulturasının
xeyrinə idi. Teatrların təmiri də.
– Teatra sonuncu dəfə nə
vaxt getmisiz?
– Bir neçə gün
öncə. Gənc Tamaşaçılar Teatrına,
“Aydın”a getmişəm. Bir neçə ay əvvəl də
Rus Dram Teatrına, Çexovun tamaşasına getmişdim. Bir
də Nazim Hikmətin “Qəribə adam” əsərini
qoymuşdular Gənc Tamaşaçılar Teatrında, baxdım.
Aktyorlar gəlmə idi. O qədər də bəyənmədim.
“Opera və Balet”ə də gedirəm. Gedirəm teatra.
Çox da zövq alıram.
– Fikir vermisinizsə, uzun illərdir
teatrlarımızın repertuarı, demək olar ki, dəyişilməzdir,
sizcə, bunun sirri nədir?
– Bu sirr deyil ki...Teatr da elə
televiziya kimi... İşləmək, tər tökmək,
axtarmaq, yeni pyeslər, əsərlər tapmaq
üçün həm peşəkarlar olmalıdır, həm
də stimul. Deyək ki, peşəkarlar var. Nəyin həvəsinə
işləsinlər axı. O qədər istedadlı aktyor
tanıyıram ki, yaşamaq üçün öz sənətinə
aid olmayan işlərlə məşğuldur. Məcburdur. Əslində
biz o şəraitdə nəsə təqdim etdikləri
üçün teatr kollektivlərinə çox sağ ol
deməliyik. Aktyorların durumu yaxşı deyil. Nə qədər
kasıb yaşadıqları hər hərəkətlərindən
bilinir. Amma sənət ehtirası elə böyük ki...
Bir az tərpəniş hiss
olunur. Teatrlar işləyirlər. Binaları təmir olunandan
elə bil maaşları da, tamaşaçıları da
artıb. Ən çox da Pantomim Teatrına yer verilməsinə
sevinirəm.
– Azərbaycanda ədəbi
tənqid niyə inkişaf etmir?
– Ədəbiyyat relsə
düşsə, siz dediyiniz ədəbi tənqid də olacaq.
Bu gün ədəbiyyat necədirsə, tənqidi də o
cürdür. Əslində nə yazılırsa, ona bir
reaksiya olur mütləq. Guya tənqidçilər işləmək
istəmirlər? Guya onlara xoşdur bu durum? Vəziyyət
çox ağırdır. Hamı başını birtəhər
girləyir. Bu vur-çatlasının içində olan
adamlar çırpışıb-vuruşub nəsə ortaya
qoyurlar. Hələ bu həşirdə vaxt, həvəs
tapıb kimsə nəsə yazırsa, nəyisə tənqid
edirsə, nəsə oxuyursa, inanın, bu çox
böyük uğurdur. Bizim ədəbiyyat adamları ədəbiyyatı
ölməyə qoymadılar. Azərbaycanda yeni ədəbiyyat
yaranır. Vaxt gələcək, bu dövr kulturamızda ən
önəmli yerlərdən birini tutacaq.
– Ən çox sevdiyiniz kitab və yazıçı hansıdır?
– “Martin İden”, Cek London.
– Ən çox sevdiyiniz,
ruhunuzu oxşayan musiqi varmı?
– Şopen oxşayır
ruhumu, bir də Sezen Aksu. Mənim üçün
dünyanın ən istedadlı qadınıdır. Bizim
musiqidə isə Flora xanımın səsinə də, şəxsiyyətinə
də vurğunam. O boyda səs olar?!
– İntihar haqqında
düşündüyünüz anlar olubmu?
– Yox. Həmişə həyatın
tərəfində olmuşam.
– Sevgi sizin üçün
nədir?
– Mənim Tanrım sevgidir.
– Yenidən həyatınızı
sıfırdan başlamaq imkanınız olsaydı, nələri
dəyişərdiniz?
–Çox şeyi dəyişməzdim.
Bəzilərinə əl gəzdirərdim.
– Hər kəs xoşbəxtliyi
bir cür təsəvvür edir. Sizin üçün
xoşbəxtlik nədir və xoşbəxtsinizmi?
– Mənim üçün
xoşbəxtlik qızımdır. Anamın
sağlamlığıdır. İzelə qədər
soruşsaydız, çox şey deyərdim. Hər xırda
şeydən də xoşbəxt ola bilirəm. Yenə də
Azad müəllimi misal gətirəcəm. O bizim
hamımıza örnəkdir. Bir dəfə
güzgünün qarşısına keçib, uşaq kimi
sevinib: – “Mən necə xoşbəxtəm, anama bənzəyirəm”
– deyib. Onsuz da içimizdəki böyük
rahatsızlığı heç nə dəyişməyəcək.
Ancaq ona toxunmadan bizi xoşbəxt edə biləcək
şeyləri görməliyik. Məni musiqi, yaxşı bir
film, istedadlı insanlar xoşbəxt edə bilər. Hətta
bəzən özümə kiçik bir hədiyyə
alıb xoşbəxt oluram. İndi xoşbəxtliyim
İzeldir! Onda xoşbəxt olmaq üçün hər
şey var. Uşaqlar özləri xoşbəxtdirlər deyə,
yanlarındakı insanlara da bunu ötürürlər.
Xoşbəxt və narahatıq. Ancaq böyük xoşbəxtliyi
Qarabağı geri aldığımızda yaşayacam...
Yenilik.az
525-ci qəzet.- 2011.- 5 fevral.- S.27.