Fazil Güney “Qara qan”a imza atdı

 

Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda yazıçı Fazil Güneyin “Qara qan” (2-ci hissə) kitabının İmza günü gerçəkləşib. Tədbiri giriş sözü ilə filologiya elmləri doktoru, professor Nizaməddin Şəmsizadə açaraq romanın mövzusu və ideyası, bədii məziyyətləri haqqında danışıb: “Bir çox epizodların sənətkarlıqla qələmə alındığı “Qara qan” kitabında müəllif xalqımızın ümummilli lideri Heydər Əliyevin də parlaq obrazını yaradıb”. Tədbirdə politoloq Reyhan Mirzəzadə, şair Çingiz Əlioğlu, tanınmış diktor Natəvan Hacıyeva və digərləri namusunu düşməndən qorumaq üçün özlərini qayadan atan Azərbaycan qızlarına və Qarabağ şəhidlərinə ithaf olunmuş əsəri yüksək qiymətləndirdiklərini qeyd ediblər. Sonda çıxış edən Fazil Güney tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirərək, romanın üçüncü hissəsini torpaqlarımız işğaldan azad olunduqdan sonra bitirəcəyini bildirib. Tədbirdə oxucular müəllifin imzası ilə “Qara qan” kitabını əldə ediblər. Qeyd edək ki, roman sevgi və ismət sınağı ilə qarşı-qarşıya qalmış jurnalist Aysunun əsirliyi fonunda Qarabağ savaşının dərin, geniş mənzərəsini verir. Əsərdə ermənilərin Azərbaycan torpaqlarında törətdikləri vəhşiliklər, hərbi və siyasi gerçəkliklər inandırıcı boyalarla təqdim olunub. Müəllif ancaq gördüklərini, duyduqlarını, şahidi olduğu hadisələri, tanıdığı insanların talelərini təsvir etməyə çalışıb. O, Uzaq Sibirdən, Çin səddindən tutmuş Aralıq dənizinədək böyük bir ərazidə məskunlaşmış qədim bir millətin övladlarını başımıza gələnlərdən hali etməkdən ötrü romanı hərbi-siyasi, tarixi, məhəbbət süjeti əsasında qurub.

 

 

HÜSNİYYƏ

 

525-ci qəzet.- 2011.- 5 fevral.- S.19.