Lalə Ağayevanın foto sərgisi – “Kölgələr uzananda

 

Muzey Mərkəzinin Sərgi Qalereyasında Lalə Ağayeva-Lambertin “Kölgələr uzananda” adlı foto sərgisinin açılış mərasimi keçirilib. 120 fotoşəkildən ibarət olan bu sərgidə Lalənin dünayaya olan özünəməxsus baxışı və fotoqrafiya sənətinin imkanları öz əksini tapıb. Sərgidə “Çəhrayı fantaziya”, “Kobaltlı mina”, “Fars mavisi”, “Limonlu tvist və laymalı şərbət”, “Portağallı tanqo və naringi arzuları”, “Qırmızının variasiyaları” adlı ekspozisiyalar nümayiş etdirilib. Tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, nazir müavini Ədalət Vəliyev, xalq rəssamı Ağaəli İbrahimov, Təhsil Nazirliyi Elmi-metodik Şurasının “Musiqişünaslıq və incəsənət” bölməsinin elmi katibi Fərəh Əliyeva və Muzey Mərkəzinin direktoru Liana Vəzirova iştirak ediblər. A.İbrahimov öz çıxışında bildirib ki, Lalə Ağayevanın yaratdığı əsərlər əsl sənətkarlıq nümunəsidir. “Onun hər bir əsəri qiymətli sənət nümunələridir. Mən çox sevinirəm ki, bu əsərlərdə Azərbaycanın dilbər guşələrindən olan Quba, Qusar, Nardaran kimi məkanların gözəl mənzərələri var. Mən Lalə xanımı bütün rəssamlar adından təbrik edir və ona yaradıcılıq uğurları arzulayıram”. Fərəh Əliyeva Lalə Ağayevanı təəssüratların qırıntılarını bir araya yığan vizual şair adlandırıb. Tədbirdə Muzey Mərkəzinin direktoru Liana Vəzirova da Lalə Ağayevanın yaradıcılığı haqqındakı fikirlərini bildirib: “Kameranı idarə edə bilən incə qadın barmaqları, dünyaya zərif cinsin baxışları xüsusilə xoşuma gəlir. XXI əsr cəmiyyətinin mənəvi yüksəlişi məhz bu cür istedadlı qadınlardan asılı olacaq. Zənnimcə, onun sevgi ilə dolu gözəl əsərləri çoxlarını etinasız buraxmayacaq”. Sonda Lalə Ağayeva sərgidə iştirak edənlərə, Mədəniyyət və Turizm Nazirliyinə, Muzey Mərkəzinin direktoruna təşəkkürünü bildirib. Qeyd edək ki, bu, Lalə Ağayeva-Lambertin ilk fərdi sərgisidir. Sərgi fevral ayının 9-na kimi davam edəcək.

 

 

GÜNEL

 

525-ci qəzet.- 2011.- 5 fevral.- S.17.