Qürbətdə vətən və
millət təəssübü,
YAXUD “BU XALQ, TƏKCƏ, KONSERT VERMƏYİ BACARMIR...”
Çoxdan bəri məni
narahat edən bir vacib məsələyə nəhayət ki,
bu günlərdə, səthi də olsa, televiziya verilişlərinin
birində toxunuldu.
Mən də milyonlar kimi televiziya
verilişlərinə baxan bir Azərbaycan vətəndaşıyam.
Və sözsüz ki, teleməkanda mənim də
zövqümü oxşayan və yaxud tamamilə əksinə
olan müxtəlif verlişlər yer almaqdadır. Hələlik
onları müzakirə etmək və yaxud bu barədə
fikir söyləmək niyyətim yoxdur. Lakin bir məsələ
ilə bağlı fikrimi sizinlə bölüşmək qərarına
gəlmişəm.
Bugünlərdə
İctimai Televiziya kanalında çoxsaylı baxımlı
verilişlərdən biri olan “Qərib axşamlar” proqramı
canlı efirdə idi. Bir neçə qonaq da dəvət
olunmuşdu. Onların sırasında hələ “Meydan” hərəkatından
qeyrətinə bələd olduğum və bugünədək
də böyük hörmət bəslədiyim Sabir Rüstəmxanlı
da var idi. Çox maraqlı söhbətlər gedir, şeir
oxunur, mahnı səslənir, efirə zənglər olurdu. Aparıcı
Yusif Günaydın verilişi formatına uyğun, səviyyəli
bir şəkildə aparırdı. Efirə növbəti zəng
oldu. Xəttin o başında Ukraynadan olan bir həmvətənimiz
idi. O qardaş hamıya salamlarını yetirib onların
ürəklərinin həmişə Azərbaycanla
döyündüyünü bildirdi. Və buna sübut olaraq,
yaşadığı ölkəyə tez-tez
tanınmış müğənnilərimizi dəvət etmələrini,
hətta bu yaxınlarda Ağadadaş Ağayevin onların
qonağı olduğunu böyük iftixar hissi ilə qeyd
etdi.
Bu, bir yenilik deyil. Belə zənglər
mütəmadi olaraq bütün kanallara,
çal-çağırlı canlı efir zamanı gəlir
və təxminən eyni söhbətlər də olur. Görünür,
həmvətənlərimiz ürəklərinin Azərbaycanla
döyünmələrinin məğzini bunda görürlər.
Həmvətənimizin
söhbətini eşitdikdən sonra Sabir bəy elə efir
vasitəsilə ona olduqca dərin mənaya və çəkiyə
malik olan bir tövsiyə etdi: “Qardaş, bu xalq təkcə
konsert verməyi bacarmır, siz arabir oraya ziyalılar da dəvət
edin. Qoy, sizlərə tarixdən, başımıza gətirilən
müsibətlərdən, problemlərimizdən də
danışsınlar”.
Hörmətli şairimizin mənim
ürəyimdən xəbər verən bu fikrini
alqışladım.
Qərib eldə konsertlər
də təşkil etmək olar, toy etmək də, adət-ənənələrimizi
təbliğ etmək də. Bunlar çox gözəldir.
Çünki xalqın adət-ənənəsi, musiqisi də
onun tarixi zənginliyindən xəbər verən amildir. Ancaq
hələ bu, hələ, hər şey demək deyil.
Xüsusən də torpağı işğal olunmuş və
bir milyondan çox qaçqını olan ölkə
üçün.
Bəli, lap çoxdan – əsrlər
boyu həllinə ehtiyac olan bir milli məsələ.
Bu məsələ xalqın
lazımi səviyyədə maariflənməsi məsələsidir.
Bu ölkə hüdudlarından kənarda yaşayan həmvətənlərimiz
üçün ikiqat vacibdir. Çünki onlar
savadlarından, təhsillərindən,
dünyagörüşlərindən və s. asılı
olmayaraq, taleyin hökmü ilə yaşadıqları yerlərdə
bizi – Azərbaycanımızı təmsil edirlər. Həm
millət kimi, həm də vətəndaş kimi. Hətta
yaşadığı ölkənin vətəndaşı
olsa belə, başqa millətlə ailə qursa belə. Onun
yaşadığı ölkədə vətəndaşlıq
hüququ olsa da, bu, onu heç cür azərbaycanlılıqdan
azad etmir. Yaxşı və ya pis hərəkəti onun
özündən daha çox təmsil etdiyi millətə aid
edilir. Ya baş ucalığı, ya da başı
aşağılıq gətirir. O, heç özü də
bunu dərk etmədən bütün varlığıyla
olduğu hər yerdə bu milləti, bu ölkəni təmsil
edir və onun nümayəndəsidir.
Mən bunu Rusiya şəhərlərinin
birində uzun müddət oxuyub, işləyən bir adam kimi
öz təcrübəmdən bilirəm. Bizlərin hər
bir uğurlu və ya uğursuz addımımız millətin
ayağına yazılır və olduğumuz əhatədə
millətimiz barədə fikir formalaşdırır. Bu da
ümumilikdə bilavasitə dövlətimiz haqqında ictimai
rəyin formalaşmasına səbəb olur. Əgər bu rəy
mənfi olursa, onda dövlətin daxili və xarici siyasətində
nə qədər uğurlu addımları olursa olsun, onlar
kölgədə qalır və sıravi insanlar arasında
nüfuz toplaya bilmir. Nəticədə isə bütün
bunlar millətin və böyük hesabla dövlətin beynəlxalq
imicinə mənfi təsir göstərir.
Demək o insanın ən
azından öz dövlətinin və millətinin tarixindən,
hazırkı problemlərindən, dostundan, düşmənindən
səthi də olsa məlumatı olmalıdır ki, yeri gəldikcə
heç olmasa (artıq demirəm) olanı, haqqı izah edə
bilsin. Ölkəmizin cəlb edildiyi müharibənin səbəblərindən,
buna görə xalqın düşdüyü bəlalardan və
s danışsınlar. Bundan əlavə, düşməni
ifşa etmək üçün onun saxta tarixindən məlumatları
olmalıdır. Deyilənlərə görə, bizim
yaxın və uzaq xaricdə təxminən 3 milyon həmvətənimiz
yaşayır. Axı bu insanların hər biri
düşdüyü yerdə bir informasiya – təbliğat mənbəyidir.
Hələ mən Cənubi Azərbaycandan qanı
qanımızdan olan 40 milyon soydaşımızı, 70 milyon
türk qardaşımızı və onların içindən
dünyaya yayılmış milyonları demirəm.
Biz həmişə erməni
diasporunun gücündən, onlara informasiya mübarizəsində
və başqa sahələrdə məşlubiyyətimizdən
ürək ağrısı ilə danışır, gileylənirik.
Nəyə görə?
Gah onların xaricdə sayca
daha çox olmasını, gah da onların bizdən
çox-çox qabaq fəaliyytə başlamalarını əsas
gətirib qınaqdan qaçırıq. Fikrimcə bu
heç də belə deyil. Çünki saya gəldikdə
yuxarıda təxmin etdiyim rəqəm bütün dünya
ermənilərini açıq-aşkar üstələyir. Onların
bizdən daha fəal olmasına səbəb isə bizim xaricdə
yaşayan soydaşlarımızla işin düzgün
aparılmamasındadır.
Xatırladım ki, hələ
ulu öndər Heydər Əliyev hakimiyyətinin ilk
vaxtlarından dövlətimizin dayaqlarının dünyada
möhkəmlənməsi, informasiya mübadiləsi, onun
operativliyi, Azərbaycanın haqq səsinin dünyaya
yayılması və nəhayət, dünya azərbaycanlılarının
həmrəyliyi naminə diaspor işinə xüsusi önəm
verirdi. Olduqca zəruri olan bu işin təməli onun tərəfindən
qoyularaq istiqamətləndirilmişdi. Dövlət tərəfindən
və yaxud onun nəzarəti ilə bir sıra işlər
görülmüşdü. Xarici Ölkələrdə
Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət
Komitəsi yaradılmışdı.
Hazırda bildiyimə görə,
Dünya Azərbaycanlıları Konqresi və Dünya Azərbaycanlı
Diasporlarıyla İş üzrə İctimai Birlik kimi
qurumlar da fəaliyyət göstərir.
Bu qurumların
mövcudluğu çox yaxşıdır. Ola bilər ki,
onların hər biri ayrı-ayrılıqda özünə
görə qənaətbəxş nəticələr əldə
edir. Amma ümumilikdə bu, qarşıda duran məqsədlərə
çatmaq üçün kifayət etmir. Sadəcə
onların fəaliyyətinə bütün səviyyələrdə
həm dəstək, həm də istiqamət verilməlidir. Çünki
dövlətin siyasi xəttinə daxil olan bir sııra
strateji məsələlər var ki, onlar bilavasitə bir nöqtədən
və mütəşəkkil qaydada idarə
olunmalıdır. Onların fəaliyyəti müstəqil və
ya pərakəndə xarakter daşıya bilməz.
Ayrı-ayrı qurumlar olsalar da, birgə fəaliyyət
göstərməsələr də , onların hədəfi
və məqsədi mahiyyət etibarı ilə eynidir.
Odur ki, diasporları
“canlandırmaq”, işlərini fəallaşdırmaq istiqamətində
əsaslı işlər görülməlidir. Onların
arasında qeyd etdiyim maariflənmə işləri
aparılmalıdır. Ən azından işğal olunan
rayonlar və digər yaşayış məntəqələri
və bu zaman ermənilərin törətdikləri vəhşiliklər
barədə məlumatları onlara aşılamaqla heç
olmasa minimum informasiya bazasına yiyələndirmək
lazımdır.
Həqiqət naminə deməliyəm
ki, qürbətdəki həmyerlilərimiz və müvafiq
qurumlar ildə iki dəfə hərəkətə gəlirlər.
Və yaydıqları məlumatlara görə bu zaman xeyli
işlər görmüş olurlar. Bu 20 Yanvar və Xocalı
hadisələri ərəfəsində olur. Lakin
xalqımızın faciələri bunlarla bitmir axı. Bunun
üçün də onların ziyalılarımızla
tez-tez və səmərəli görüşlərini təşkil
etmək lazımdır. Düzdür, xaricdə
yaşayanlarımızın heç də hamısı
savadlı deyil (xüsusən də MDB ölkələrində).
Lakin onlar arasında kifayət qədər dünya
görüşünə malik və savadlı
olanlarımız da çoxdur. Sözsüz ki, belə
görüşlərin təşkilində çox da
böyük olmayan maliyyə dəstəyi də
lazımdır. Bu dəstək isə həm dövlət, həm
qürbətdəki soydaşlarımız, həm də yerli
imkanlı insanlardan gəlməlidir. Axı necə olur ki, ən
bayağı televiziya verilişlərinin hazırlanmasında,
bütün dünyanı gəzib çəkilişlər
etməkdə, müxtəlif əyləncə və
şouların keçirilməsində iş adamları
yaxından maliyyə dəstəyi göstərir, sponsorluq
edirlər?
Bəs nədən bu nəcib
işdə də öz köməklilərini göstərməsinlər?
Fikrimcə, müraciət olunsa, onlar bu yardımı edərlər.
Sadəcə olaraq bu işləri düzgün və vicdanla təşkil
etmək lazımdır. Özü də çox sürətlə.
Çünki bu məsələ ölkəmiz
üçün vacib və gün-gündən gecikən məsələdir.
Bu sahədə hər birimiz öz köməkliyimizi göstərməliyik.
Hüseyn XƏZƏR,
Hüquqşünas
525-ci qəzet.- 2011.- 10 fevral.- S.7.