Şəxsiyyətin əzəməti
ƏLİ VƏLİYEV – 110
Mən ədəbi
yaradıcılığıma böyük insan, böyük
vətəndaş, böyük ədib və el
ağsaqqalı Əli Vəliyev haqqında xatirələrimlə
başlamışam. Ömrümün bu ahıl
çağında da yazıram, nə qədər əlim qələm
tutur, fikirlərim, duyğu və düşüncələrim
mənə ögeylik etmir, yenə də yazacam. Şübhəsiz
onun 110 yaşı tamam olduğu bu günlərdə heç
vaxt seyrçi ola bilməzdim. Axı, mən yazmaya bilmərəm.
Çünki xalq yazıçısı, xeyirxah insan Əli
Vəliyevin mənə qayğısı, boynumdakı
haqq-sayı adi bir yaxşılıq olsaydı, bəlkə də...
ancaq onun mənə olan xeyirxahlıqları adilikdən
çıxıb, tale qismətimə çevrilib.
Başqa
yazılarımdan fərqli olaraq bu yazımda Əli Vəliyevi
barədə öz xatirələrimi qələmə
almıram. Ona görə ki, elə yazılarım
dövrü mətbuatda çap olunub və indi də olunur.
Bu yazımda mən, 110 yaşlı ədibimiz haqqında bu
vaxta kimi dost-tanışlarının, qələm
dostlarının dediklərini, yazdıqlarını çox
lakonik şəkildə oxucuların nəzər diqqətinə
çatdırmaq istəyirəm.
Təkcə onu deyə bilərəm
ki, Əli Vəliyevin əsərləri indi də
yaşayır, həmin əsərlərindəki nəsihətlər,
öyüdlər yaşayır, həmin əsərlərin qəhrəmanları
– onların övladları yaşayır. Onun qoyub getdiyi irs elə
bir zəngin xəzinədir ki, yeni nəsil bu xəzinədən
bəhrələnər, görüb-götürə bilir Əli
Vəliyev böyük yazıçı olduğu kimi, həm
də tanınmış jurnalist və publisist idi. Zamanın ən
öndə olan “Kommunist” qəzetinə və “Azərbaycan”
jurnalına rəhbərlik etməsi də bu yöndə ona
göstərilən böyük etimaddan və inamdan xəbər
verirdi.
Əli Vəliyev barədə
söz söyləyənlərin özlərinin bir çoxu
indi haqq dünyasındadır. İndi onlar da xatirələrdə,
ürəklərdə yaşayır. Bu sözlər
Süleyman Rəhimova məxsusdur: “Mən ötüb keçən
günləri, ayları xatırlayanda, bir çox sədaqətli
dostlarım içində birinci dostum olan, bu günə qədər
çətin sınaqlardan çıxa-çıxa gələn
Əli Qara oğlunu görürəm...
Əli Vəliyevin şəxsiyyəti
onun yaradıcılığıdır,
yaradıcılığı da onun şəxsiyyətidir! Necə
deyərlər, onun dediyi ilə etdiyinin arasında heç bir
uçurum yoxdur.” İsmayıl Şıxlının dediklərindən:
“Onun qəlbindəkini dərhal üzündən oxumaq olurdu.
Hirsini, qəzəbini, yaxud sevincini gizlədə bilmirdi. Biz
ona sadəcə “Əli müəllim” deyərdik. Bir dərdimiz,
məsləhətimiz olanda yanına gedər, heç vaxt da məyus
qayıtmazdıq. Bircə qəlbinə dəyib küsdürəndə
gözünə görünməzdi”. ...Əli müəllim
dosta sədaqətli adam idi. Yaşıdları söyləyərdilər
ki, bir dəfə Mərkəzi Komitədə Səməd
Vurğunun məsələsi müzakirə olunurmuş. Mir Cəfər
Bağırov çox qəzəbli imiş və şairə
mütləq cəza veriləcəkmiş. Əleyhinə
çox çıxışlar olur. Mehdi Hüseyn də
çıxış edir və deyir ki, Səməd Vurğun
çox istedadlı şairimizdir. Mircəfər
Bağırov əsəbləşir və əlindəki topa
qələmi xışmalayıb qışqırır.”
“Bıl”. Əli Vəliyev yerindən
cavab verir: “Yoldaş Bağırov, bıl da, yest da!” İsmayıl
Şıxlının yazdığına görə bir dəfə
Yazıçılar İttifaqında, restoranda yeyib-içib
şuluxluq salan bir neçə nəfərə cəza verilməsi
qərara alınarkən, Əli Vəliyev qayıdıb deyir:
– Mehdi, xahiş edirəm, cəza
alanların siyahısına Cabbar Məcnunbəyovu da əlavə
edəsiniz.
– Əli, Cabbarın bura nə dəxli var? O ki, bu məclisdə olmayıb.
– Bilirəm. Olsaydı, onların hamısından
çox içəcəydi.
Bu sətirlər isə
Rəsul Rzanındı:
“Əlini bir insan, bir vətəndaş
kimi Böyük Vətən müharibəsinin
qaynar günlərində
daha yaxından tanıdım. Əli cəbhə mühitində
də mərd, cəsarətli, təmkinli
bir insan olduğunu dönə-dönə
sübut etdi”. Bu
sözləri isə bir neçə il əvvəl
Qılman İlkinin televiziyadakı söhbətindən
eşitmişəm. Nə
vaxtsa Yazıçılar
İttifaqında ədəbiyyatla
bağlı hansı bir məsələ müzakirə olunarkən,
yazıçılardan bir
Əli Vəliyevin sözlərinə etiraz edib deyir ki,
məsələyə düzgün
münasibətdə deyilsiniz,
ona görə ki, fikriniz bu
yöndə Leninin fikirləri ilə üst-üstə düşmür.
Elə bu vaxt Əli Vəliyevin
dediyi sözlər məclisə su ələyir: “Lenin qələt
eləyir, o haranın
ədəbiyyatçısı olub”. Məmməd Rahim deyib:
“O, dərin köklərlə
xalqa bağlıdır. Təsadüfi deyil ki, Mirzə Fətəli
Axundov mükafatını ilk dəfə Əli Qara oğlu
almışdı”. Mirzə İbrahimovun yazılarından:
“Bir yazıçı, bir sənətkar kimi Əli Vəliyevin
ədəbiyyatımız qarşısında xidmətləri
böyükdür. Onun bədii təfəkkürü,
obrazlar silsiləsi, ədəbi dili bütünlüklə
xalq dili ilə bağlı idi”. Bu sətirlər isə
İlyas Əfəndiyevin yazılarındandır: “Əli
tufanların əyə bilmədiyi palıd kimi möhkəm
bir adam idi. Xüsusən əlində ixtiyar olanda hamıya,
öz yazıçı yoldaşlarına, gənc
yazıçılara kömək eləməyə
çalışardı. Müharibə vaxtı
Bakının keçmiş Voroşilov rayonunda İcraiyyə
Komitəsinin sədri işləyəndə yeddi-səkkiz
yazıçıya mənzil verdirmişdi. Doğrusu o zaman
biz gənc yazıçılar özümüzdən
yaşlı şairlərdən, yazıçılardan həmişə
iki adamın – Səməd Vurğunla Əli Vəliyevin
köməyinə güvənirdik. Çətinliklərə
düşəndə onlara müraciət edərdik. Məmməd
Araz: “Əli Vəliyev şifahi xalq ədəbiyyatının
– ümumən Azərbaycan folklorunun mahir bilicilərindən
idi... Onun sinəsi ağı, bayatı, holavarla dolu idi. Bir bənd bayatı desən iyirmisini deyərdi.” Bu sözləsə
Mirvarid Dilbaziyə məxsusdur: “
“Bizə
elə gəlir ki, gənc yazıçı
nəslləri Əli
Vəliyevin yaradıcılığı
yanından ötüb
keçə bilməzlər.
Özünə məxsus maraqlı
xüsusiyyətlə malik
olan bu yazıçıdan
onlar çox şeyi öyrənə bilərlər”. Bu sözlər
Süleyman Vəliyevindi:
“Nəcib sifətlərdən,
xeyirxah əməllərdən
məhrum olan, həyatda heç bir müqəddəs şey anmayan adamcıqları gördükdə
Əli Vəliyev kimi nadir şəxsiyyətləri
həsrətlə xatırlayırıq,
onların qədir-qiyməti
bili nir, yeri görünür”. Təxminən 24 il
əvvəl Süleyman
Ələsgərov yazırdı:
“Əli Vəliyev
doğma Azərbaycanın gözəlliyini, onun
könülaçan yerlərini seyr etməkdən doymazdı.
O, Şuşaya vurğun idi. Tez-tez Şuşaya gələrdi,
hər dəfə qonağım olardı. Cıdır
düzünə, Turş Suya, Şırlanan, şairi, bəstəkarı,
müğənnini ilhama gətirən mənzərələrə
baxdıqca heyrətlənərdi... Bayram Bayramov isə deyirdi:
“Əli Vəliyevin həyat devizi budur: “Ən böyük
biclik düzlükdür”.
O, həmişə
xalqın kəlamına arxalanır, “Doğruya zaval yoxdur” –
deyir”. Bu sətirlər də akademik Teymur Bünyadovundur”. Onun
geniş sinəsində ürək genişliyi, geniş səxavət
qərar tuturdu. Son dərəcə təvazökar şəxsiyyət
olan Əli müəllim həm də hamıya can yandıran,
qayğı göstərən bir insandı. Sözünə
bütöv, əməlinə sadiq. Lakin ərkyana küsməyi
də vardı, mərdcəsinə barışmağı da.
Hamısı təbii, hamısı – hamısı ürəkdən
gələn. Rəfiq Zəka Xəndanın dediklərindən:
“1981-ci ildə “Kirpi” jurnalının 16-cı nömrəsində
iyirmi bir şair və yazıçı haqda dostluq
şarjlarım çıxmışdı. Əli müəllim
haqda bu bəndi yazmışdım: Mən Qara oğlu Əli,
tərifimi aləm bilir, Çox oğul, çox qız məni
öz ruhuna məlhəm bilir. Hər kəsin ki, qəlbi
bağlanmış Azərbaycanına, Şübhə yoxdur
ki, mənim üslubumu məhrəm bilir! Əzizə Cəfərzadə
isə belə xatırlayırdı Əli Vəliyevi: “Əgər
Əli Vəliyev haqqında yazsaydım kitabımın
adını... böyük hərflə “İnsan” qoyardım.
Əli Vəliyev bir yazıçı, bir ictimai xadim, bir
jurnalist olmaqla, həm də əsl insan idi...” Qasım
Qasımzadənin ağsaqqal ədibimiz Əli Vəliyev barədə
dediklərindən: “Əli Vəliyev təkrarolunmaz şəxsiyyət,
elə buna görə də təkrarolunmaz yazıçı
idi. Onu yaxından tanıyanların hamısı onun barəsində
belə fikirdədir... Əli Vəliyevin şəxsiyyəti
və təbliğ etdiyi ideyalar arasındakı vəhdət
ona ümumxalq hökuməti qazandırmışdı. Yeni nəsil
onun həyatından, əsərlərindən çox
nümunələr götürə bilər...” Bəxtiyar
Vahabzadə yazırdı:
“İstər
sağlığında, istərsə də
ölümündən sonra xalq yazıçısı Əli
Vəliyev harda söhbət düşsə, hamı bir
ağızdan “çox xeyirxah adam idi” – sözünü
söyləyir. Mənə sənətindən,
yaşından asılı olmayaraq bir insan haqqında deyilən
bu söz min cür başqa təriflərdən
üstündür. Mən deyərdim ki,
xeyirxahlığın özü də bir növ
istedaddır. Çünki xeyirxahlıq, məhz böyük
təbiətli insana xas olan keyfiyyətdir”.
Daha sonra Bəxtiyar
Vahabzadə deyir ki, 1951-ci ildə “Səməd Vurğun
lirikası” mövzusunda namizədlik dissertasiyasını
müdafiə edən zaman ona və Səməd Vurğunun
ünvanına haqsız hücumlar olur. Və o vaxt onu və Səməd
Vurğunu müdafiə edən Əli Vəliyev olub. Sonradan Bəxtiyar
müəllim Əli Vəliyevə öz minnətdarlığını
bildirmək istəyəndə, ondan belə bir cavab eşidir:
“Onu bil ki, mən nə səni, nə də Səməd
Vurğunu deyil, haqqı müdafiə elədim. Haqqın
müdafiəsi üçünsə adama təşəkkür
eləməzlər. Çünki hamı belə olmalı,
hamı haqqın keşiyində durmalıdır”. Zeynal Xəlilin
sözlərindən: “Əli Vəliyev Azərbaycan ədəbiyyatının
ən görkəmli, ən məhsuldar, oxucuların ən
çox sevdiyi nümayəndələrindən biri, eyni
zamanda, xeyirxah, zəhmətkeş vətəndaş idi...
Yazıçılıq, vətəndaşlıq Əli Vəliyevin
simasında gözəl bir vəhdət təşkil edir”. Əlfi
Qasımov: “Əli Vəliyev bir yazıçı kimi
oxucularının rəğbətini necə qazanmışsa,
bir insan kimi də bir qayğıkeş, mehriban ağsaqqal kimi
də hamımızın sevimlisi idi.” Şamil Dəlidağ
yazır ki, bir dəfə Yazıçılar
İttifaqının plenumunda Səməd Vurğunu idarə
heyətinin birinci katibliyindən çıxarmağı səsə
qoyurlar. Əli Vəliyevdən başqa hamı respublikanın
o zamankı rəhbərinin qorxusundan bu təklifə əl
qaldırır. Vəzifəli şəxsin buna
acığı tutub deyir ki, Səməd Vurğun
yaxşı şair idi, özü-özünü korladı.
Əli Vəliyev cavab verir: – Səməd Vurğun
yaxşı şair idi, yaxşı şair olaraq da həmişə
ədəbiyyatımızın fəxri sayılacaqdır.
Fasilə elan olunur. Səməd Vurğunu və Əli Vəliyevi
ölkə rəhbəri yanına çağırır. Əli
Vəliyevi ətraflı dinlədikdən sonra iclas yenidən
toplanır. Elan olunur ki, hələlik Səməd Vurğunu
öz vəzifəsində saxlamaq məsləhət
görülür. Kim yenidən onun birinci katib seçilməsinə
razıdırsa, əl qaldırsın. Bu dəfə Əli Vəliyev
əl qaldırmır. Ondan soruşurlar ki, nədən əl
qaldırmırsan?
O da cavab verir: – Mən Səməd
Vurğunun həmin vəzifəyə seçilməsinə
qurultayda əl qaldırmışam. Bir də ki, bayaq
çıxarılmasına əl qaldırdım ki, indi də
seçilməsinə əl qaldıram...” Şəmistan Nəzirli
söyləyir ki, 70-ci illərin ortalarında “Vurğun
keçib bu yerlərdən” adlı kitabımı heç
cür çap etdirə bilmirdim. O vaxt Əli Vəliyevin
canyanğısı, ürəkağrısı ilə bu məsələ
öz müsbət həllini tapdı. Onun köməkliyi ilə
kitabım 1978-ci ilin tematik planına salındı. Ancaq bir
müddət sonra dostlarımdan biri mənə dedi ki,
kitabım Mətbuat Komitəsində plandan
çıxarılıb. Bu barədə Əli Vəliyevə
məlumat vermək məcburiyyətində oldum. O da dedi ki,
sabah mənə zəng edərsən. Bir gün sonra zəng
etdim. – Ə, Şəmistan, – dedi, sənin kitabını
plandan çıxardanın gərək yeddi başı olsun.
Çox sağ ol ki, vaxtında demisən, bir ac gec desəydin,
qanın batmışdı. Get, o dostun kimdisə ona bir
yaxşı qonaqlıq ver. O, düz deyirmiş. Dediyin
buludları pərən-pərən elədim. Bəli, bu
yaxşıların yaxşısı olan, xeyirxah insan Əli
Vəliyevin köməkliyi və qayğısı sayəsində
mənim ilk “Vurğun keçib bu yerlərdən” kitabım
1978-ci ildə çap olundu”. Əli Vəliyev 1901-ci il
fevralın 27-də Zəngəzurumuzun Sisyan rayonunun
Ağdü kəndində anadan olsa da, onun gənclik illəri
Qubadlıda keçmiş, Qubadlının Mahmudlu kəndində
Qumru xanımla ailə həyatı qurmuş,
övladlarından Məsud və Sevil bu kənddə
dünyamıza göz açmışdı. Elə ona
görə də Əli Vəliyev bəzi yazılarında
özünü qubadlılı kimi göstərmiş və
qubadlılı kimi də tanınmasını məqbul
bilmişdi. Şübhəsiz ki, Əli dayını
qubadlılı edən onun Qumru xanıma olan böyük məhəbbəti
idi. Elə ona görə də o, həyatının sonuna –
1983-cü il fevralın 2-nə kimi kəndimizin xeyrinə-şərinə
yaramış, sevinci ilə sevinmiş, kədərinə kədərini
qatmışdı. Əli Vəliyev barədə mən də
kiçik bir xatirə söyləsəm, elə bilirəm,
yerinə düşər. 1970-ci ilin ortalarında ailə həyatı
qurduğum gündən bir həftə keçmiş Əli
Vəliyevi, Süleyman Rəhimovu, Əlfi Qasımovu, professor
Həbib Şirinovu və qohumumuz Qəzənfər Məmmədovu
o vaxt Bilgəhdəki evimizə dəvət etdim. Dəvət
olunanlar gəlmiş, süfrələr
salınmışdı. Lakin məclis
başlamamışdı. Əli Vəliyevlə Süleyman Rəhimov
qapının girəcəyində qoyulmuş divanda oturub
şirin-şirin söhbət edirdilər. Arada Süleyman Rəhimov
mənə dedi ki, süfrənin başında sən gəlinlə
birgə oturmalısan. Əli dayınla da mən hərəmiz
bir tərəfinizdə. Elə bu vaxt dedilər ki,
gündüzdən məclisə dəvət etdiyim rəisimiz
gəlib. Həyətdədir. Evdən çıxıb onu
qarşıladım. O, məclisdə kimlərin iştirak
etdiyini bilmirdi. Elə ki, biz otağa daxil olduq, Əli
dayıya dedim: – Əli dayı, tanış olun, mənim rəisimdir.
Rəisim onlara dilucü salam verib, keçib əvvəlcədən
bizim üçün nəzərdə tutulmuş yerdə
oturdu. Bu vaxt Əli dayının səsi eşidildi: – Hə,
tez yuxarı başa keçməyindən görünür
ki, əsl naçalnikdir. Gözlənilməz cavab rəisimizi
yaman tutdu. Bir az keçəndən sonra o, diqqətlə məclisi
süzüb: – Bağışlayın, Əli müəllim, əvvəl
sizləri tanımadım. Elə bildim ki... Nə isə,
üzr istəyirəm. Mən burda “vremmeni” oturmuşam. Yerimi
tanıyan adamam, – deyib stolun aşağı tərəfinə
keçdi.
Əli Vəliyev xalq
yazıçısı idi. Əslində, bu fəxri adsız
da o, xalqın sevimlisinə çevrilmişdi. Çünki
xalqın güzaranına, duyğu və düşüncələrinə,
adət-ənənələrinə dərindən bələd
idi. Yazımın sonunda yadıma 45 il əvvəl qələmə
aldığım kiçik həcmli yazılarımı Əli
dayıya oxumağım düşdü. O vaxt axıra kimi
qulaq asdı mənə və sonda qayıdıb dedi: “Sənin
yazılarında nəsə var. Məsləhətim budur ki,
bütün yazılarında səmimi ol, xalqın dilində
yaz. Elə yaz ki, sətirlərində məhəbbətin də,
nifrətinə bəlli olsun, elə yaz ki, bu yazılara ehtiyac
olsun, oxucuların imzanı soraqlasınlar. Bir də elə yaz
ki, səni anan Səlbicahan da başa düşə bilsin”. Əli
Vəliyevin həmin sözlərini həmişə
qulağımda sırğa eləmişəm və ürəyimdə
böyük bir əmanət kimi yaşatmağa
çalışmışam. Əmanət də ki, Allah əmanətidir,
ona xəyanət etmək böyük günahdır.
Çağdaş zəmanəmizdə
insanlar arasında arxa durmaq, dayaq olmaq, əl tutmaq,
könül şad etmək, bir sözlə xeyirxahlıq
göstərmək kimi mənəvi keyfiyyətlərin
azaldığı məqamda, Əli Vəliyevlərin
azlığından ağsaqqal-qarasaqqal bilinmir, böyük
yerdən dəm vuranların sayı isə gündən-günə
çoxalır. İndi Əli Vəliyev kimi kişilərin
yeri yaman görünür. Allah sənə rəhmət eləsin,
Əli dayı.
Elbrus ŞAHMAR
525-ci qəzet.-
2011.- 10 fevral.- S.6.