Böyük kəramət sahibinə sonsuz ehtiram nümunəsi

 

“Mən çox sevinirəm, məmnunam ki, Qurban bayramı günü Mir Möhsün Ağanın qəbrini bir daha ziyarət etdim. Bu bizim xalqımızın inam yeridir. Çox zəngin bir ziyarətgahdır. İnsanlar bura etiqad edir, sığınırlar. Mir Möhsün Ağa hələ sağ olan vaxtı insanlar ona inanırdılar. İnsanlar inanırdılar və bura hələ böyük bir məqbərə olmadığı zaman bu qəbrə, bu müqəddəs yerə gəlib, buranı ziyarət edirdilər. İndi artıq burada böyük bir məqbərə kompleksi yaradılıb. Bunun özü də son illərin məhsuludur, bizə verdiyi sərvətdir”.

 

Heydər Əliyev

 

Hər bir insan çətinliyə düşəndə, çətin anlar yaşayanda özü üçün inam, inanc yeri axtarır və ora üz tutmağa çalışır. Azərbaycanda belə inam, inanc yerləri çoxdur. Bunlardan ən məşhuru Mir Möhsün Ağanın ziyarətgahıdır. İnsanlar hər gün axın-axın Mir Möhsün Ağanın ziyarətgahına gəlir, arzularını və diləklərini həyata keçməsini istəyirlər.

Yazıçı-publisist Bəhram İbrahimov Mir Möhsün Ağa haqqında “Möcüzəli insan – Böyük şəxsiyyət” adlı dəyərli bir kitab yazıb. Bəhram müəllimin indiyə qədər yazdığı 40 kitabın ən dəyərlisi Mir Möhsün Ağa haqqında olan bu kitabdır. Burada mübarək varlıqdan, niyyəti xoş, əqidəsi saf, müqəddəs və pak bir insandan, onun bütün canlılara, o cümlədən bütün canlıların əşrəfi sayılan insanlara bəxş etdiyi yaxşılıqlardan, xoş əhval-ruhiyyədən və ilk növbədə şəfadan söhbət açılır.

Bəhram İbrahimov kitabı yazmağa başlayarkən Mir Möhsün Ağanın həyatını geniş öyrənib, geniş araşdırma aparıb, hər şeyi olduğu kimi qələmə alıb. Ona yaxın olan insanlarla söhbət edib, ziyarətə gələn insanlarla söhbətləşib, onların fikirlərini öyrənib. Müəllif özü dindar ailədə doğulub, atasından – İranda təhsil almış Molla Məhəmməddən dərs öyrənib. Ona görə dinin bütün qayda-qanunlarını bildiyindən “Möcüzəli insan – Böyük şəxsiyyət “ kitabında Mir Möhsün Ağa haqqında yazdığı və apardığı araşdırmalarla yanaşı, İslam dininin yaranma tarixindən, Məhəmməd peyğəmbərin kəlamlarından bəhrələnib.

Kitabda “Seyid kimdir və kimlərə deyilir?” sualına aydınlıq gətirilib. Ərəbistanda islamiyyətə qədər tayfa rəhbərinə Seyid deyilirdi. Müsəlman dünyasında Məhəmmədin nəslindən olub, onun nəvəsi Hüseynlə bağlı adamların fəxri təxəllüsüdür Seyid.

Seyidlər müsəlman cəmiyyətinin sosial strukturlarında möhtəşəm təbəqələrdən birini təşkil etməklə, dindarlar arasında böyük nüfuza malik olmuşlar və indi də belə nüfuz sahibidirlər. Mir Möhsün Ağa Azərbaycanda və yaxın müsəlman ölkələrində tanınan, böyük hörmət və inam sahibi, insanlar üçün gərəkli möcüzələrə qadir kəramətə malik olan Seyiddir. Onun Ocağının hörməti və ona olan inanc gündən-günə artır. Mir Möhsün Ağanın məqbərəsini hər gün minlərlə insan ziyarət edir. Bunun səbəbini araşdıran Bəhram İbrahimov “Möcüzəli insan –Böyük şəxsiyyət” kitabında konkret faktlarla, çox sayda insanın şahidliyilə Ağanın möcüzələrindən söz açır.

Kitabda Azərbaycanın böyük şəxsiyyətlərinin, alimlərin və ümumiyyətlə, bütün bölgələrdən Mir Möhsün Ağanın məqbərəsini ziyarətə gələn insanların bu ziyarətdən yaranan təəssüratları verilib. Akademiklər Ziya Bünyadov, Azad Mirzəcanzadə, Arif Əlizadə, professorlar Azad Nəbiyev, Telman Əliyev, yazıçı Manaf Süleymanov, kənd ziyalılarından Valeh Abbasov, Həmid Hacıyev, Fazil Rəhimov və başqaları Mir Möhsün Ağanı tez-tez ziyarət etdiklərindən yazırlar və bu ziyarətlərdən güc aldıqlarını bildiriblər.

Kitabın müəllifi həmçinin Mir Möhsün Ağanın yaxınları, qohumları haqqında geniş məlumat verir və göstərir ki, Mir Möhsün Ağanın əsl adı Mir Seyid Əlidir. Mir Seyid Əli Mir Mütalib oğlu Mir Möhsünzadənin üç bacısı olub: Zeynəb xanım, Fatmanisə xanım və Səkinə xanım (Qönçə bəyim) xanım. Bacılarından Səkinə xanım (Qönçə bəyim) ailə həyatı qurmayıb və ömrünün sonuna kimi əziz qardaşı Mir Möhsün Ağaya qulluq edib. Ölkənin adlı-sanlı ziyalılarından Maqsud Əlizadə və onun qardaşı Arif Əlizadə Mir Möhsün Ağanın yaxın qohumlarındandır.

Qeyd edim ki, mən də bir inanc sahibi kimi Mir Möhsün Ağanı müxtəlif vaxtlarda ziyarət edərək, ruhuna “Yasin” oxutdurmuşam. Bir həkim-cərrah kimi deməliyəm ki, hər dəfə əməliyyat stolunun arxasına keçəndə, cərrahiyyə əməliyyatı aparmazdan öncə həmişəlik olaraq ürəyimdə, gözlərimdə gəzdirdiyim Mir Möhsün Ağanın əksinə diqqətlə baxıram. Onun nurani üzündən, mehriban gözlərindən öpürəm, Ağadan icazə alıram, kömək diləyirəm.

Böyük Seyidimiz haqqında fikirlərimi ulu öndərimiz Heydər Əliyevin sözlərilə bitirirəm: “Müqəddəs Ağa Seyid Əlinin adı xalqımızın ürəyində yaşayır və əbədi yaşayacaqdır. Mən Mir Möhsün Ağanı görmüşəm, onun evində olmuşam. Onda mənim bir problemim var idi, nəzir demişdim, getdim həm nəzrimi verdim, həm də ziyarət etdim”.

Qoy gələcək nəsil, bizdən sonrakılar da Ağanın böyüklüyünü, qüdrətini, ülviliyini layiqincə dərk etsinlər, o müqəddəs məkanı dərin inam və ehtiramla ziyarət etsinlər.

 

 

Əyyub MƏMMƏDOV,

tibb elmləri namizədi,

respublikanın əməkdar həkimi

 

525-ci qəzet.- 2011.- 10 fevral.- S.6.