Dostluğa sədaqət ruhumdan süzülən vəfa borcudur

 

SEYİD CAMAL ƏZİMBƏYLİNİN 40 YAŞI TAMAM OLUR

 

Bu gün şərqşünas Seyid Camad Əzimbəylinin 40 yaşı tamam olur.Ömrünün 40 ilini arxada qoyaraq yaşının üzərinə daha bir ili əlavə edən C.Əzimbəyli ilə söhbətimizi də məhz bu istiqamətdə qurduq.  

– Camal müəllim, arxada qoyduğunuz bu 40 ilə dönüb baxan zaman hansı hissələr keçirirsiz və bu illəri necə xatırlayırsız? 

– Hər zaman böyüklərimizin daima hallanan belə bir ifadəsi var ki, 40 yaş ağıl yaşıdır, insanın özünü dərketmə və kamilləşmə çağıdır. Həyat yoluma nəzər salanda keçmişimlə bağlı hər zaman qürur duyuram. Çünki böyüdüyüm, ərsəyə gəldiyim yerdə, eləcə də soyuma bağlı bir insan olmuşam və peşmançılıq keçirəcək hər hansı bir pis əməl etdiyimi xatırlamıram. Bu günə qədər özümə hesabat verəndə hər gün tövbə edən bir müsəlman olaraq, Allah dərgahında bağışlanmayacaq böyük günahımın olmadığını düşünürəm. Əlbəttə, kiçik günahlarım olmamış deyil. Keçmiş hadisələrdə siyasi düşüncə və fikir adamı olaraq, kaş bunu belə etməzdim, kaş bu addımı belə atmazdım düşüncələri bəzən mənə hakim olur. Amma hər hansı böyük bağışlanmaz yanlışlara, səhvlərə yol verdiyimi əsla düşünmürəm. 

– Bir çoxları 40 yaşın düşər-düşməzi olur deyə bu yaşı qeyd etmir. Siz bu barədə necə düşünürüsüz? 

– Ümumiyyətlə, Azərbaycan insanının təfəkküründə, şüurunda, eyni zamanda cəmiyyətdə belə bir rəy formalaşıb ki, sanki 40 yaşı keçirmək yanlışdır. Hətta deyirlər ki, filankəs 40 yaş keçirdi və vəfat etdi (gülür). Bütün bunlar İslam inancları, dinimizin gətirdiyi prinsiplərlə və qaydalarla heç bir halda bir araya sığmayan yalançı ajiotajlardır. Ümumiyyətlə, heç vaxt ad günü keçirməmişəm, amma bildiyimə görə bizə diqqət göstərən onlarlar dostumuzun sürprizləri olmalıdır. Onlar da sağ olsun, təşəkkür edirəm. Mən uşaq olan zaman Ağcabədidə “Sürət” adlı bir qəzet nəşr edilirdi, sonralar həmin mətbu orqan “Aran” adlandırıldı. 6-7-ci siniflərdə oxuyanda həmin “Sürət” qəzetinə yazılar yazırdım. Həmin yazıların birində “Mən 40 yaşımı qeyd edəcəyəm” fikrini qələmə almışdım. Yaxşı yadımdar ki, o zaman rayon ziyalıları deyirdilər ki, niyə 30, 35, 50, 60 yaşı yox, məhz 40-ı deyirsən? Amma mən təbii ki, bu yaşı ziyafət məclisi baxımından demirdim. 40 yaşın insan həyatında bir kamillik, zirvə, özünü tanıtım və dərk anlamında olduğu üçün söyləyirdim. Dostlarla bir araya gələrək 40 yaşı qeyd edəcəyik. Amma həmin süfrəni Azərbaycanımızın, dövlətimizin bütövlüyü uğrunda şəhid olanların, eləcə də qarşıdan gələn Xocalı faciəsində ölənlərin ruhuna bir ehsan olaraq qəbul edəcəyik.

 – Bu 40 ildə etibar edəcəyiniz 40 nəfər dostunuz varmı? 

– Ümumiyyətlə, dünyada etibaretmə anlayışı düşündürücü olub. Əslində sualınız fəlsəfi oldu, amma günün reallığı ilə bağlı həqiqətən çox düşündürücüdür. Bu gün həqiqətən də 40-dan çox etibar edəcəyim və etibar etdiyim dostum var. Bəzən insanlar deyirlər ki, bunlar sənin seyidliyindən, dini inanclarından, ocağınıza olan sevgidən irəli gəlir. Bu, əsla belə deyil. Əgər belə olarsa, deyərdim, minlərlə dostum var. Amma elə dostlarım var ki, onlara nəinki güvənirəm, hətta bu dostluğu axirətə qədər daşıyacağıma əminəm. Bir məqama toxunum ki, atam rəhmətə getdikdən sonra ondan mənə qalan “Qurani-Kərim”in arasında bir şeyə rast gəldim. Atam hər bir ildə özü üçün hesabat apararmış. O, həmin siyahıda bir-biri ilə küsülü olan və onun tərəfindən barışdırılan adamların, qan davalarına son qoydurduğu adamların hər birinin siyahısını tuturmuş. Və hər birinin sonunda da “Şükür Allaha” yazırmış. Onun vəfatından 5 il keçir və bu 5 ildə mən də bir örnək olaraq siyahı tutmağa başladım. Həmin siyahıya uyğun olaraq deyə bilərəm ki, son 5 ildə 6 qan davasına son qoymuşam. Onlarla küsülü insanların barışmasında, bir araya gəlməsində bir vəsilə, səbəb olmuşam. Düşünürəm ki, 40 illik həyatımda bəzi siyasi gedişlərimi bir kənara qoysaq, mənim üçün, cəmiyyət üçün mesajlarımla, eləcə də dövlətçilik ənənələrimizin qorunması ilə bağlı, Azərbaycanda həqiqi demokratik təfəkkürlü müsəlman obrazının yaradılmasında azacıq da olsa, payım var. Bir məqamı qeyd edim ki, mənim sirdaşım oğlanlarım Mirbəhramla Mirrəsuldur. Ən vəfalı dostum isə Qarabağ elinin hörmət bəslədiyi, həbelə əsl mərdlik nümunəsi olan, əmim Seyid Bəhmən ağadır. 

 – Kifayət qədər dostlarınız var. Yəqin ki, bu qədər dostun qazanılmasında sizin sədaqətli dost olmağınızın yetərincə payı olub...

– Doğulduğum məkanda, ailədə hər zaman belə bir tərbiyə aldım. Öyüdlə, nəsihətlə bərabər, hər zaman üzərimdə bir qarğış da oldu. Çünki böyüklərim hər zaman dininə, dövlətinə və millətinə, dostuna sadiq ol deyə mənə yol göstərdilər. Sadiq olmazsan sənə haqqımız halal olmasın deyə ata-babalarım mənə səsləndilər. Mənim üçün dostluğa sədaqət Allahın izni ilə qəlbimdən, ruhumdan süzülən bir vəfa borcudur. Heç vaxt dostlarıma qarşı sədaqətsiz ola bilmirəm. Çünki bunun mənə böyüklərimin əmanəti olduğunu düşünürəm. Amma biriləri bu əmanəti qoruya və daşıya bilmirsə, mənim həyatımda belə daşınmalar olursa, düşünürəm ki, burada günahkar deyiləm. Çünki uşaqlığımdan indiyədək olan dostlarımı mən itirməmişəm. Mənə həqiqi dostam, qardaşam deyib yanaşanların hər biri ilə qardaşlığımız axirətə qədər davamlıdır. 

– Sahib olduğunuz bu böyük dünyanızdan övladlarınıza nə kimi yol göstərirsiniz? 

– Övladlarımın timsalında Azərbaycanın bütün övladlarına, hətta rəqibim olsa belə, qəbul etmədiyim insanların övladlarına hər birinin rifahı, sağlığı, atalı-analı böyüməsi üçün dua edirəm. Böyük oğlum Mirbəhram da ictimai rəydə və gənc ədəbi mühitdə kifayət qədər tanınır. Mirbəhram Bakı Atatürk liseyinin 11-ci sinif şagirdidir. Artıq Mədəniyyət və Turizm Nazirliyi ilə Azərbaycan Yazıçılar Birliyinin birgə layihəsi olan “Gənc Ədiblər Məktəbi”nin diplomunu alıb. Eləcə də Azərbaycan Yazıçılar Birliyinin ən gənc üzvü, 2 kitab müəllifidir. Sonuncu Rəsul Rza mükafatının laueratıdır. O, ara-sıra köşə yazıları ilə media orqanlarında çıxış edir. Mən bütün bu işlərin həyata keçməsində xüsusən Azərbaycan Yazıçılar Birliyinə, eləcə də “525-ci qəzet”in baş redaktoru Rəşad Məcidə təşəkkür edirəm. Belə istedadların üzə çıxmasında və tanıdılmasında həqiqətən də “525-ci qəzet”in ayrıca payı var. Mirbəhramın timsalında bu gün Azərbaycan cəmiyyətinə, oxucusuna onlarla gənclərin tanıdılmasında Rəşad Məcidin ayrıca bir rolu var. Onun bu addımı və gənclərə verdiyi dəstək özü bir ibadət, dövlətçiliyə, cəmiyyətə xidmətdir. Bunu danmaq olmaz. Bu mənada övladlarımdan heç bir narahatlığım yoxdur. Təkcə onu deyim ki, Mirbəhramın dostları içərisində səfir var, millət vəkilləri var, Rəşad Məcid var, eləcə də siz jurnalistlər varsınız. Açığı desəm, bir az da onu qısqanıram. Bəzən mənim dostlarım Mirbəhramın dostlarına çevrilir. Eləcə də kiçik övladım Mirrəsulun dünyaya baxışı, vətən, dövlət duyğuları qəlbimə bir məlhəm olur.

 

 

Bəxtiyar MƏMMƏDLİ

 

525-ci qəzet.- 2011.- 10 fevral.- S.5.