“2011-ci ilTurizm ilielan edilibsə, dövlət artıq beynində müəyyən niyyətlər tutub, müəyyən böyük işlər görməyi hədəfə götürüb

 

RAFAEL HÜSEYNOV: “İNANIRAM Kİ, AZƏRBAYCAN GƏLƏCƏKDƏ DÜNYADA ƏN APARICI TURİZM ÖLKƏLƏRİNDƏN BİRİNƏ ÇEVRİLƏCƏK”

 

Azərbaycan uzun müddət sərvətləri, özünü gələcəkdə iqtisadi baxımdan daha artıq təmin etmək qüdrəti nöqteyi-nəzərindən neft ölkəsi adlandırılıb. Bu, əlbəttə, müəyyən mənada belədir. Lakin dövlət başçısının da apardığı xətt bundan ibarətdir Azərbaycanın ağıllı düşünən, ölkəmizin gələcəyinə çox sağlam yanaşan iqtisadi təfəkkürlü insanların da əqidəsi belədir ki, biz yalnız neft amili üzərində gələcəyimizi, iqtisadiyyatımızı, rifahımızı qura bilmərik. Biz Azərbaycanın daha rahat, daha firavan sabahı üçün ən müxtəlif qaynaqlardan istifadə etməliyik, istehsalın ən müxtəlif sahələrini inkişaf etdirməliyik, iqtisadiyyatın ən çeşidli yönlərində uğurlara nail ola bilməliyik ki, bu istiqamətdə artıq çox ciddi işlər gedir”. Bu fikirləri “525”-ə açıqlamasında parlamentin Mədəniyyət komitəsinin sədr müavini, professor Rafael Hüseynov dövət başçısı tərəfindən 2011-ci ilinTurizm ilielan edilməsi bunun məntiqi davamı olaraq ali qanunverici orqan kimi Milli Məclisdə (MM) bu yöndə hansı sahəvi qanunların hazırlanması, müzakirələrə çıxarılması, qəbul olunması məsələsinə münasibətini bildirərkən dilə gətirib. R.Hüseynovun sözlərinə görə, amma Azərbaycana fayda gətirə, mənfəət verə biləcək ən vacib istiqamətlərdən biri turizmdir. Dünyanın bir sıra ölkələri var ki, onlar yalnız turizmin hesabına yaşayırlar onların yeraltı-yerüstü sərvətlər baxımdan da bəxtləri gətirməyib. Amma Azərbaycanın həm o sərvətləri var, həm bu sərvətləri. “Bu sərvətləri deyəndə məhz turizm sərvətini nəzərdə tuturam” – deyə, R.Hüseynov sözlərinə əlavə edib. Millət vəkilinin qeyd etdiyinə görə, turizm sərvəti odur ki, Tanrı bu ölkəyə, bu xalqa, bu əraziyə müəyyən coğrafi imkanlar bağışlayıb: “Dünyada mövcud olan iqlim qurşaqlarının böyük əksəriyyəti Azərbaycanda var. Azərbaycanın bir tərəfində subtropikdir, o biri tərəfində tamam başqa bir iqlim şəraitidir. Yəni, Lənkəranın iqlimi ilə Şəkinin iqlimi, Zaqatalanın iqlimi ilə Naxçıvanın iqlimi, Azərbaycanın Mərkəzi Aran hissəsi ilə dağlıq hissəsinin iqlimi təbiəti bir-birindən fərqlənir. Azərbaycanın bir tərəfində meşə zolaqlarıdırsa, o birisi tərəfində düzənliklərdirsə, onun öz gözəlliyi var, bunun öz gözəlliyi. Azərbaycanın landşaftı, gözəlliyi, təbii zənginliyi bu turizm üçün geniş meydan açır. Eyni zamanda, bu ərazi, bu coğrafi məkan da çox böyük deyil. Bu əraziyə gələn bir turist qısa bir zamanbir həftənin, on günün içərisində Azərbaycanın ən müxtəlif bölgələrini gəzmək, görmək imkanına malikdir. Digər tərəfdən, turizm üçün ən önməli cəhətlərdən biri yalnız təbiətin gözəlliyi, havası, suyu deyil, onun baxmalı, görməli, tarixi-mədəni abidələridir. Bu nöqteyi-nəzərdən Azərbaycanın hansı tərəfinə üz tutursansa, orada zəngin tarixi-mədəni irs mövcuddur. Naxçıvana gedəcəksən, orada orta əsrlərin yadigarı olan abidələri var, Qəbələyə gedəcəksən, erkən orta əsrlərdən, eradan əvvəl tutmuş 19-cu yüz ilə qədər ən müxtəlif dövrün tarixi-mədəni abidələrini görəcəksən. Şəkisi elə, Şirvanı elə, digər bölgələri elə. Bu cəhətdən Azərbaycanın ərazisi mədəni-ədəbi-tarixi sərvətlər nöqteyi-nəzərindən turizm üçün geniş meydan açır. Üçüncü amil ondan ibarətdir ki, bu turizimlə əlaqədar infrastruktur yaranmalıdır ki, Azərbaycanda da bu istiqamətdə çox böyük işlər görülür. İndi Azərbaycanın ən müxtəlif guşələrində, bölgələrində beynəlxalq aeroportlar fəaliyyət göstərir, gözəl yollar, magistrallar salınır, mehmanxanalar, istirahət mərkəzləri yaradılır. Bunun üçün artıq təməllər yaranır gələcəkdə inkişaf edəcək. O cümlədən, Azərbaycanın Bakıdan, Abşerondan başlamış Xaçmaza, Nabran ətraflarına qədər uzun bir ərazidə dəniz sahili var ki, bu da gələcəkdə böyük bir potensialdır. Bu həmçinin, dənizsahili turizmin qurulması üçün çox böyük meydandır, perspektivlər vəd edir düşünürəm ki, yalnız Azərbaycanın turist işinə qatılan işadamları deyil, xarici ölkələrin işadamları da gələcəkdə bura meyl edəcək, maraqlanacaqlar”. Bununla yanaşı komitə sədrinin müavini qeyd edib ki, Azərbaycanın mövcud qanunvericiliyi turizmi ən yüksək səviyyədə qurmaq üçün imkanlar yaradır. Lakin yeni şərait turizmin daha da inkişafı üçün ayrı-ayrı qanunlarda əlavələr, yaxud, dəyişikliklər, tamamlamalar etməyə, hansısa boşluqları doldurmağa, hətta, əlavə qanunlar da qəbul etməyə meydan aça bilər. “Bu, prosesində ortaya çıxa bilən bir məsələdir” – deyən R.Hüseynov onu da bildirib ki, mövcud qanunların özü belə artıq turizmi ən yüksək səviyyədə qurmağa imkan açır. Bununla belə, Azərbaycanda turizmin inkişafı üçün bütün o təbii şəraitin, dövlətin iradəsinin olması hələ azdır. Azərbaycanda turizm işini çox yüksək səviyyədə qura bilmək üçün xidmət, servis mədəniyyətini yaratmaq lazımdır. Ola bilər ki, sənin çox gözəl mehmanxanan olsun, çox gözəl restoranların olsun, amma o xidməti sən yüksək səviyyədə qura bilməyəsən. Ona görə Azərbaycanın bu nöqteyi-nəzərdən çox yaxında öyrənmək imkanı var. Qardaş Türkiyənin bu sahədə çox zəngin təcrübəsi var deyərdim ki, Türkiyənin turist qəbul etmək, qonaq qarşılayıb, yola salmaq xidmət göstərmək sahəsindəki mədəniyyəti, nailiyyəti Avropanın bir çox ölkələrini arxada qoyur. Mən bunu deyərkən, sadəcə, söz olaraq söyləmirəm, mən bunu müqayisə edib deyirəm. Çünki mən dünyanın bir çox ölkələrində, o cümlədən, Türkiyədə olmuşam görmüşəm ki, Türkiyədə bu xidmət mədəniyyəti, servis anlayışı dediyimiz xidmət hansı səviyyədədir. Bunu Avropanın özü etiraf edir. Odur ki, ardıcıl getmək, öyrənmək lazımdır bu gün Azərbaycanın bir çox universitetlərində turizm işini, hotelçiliyi tədris edən fakültələr var. Bunlar daha müasir səviyyədə qurulmalıdır hesab edirəm ki, ən çox bu istiqamətə fikir verməliyik. 2011-ci ilTurizm ilielan edilibsə, dövlət artıq beynində müəyyən planlar, niyyətlər tutub, müəyyən böyük işlər görməyi hədəfə götürüb.

 

 

Kamil HƏMZƏOĞLU

 

525-ci qəzet.- 2011.- 10 fevral.- S.4.