“Nə xoşbəxt imişəm bir zaman, Allah...”
Bu yaxınlarda Elza Kərimin
“Nə xoşbəxt imişəm” adlı kitabı
işıq üzü görüb. Kitabda çağdaş
Azərbaycan poeziyasında silinməz izlər qoymuş,
görkəmli şair Əli Kərim haqqında Elza Kərimin
– onun ömür-gün yoldaşının xatirələri əks
olunub.
E.Kərim şairin
uşaqlıq, gənclik, o cümlədən də birgə
yaşadıqları on bir illik ailə həyatları ilə
bağlı maraqlı və kövrək xatirələrini qələmə
alıb. Hər birimiz onu istedadlı bir şair kimi tanısaq
da, Elza Kərim şairin oxucularına bəlli olmayan tərəfləri
haqqında da dəyərli məlumatlar verib. Əli Kərimin
uşaqlıqdan musiqiyə, rəsm çəkməyə və
idmana böyük həvəs göstərdiyini, bu sahələrdə
də yüksək istedada malik olduğunu qeyd edib.
Həyat yoldaşı Əli
Kərimin məlahətli səsinin Xan Şuşinskinin səsinə
bənzədiyini, onun tez-tez T. Quliyev və Rəsul Rzanın
“Gedər bu gözəllik, sənə də qalmaz”
mahnısını, muğamlarımızı ifa etdiyini
yazır. Şairin gözəl rəsmlər çəkdiyini
və şəraitsizlik üzündən bu rəsmləri
qoruyub saxlaya bilmədiyini qələmə alır.
E.Kərim Əli Kərimin məktəb
illərindən Zəkəriyyə adlı bir qızı
sevdiyini, hətta o qıza bir silsilə şeir də həsr
etdiyini yazır: “Nə yazıq ki, o gözəl qız nəinki
Əlini sevmədi, ona heç vaxt ümid də vermədi. Əlinin
bu məhəbbəti platonik olaraq qaldı. Təbii ki, bu
duyğu onun şair kimi yetişməsində də öz
rolunu oynamamış deyil”.
Kitabda E.Kərimin şairlə
ilk tanışlığı, məhəbbət xatirələri
də öz əksini tapıb. O, yaşadıqları
kiçik, darısqal və şəraitsiz mənzillərindəki
qısa sürən xoşbəxtliklərinin dəyərini
vurğulayır. Ancaq imkansızlıq, günbəgün
artan qayğılar və üstəgəl həyat
yoldaşının abırı və qüruru onları Əlinin
son günlərinə qədər hətta onun vəfatından
sonra da uzun müddət ağır həyat yaşamağa məhkum
edib. Müəllif mənzil sarıdan çəkdikləri əziyyətləri
və Əli Kərimin arzularını xatirələrində
belə əks etdirir: “Əli ömrü boyu rahat evi
olmasını arzulardı. Yazıçılar
üçün inşa edilən nə birinci, nə də
ikinci binadan mənzil ala bilmədik. Nəhayət 1967-ci ilin
payızında əlacsız qalıb keçmiş Vaqif
küçəsindəki binanın yarızirzəmisində
2 otaqlı mənzilə köçməyə razı olduq.
Bir görəydiniz, necə sevinirdik. Uşaqların
oynamağa, Əlinin isə işləməyə
otağı var idi”.
Elza xanım Əli Kərimin
sağlığında da, onun vəfatından sonra da hər
zaman böyük şairimiz Rəsul Rzanın
qayğısını gördüklərini, o
dünyasını dəyişəndən sonra isə daima
oğlu, xalq yazıçısı Anarın diqqət mərkəzində
olduğlarını vurğulayıb. Əli Kərimin
yaxşı dostlarının olduğunu qeyd edən müəllif,
Fikrət Qocanın, dramaturq Altay Məmmədovun, Cabir Novruzun,
Məmməd Əkbərin və başqa
yazıçıların, şairlərin isti münasibətlərindən
bəhs edir.
Əli Kərimin ailəsinə,
xüsusən də övladlarına olan məhəbbətini
belə təsvir edib Elza xanım: “Evə gec də gəlsə,
yorğun da olsaydı, uşaqları məktəbə
özü aparardı. Ətrafımızda maşın
yolları çox idi. Əli narahat olurdu”.
Topluda yer alan, Əli Kərimin vəfatı ilə bağlı xatirələr xüsusilə təsirlidir. Elza xanım ölümündən bir həftə əvvəl onun yazı masasının üstündə tapdığı “Vəsiyyət” adlı şeirinin qaralamasını görüb təccübləndiyini, ölümündən bir gün öncə isə ailəvi şəkil çəkdirdiyini və Əli Kərimin bunun onların son şəkilləri olduğunu dediyini qələmə alıb. Vəfalı dostlarının onun “Vəsiyyət” şeirindəki son arzularını həyata keçirdiklərini Elza xanım minnətdarlıq hissi ilə xatirələrində qeyd edib. Şair şeirində belə yazıb:
Tabutuma
Bir ağ kağız qoyun
Bir dənə də qələm
Hayıf bu yaşda
Heç nə
Heç nə deməmişəm
Dostlar bir şeir desinlər
İşdi imkan olsa bir dənə
də
mahnı
çaldırsınlar
Şeirlə mahnının
möcüzəsilə
Ayrılmağa çox dəlibir
ümidim var....
Yaşadığları
çətin və iztirablı günlərin indi arxada
qalmasına baxmayaraq, bütün bu ağrılı günləri
geridə qoya, çiyinlərinə vaxtzıs düşən
qayğı və əzabları çəkə bildiyinə
özünün də inanmağı gəlmir: “40 ildən
sonra bu xatirələri yazarkən, özümü
ağır döyüşdən qalib çıxan əsgərə
bənzədirəm. O qədər gücsüzəm ki,
yaralarıma məlhəm qoya bilmirəm. Əli Kərimlə,
ondan sonra onun xatirəsi ilə yaşadığım həyatı
xoşbəxt həyat hesab edirəm. Ola bilər bu xoşbəxtliyi
neçə illərdən sonra dərk etmişəm. Əli
demişkən:
Nə xoşbəxt imişəm
bir zaman, Allah,
Xəbərim olmayıb bu səadətdən”.
GÜNEL
525-ci qəzet.- 2011.- 11 fevral.- S.7.