XX əsr ədəbiyyat tariximizə yeni metodoloji – estetik baxış

 

Azərbaycan ədəbiyyatı tarixi az qala bir əsr ərzində adekvat elmi üsullar, metodologiya və konsepsiyaya söykənmədən milli zəmin əsasından daha çox Çar Rusiyasının, Qırmızı İmperiyanın, Sov.İKP MK-nın Siyasi Bürosunun direktivlərinin müəyyənləşdirdiyi yön, istiqamət və rakuslardan öyrənilib, partiyalı ədəbiyyatın və ədəbiyyatşünaslığın çərçivələrinə və istiqamət perspektivlərinə uyğun olaraq nəzərdən keçirilb. Bunun nə dərəcədə həqiqətə uyğun olmasını biz “Sov.İKP MK Siyasi Bürosunun SSRİ və dünya kommunist partiyalarına direktivi. Moskva, 2.6.1947: Tamamilə məxfidir” materialında yer almış müddəalardan yaxşı görürük. Buna inanmaq üçün bəndlərdən bəzilərinə nəzər salmaq kifayətdir: “İbtidai və xüsusi məktəblərdə (ancaq hər şeydən qabaq orta və ali təhsil müəssisələrində) milli ruhlu müəllimləri kənarlaşdırmalı. Onların yerinə bizim müəyyən etdiyimiz adamları qoymalı. Tarix dərslərində diqqəti şahların qəddarlığına və xalqın onlar əleyhinə mübarizəsinə cəmləşdirmək lazımdır. Xüsusi məktəblərdə çox məhdud ixtisaslaşmaya keçmək zəruridir”, yaxud “Ali məktəblərdə xalqın aşağı təbəqələrinə aid, öz ixtisasına uyğun dərin biliklər almağa yox, ancaq diplom almaq xatirinə olan adamları qəbul etməli”.

Doğrudan da Sovet dövründə bütöv tariximizin olduğu kimi ədəbiyyat tariximizin də müxtəlif mərhələlərini dərindən öyrənib bu və ya digər ədəbi simaların yaradıcılığı və şəxsiyyəti haqqında, dövrün özünün əyintiləri ilə bağlı obyektiv reallığı əks etdirən fikir söyləmək son dərəcə çətin idi. Bununla belə sovet dövründə ədəbiyyat tariximizin müxtəlif mərhələlərini incələməyə səy göstərən dərs vəsaitləri, dərsliklər də mövcud olub. Lakin bunu da nəzərə alaq ki, o dövrdə ortaya çıxan dərs vəsaitləri və dərsliklər mütləq Qlavlitin “süzgəc”indən keçməli idi və buna görə də obyektiv həqiqətləri özündə əks etdirən dərsliklərin meydana çıxmasını gözləmək də sadəlövhlük olardı. Çünki partiyasız ədəbiyyatın, üstəgəl Qırmızı İmperiyanın özbaşınalığına eyham vurmaq istəyən əsərlərin meydana çıxması mümkünsüz idi.

Bu onu göstərir ki, bəhs etdiyimiz dövrdə (yəni XX əsrdə) ədəbiyyat tariximiz yalnız əyri güzgüdə əks oluna bilərdi. Belə vəziyyət isə bizi heç bir halda qane edə bilməzdi.

Azərbaycan ikinci dəfə öz müstəqilliyini əldə etdikdən sonra müxtəlif elm sahələrində bir sıra uğurlu və səmərəli axtarışlara cəhd edilib. Fikrimizcə, bu axtarışlar bir-birini qarşılıqlı şəkildə tamamlayan ədəbiyyat və ədəbiyyat tarixi elmlərinin kəsişib yaxınlaşdığı nöqtədə daha qabarıq şəkildə özünü əks etdirməlidir. Buna görə də Etnik-milli tariximizin, fəlsəfə tariximizin, mental psixologiyamızın, din-əxlaqi-mənəvi baxışlarımızın məktəb, pedaqogika tariximizin indiyə qədər bəzi qaranlıq məqamlarının yenidən öyrənilməsi istiqamətində bir sıra addımlar atılmağa başladı.

İkinci dəfə müstəqilliyə qovuşmağımızdan iyirmi ilə yaxın vaxt keçməsinə baxmayaraq bu günə qədər ali məktəblərimizin bakalavr və magistr pillələrində təhsil alan tələbələrimiz hələ də Sovet dövründən qalan həmin dövrün ideoloji, siyasi, ictimai, sosioloji, fəlsəfi-estetik ştamplarını özündə kifayət qədər açıq şəkildə əks etdirən dərs vəsaiti və dərsliklərdən istifadə etmək zorunda qalıb. Nəzərə almaq lazımdır ki, bu gün sovet təhsil, tədris və təlim sistemi cəmiyyətimizin nəinki artan tələblərinə cavab verir, əksinə bu tələblərin ödənilməsinə xeyli dərəcədə əngəl törədir. Çünki ənənəvi sovet təhsili sistemində kəmiyyət göstəriciləri keyfiyyət göstəricilərini daim üstələyirdi. Tədris fənləri isə köhnə ideologiyanın əsirinə çevrilmişdi.

Bu gün təhsilin yeni çoxsəviyyəli strukturuna keçid ali təhsilli mütəxəssis hazırlığı sistemində dövlət standartlarının özünün belə dəyişməsini ortaya qoyub. Belə vəziyyət yeni təfəkkür tərzinə söykənən və onun əsasında hazırlanan dərs vəsaitləri və dərsliklərin ortaya çıxmasını qaçılmaz edir. Qeyd etdiyimiz baxımdan filologiya elmləri doktoru, professor Bədirxan Əhmədovun bu yaxınlarda AMEA-nın müxbir üzvü professor Nizami Cəfərovun ümumi redaktəsi altında nəşr etdirdiyi “XX əsr Azərbaycan ədəbiyyatı tarixi”i dərsliyi bu dövr ədəbiyyat tariximizin (1920-1950-ci illər) son dərəcə mürəkkəb, ziddiyyətli bir mərhələsini əks etdirmək istiqamətində ilk qaranquş kimi dəyərli mənbədir.

Qeyd etmək yerinə düşər ki, prof. Bədirxan Əhmədov müasir Azərbaycan ədəbiyyatşünaslığında səriştəli alimlərdəndir. O, daim dövrü mətbuatda çoxsaylı elmi-nəzəri və publisistik məqalələrlə çıxış edir. Azərbaycan ədəbiyyatşünaslığının aktual problemlərinə həsr olunmuş əsərləri ilə kifayət qədər yaxşı tanınır. Onun müxtəlif illərdə qələmə aldığı “Sabit Rəhmanın satirası” (1998), “Azərbaycan satirasının inkişaf problemləri” (2000), “Bir istiqlal yolçusu” (2003), “Əmir Abidin seçilmiş əsərləri” (2007), “Sabit Rəhman: həyatı, mühiti, yaradıcılığı” (2010) və s. kimi sanballı araşdırmaları mütəxəssis və oxucular tərəfindən maraqla qarşılanıb.

Prof. Bədirxan Əhmədov elmi-tədqiqat işlərinə AMEA-nın Ədəbiyyat İnstitutunda başlayıb, ömrünün mühüm hissəsini bu elm məbədində keçirsə də, digər tərəfdən, o, həm də 15 ildən artıqdır ki, Bakı Slavyan Universitetində tədqiqatçılıq bacarığını mühazirəçilik, yəni birbaşa tədris, təhsil və təlimlə bağlayıb. Mütəxəssislərə məlumdur ki, yaxşı alim olmaq heç də hələ yaxşı təhsil, tədris işçisi, pedaqoq olmaq deyil. Əgər bunlardan birincidə mənbə və materialları öyrənib səriştəli tədqiqatçı kimi yetişmək mümkündürsə, ikincidə pedaqoji takt, məntiq, vərdiş və bacarıqlara yiyələnmədən mühazirəçi-müəllim olmaq olduqca çətindir. Bundan başqa qeyd etdiyimiz bu iki keyfiyyətin simbiozu olmadan, həm də üçüncü daha üstün keyfiyyətin ortaya çıxmasını – ali məktəb auditoriyasında metodik prinsip, üsul və priyomları yetərincə əldə etmədən dərslik və dərs vəsaiti yazmaq mümkün deyil.

Prof. Bədirxan Əhmədov yaxşı haldır ki, tədqiqatçılıq bacarığı, auditoriyada iş, təlim və nəhayət, təlimin çağımız üçün önəmli olan innovasion üsullarından istifadə etmək və onların tədrisdə tətbiqi ilə bağlı metodik prinsiplərə söykənərək uğurlu bir “Azərbaycan ədəbiyyatı tarixi” dərsliyinin meydana gəlməsinə imza atıb. İndiyə qədər Azərbaycanın ayrı-ayrı Pedaqoji-Filoloji yönümlü ali məktəblərində “Azərbaycan ədəbiyyatı”, yaxud “Azərbaycan ədəbiyyatı tarixi” çoxcildli, ya bir cildlikdən ibarət dərslik, dərs vəsaitləri işıq üzü görüb, lakin qeyd etdiyimiz kimi onlar sovet dövrünün ideoloji ştamplarını özündə əks etdirdiyindən tədrisdə onların çağdaş dövrdə istifadəsi yararsızdır.

Belə bir şəraitdə elmi-nəzəri struktura, kamil məzmun bazasına söykənən, dövrün müxtəlif ideoloji, siyasi, mədəni, mənəvi, ədəbi problemlərini mümkün qədər obyektiv əks etdirməyə çalışan ali məktəb tələbələri üçün dərsliyin ortaya çıxmasına ehtiyac yaranmışdı. Çünki uzun zaman kəsiyində ədəbiyyat və ədəbiyyatşünaslıq sosrealizm metodologiyası əsasında və yalnız onun estetik prinsipləri kontekstində nəzərdən keçirilib. Sosrealizm bədii-estetik metod və fenomen kimi artıq neçə illərdir tarixin arxivinə atılıb. Hələ sovet dövrünün özündə onunla razılaşmayan, yaxud qəliblərinə uyğun gəlməyən ədəbi şəxsiyyətlərin yaradıcılığı adekvat ədəbi tənqid güzgüsündə tədqiqatlardan kənarda qaldı. Buna görə yetişməkdə olan ədəbi-filoloji nəsil onlardan xəbərsiz qalmamalı, sovet dövrünün neqativ ictimai, sosial, iqtisadi, mədəni əyintiləri tədris prosesində obyektiv şəkildə tələbələrə çatdırılmalıdır.

Prof. Bədirxan Əhmədovun “Azərbaycan ədəbiyyatı tarixi” dərsliyi məhz sadaladığımız bu boşluqları doldurmağa xidmət edir. Dərslik “Giriş” və beş bölmədən və ədəbiyyat siyahısından ibarədir. Hər bir bölüm daxilində “İctimai həyat və ədəbi proses”, “Poeziya”, “Nəsr”, “Dramaturgiya” və ədəbi şəxsiyyətlərin yaradıcı portreti təqdim olunub.. Bölümlərdə təkrarlanan (dərslikdə bu təkrarlara ehtiyac var – N.T). ümumi başlıqlara baxmayaraq, onlardan hər birində spesifik olan, ictimai-sosial, mədəni-ədəbi həyatımıza neqativ hallar gətirən problemlər yetərincə qabardılaraq tələbələrin diqqətinə çatdırılır. Məsələn, 20-ci illər ədəbiyyatı ümumi şəkildə “Proletar hegemoniyası dövrünün ədəbiyyatı”, 30-cu illər “Siyasi-ictimai repressiyalar dövrünün ədəbiyyatı”, 40-50-ci illər “Sosrealizmin təşəkkülü və yeni meyllərin təzahürü”, “Azərbaycan mühacirət ədəbiyyatı”, “Cənubi Azərbaycan ədəbiyyatı” kimi başlıqlarda nəinki ədəbi-bədii fikrin əsas nümayəndələri, həm də tarixi-siyasi proses yetərincə obyektiv işıqlandırılır.

Birinci bölümün “İctimai həyat və ədəbi proses” hissəsində müəllif tələbələrin diqqətini indiyə qədər dərsliklərimizdə səslənməsi və təsnifi məqbul sayılmayan məsələlər üzərində cəmləşdirir. Məsələn, “Milli təmayülçülük, vətənçilik, cümhuriyyətçiliyin beynəlmiləlçiliklə əvəzlənməsi, həqiqi istiqlalçılıqdan yalançı müstəqilliyə, senzuralı mətbuat və ədəbiyyat, köhnə tənqid, yeni təbliğ, ədəbiyyatda proletarlaşma”, yenə də həmin bölümdə milli müəyyənlik duyğularının zəifləməsi, poeziyada yeni yabançı təfəkkür tərzinin formalaşması və s., 30-cu illərin ədəbi mənzərəsində ictimai-siyasi həyatda olduğu kimi ədəbi mühitdə də “kim kimi” məsələsi, sağ və sol təmayüllər, ədəbiyyat və repressiya, repressiya caynaqlarının ədəbi mühitə uzanması, repressiyanın xarakteri və strukturu, şüarçılığın tədricən poetik tərənnümlə əvəzlənməsi, nəsrdə deklarativlik, plakatçılıq, sxematiklik, konfliktsizlik” nəzəriyyəsinin dramaturgiyanın inkişafını zəiflətməsi, Azərbaycan mühacirət ədəbiyyatının bədii düşüncəni zənginləşdirməsi və s. məsələlərlə yanaşı həm də 20-30-cu illər bədii nəsrində psixologizm elementləri və naturalizm problemləri “Tənqid-təbliğ” (“Satirağit”) teatrına münasibət, Əhməd Cavadın “Səsli qız”, “Pambıq dastanı”, S.Vurğunun “Macəra”, “Qız qayası”, R.Rzanın “Cəlladları durdur”, M.Rahimin “Arzu qız” və s. kimi tədris proqramlarına daxil edilməmiş nümunələr, bədii nəsrin cəmiyyətin həyatına nüfuz etməsi, 40-50-ci illərdə mənzum və tarixi dram janrına müraciət və s. kimi ədəbi simalar, əsərlərə tarixi-xronoloji zaman kəsiyində yeni təfəkkür tərzinə uyğun münasibət ifadə olunub. Qeyd etdiyimiz və xeyli sayda etmədiyimiz məqamlarla tanışlıq prof. Bədirxan Əhmədovun gərəkli bir işin öhdəsindən gəldiyi qənaətini hasil edir. Onu da söyləmək yerinə düşər ki, prof. Bədirxan Əhmədovun “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” dərsliyi üzərindəki işi həm də müəllifin bu dövr ədəbiyyatına baxışında məhz elmi-nəzəri, pedaqoji-metodik kontekstdə doğru-dürüst mövqedən yanaşmaq imkanı verir. Dərsliyi nəşrə hazırlayana qədər Bədirxan Əhmədov həm də Bakı Slavyan Universitetinin tələbələri üçün “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” fənnindən proqram tərtib edib və onu dərslik tələblərinə uğun təqdim edib.

Söylədiklərimiz bir daha sübut edir ki, prof. Bədirxan Əhmədovun hazırladığı dərslik və proqram bir-biri ilə üzvi surətdə bağlı olmaqla, tələbələrimizin ədəbi biliklərə adekvat yiyələnməsində, 20-50-ci illərin ictimai-siyasi, fəlsəfi-estetik, ədəbi-bədii mənzərəsi ilə obyektiv reallığa uyğun olaraq tanış olmasında olduqca gərəkli mənbədir. Prof. Bədirxan Əhmədova XX əsr ədəbiyyat tariximizin digər dönəmlərinin də obyektiv qələmə alınaraq işıqlandırılmasında uğurlar diləyirik.

 

 

Nizami TAĞISOY

 

525-ci qəzet.- 2011.- 12 fevral.- S.27.