“ÖLÜLƏR”DƏN
“ÖLÜLƏR”Ə
Ədəbiyyat
tariximizdə ən böyük şəxsiyyətlərdən
biri Cəlil Məmmədquluzadədir və bu fikrin təsdiqinə
heç bir ehtiyac yoxdur. Çox vaxt bu böyük sənətkarı
yeni ədəbiyyatımızın banisi Mirzə Fətəli
Axundzadənin davamçısı sayırlar. Ancaq C.Məmmədquluzadə
təkcə davamçı deyildi, həm də Azərbaycan nəsrində,
dramaturgiyasında, publisistikasında, ədəbi və ictimai
fikrində böyük islahatlar aparan bir yaradıcı idi.
“Poçt qutusu”, “Qurbanəli bəy”, “Usta Zeynal”, “Danabaş kəndinin
əhvalatları”, “Dəli yığıncağı”,
“Kamança”, “Anamın kitabı” ...bu əsərlərin hər
biri ədəbiyyat və mənəviyyat tariximizin
ayrı-ayrı səhifələridir. Lakin onun şah əsəri
“Ölülər”dir və “Ölülər”siz nəinki C.Məmmədquluzadə
yaradıcılığını, ümumən Azərbaycan ədəbiyyatını
təsəvvürə gətirmək mümkün deyil.
Görkəmli tənqidçi Yaşar Qarayev yazırdı
ki: “Ölülər”-Mirzə Cəlilin təkcə bir əsərinin
adı deyil, Mirzə Cəlil yaradıcılığında
bütöv bir surətlər silsiləsinə verilə biləcək
ümumi bir addır.
“Ölülər”-böyük
realizm və bədii ümumiləşmə qüvvəsinə
malikdir. Hətta o qədər ki, yazıçı bir kəndin
ölüləri haqqında yazdığı bu əsərə
bir cəmiyyətin, bir dövrün və mühitin
ölülərini toplaya bilmişdir. “Ölülər”-cəmiyyətdə,
ictimai həyatda ölülük əleyhinə
yazılmışdır” “Ölülər” zamanına görə
klassik əsərdir, amma ideya-bədii təsiri o qədər
böyükdür ki, onu ən müasir əsər saymaq olar.
Doğrudur, Mirzə Cəlilin təsvir etdiyi o mühit, o cəmiyyət
tarixdən silinib. Amma cəmiyyətin hər bir dönəmində,
ictimai həyatımızın hər bir mərhələsində
yeni Şeyx Nəsrullahlar peyda olur, yeni İsgəndərlər
meydana çıxır, ən dəhşətlisi odur ki, yeni
ölülər mühiti yaranır. Və hər dəfə
də Mirzə Cəlilin gülüş bayrağını əlinə
götürüb yatmış milləti oyandırmaq istəyən
bir xələfi çıxır ortaya.
Müasir ədəbiyyatımızda
artıq öz dəst-xəttini, yazıçı
mövqeyini çoxdan təsdiq edən, nəsrimizdə və
publisistikamızda bir sıra ən cəsarətli fikirlərin
müəllifi olan Aqil Abbası tanıtmağa, zənnimcə,
heç bir ehtiyac yox... AQİL ABBAS, vəssalam, bircə
bu ad kifayətdir ki, gəncliyindəki
çılğınlığı hələ də
başından getməyən, səbri tükənəndə
hisslərini cilovlaya bilməyən, adamın
nöqsanını kişi kimi üzünə deyən, yeri gələndə
öz nöqsanını da etiraf edən, o balaca boyu ilə
hamının içində dərhal gözə dəyən
bir dostu xatırlayasan. Amma bu AQİL ABBAS indiki qəzet nəşrləri
içərisində ən ucuz qiymətə hər gün
minlərlə oxucularının ürəyinə yol tapan “Ədalət”
kimi nüfuzlu bir qəzetin təsisçisidir (uzun illər
baş redaktoru olub), Qarabağı sözdə, kağızda
deyil, candan, ürəkdən sevən vətənpərvər
bir oğuldur, nəsr əsərləri ilə müasir ədəbiyyatımızda
seçilən bir yazıçıdır və...Millət vəkilidir.
Mən bilmirəm Aqil Abbas üçün dünyanın və
Azərbaycanın hansı böyük
yazıçısı örnəkdir. Bəlkə Üzeyir
bəy, bəlkə Sabir, bəlkə Səməd Vurğun, bəlkə
Məmməd Araz, bəlkə Çexov, bəlkə Qoqol..amma
tam əminəm ki, Mirzə Cəlil Aqil Abbasın ən
sevimli yazıçısıdır, çünki
A.Abbasın publisistikasında qayət Mirzə Cəlil nəfəsi
duyulur. Və təsadüfi deyil ki, o, Mirzə Cəlilin
“Ölülər” pyesi əsasında yeni bir “Ölülər”
qələmə alıb. Aqil yeni dövrün, daha doğrusu,
XX əsrin son, XXI əsrin ilk illərinin ictimai, siyasi, mənəvi
mənzərələrini qələmə
almışdır. Əsrin əvvəlləri ilə sonu
arasında böyük tərəqqinin, sivilizasiyanın,
texniki nailiyyətlərin, mədəni inkişafın
olduğu məlumdur.Lakin şüurlarda, beyində, həyat tərzində
hələ də mütilik-ölülük psixologiyası
yaşayır.Və bu psixologiya insanları tərk etməyincə,
onların başına min oyunlar açılacağı, yenə
də kütləvi şəkildə hansı “sehirli” qüvvəyəsə
iman gətirəcəkləri gün kimi aydındır.
Şeyx Nəsrullahın “marşrutu” Xorasandan
başlamışdı və bir müsəlman kəndini
seçmişdi ki, avam camaatın başını piyləsin,
onları cənnət və cəhənnəm haqqında cəfəng
xülyalarına inandırsın, hər gecə də
azyaşlı bir qız uşağının bəkarətini
pozsun. Cənab Tasye isə Fransadan gəlib. Çadır şəhərciyinə
yol alıb ki, ATƏT adından sadəlövh
qaçqınları inandırsın ki, Avropanın
güclü dövlətləri Azərbaycanın Qarabağ dərdinə
şərikdir. Hacı Baxşəli, Hacı Kərim,
Hacı Kazım, Məşədi Oruc, Kərbəlayı Vəli,
Mir Bağır ağa, Həsənqulu, Əlibəy, Heydər
ağa, Mirzə Hüseyn, Fatmanisə, Cəlal, Nazlı..bu
personajlar eynən Mirzə Cəlildə də var (yalnız
Hacı Həsən ağanın adı dəyişib, Həsənqulu
olub, Kərbəlayı Fatma xanım da Fatmanisə). İndi,
XXI əsrdə Azərbaycanda hacıların, məşədilərin
sayı ədədi yox, az qala həndəsi silsilə ilə
artdığı bir zamanda hacı baxşəlilərin,
hacı kazımların, məşədi orucların eynən
öz adlarıyla peyda olması çox təbiidir.
Əlbəttə, adlar dəyişilməyib,
bu, zahiri xarakter da daşıya bilər. Bəs nə dəyişilib
və dəyişməyən nədir? Dəyişilən,
öncə qeyd etdiyim kimi zəmanədir. İndi ikinci bir
Şeyx Nəsrullah tapılmaz ki, Azərbaycanın ən geridə
qalmış, ən ucqar bir kəndinə təşrif buyura və
deyə ki, mən ölü dirildirəm.Bu “möcüzəyə”
kimsə inanmaz. Çünki bizdə Allaha, yoxdan bu cahanı
var edən pərvərdigara inam böyükdür, fəqət
dini fanatizmə inam sıfıra yuvarlanmaqdadır. Amma məmləkətimizin
başı üstünü alan təhlükə,
torpaqlarımızın iyirmi faizinin işğal olunması,
“külli Qarabağın abu həyatı”na həsrət
qaldığımız bir zamanda, bir milyondan artıq
qaçqının öz doğma yurdlarına qayıtmaq həsrətinin
bitmədiyi bir vaxtda bu bəlalardan xilas olmaq inamımız
tükənmir. Keçək əsərə. “Həsənqulunun
evi. İsgəndərin otağı. Küncdə dəmir
çarpayı, qabağında bir miz, üstündə 2-3
kitab, 2 stul. Müəllim Cəlala dərs deyir”. Yenə də
Mirzə Cəlilin təsvir etdiyi məkan. Əşyalar
eynidir. Bu dəfə də “müəllim Cəlala dərs
deyir”. Amma bu müəllim fars dili yox, ingilis dili müəllimidir.
Bu Cəlal “may neym” deməlidir, “may nəyim” deyir. A.Abbas
yaxşı bilir ki, indi cavanlar fars və rus dillərinə
yox, ingilis dilinə maraq göstərirlər.Çünki
ölkədə çoxlu ingilis, Amerika şirkətləri
var. Bakıda da bəzi-bəzi reklamlar ingiliscə
yazılır. Bax, dəyişən şeylərdən biri
budur. İsgəndər gəlir. Mirzə Cəlil o zaman
İsgəndərin dililə deyirdi ki, indi elmli insan bir qəpiyə
dəyməz. Hər kəsin ki, elmi var, onun hörməti
yoxdu, hər kəsin ki, hörməti var, onun da elmi yoxdu.
A.Abbasın İsgəndəri isə deyir ki, nə elmin bir qəpiklik
hörməti var, nə də alimin bir qəpiklik qiyməti.
Professor əlində üç-dörd kilo soğan, kartof,
yarım kilo ət dayanacaqda avtobus gözləyir, əynində
də geyilməkdən dakrona dönmüş kostyum.
Amma
qulağısırğalı gədələr mersedeslərdə
ötür. Mirzə Cəlil “Ölülər”də
ölülüyü hədəf seçmişdi.
İnsanların kütləvi inamına üsyan edən ədib
eybəcərliyin doğurduğu kədəri, müsibəti
açıb göstərirdi. Deyək ki, A.Abbas da öz
böyük sələfinin işini görür. Həsənqulu
oğlu İsgəndəri nədə ittiham edir? “İt
oğlu yenə ekflidi. Nə ATƏT-i tanıyır, nə də
BMT-ni. Allah mənə lənət eləsin, bir də
uşağı kafirlərin yanında dərs oxumağa
göndərsəm. Axı deyən gərək San-Marinonu
qoyüb bunu niyə Leninqrada göndərdin axı? Camaatın uşağı
gedib oxuyub biznesmen olur, rəis olur, prokuror olur. Bunu heç
qaçqınkomda Allahın yardım paylayan işinə də
göndərmədilər”. Gəlin, gizlətməyək ki,
müasir çağımızda da İsgəndərlər
az deyil. Əsl, vətənpərvər İsgəndərlər
çox zaman işsiz istedadları müqabilində iş tapa
bilmir, pullu nadanların, vəzifəli kəmsavadların
yanında təhqir olunurlar. Gəlin, etiraf edək ki, İsgəndərlərin
bir çoxu ölkəni tərk edir, xarici ölkələrə
səadət arxasınca yüyürürlər. Aqil
Abbasın “Ölülər”ində partlayış doğuran
xəbər-guya işğal olunmuş İtqapanlı rayonunun
qaytarılmasıdır. Azərbaycanlı mafiyaçı
Bratın məktubu gəlir və bu məktubda deyilir ki, Təsye
cənabları neçə il idi ki, bunun üçün
çalışırdı. İndi o, Yerevandan
çıxıb sizin çadır şəhərciyinizə
gəlir, bəzi məsələləri sizinlə məsləhətləşəcək.Təsyenin
fəzilətinin kəramət və mərhəmətindən
itqapanlılar kimi digər qarabağlılar da öz
ev-eşiklərinə dönə biləcəklər. Beləliklə,
çadır şəhərciyinin sakinləri böyük həsrətlə
Təsyenin yolunu gözləyirlər.Hətta Fatmanisə əllərini
göyə qaldırıb deyir: “Ey yeri-göyü yox yerdən
var eləyən Allah, məni neçə ildi ağlar
qoyümusan, çiynimə dağ basmısan! Ay rəhim ATƏT-Allah
bizə kömək olmadı, mən şəhərimizi səndən
istəyirəm”. Məncə, Aqil Abbas həqiqəti ifadə
edib. 90-cı illərdən üzü bəri bir sıra beynəlxalq
təşkilatların-o cümlədən, ATƏT-in neçə-neçə
qərarı olub, qətnaməsi elan edilib, amma heç biri
öz real əksini tapmayıb. Bu məlum. Amma on beş il əvvəl
də, on il əvvəl də, elə indi də belə bir xəbər
yayılsa, doğma ocaqlarından didərgin düşən əksər
qarabağlı bu xəbərə inanacaq. Halbuki, bütün
bunlar beynəlxalq oyunlardı. Ona görə də əsərdə
bu oyunlara, bu şayiələrə, bu yalanlara inananlar
ölülük mənziləsindədirlər.Bəs
hansı yolu seçmək lazımdır? İsgəndər
deyir: Gəlin, bu Kefli İsgəndərə qulaq asın. Bir
yaxşı-yaxşı düşünün və nəsihətimi
qəbul edin. İnanın mənə. Allah Mirzə Cəlilə
min rəhmət eləsin.
Bu Təsyelər, Petkalar var
ey, bunlar Şeyx Nəsrullahdan da betərdilər. Bunlardan
Qarabağı dirildən olmaz! Bunlar Qarabağı ona görə
öldürməyiblər, sizi çöllərə ona
görə salmayıblar ki, sonra dirildələr,
qayıdıb gedəsiniz evinizə-eşiyinizə. Bunlar
Qarabağı ona görə öldürüb sizi
çöllərə salıblar ki, özləri kef eləsinlər.
Gəlsinlər, sorsunlar aparsınlar. Ağsaqqallıq eləsinlər”.
Mirzə Cəlilin “Ölülər”ində olduğu kimi, cənab
Təsye də yalanının üstünün
açılacağını görüb qaçır. Və
İsgəndərin sarsıdıcı monoloqu bu dəfə
daha gur səslənir: “Siz bunların ayağının
altında qurbanlar kəsməklə, ciblərini doldurmaqla elə
bilirsiniz ATƏT-in lotuları Qarabağı ermənilərdən
alıb verəcəklər sizə?! ATƏT-in boş-boş
sözlərinə nə vaxta qədər inanacaqsınız?
Hərəniz əlinizə bir çomaq götürüb ermənilərin
üstünə getsəniz, erməni İrəvanacan
qaçar!”. Şeyx Nəsrullahla cənab Təsye arasında
bir-birinə oxşar cəhətlər az deyil. Şeyx Nəsrullah
görəndə ki, hamı onu allah yerinə qoyur,
şübhə eləmir ki, bəd əməllərini burada
həyata keçirəcək.Çünki onun qorxulu hesab elədiyi
İsgəndəri heç kim saymır. Cənab Təsye də
çadır şəhərciyi sakinlərinin ona inamından
məharətlə faydalanır və çox yaxşı
bilir ki, İsgəndərin bu mühitdə heç bir
hörməti yoxdur. Şeyx Nəsrullah hər gecə
azyaşlı bir qızla eyş-işrətə aludə
olursa, Təsye belini ovdurmaq üçün bir
bığıburma çağırtdırır. Faciə
orasındadır ki, adamlar Fransadan gələn bu siyasi lotunun əleyhinə
mübarizə aparmaq əvəzinə, İsgəndəri tənə
hədəfinə çevirirlər. Amma qalib gələn Təsye
yox, İsgəndər olur.Finalda. o, bu günün “canlı
ölüləri”nə ağır ittihamlar oxuyur (Mən
dağları, daşları, quşları, fələkləri,
ulduzları şahid çəkib soruşuram, bu camaata nə
ad qoymaq olar? O vədə hamısı bir səslə cavab verər:
“Ölülər!”. Və bizdən sonra gələn nəsillər
illər uzunu sizi yada salıb bir səslə deyəcəklər:
“Ölülər!” A.Abbas cəmiyyətin müəyyən
qrupüna, daha çox hələ də yalançı bir
inamla yaşayıb Qarabağı hansı xarici qüvvələrinsə
alacağına ümid edən mühitə qarşı etiraz
səsini ucaldır. Çünki dünya dəyişib,
yalanlar, siyasət havasında bişirilən halvalar tez üzə
çıxır, bunlara inanan insanlar isə şüuru kütləşmiş
diri ölülərdir. Eyforiyaya qapılmaq olmaz! Əlbəttə,
Mirzə Cəlilin “Ölülər”inin böyük təsir
gücünü bu əsərdə, bəlkə hər səhifədə
hiss edirik.Aqilin “Ölülər”i səviyyəcə
özü də etiraf edər ki, sələfinin əsəri
kimi şedevr deyil. Amma müasir ölülüyün mahiyyətini
açmaq mənasında Aqil Abbasın pyesi bu günün,
çağdaş Azərbaycan gerçəkliyinin bədii
real-bədii inikasıdır. Bu, səhv etmirəmsə, Aqil
Abbasın ilk pyesidir. Adətən, ilk pyeslər həmişə
dram sənətinə xas olan qüsurlardan xali olmur və
Aqilin pyesinə də bəzi iradlar söyləmək olar. Deyək
ki, Mirzə Cəlilin “Ölülər”ində
ölülük mühiti cəmiyyətin bütün sosial təbəqələrini
əhatə edirdi, təkcə dini fanatizm deyil, ictimai-sosial
naqisliklər də ifşa hədəfinə çevrilirdi.
Aqildə isə tənqid oxları çadır şəhərciyinin
hüdudlarından çox az kənara çıxır. Aqildə
siyasi ölülüyün mahiyyəti bir qədər də
sərt boyalarla açıqlana bilərdi, axı, bu
ölülük və Avropanın “xilasedici missiyası”na inam
təkcə Avropadan gəlmir, daxilimizdə bunun güclü
kökləri, rişələri var. Amma buna baxmayaraq Aqil
Abbasın “Ölülər”i gerçək həyati əks
etdirir, burada yalan yoxdur. Teatr, səhnə yalanı sevmir və
Aqil Abbasın “Ölülər”inin müasir
teatrımızın səhnəsinə yol tapacağına da
inanıram...
Vaqif YUSİFLİ
525-ci qəzet.- 2011.- 12 fevral.-
S.24.