Oralarda kimlər var: İSA İSMAYILZADƏ-1
“GÖZLƏYİN DÜNYAYA QAYITMAĞIM VAR”
Aman Allahım! Unudulmaz
Şair və Azərbaycan poeziya təfəkküründə
demək olar ki,çevriliş edənlərdən biri İsa
İsmayılzadənin Novruz bayramına 5 gün
qalmış, martın 15-də 70 yaşı olur.70
yaşı olur, amma onsuz. Yaş saydı,amma ömür tamam
başqa bir şeydi.Nə qədər ki, İsanı
tanıyan nəsil yaşayır və nə qədər ki,
Ona əziz adamlar sıramızdadı heç şübhəsiz,
İsa həmişə xatırlanacaq və
xatırlanmalıdı.Ancaq daha sonralar nə olacaq bunu bir olan
Allah bilir. Zaman amansız, insanlar zamandan amansız.Mənim bu bədbin
düşüncəm yalnız mənə görədir.Amma
bir həqiqət var ki,biz az görmədik unudulan və yaddan
çıxan şeyləri və həqiqətləri.Bütün
bunlara baxmayaraq nə yazıq ki,biz onsuz keçiririk bu 70
yaşı.Özünə verə biləcəyimiz
sualları onu yaxından tanıyanlara, o sıradan sevimli
yazarımız və tərcüməçi Nəriman Əbdülrəhmanlıya
veririk. Nədən Nəriman bəy? Bunu yazının
içində bir daha oxuyacaqsınız.Və üstəlik də
İsaya çox yaxın olan yazar və şairlərin fikirlərini
yazımıza qatırıq.
–Çox hörmətli Nəriman
bəy, ikimizin də tanıdığımız bir gözəl
Şair və İnsan haqqında kiçik bir gəzinti eləyək.Hər
halda mən bu nəticəyə gəlmişəm ki,
insanları heç zaman sonuna kimi tanımaq olmaz.Və bizim də
İsanı sonuna kimi tanımaq və tanıtmaq cəhdimiz
baş tutmadı, bunu tale də qoymadı.Amma məni bir
şey maraqlandırır: sənin İsayla ilk
tanışlığın nə zaman olub? Ola bilər, sən
bu barədə hardasa yazmısan da.Amma mən ilk
tanışlıqlara çox önəm verən bir insan kimi
bunu soruşuram səndən.Bilirsən ki, bəzi
tanışlıqların sonunda deyirlər : səninlə
tanış olduğum günə daş yağaydı.Hər
halda sevimli İsaya aid deyil bu, amma yenə də hansı
gün, hansı saat və harda tanış olduz?
–Tofiq Abdin, özünüz
demiş, məni çox zor işə soxdunuz. Amma İsa
İsmayılzadəyə məndən ötrü elə əziz
şəxsiyyətlərdəndi ki, suallarınıza cavab
verməyə bilmərəm. Mənə görə,
ümumiyyətlə, insanı tanımağa
çalışmaq həddən artıq mənasız və
yorucu işdi, ona görə buna heç vaxt cəhd göstərmirəm,
qarşıma çıxan kimsəni olduğu kimi qəbul eləyirəm,
olsa-olsa, gözlənilməz cəhətlərilə
qarşılaşanda heyrətlənirəm. İsa
özünü yox, yaradıcılığını
tanımaq istədiyim insanlardan biriydi.
Tanışlığımız 70-ci illərin əvvəllərində,
mən orta məktəbdə oxuyanda olub, deyəsən, “Azərbaycan”
jurnalıydı, şeirlərini oxumuşam, özünü
tanıyanacan da qonşu rayondan-Qarayazıdan olduğunu bilməmişəm.
O vaxtdan İsanı sevdiyim,
yaradıcılığını izlədiyim şairlər
sırasına yazmışam. Şəxsi
tanışlığımız barədə, gündəliyimdən
başqa heç yerdə yazmamışam. Səhv etmirəmsə,
1985-ci iliydi, “Sovet Gürcüstanı qəzetində
ştatlı ştatdankənar müxbir işləyirdim, rəhmətlik
Bəxtiyar Vahabzadənin 60 illik yubileyilə əlaqədar
Bakıya, müsahibə götürməyə gəlmişdim.
Həmişəki kimi gürcü çaxırı da öz
yerindəydi.Tələbəlik dostum Arif Əmrahoğluna zəng
vurdum, “Bakı” Mehmanxanasındakı nömrəmə İsa
İsmayılzadəylə gəldi. Şübhəsiz, bu məndən
ötrü xoş sürpriz idi, “yumamaq” olmazdı. Əməlli-başlı
oturandan sonra İsa müəllim gəlişimin məqsədindən
xəbər tutan kimi dərhal Bəxtiyar müəllimə zəng
elədi, o da dedi, elə indi gözləyirəm, gəlsin.
İsa müəllim güldü, dəstəyi mənə
verdi ki, özün danış. Dedim, Bəxtiyar müəllim,
bir az içkiliyəm, olar, sabah gəlim. Dedi, ay oğul, biz də
içənik, eybi yoxdu dur gəl. O tanışlıq sıx
münasibətə çevrildi, Bakıya hər gələndə
İsaya baş çəkirdim, bura köçəndən
sonra da tez-tez iş yerinə gedirdim.
Tanışlığımızdan peşman olmadım.
–İsanın vəfat etdiyi, vəya
belə deyək dünyasını dəyişdiyi günlərdə
sən harda idin və bu xəbəri necə eşitdin.Qəfil
xəbər idi, yoxsa gözlənilən bir vaqeyə?
–Qəribə şeydi, Tofiq
bəy, ha fikirləşdim, 1997-ci il iyulun 12-də harda
olduğumu xatırlaya bilmədim, heç gündəliyimdə
də bu barədə qeyd yoxdu. Amma dəqiq budu ki, Bakıda
deyildim, olsaydım, vəfatından xəbər tutardım,
Qarayazıya da gedərdim. Vəfatının qırxından
sonra xəbər tutmuşam ki, o ilin sentyabrında belə bir
qeydim var: “İsa İsmayılzadəyə borcum qaldı, haqq
evinə yola salanlar arasında olammadım”. Görünür,
qəfil xəbər deyildi, çünki axır iki-
üç ilində onu hər görəndə ürəyim
əsirdi, çünki əsəbləri tamam tarıma
çəkilmişdi, gün-güzəran
qayğıları lap amanını kəsmişdi,
bütün ağrı-acısını radioda
apardığı verilişdə tökürdü. Əlbəttə,
o əsəblə çox yaşamaq möcüzə
olardı. Sonrakı il hörmətli Abbas Abdullayla İsa
müəllimin ilinə getdik. İsanın itkisi, qayıdanda
Kəpənəkçiyə dönüb Abbas bəyin
doğmalarına baş çəkməyimiz, kimsəsiz yurd
yerinin ağrısı bizi elə sarsıtmışdı ki,
Abbas Abdulla fikirli və dərdli olduğundan bəlkə,ömründə
ilk dəfə kiçik də olsa, qəza törətdi...
–İsanın arxivinin varisi
kimi sən də çox gizli qalan bir sənəd və məktublar
varmı ki, sən indi də onları üzü
çıxarmağı məsləhət görmürsən?
–Yox, Tofiq abi,
İsaİsmayılzadənin arxivinin varisi mən deyiləm, həyat
yoldaşı, üç övladlarıdı. Mən sadəcə
imkanım daxilində əlimdən gələni eləyirəm
ki, İsa bir insan, şair kimi unudulmasın. Əlbəttə,
İsa İsmayılzadə nakam getdi, övladlarının
diplom alıb işlədiyini, ev-eşik sahibi olduğunu
görmədi, amma o cəhətdən çox xoşbəxtdi
ki, çox abırlı övladlar qoyub getdi. Böyük
oğlu Araz gözəl stomatoloqdu, hörməti-izzəti var,
Nərgiz ailə sahibidi, atasının adını verdiyi
Mustafa Londonda magistraturada oxuyur, hər birinin o arxivə sahiblik
eləmək imkanı var. Bununla belə, İsa müəllimin
gündəlikləri var ki, orda yazılanları ixtisar eləmədən
bu gün çap eləmək olmaz. “Azərbaycan” jurnalında,
gündəliyidən seçmələr çap
etdirmişdim, bu hələlik yetərlidi. Mənim
ömrüm çatmasa, yəqin, daha kimsə İsa
İsmayılzadənin irsinə qayıdacaq,
araşdıracaq, o yazıların da vaxtı çatacaq.
İsa müəllimin elə radio verilişlərinin mətnləri
var ki, indi də oxuyanda tüküm biz-biz olur. O “şairəm”
deyib gendən dolanmağı bacarmırdı, şairlikdən
əvvəl vətəndaş olduğunun fərqinə
varırdı, ona görə də ömrünün son illərində
yazdığı şeirlərə, poemalara, publisistik
yazıları oxuyanda ictimai yükün
ağırlığını dərhal hiss eləyirsən.
ONLAR NƏ DEDİLƏR
ŞAİR TOFİQ HÜSEYN: SONRA ÖZÜ GETDİ
ÖLÜMƏ SARI
Onu mənə əvvəlcə
misraları xatırladır. Ovqatımın ya kədərli,
ya şən, havanın ya soyuq, ya isti, zamanın ya gecə, ya
gündüz, fərqi yoxdur, hansı vaxtda olursa-olsun, o misralar
yadıma düşəndə, dilimə gələndə qəlbən
kövrəlirəm. Sözün əsl mənasında ədəbiyyatın
qızıl fonduna düşəsi əla şeirdir.
Getdilər, getdilər Berlinə
sarı
Getdilər, getdilər
ölümə sarı
Güllələr demədi
geri qayıdın,
Lülələr demədi
geri qayıdın,
Hələ
uşaqsınız nə yaşınız var.
Şeirin qısaca məzmunu
belədir ki,kənd cavanları at çimizdirməyə,
moruq, qulançar yığmağa gedəndə uşaqlar da
onların dalınca düşür, “bizi də
özünüzlə aparın” deyə
yalvarıb-yaxarırlar. Cavanlar “hələ
uşaqsınız, nə yaşınız var” deyib uşaqları
özləri ilə aparmırlar. Sonra müharibə
başlayır. Kənd cavanları davaya yollanırlar. Bu
cavanlar döyüşə-döyüşə Berlinə
sarı, ölümə sarı gedirlər .Onlara tuşlanan
tüfəng lülələri, bu lülələrdən
uçan güllələr demir ki, geri qayıdın,
cavansınız, həyatınız irəlidədir, hələ
nə yaşınız var?
Bu şeir İsa
İsmayılzadənin şeiridir. Şeirin yuxarıdakı
misraları hardan yadıma düşür, niyə yadıma
düşür, deyə bilmərəm, ancaq bu misraların
dalınca İsa gəlir gözlərimin önünə,
bütöv ömür boyu üzündə qalan uşaq təbəssümü,
ürəkdən gələn saf gülüşü gəlir
gözümün önünə və bu vaxt onunla
tanış olduğum o qış axşamını, o
qış axşamında onunla olan söhbətlərim
düşür yadıma.
60-cı illərdə o
vaxtın iki gənc şairi İsa İsmayılzadə ilə
Ələkbər Salahzadənin “Azərbaycan” jurnalında dərc
olunmuş padborkaları son dərəcə qızğın,
bir az qərəzli, br az ifrat tərəfkeşliklə
müzakirələrə səbəb oldu. Universitetin
aşağı kurslarında oxuyan, yaradıcılıqda ilk
addımlarını atan bizlər Rəsul Rza, Süleyman
Rüstəm, Nəbi Xəzri kimi şairlər tərəfindən
təsdiq və ya inkar olunan İsa ilə Ələkbərə
ürəyimizin dərin guşələrində həsəd
aparırdıq. Onlarla tanış olub yoldaşlıq etmək
həmin vaxtlarda bizə başucalığı gətirə
bilərdi.Və belə vaxtların birində mən İsa iləTofiq
Abdinin Mir Bəşir Qasımov küçəsində kirayələdiyi
balaca, lakin son dərəcə isti evində tanış oldum.
Tofiq Abdin “bu da Tofiqdir, Universititetdə oxuyur, şeir yazır”
dedi.
Bütün ömür boyu
bir dəfə də olsun məni yaxşı şair kimi qəbul
etməyən (yüz faiz əminəm ki, bundan sonra da qəbul
etməyəcək) gözəl dostum, ustad yazar Tofiq Abdinin bu
ötəri, candərdi təqdimatından
qıpqırmızı qızardım. İsa da bunu duydu,
üstünü vurmadı. Hər ikimiz Tofiqin bişirdiyi əla
mərci şorbasını yeyib ayağa qalxdıq. Mən,
Yasamala, tələbə yataqxanasına gedəcəkdim. “Səməd
Vurğun bağına kimi yolumuz birdir”, İsa dedi.
Küçəyə çıxdıq. Qış
axşamı olduğundan küçədə tək-tük
adam gözə dəyirdi.İsa məndən şeir istədi.
Utana-utana “qağa, mən bir az ayrı cür yazıram, sizin
kimi yaza bilmirəm” dedim.
–Ə nə dəxli var,
şeirini de,- dedi.
Bir-iki məhəbbət
şeiri dedim. Təkid elədi, bir-ikisini də dedim.
( Hər iki hissə davam edəcək)
Tofiq ABDİN
525-ci qəzet.- 2011.- 12 fevral.- S.23.