Ata şilləsi
“Altmış beş yaşlı ixtiyar bir kişi qırx-qırx beş yaşlı oğlunu danlayaraq:
– Əgər eşidib bilsəm ki, siqaret çəkirsən, sənin başına elə bir oyun gətirərəm ki... Axı sənin hələ nə yaşın var ki, siqaret də çəkəsən. Özü isə siqaretli müştüyünə bir nəfəs vuraraq: – Mənim yaşıma çatarsan, onda da çəkərsən. Yoxsa hələ tezdir. Mən cavanlığımda bir səhv edib bu zibilə öyrəşmişəm. Səni isə qoymaram – deyir.
Elə bu zaman altmış beş yaşlı kişinin doxsanı haqlamaqda olan qoca atası ağzında qəlyan onlara yaxınlaşır. Altmış beş yaşlı ixtiyar kişi dərhal əlindəki müştüyünü arxasında gizlədir ki, atası onun siqaret çəkdiyini görməsin. Qoca baxışları ilə nəvəsini göstərərək oğluna deyir:
– Ə... uşağı yenə niyə danlayırsan nə olub?
Birdən burnunu çəkərək
sanki nəsə hiss edir. Oğluna tərs-tərs baxaraq:- Ə, səndən elə bilki tənbəki
qoxusu gəlir, tütün iyi gəlir. Əgər
görsəm, eşidib bilsəm ki, tütün çəkirsən,
vay halına. Sən öləsən başına elə
bir oyun gətirərəm ki... Sənin hələ
nə yaşın var ki... hələ bir tütün də çəkəsən.
Özü isə qəlyanına
dərin bir nəfəs vuraraq: – Mənim yaşıma
çatarsan, onda da istədiyin qədər çəkərsən.
Sənə hələ tütün çəkmək
çox tezdir. Mən
cavanlığımda bir səhv edib bu zibilə öyrəşmişəm.
Səni isə qoymaram”- deyir.
O.İaşvili,
“Mənim atam” əsərindən.
Ata danlağı, ata məzəmməti, ata töhməti
və ən nəhayət, ata şilləsi...
İlahi,
övladın üzünə vurulan ata şilləsindən də
artıq, ata şilləsindən də böyük bu
dünyada sığal, tumar, nəvaziş varmı görəsən? Övladına
olunan ata töhmətindən də artıq, ata danlağından
da böyük tərif, alqış, məhəbbət
varmı bu dünyada görəsən? Yoxdur.
Vallah yoxdur,Billah yoxdur. Şəxsən
mən indi bu saat bundan artığını, bundan
böyüyünü, bundan alisinin tanımıram, bilmirəm.
Övladın üzünə zərblə dəyən,
kimliyindən və nəçiliyindən asılı olmayan
ata şilləsinin cingiltisindən də elə bil ki “ay
oğul, qorxma gəldim” səsləri çıxır,
“qorxma, ay oğul mən səninləyəm” sözləri
eşidilir.
Atanın
övladına olunan o tərs-tərs qıyqacı
baxışlarından da elə bil ki övladına olunan və
heç bir vaxt dillə deyilməyən, övladı
üçün həmişə bir ata
nigarançılığı, bir ata
narahatçılığı duyulur. İndi
bütün bunları, bu danlaqları, bu məzəmmətləri,
bu şillələri xatırladıqca kino lenti kimi gözlərim
önünə gətirdikcə göynəyirəm, sanki
tüstüm təpəmdən çıxır.
Yaxşı bəs
bütün bunlar belə isə bəs onda niyə vaxtilə
bunun qədrini, qiymətini bilməmişəm.
Bu danlaqlardan, bu məzəmmətlərdən
hm... bu şillələrdən bəzən
inciyərdim, lap belə hərdən küsərdim də.Axı
niyə? İndi bütün bunların qədrini
bilmək, bütün bunları qiymətləndirmək,
anlamaq üçün hökmən gərək ata itirəsən?
Çoxları
nədənsə deyir ki, “əşşi mənim atam bir dəfə
də olsun mənə əl qaldırmayıb, əl
vurmayıb”. “Əşşi mənim atam heç bir vaxt mənə
güldən ağır söz deməyib. Elə bir dəfə
tərs-tərs üzümə baxan kimi mən dərhal
öz yerimi, həddimi bilib dərsimi almışam, səsimi
çıxartmamışam, özümü
yığışdırmışam...”
İnanmıram
mən. Qətiyyən inanmıram. Əlbəttə,
bu mənim öz şəxsi subyektiv fikirlərimdir. Çünki deyir “aşıq
gördüyünü çağırar”. Mən gizlətmirəm,
günahım olub,səhvim olub. Özü də çox olub. günahlarıma
görə də cəzalanmışam. Ata tərəfindən
döyülmüşəm də, söyülmüşəm
də (Aman Allah indi bu saat bu şillələrə, bu
danlaqlara, yaşımdan asılı olmayaraq, heç bir vaxt
bitib-tükənməyən ata öyüd-nəsihətlərinə
o qədər ehtiyacım var ki... dillə deyə bilmirəm.)
Həyatdır. Həyatda
hamının səhvi də olur, qüsürü da.Səhv
etmək insana xas olan xüsusiyyətdir. Hələ
eramızdan çox-çox əvvəl adı unudulan bir latın aliminin dediyi kimi “Eraro qumano mest” yəni
“Səhv etmək insanın xislətindədir”. Bu
fikirləri dünyanın ən məhşur hakimləri də
təsdiqləyir, həkimləri də. Bircə
bu fikirlərlə atalar, övladının dəlisi,
övladının məcnunu olan atalar barışmaq istəmir.
İstəkli, dəlisi olduğu
övladını həmişə səhvsiz, qüsursuz
görmək istəyir. Elə ona görə
də ata və oğul arasında mübahisələr
başlayır.
lll
Səksəninci
illərin sonu idi. Bakı Şəhər Partiya Komitəsində
məsul vəzifədə çalışırdım.
Kabinet, katibə, köməkçi, hökumət telefonu,
hökumət maşını, sürücü, xüsusi
mağaza, leçkomisiya, daha nə bilim nələr və nələr,
bir çox imtiyazlar, hələ bir üstəlik gənc
yaşlarımda elmlər doktoru elmi dərəcəm...
Özüm də cavan bir kişi idim. Cəmisi otuz iki, otuz dörd yaşım olardı.
Bütün ömrüm də irəlidə.
O necə deyərlər, əsl göydən ulduz
yağdıran vaxtlarım idi. Gözüm
ayağımın altını görmürdü.
Hə.....İndi
açıb ağartmaq istəmədiyim bir iş
tutmuşdum. Necə deyərlər
cızığımdan çıxmışdım. Ayağımı sol tərəfə qoymuşdum.
İndi olur da... Sola getmişdim, heç evdə
tapılmırdım.
Aman Allah... Elə
indi də yadıma düşəndə tüklərim biz-biz
durur. Atam haradansa bu məsələdən
xəbər tutmuşdu. Ona görə də
heç atamgilə də getmir, onun bütün telefon zənglərindən
də qaçırdım. Gözünə
də görünmək istəmirdim. İşdə
oturmuşdum. Katibə qıza da dönə-dönə
tapşırmışdım ki, məni heç kimlə
calaşdırmasın, hər kim də
soruşsa, desin ki, mən yerimdə yoxam. Axşam
üstü, hava da qaralhaqaralda idi. Katibə qız daxili
telefonla zəng edib dedi ki:
– İsfandiyar
Baxtiyaroviç otes prosit vas k telefonu.
Od məni götürdü,
qışqıra-qışqıra:
– Axı mən sənə
demişdim ki, məni kim soruşsa, denən
ki, yerimdə yoxam. Məni heç kimlə
calaşdırma.
– No on ved nastaivayet.
Onun xasiyyətini bildiyimdən
və nə qədər ki, katibə qıza da ağzından
çıxanı deməyib, dedim ki:
– Hə, yaxşı da,
calaşdır görək nə istəyir. (Nə
deyir yox, məhz nə istəyir, yəni bununla da özümü
göstərmək istəyirdim).
Telefonda
atamın qəzəbli səsini eşitdim. Aman, aman, Allah
göstərməsin.
– Ə, köpək
oğlu... Dur bu saat gəl bizə. Səni gözləyirəm.
Məsələnin
nə yerdə olduğunu dərhal başa düşdüm. Amma
özümü o yerə qoymadım. Sakit və süni
sadəlövh, təəccüblü bir səslə:
– Ay ata, nə olub ki?
– Ə... Necə
yəni nə olub? Daha nə
olmalıdır ki? Bu boyda qələt eləmisən, hələ
bir soruşursan da.... Sənə deyirəm dur bu
saat gəl bizə, gözləyirəm səni.
– Ay ata, heç nə
başa düşmürəm. Axı bir denən
görüm nə olub yenə, bir başa sal görüm.
– Sənə deyirəm, dur
bu saat gəl bizə.
– Ay ata, heç cürə
gələ bilmərəm. Çünki rəhbərlik
hələ ki işdədir. Məni də
başa düş. Mən sənin kimi sərbəst adam deyiləm axı. Məmur
adamam. Onlar getməyənə qədər
mən binadan çıxa bilmərəm. Ondan
da başqa yarım saata kimi şəhərdə komendant
saatı başlayacaq. (O vaxtki məlum hadisələrə
görə, əgər səhv etmirəmsə, axşam saat
doqquzdan sonra şəhərdə komendant saatı elan olunurdu.
Şəhərə ancaq xüsusi
buraxılış vəsiqəsi ilə çıxmaq
olardı. Hər adam şəhərə
çıxa bilməzdi. Qadağan idi. Mənim isə xüsusi vəsiqəm var idi. Bunu atam da bilirdi. Əslinə
qalsa idi, gedə bilərdim. Amma atamgildə
məni nələrin, hansı xoşagəlməz sürprizlərin
gözlədiyini yaxşı bildiyimdən komendant
saatını bəhanə gətirirdim.)
– Ə, nə
komendant saatı, nə rəhbərlik, sənə deyirəm,
dur bu saat gəl bizə.
– Ay ata, vallah sabah
səhər gələrəm. Gəlib bir əməlli-başlı
söhbət edərik. Görüm yenə nə
eşitmisən, yenə kim sənə məndən
nə deyib.
Atam qəzəblə
dəstəyi yerinə qoydu.
Hə... demək
atam məsələdən xəbər tutub.
Dediyim kimi
işin nə yerdə olduğunu onsuz da bilirdim. Bu məlum
idi. Amma məni təəccübləndirən
ayrı məsələ idi. Hər bir məsələni
gizli saxlamağıma baxmayaraq atam bunu hardan bilmişdi? Kimdən nə eşitmişdi? Yoldaşım
bunu heç bir vaxt deyə bilməzdi. O ömründə
heç kimdən heç kimə şikayət etməmişdi.
Edən də deyildi. Bu onun
xasiyyətində yox idi. Xüsusilə də
məndən şikayət etməzdi. O, ailə
içində olan söz-söhbəti heç bir vaxt kənara
çıxaran deyil. Ailə işində söz-söhbət
ola bilər. Hansı ailədə belə
söz-söhbət olmur ki... Əlbəttə,
o məndən inciyə bilər. Amma o bunu
heç kimə bildirməz. Heç
anasına belə deməz. Bəs onda atam
bu məsələni haradan və kimdən öyrənib?
Bu mənim üçün elə indiyə qədər
də sirri-müəmmadır. Bircə onu
bilirəm ki, ömrü boyu heç kimin heç bir işinə
müdaxilə etməyən atam, heç kimin işinə
qarışmayan atam mənim hər bir addımıma
uzaqdan-uzağa göz qoyurdu. Elə məni əsəbləşdirən
də , özümdən çıxaran
da elə bu idi.
Onsuz da sabah
atamgilə getməyinə getməyəcəkdim. Lap belə başıma güllə dirəsəydilər
də gedən deyildim. Yüz cürə bəhanə
gətirib aradan çıxacaqdım. Onun
gözünə görünməyəcəkdim. Bir az vaxt qazanmalıyam ki, hirsi soyusun. Bir müddət ötsün. Sonra
isə hər bir şey tədricən öz yoluna düşəcəkdi.
Əsas məsələ onun gözünə
görünməməkdi.
Elə bunu
fikirləşir nə edəcəyimi beynimdə
götür-qoy edirdim ki, birdən qəbul otağında səs-küy
eşitdim. Kimsə otağıma girmək istəyir, katibə
qız isə ona mane olmağa çalışırdı.
Elə daxili telefonla katibə qıza zəng
edib soruşmaq istəyirdim ki, görüm nə məsələdir,
bu nə səs-küydür birdən qapı zərblə
açıldı. Aman Allah... təəccübdən
gözlərim böyüdü. Gələn
atam idi. Yerimdən dik qalxdım, aradakı gərginliyi
yumşaltmaq üçün heç guya ki, on beş-iyirmi dəqiqə
bundan əvvəl telefonla danışmamışdıq və
heç nədən də guya ki, xəbərim yoxmuş, nə
o mənə zəng edib hədə-qorxu ilə evə
çağırıb, nə də ki, mən etiraz etmişəm
kimi süni şəkildə sadəlövhcəsinə
gülümsəyə-gülümsəyə:
– Ay ata, səndən nə əcəb?
– Ə... ay
filan filan oğlu, sən yəni belə qudurmusan ki, atanın
sözünü saymırsan hə?
– Yox, ay ata, mən elə...
Sözüm
ağzımdaca yarımçıq qaldı. Sanki üzümə od basdılar, atamın şilləsindən
özümü itirdim.
– Ay ata, axı...
Yenə də
sözümü deyə bilmədim. Onun ikinci şilləsindən
sonra gözlərim qaraldı, müvazinətimi saxlaya bilməyib
kresloya çökdüm. Bircə onu edə
bildim ki, katibə qıza əlimlə “çölə
çıx” işarəsi verdim.
– Sən öləsən, sənin
başına elə bir oyun gətirərəm ki, ömrü
boyu yadından çıxmaz. Nə familyan sənə kömək
edər, nə də ki tutduğun və özündən
başqa heç kimə lazım olmayan o mənasız vəzifən
(Atam həmişə mənim partiya sahəsində işləməyimə
gülərdi, lağ edərdi) Buna bir bax, kişi
olub. Mənim elədiyim səhvləri sən eləmə,
bildin? Burdan da birbaşa evə gedərsən.
Bunun bəhanəsinə bir bax. Komendant saatı, rəhbərlik. Yadında qalsın. Nə qədər
ki, nəfəsim gedib-gəlir, nə qədər ki sağam,
sənin komendantın da mənəm, rəhbərin də.
Sən öləsən, bir də eşidib bilsəm
ki yenə də belə-belə işlərlə məşğul
olursan, yenə də gözün kiməsə qızıb,
özündən küs, dünyanı başına dar edərəm.
Mənim elədiyim səhvləri sənin də
təkrarlamağına dünya dağılsa da, imkan vermərəm.
(Yox, ay ata, sən heç bir vaxt və heç
bir işdə səhv etməmisən. Sənə
nəyisə səhv tutmaq günahdır.)- deyərək çevrilib qapını zərblə
çırpıb çölə çıxdı.
Atam mənim otağımdan qəbul
otağına keçib katibə qıza da ikrahedici nəzərlərlə
baxıb:
– Ay qız, heç
utanmırsan, niyə öz dilini bilmirsən, niyə mənimlə
rus dilində danışırsan? Bəs nə
zaman öz dilini öyrənəcəksən? Haram olsun sənə bu millətin çörəyi
– bir-iki kəlmə də acı söz ona deyib,
çıxıb getdi.
Aman Allah. Bu yaşda kişi tənbəllik
eləməyib, bu çətin məqamda şəhərdə
aləmin bir-birinə qarışdığı vaxtda,
Azadlıq meydanında çıxışlar edib, ordan evə
gəlib bir tikə çörək yeyib, ordan da durub
oğlunun iş yerinə gəlib, oğluna əl
qaldırıb, onu təhqir edib, əsəbiləşib, hirslənib,
hələ Allah bilir, evdə ev camaatını da nə hala
salıb və mənə çatana qədər mənim
hirsimi kimlərəsə töküb, indi bütün bunlar
bir yana qalsın, hələ bir “ana dilində
danışmağı özlərinə ar bilənləri”
bu dildə danışmaq istəməyənləri də
yaddan çıxartmayıb, onları da acılayır.
Hm.... Demək
atam üçün övladından, ailəsindən də
vacib və heç bir vaxt, hətta ən əsəbi, ən
çətin məqamlarında belə yaddan çıxmayan
məsələ ana dilidir. Bu dilə olan
qatı bir sevgisidir, məhəbbətidir, bu millətə, bu
dilə xor baxanlara qənim kəsilməkdir. İndi hər
dəfə belə və ya buna bənzər həyat
epizodlarını yadıma saldıqca, düşünürəm
ki, atam nə qədər bu millətə, bu xalqa, bu kökə,
bu dilə bağlı bir adam olub. Bir sözlə millətinin, torpağının dəlisi
olub. Qarşısındakının kimliyindən
və nəçiliyindən asılı olmayaraq bu dildə zəif
danışanları, bu dili bilməyənləri təhqir etmək
onun üçün ən adi, adidən də adi eyni zamanda ən
müqəddəs bir şey idi.
Kresloda oturub nə
edəcəyimi bilmirdim. Tabeçiliyimdə olan işçinin
yanında söyülüb, təhqir olunub,
döyülmüşəm. Demək olar
ki, lap belə biabır olmuşam. İndi
katibə qızın üzünə necə baxacağam,
Allah bilir. Katibə elə katibədir.
İndi bütün bu gördüklərinin
üstünə beşini də qoyub, ağzını Allah
yoluna qoyub, bir toyda, bir də yasda danışasıdır.
Ağzını qıfıllaya bilmərəm ki...
Amma çox təəccüblüdür. Məsələ
bunda idi ki, bütün bunlardan, təhqir olunub döyüləndən
sonra qətiyyən pərt də deyildim. Demək
olar ki, heç bunu vecimə də almırdım. Əksinə
hələ haradasa bir az sevinirdim də. Döyülməyimə görə sevinmirdim. Yox. Buna kim sevinər ki... Sevinirdim ona görə ki, ay aman, mənim atam nə
yaman qüvvətlidir. Gör bir nə
yaman güclüdür. Gör bir mənim
kimi cavan bir kişini, Əfqanıstanda xüsusi əlbəyaxa
döyüş təlimi keçmiş, hazırlıqlı
bir adamı iki şilləsi ilə çökdürdü,
vurub yerə sərdi.
Doğrudur, mən
bu şillələrdən yayına da bilərdim. Başımı
qaçıra da bilərdim. Lap belə mənə
əl qaldıran vaxt kənara da çəkilə bilərdim.
Amma nədənsə belə etmədim. Düşünürdüm ki, qoy vursun, ürəyini
boşaltsın. Çünki o atadır.
Yox, məni
düzgün başa düşün. Mən demirəm ki, atam düz
iş görüb və atam haqlıdır. Yox,
əlbəttə, yox. Amma ... Ata elə
atadır. O hər şey edə bilər. Onun
hər bir şeyə ixtiyarı çatır. Ona hər bir şey keçilməlidir. O səhv
edə bilməz, səhv iş tuta bilməz. Çünki
o atadır. Əgər məni
tabeçiliyimdə olan işçilərin qabağında təhqir
edib vurursa, demək, o belə məsləhət bilmişdir.
Üzümü
ovcuma alıb oturmuşdum. Yanaqlarımdan elə bil od çıxırdı. Atamın
nə yaman ağır əli varmış- deyə
düşünürdüm. Birdən
yadıma bir əhvalat düşdü. Gülmək
tutmuşdu məni. 60-cı illərin
ortaları idi. Doqquz-on yaşlarım
olardı. Moskva televiziyası ilə
dünyanın ən qüvvətli iki boksçusunun – Coo
Freyzerlə Kasius Kleynin döyüşməsini göstərirdilər.
Gözümü televizordan ayırmırdım.
Birdən atam otağa daxil oldu. Nəyə baxdığımla maraqlandı.
Gözlərimi televizordan ayırmadan həyəcanla dedim ki,
ay ata, bax, bunlar dünyanın lyuboy adamını döyə
bilərlər. Dünyanın ən
güclü iki boksçusudurlar. (İndiyə
kimi də yadımdadır, elə belə də demişdim
–lyuboy.) Atam güldü dedi ki, sən öləsən,
onların hərəsinə bir şillə vuraram, heç
yerlərindən də qalxa bilməzlər.
Ağzım
açıla qalmışdı.
– Ay ata, doğrudan?
Atam da gülə-gülə:
– Əlbəttə,- deyib otaqdan çıxdı.
O zaman mən uşaq idim.
Atamın da bu sözlərinə
inanmışdım.Çünki həmişə uşağa
elə gəlir ki, bu dünyada atasından güclü ikinci
bir adam yoxdur. Amma nədənsə
ataya da həmişə elə gəlir ki, övladından zəifi
yoxdur bu dünyada. Əlbəttə, atam o
zaman zarafat edirdi. Sonralar yaşa dolduqca onun
bu sözlərinin zarafatla, gülüş xatirinə deyildiyini
başa düşdüm. Amma indi aradan iyirmi-iyirmi beş il ötəndən sonra kabinetimdə
oturub o keçmiş o şirin ötən günləri
yadıma saldıqca o uşaqlıq illərini vərəqlədikcə...
Görürəm ki, yox... atam axı deyəsən
o vaxtlar zarafat etmirdi, düz deyirdi. İndi
bunları yadına saldıqca dodaqlarım qaçır,
gülmək məni tuturdu. Bu vaxt katibə qız
otağa daxil olub mənim gülümsəməyimi
görüb heç nə başa düşməyərək,
güclə sezilə biləcək gülümsəmə ilə:
– İsfandiyar
Baxtiyaroviç vam ploxo?
Sanki əlimə
fürsət düşdü, girəvə keçdi.
Ağzımı
açıb gözümü yumdum. Hirsimi yazıq
qızın üstünə tökməyə
başladım:
– Sən niyə mənimlə
öz dilimizdə danışmırsan? Axı mən
sənə yüz dəfə demişəm ki, mənimlə
Azərbaycan dilində danış. Əgər
zəif bilirsənsə, otur öyrən. Niyə
bu dili öyrənmirsən?
Yazıq
qız matdım-matdım üzümə baxıb
dayanmışdı. Gözləri dolmuşdu, bilmirdi ki, nə desin.
lll
Artıq hava
qaralmış, komendant saatı da
başlamışdı.Ürəyim atamın yanında
qalmışdı. Ali Sovetin deputatı olduğuna görə
sürücüsünün də, onun da xüsusi
buraxılış vərəqəsi və
toxunulmazlığı var idi. Amma indi olur da... Birdən yolda milisdən, patruldan kimsə
maşını saxlatdırar və nəsə xoşagəlməz
bir hadisə baş verər- deyə
düşünürdüm.
Özümü
danlayırdım. Ay Allah, bu nə iş idi ki, mən tutdum. Gərək mənə zəng edən kimi
özüm onun yanına gedəydim. Onsuz da döyülməyinə
döyülmüşəm, heç olmazsa evdə
döyülərdim, heç kim də bu
biabrçılığı görməzdi. Yaxşı
indi birdən yolda onu saxlatdırıb-eləsələr, o da
durub həmişə olduğu kimi əlini işə salsa,
onda necə olsun. Özümü o ki var
danlayırdım. Əvvəl bir istədim
ki, atamgilə gedib onun evə
çatıb-çatmamasını öyrənib arxayın
olum. Sonra fikrimi dəyişdim. Yox-yox, hələ hirsi soyumaz. Burda
başladığını evdə bitirər. Onda vay mənim
halıma. Aradan beş-on dəqiqə
keçdi. Atamın evə
çatmasını öyrənmək üçün ona zəng
etdim. Dəstəyin aşağı
qulaqcığını da əlimlə tutmuşdum ki,
heç nəfəsim belə eşidilməsin, yoxsa əgər
bilsə ki, mənəm, yenə də ağzını
açıb gözünü yumacaq. Bir
neçə zəngdən sonra dəstəyi atam
götürdü. Atamın o şirin, dünyanın
bütün kişi səslərindən
seçilən məlahətli “Bəəlii...”kəlməsini
eşidib sakitləşdim. Sevindim. Həm də sevinirdim ki, iki şillə ilə
canımı yaxşı qurtarmışam. Dəstəyi yerinə qoyub bir siqaret
yandırdım. Bu bəladan da belə
sovuşduq – deyə düşünürdüm. Elə təzəcə çəkməyə
başlamışdım ki, tez də külqabıya basıb
söndürdüm. Yox, yox, sən Allah,
birdən fikrini dəyişib yenidən qayıdıb gələr,
indi də siqaret çəkməyimə görə
başlayar.
Olmuş bir əhvalat
1961-1962-ci illər
idi. Yay fəsli, Hacıkənddə istirahət edirdik.
İndiki Göygöl, o zamankı Xanlar rayonunun
milis rəisi də atamın yaxın dostu idi. Demək olar ki, hər gün bir yerdə idik. Həmin
bu milis rəisinin də böyük oğlu o il
orta məktəbi qızıl medalla bitirib, Bakıya gedib sənədlərini
universitetin hansısa fakültəsinə verib imtahansız qəbul
olunmuşdu.
Atamın dostu
olan bu milis rəisinin də daha uçmağa qanadı yox
idi. Elə hər yerdə “mənim oğlum elə, mənim
oğlum belə” deyib tərifləyirdi. Doğrudur,
bu hadisə hər bir ata üçün çox
böyük bir fəxrdir. Əlbəttə,
bu fəxr olunası bir işdir. Məktəbdə əlaçı
olmaq, qızıl medalla məktəbi bitirmək, imtahansız
ali məktəbə qəbul olunmaq və
s...və s.... (Amma bir məsələni də
yaddan çıxartmaq lazım deyildir ki, o, həmin rayonun
milis rəisinin oğlu idi.) Atasının
daha dili ağzına sığışmırdı. Demək olar ki, hər gün Göygölün mənzərəli
səfalı yerlərində oğlunun şərəfinə
məclislər təşkil edirdi. Bir
neçə ailə yaxın dostlar həmişə bir yerdə
olur, biz uşaqlar da bir kənara çəkilib oynayır və
iftixarla, qürurla həmişə əlaçılığı
ilə bizə nümunə göstərilən bu əlaçı
oğlana baxır, onun elədiyi hərəkətləri biz də
etməyə çalışırdıq. Onun hər bir sözü bizim üçün qanun
idi. Əlbəttə, axı o əlaçı
idi. Məktəbi qızıl medalla
bitirmişdi.
Yenə də günlərin
bir günü növbəti bulaq başı məclislərinin
birində bu milis rəisi dedi ki, əşşi, baxmayaraq ki, mənim
qırx beş yaşım var, yüz
bığıburma cavan oğlana dəyərəm (O zaman biz
uşaqlar üçün qırx beş yaş həddən
artıq yaşlı, qoca görünürdü.) Heç iki nəfər cavan oğlan mənim qolumu
bükə bilməz. Kimin nə hünəri
çatar ki, mənimlə güləşsin. Hə...?
Mən on beş
yaşımda, iyirmi yaşımda
Elə bilirdim
ki, qırx qocalıqdır.
Əlliyə
çatıram, vallah başımda
Uşaqlıq
havası hələ qalıbdır.
B.Vahabzadə
Elə bu zaman
onun əlaçı, orta məktəbi qızıl medalla
bitirib, universitetə imtahansız qəbul olunmuş oğlu
ayağa durdu ki, mən güləşərəm.
– Hə, di gəl.
Ata-oğul
güləşməyə başladı. Heç iki dəqiqə
çəkmədi ki, oğul atasını qaldırıb yerə
çırpdı, kürəklərini yerə qoydu.
Araya bir qədər
pərtlik düşdü. Kimsə aradakı pərtliyi
götürmək üçün gülə-gülə
dedi ki:
– Yox bu olmadı, atanın
ayağı sürüşdü, ona görə də
yıxıldı. Yoxsa sən onu yıxa bilməzdin.
Oğul isə ona verilən,
səhvini düzəltmək, heç olmazsa atasından
üzr istəmək, əgər bir də atası ilə
güləşərsə, qəsdən ona yıxılmaq
şansını başa düşməyərək:
– Hə, onda gəl bir də
güləşək – dedi.
Ata-oğul
yenidən tutuşdular. Bu dəfəki güləşmə
heç bir dəqiqə belə çəkmədi. Oğul yenə də atasının kürəklərini
yerə vurdu. Cəld ayağa durub gülə-gülə
qəhrəmancasına üzünü həmənki adama
tutaraq:
– Hə.... bəs buna nə
deyirsiz?
Həmin adam
üzünü yana çevirərək yavaş bir səslə:
– Heç nə. Daha sənə
heç bir sözüm yoxdur- dedi.
Yay fəsli
bitdi. Biz Bakıya qayıdan günü atamın dostu olan
milis rəisi bizi ötürməyə gəlmişdi.
Atam onunla xudahafizləşərkən yalnız bircə kəlmə
söz dedi.
– Sənin oğlunun təhsili
var, amma tərbiyəsi yoxdur. Sən ona təhsil
vermisən, tərbiyə verməmisən. Tərbiyə əvvəldən gələr, təhsil
sonradan. Tərbiyəsi olmayan təhsilə
tüpürüm.
Vəssəlam.
lll
Aradan bir müddət
keçdi. Barışıq
üçün atamgilə getmişdim. Heç
nə olmamış kimi divanda oturub ordan-burdan söhbət
edir, çay içirdik. Atam bilirdi ki, mən
də onun kimi rus ədəbiyyatının, rus
poeziyasının vurğunuyam, dəlisiyəm. İndiyə kimi də yadımdadır. Atam qəsdən söhbəti İqor Severyanindən,
Mariya Svetayevadan, Mixail Svetlovdan salmışdı. Birdən
hiss etdim ki, atam nədənsə mənim gözlərimə
baxmır. Gözlərini qaçırır.
Birdən baxışlarını tutdum. Atamın gözləri, bir müddət əvvəl
vurduğu yanaqlarımda idi. Əhəmiyyət
vermədim. Aradakı
küskünlüyü yaddan çıxartmaq
üçün elə hey danışırdım. Rabitəsiz danışırdım. Gördüm ki, yox, gözləri elə hey
yanaqlarımdadır.
– Sənə nə olub, ay
ata?
– Heç nə, ay
oğul....
Mən yenə
də nəsə danışırdım.
Birdən atam:
– Ay oğul, sən Allah,
bağışla, sözünü kəsirəm. O gün səni
vuranda çox incitmədi ki...
Mən də gülə-gülə:
– Yox ay ata, nə danışırsan.
Çox xoşuma gəldi, lap belə ləzzət
elədi, istəyirsən bir də vur. Onsuz
da mən öyrənmişəm –deyib yanağımı
qabağa uzatdım.
O da gülə-gülə:
– Ə, qələtini
elə – deyib məni qucaqladı, üzümdən
öpdü.
Sonra dedi ki:
– Axı, ay oğul, sən mənim
qardaşım İsfəndiyarın əvəzisən, adam da qardaşını əsəbiləşdirər?
– Bəs, ay ata, adam da özündən böyük
qardaşına əl qaldırar?
Atam deyirdi ki,
oğul, bizim ailənin bir qanunu var. Hamı da o qanuna əməl
etməlidir. Mənim ailəm bir yumruq kimi olmalıdır. Heç bir vaxt da açılmamalıdır. Ovcumuzda nə varsa, bərk saxlanılmalıdır.
Onu heç kim bilməməlidir. Sən nə qədər böyüsən də, nə
qədər yaşın artsa da, sən mənim
övladımsan. Ondan kənara
çıxa bilməzsən. Mən də
nəfəsim ağzımdan çıxana qədər
heç kimi qoymağacağam ki, kimsə bu müqəddəs
qanunu pozsun, bu qanundan kənara çıxsın.
Bu qanunu, bu
qaydanı mən öz savadsız atamdan, o da öz
atasından əxz edib, götürüb. Bu qayda-qanunu
yaratmaq, nəsildən-nəslə ötürmək
üçün, öyrənmək üçün mənim
kimi, sənin kimi universitet təhsili, elmi dərəcə almaq
vacib deyildir, heç belə lazım da deyil. Bircə kökə bağlılıq, millətsevərlik
lazımdır. Xalqının, millətinin
əsrlər boyu yaranan, formalaşan adət-ənənəsini
bilmək lazımdır. Bu qanunun adı
ata qanunudur. Ata dedi vəssəlam. İndi buna kim əməl etmirsə, öz işidir. Özü bilər. Amma buna sən
əməl etməlisən, edəcəksən də. Bu qanunu sənə əmanət edirəm. O
gün atam mənə çox şeylər dedi. Çox şeylərdən danışdı.
Axşamüstü
atamgildən çıxıb evə gedirdim. Və yol boyu
düşünürdüm ki, bəlkə də bu saat mənim
yaşıdlarım olan bizim nəsil, ola
bilsin, axırıncı nəsildir ki, yazılmamış bu
ata qanununa əməl edir. Onu göz bəbəyi
kimi qoruyur. Əlbəttə, bu nəslin
bütün nümayəndələri də yox bəziləri
bu qanunun müqəddəsliyinə inanır və onu qoruyur.
Çox təəssüflər ki, bu qanunlar da
get-gedə itir və unudulur. Və bu təbii
bir haldır. Dünyaya yeni nəsillər
gəlir. Nəsillər arasında çəkişmələr
gedir. Amma...
Bizim qoca şərqin adətinə
bax
Pismidir?
Bir pislik görməyirəm
mən
Əgər pis deyilsə, bəs
onda nədən
Bu gözəl adətlər
tez unudulsun
Böyüyə
ehtiram belə pis olsun.
Atam da beləydi,
o günlər hanı?
Bəxtiyar Vahabzadə,
“Yollar və oğullar” poemasından.
Kişinev 2011
İsfəndiyar VAHABZADƏ
525-ci qəzet.- 2011.- 12 fevral.-
S.20-21.