KƏRPİCKƏSƏN
KİŞİNİN KƏDƏRLİ DASTANI
Şərif Ağayarın mənə göndərdiyi “Kərpickəsən kişinin dastanı” adlı kiçik povestdən ibarət kitabında verilmiş qısa bioqrafiyadan belə məlum olur ki, o, hələ 35 yaşı adlamayıb, ancaq, doğrusu, povestdəki ağrının-acının miqyası və bədii-sosioloji mündəricatı xeyli genişdir və həmin miqyas və mündəricatın 35 yaş çərçivəsinə sığışması, əlbəttə, bu yazıçının istedadından xəbər verir.
“Kərpickəsən kişinin dastanı” fraqmentvariliyinə, bəzi hallarda mətn pərakəndəliyinə baxmayaraq, kədərli emossional təsir gücünə görə mənim son illərdə Azərbaycan prozasından oxuduğum tutarlı əsərlərdən biridir və bu povestin bədii-estetik baxımdan mühüm cəhəti, müəllifin uğurunu müəyyənləşdirən əsas xüsusiyyəti odur ki, əsərin qəhrəmanları – hadisələri danışan gənc, onun atası, anası, kiçik qardaşı və bacısı – heç vəchlə “ay aman, mən bədbəxtəm!” deyə haray-həşir salmır. Şərif Ağayar bu bədbəxtliyi, əlacsızlığı, təqdim etdiyi surətlərin son dərəcə ağır aqibətini göstərməyi bacarır, o, şikayət etmir, bədii sözün gücü ilə təlqin edir və bu bədii təlqin dəqiq tapılmış detalların, mövzuya bütün incəliklərinə qədər bələdliyin sayəsində oxucunu ələ alır.
Povestin “Sirrlər xəzinəsi”ndəki məşhur hekayətdən iqtibas edilmiş adı – “Kərpickəsən kişinin dastanı” – əvvəlcə mənə iddialı göründü, ancaq əsəri oxuduqdan sonra, həmin iddia hissiyatı itib getdi və kərpickəsən kişinin güzəranının doğurduğu hisslər, düşüncələr, həqiqətən, kədərli bir dastan təəssüratı yaratdı.
İstedadlı əsər üçün tragediya ilə komediya bir-birinin davamıdır və bu mənada “Kərpickəsən kişinin dastanı”, elə bilirəm ki, yaxşı ədəbi nümunədir.
Tikmək istədiyi daxalın orta tirini əldə etmək üçün Kişinin “ayaq üstə, qoltuğunda balta, əlində toza batmış kepka, nazik boynunu irəli uzada-uzada” öz aləmində kələkbazlıq edib, sadəlövh konyuktur nitq söyləməsi, əlbəttə, gülməlidir, ancaq bu gülüşün fonu tam bir tragediyadır. Bu povestdə tragik mahiyyət nə qədər ağırdırsa, komik situasiyalar da, əslində, bir o qədər ağrılı-acılıdır.
“Dədəm yenə qaşlarını ata-ata fikrə getdi. Onun bu adətini sonralar kompüterin axtarış əməliyyatına bənzədəcəkdim. O, eynən kompüter kimi, beynində virtual kargüzarlıq işi aparır, “kağız-kuğuzu” yerbəyer eləyib qafasının ayrı-ayrı “disklərinə” atır, lazım olanı öz bəlağətli danışığında bəyanə gətirir, məhz bu danışıqdan əvvəl kişinin qaşları qalxıb alnının ortasında çardaq dirəkləri kimi çatılırdı. Yenə belə oldu. Qaşlar oynaya-oynaya vəziyyəti təfərrüatı ilə vərəvürd eləyib, kişinin balaca alnının ortasında milləndi: “Çayırlıqda yer götürmüşəm, özümüzə daxal tikəcəyik.”
Məsələ burasındadır ki, Ermənistanın təcavüzü nəticəsində Kişi də ailəsi ilə bərabər, doğma Laçından qaçqın düşüb və bir aran kəndində kimsəsiz bir evdə məskunlaşıb. Ancaq bir müddətdən sonra məlum olur ki, bu evi də təcili boşaltmalıdırlar. Kişi həmişəki kimi dərin fikrə qərq olur və nəhayət qərara alır ki, çayırlıqda ona ayrılmış kiçik torpaq sahəsində özlərinə bir daxıl tiksin. Bütün əhvalat da bundan sonra başlayır və bu “bütün əhvalat” isə ondan ibarətdir ki, daxal üçün çiy kərpic, daxalın orta tirini kəsib düzəltmək üçün də ağac əldə etmək lazımdır. Əziyyət və rəzalətdən sonra daxal, demək olar ki, əmələ gəlir, düzdür, hələ qapı-pəncərəsi salınmayıb, çardağın da üstünə şifer əvəzinə müşəmbə çəkib, nazik torpaq qatı töküblər. Bir də ki, orta tir əyilir və tavan çökməyə başlayır, ona görə də Kişi bu qərara gəlir ki, daxalın ortasına haşa qoysun. Vəssalam. Süjet – budur.
Qaçqınlıq, əlbəttə, faciədir, qaçqın həyatı, əlbəttə, son dərəcə ağır bir güzərandır, ancaq “Kərpickəsən kişinin dastanı” ona görə uğurlu alınıb ki, söhbət yalnız qaçqının taleyindən yox, ümumiyyətlə, insan taleyindən gedir, yəni müəllif deyiləcək bədii sözün bünövrəsi üçün daha dərin qatlar axtarır. Mən güman etmirəm ki, kərpickəsən kişinin öz doğma yurdundakı həyatı çox da üstün olub və orasını da güman etmirəm ki, aran təbiətindən fərqli olaraq, Laçındakı dağların, meşələrin, bağ-bağatın gözəllikləri də bu Kişiyə xüsusi bir ruh verib, çünki onun ruhunu tam mənada qarışqa zəhmətkeşliyi əvəz edib.
Baxın: “kolxoz idarəsinin həyətində bir xan çinarı da var idi. Dədəm bu ağaca da xeyli tamaşa elədi. Uzun müşahidədən sonra, bağı özü salıbmış kimi fəxrlə dedi: “On-on beş evin materialı var bu çinarda. Qol-qanadını da bir qış uzunu yandırmaq olar.”
Kərpickəsən kişinin həmin qarışqa zəhmətkeşliyi qayğılarla, fiziki əziyyətlə doludur. Mən fiziki ilə bərabər, “mənəvi əziyyət” yazmıram, çünki onun mənəviyyatı da ağır güzəranının bir hissəsidir, ona görə də təbiətin gözəlliyi, indiki halda, kolxoz idarəsinin həyətindəki həmin xan çinarı da gözəl təbiətin bir hissəsi yox, yaşamaq uğrunda mübarizə atributudur.
Kərpickəsən kişi öz həyatının əzab-əziyyəti ilə, tamam işıqsız güzəranı ilə barışıb, hətta hansısa bir işıqlı güzəran arzuları, xəyalları da onun üçün yaddır, ancaq o, belə bir məşəqqətli həyata heç vəchlə məğlub olmayıb, həmin məşəqqət içində ailəsini dolandırmaq üçün daima çıxış yolları axtarıb tapmaq və min bir əzab-əziyyətlə də buna nail olmaq onun həyat tərzidir.
Şərif Ağayarın qələmində təsvir etdiyi insanlar haqqında canlı təsəvvür yaratmaq bacarığı var və bu, əlbəttə, nasir üçün çox əhəmiyyətli bir xüsusiyyətdir. Bir neçə misal gətirmək istəyirəm: “Dədəm qaşlarını oynadıb-oynadıb alnının ortasında baş-başa gətirdisə, deməli, nəsə bir iş var.” Yaxud: “Əlini (söhbət kənd sakini Sənəm arvaddan gedir- tərt.) əvvəl yavaşca dizinə vurub, sonra çənəsini bürmələdi.” Yaxud: “Sovet sədri heç nə demir, təbəssümlə qıyılan bilindər gözlərini dədəmə dikib susur və bəlkə də, onun bu vəziyyətindən ləzzət alırdı.” Və s.
Şərif yalnız surətləri yox, situasiyaları da oxucu təsəvvüründə canlandıra bilir. Baxın, alçaldılmış, döyülmüş, gözünün altı qapqara qaraldılmış gənc “kəndin aralığından – mərkəzdəki böyük dükanın qarşısından keçəndə” vurulduğu və bu kasıb qaçqın oğluna yuxarıdan aşağı baxan qızın – Sonyanın “bir dəstə qızla sudan gəldiyini” görür. “Dədəmin arxasında gizləndim ki, üzümü görməsin. Mümkün olmadı, göy gözləri bir anlığa şəkilimi çəkib, yaddaşına köçürdü. Dodaqları büzmələnib, içindən vulkan kimi püskürən gülüşü boğmağa müvəffəq oldu. Ardınca dədəmin iri qaloşlarına, köhnə pencəyinə, dizi süzülmüş şalvarına baxanda, bu müvəffəqiyyət pıqqıltıya təslim oldu. Yanındakı qızlar da ona qoşuldu...”
Bu qısa təsvirdə həmin gəncin hansı bir pərtlik içində necə xəcalət hissləri keçirməyini təsəvvür etmək, elə bilirəm ki, çətin deyil.
Ədəbiyyatda “bədii yaddaş” deyilən bir cəhət var: əsərdə haçansa ötəri söylənmiş bir detal bir müddətdən sonra tamam başqa bir münasibətlə xatırlanaraq, həmin “ötəri” detalı estetik təsvir vasitəsinin effektli hissəciyinə çevirir və qələmə alınmış epizodun bədii-psixoloji çəkisini artırır.
Kişi oğlunun testdən keçib universitetə daxil olması münasibətilə bazardan gündəlik azuqə ilə bərabər, bir az da İran xınası alıb gətirir və ana saçlarına xına qoyur, kiçik bacı da “fürsəti itirməyib, əllərini qırmızıya” boyayır. O gözəl gündən bir müddət keçəndən sonra, qoyunları pambıq tarlasına girdiyi üçün araya düşən qalmaqalda gənc qəhrəman ədalətsizcəsinə döyülür və o məskunlaşdıqları yad evə gəlir. Müəllif bu evdəki güzəranı elə təsvir etməyə müvəffəq olub ki, bizim təsəvvürümüzdə, elə bil, bu evin divarlarına da bir ümidsizlik hopub və həmin evdə “bacım mənə yaxınlaşdı, boynumu qucaqlayıb ağladı. Gözlərini ovuşduranda əllərinə baxdım, xınası getməmişdi hələ.”
Bu detal – xına ilə bağlı “bədii yaddaş” oyanışı nə qədər sadədirsə, bir o qədər də bədii çəki əldə edir və nasirlik bacarığından xəbər verir.
Mənim xoşuma gələn cəhət bir də o oldu ki, Şərif Ağayar təhkiyəsində təmtəraqlı sözlərdən, ifadələrdən, bənzətmələrdən qaçır və bu, əlbəttə, onun istedadının təbiətindən doğur. Yəqin elə buna görə də povestdə ara-sıra rast gəldiyimiz “hamını bu gözəl tənasüblüyün fərqinə varmağa məcbur edirdi” kimi kargüzarlıq lüğətindən gələn ifadələrin bu təhkiyəyə yadlığı dərhal diqqəti cəb edir.
Eyni zamanda, Şərif təmtəraqlı, “alovlu” epizodlara da meyl etmir və əsərin bədii-estetik qiymətində bu cəhət ciddi rol oynayır. Qaçqınlar mövzusunun daxili kütləsini təşkil edən ağrı-acı, tragediya qrafoman üçün münbit zəmin yaradır ki, təmtəraqlı “ah-vaylarla” özünü ifadə etsin və yəqin elə buna görə də Şərif Ağayarın qələmi həmin “ah-vayları” yaxına buraxmır.
Povest sadə və iddiasız bir dillə yazılıb və bu sadəlik bədii-estetik baxımdan təsvir edilən həyatın mahiyyətinə, təqdim olunan qəhrəmanların xarkterinə ən uyğunudur, başqa sözlə desəm, bu – müəllifin bilərəkdən sadələşdirdiyi dil yox, bədiiyyatın təhtəlşüur, sövq-təbii ifadəsidir. Yəqin elə buna görə də bu sadəlik ara-sıra “obrazlı sadəliyə” çevrilərək, oxucunun yaddaşında qalır, vizual təsir gücünə malik olur.
Kişi axşamdan itiləyib hazırladığı baltanı qoltuğuna vurub, sübh tezdən pay-piyada qonşu kəndə yollanır ki, daxalın orta tiri üçün bir ərər (qovaq) ağacı əldə etsin. Yolda ona it hücum edir və Kişi qorxu-səksəkə ilə qoltuğundakı baltanı da yerə salıb: “- Ay it!.. Ay it!..” deyə köpəkdən qorunur. Nəhayət, kişi ilə birlikdə qonşu kəndə gedən oğlu (hadisələri söyləyən gənc) yerdən götürdüyü kəsəklə iti vurub qovur. Kişi: “- Köpəkoğlunun iti!..”- deyir və o, “papağı ilə bahəm qorxu-hikkəsini də çırpıb yelə verdi, əyilib baltanı götürdü, şırhaşır axan balaca kanalın tini ilə addımladı.”
Kişinin “papağı ilə bahəm qorxu-hikkəsini də çırpıb yelə verməsi” bu kiçik povestdə rastlaşdığımız, dediyim həmin “obrazlı sadəliklər”dən biridir ki, süni, yalançı, “ekzotik” deyil, yəni kolorit naminə kolorit yox, həqiqi (təbii!) kolorit yaradır.
O yerdə ki, Şərif dərindən hiss etdiyi, yuxarıda yazdığım kimi, bütün incəliklərinə bələd olduğu həyat tərzini təsvir edir, qayğıları, görüşləri, hadisələri həmin güzəran fonunda qələmə alır, bədii uğur onunla birlikdədir, o, orijinaldır. Ancaq o yerdə ki, bu yazıçı öz qələminə doğma olan mühitdən, yəni bu povesti ona yazdıran ana mövzudan kənarlaşır, yuxu səhnəsində olduğu kimi, onun istedadı özünün tam ifadəsini itirir, orijinal trafaretə çevrilir və bu da, aydın məsələdir, bədii-estetik keyfiyyətə təsir edir.
Povestdə təbii epizodlar tələsmədən, aramla, heç bir iddia irəli sürmədən bir-birini əvəz edir, həmin epizodlar arasındakı intervallar bədii axara maneə olmur və birdən-birə gənc qəhrəmanımızın yuxusunun təsviri yad bir mətn kimi bu epizodların arasına girir. Yuxu naminə yuxu təsvir etmək dəbi, güman edirəm ki, “Kərpickəsən kişinin dastanı”nın timsalında Şərif Ağayarın nəsri üçün keçilmiş etapdır. Mən onun əvvəlki yazılarını oxumamışam, ancaq “Kərpickəsən kişinin dastanı” belə bir təəssürat yaradır ki, söhbət artıq ciddi ədəbiyyatdan gedir və ciddi ədəbiyyat da keçilmiş yollardan uzaq olmalıdır.
Şərif bəzi hallarda sözəri yerində işlətmir. Məs., “Kərimin atası oğlunun ağzının üstünə bir qapaz vurdu”; qapazı başa vurarlar, ağızın üstünə isə – şillə. Yaxud, bəzən hissə qapılaraq, gerçək ölçü hissini itirir. Məs., gənclə Kişi arasında belə bir mükalimə gedir: “- Ay dədə, bizdən başqa qaçqın yoxdu bu kənddə?” – mən soruşdum. “- Biz qaçqın deyilik, məcburi köçkünük. Qaçqın Ermənistandan gələnlərə deyillər.” “- Bunun fərqi var ki?” “- Var, var. Yardımda-zadda fərq qoyllar. Onlara güzəştlər lap çoxdu.”
Orta məktəbi bitirərək, test imtahanlarında öz gücünə lazımi bal toplayıb, Bakıda universitetə daxil olmuş bir gəncin atasına verdiyi bu suallar, əlbəttə, çox bəsit görünür. Hərgah müəllif belə bir sual-cavaba bədii ehtiyac hiss edirdisə (mənə görə, povestdə buna xüsusi bir ehtiyac yox idi), heç olmasa, bu sualları kiçik bacısı gəncin özünə verəydi və o zaman Kişi əvəzinə gəncin cavabları da indiki halda sualları kimi süni təsir bağışlamazdı.
Mən Şərif Ağayarı şəxsən tanımadığım üçün, onun mütaliəsindən də xəbərsizəm, ancaq bu povest, elə bil, diqtə edir: mütaliəni daha da genişləndirmək, mütaliə coğrafiyasının ehtiva dairəsini daha da artırmaq lazımdır və güman edirəm ki, bu zaman Şərifin isitedadı daha əlverişli şəraitdə, daha münbit zəmində özünü ifadə edəcək.
Yuxarıda qeyd etdiyim kimi, bu povestin əsas uğuru ondadır ki, yalnız qaçqın haqqında dastan yox, ümumiyyətlə, insan haqqında dastandır və belə bir bəşəri mahiyyət özünə ekvivalent bəşəri də dünyagörüşü, yüksək yazı mədəniyyəti, bəşəri problemləri ifadə edən dünya ədəbiyyatı ilə ən yaxın təmas tələb edir.
Sosrealizm dövründə gizli bir tendensiya var idi: istedad (həyat) ilə mütaliə (kitab) qarşı-qarşıya qoyulurdu və mən ara-sıra bu barədə yazdığım üçün, təkrara varmaq istəmirəm. Mütaliə ilə istedad üst-üstə düşməlidir, çünki yalnız mütaliəyə söykənib, əsl sənət nümunəsi yaratmaq mümkün olmadığı kimi (mütaliəli qrafomanlar az deyil!), yalnız fitri istedada söykənərək də böyük sənət nümunəsi yaratmaq mümkün deyil.
Böyük ədəbiyyata aparan yol istedad ilə mütaliənin vəhdətindən keçir və həmin vəhdətə nail olmağın zaman ölçüsü yoxdur – bütün ömrü buna həsr etməlisən, çünki yazıçı üçün, ümumiyyətlə, sənətkar üçün son məkan ömrün sonudur.
Mən “Kərpickəsən kişinin dastanı” povestini böyük ədəbiyyata aparan yolun başlanğıc bəhrəsi hesab edirəm və bu yolda irəliləyişin sürəti Şərif Ağayarın özündən asılıdır.
12 yanvar 2011.
ELÇİN
525-ci qəzet.- 2011.- 12 fevral.- S.18.