Vahid Qazi “Ruhlar şəhəri”ni imzaladı

 

YAZIÇILAR BİRLİYİNDƏ KEÇİRİLƏN TƏDBİRDƏ MÜƏLLİFİN BU KİTABI MARAQLI VƏ TƏSİRLİ YADDAŞ ABİDƏSİ KİMİ DƏYƏRLƏNDİRİLDİ

 

Ötən gün Azərbaycan Yazıçılar Birliyində (AYB) Vahid Qazinin “Ruhlar şəhəri” kitabının İmza günü və “Qafqaz Xrosiması” adlı filmin təqdimat mərasimi keçirilib. Filmin nümayişindən sonra tədbiri AYB-nin katibi, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid açaraq, “Ruhlar şəhəri” kitabının əhəmiyyətindən danışıb, müəllifin esselər toplusunun xüsusən gənclər və gələcək nəsillər üçün dəyərli töhfə, maraqlı yaddaş abidəsi olduğunu bildirib: “Vahid Qazinin kitabda yer alan hər bir yazısı insan hisslərinin dərinliyinə nüfuz edir. Tarix boyu belə kitablarımızın az olmasının nəticəsidir ki, bu gün təkcə Qarabağı deyil, eyni zamanda parçalanmış digər torpaqlarımızın bizim olduğunu sübut etməkdə çətinlik çəkirik”. Kitaba ön söz yazan şair Ramiz Rövşən tədbirdəki çıxışında deyib: “Bir vaxtlar Şuşa Qarabağın ən gözəl, Ağdamsa ən varlı şəhəri sayılırdı. Vahid Qazinin “Ruhlar şəhəri” kitabı bu gün daşı daş üstündə qalmayan, xarabalığa çevrilmiş Ağdam haqqındadır. Ermənilər sözün əsl mənasında Ağdamdan acıq çıxıblar. Müharibədən 20 il keçib. Ermənilər Şuşanı tikib orda yaşayırlar. Orda yeni insanlar doğulur. Əgər müharibə başlasa, onda əsli şuşalı olub Şuşada doğulmayanlarla Şuşada doğulan ermənilər üz üzə gələcək. Bunun özü də bir faciədir. Amma Ağdamda heç bir həyat nişanəsi yoxdur bu gün. Orda yaşayış yoxdu, erməni uşaqları doğulmur o torpaqda. Ən azından buna görə bir qədər rahat olmalıyıq. Biz bu gün çalıb-oynamaqla düşmənə acıq vermək istəyirik. Amma düşmənə acıq verməzlər, düşməndən acıq çıxarlar”. Vaxtilə Ağdam rayonuna rəhbərlik etmiş dəyərli ictimai xadim, ağsaqqal ziyalı Sadıq Murtuzayev nitqində o torpaqla, oranın insanları ilə bağlı xatirələrindən söz açıb, Vahid Qazinin qiymətli bir kitab ortaya qoyduğunu vurğulayıb. Xalq artisti, tarzən Ramiz Quliyev bu cür kitabın yazmağın da bir qəhrəmanlıq olduğu fikrini səsləndirib. Kitabda ürək ağrıdan məqamlarla bərabər, qürur hissi duyuran səhifələrin də olduğunu dilə gətirən xalq artisti buna görə müəllifə xüsusi təşəkkürünü bildirib. Görkəmli dramaturq Əli Əmirlinin çıxışında bu cümlələr yer alıb: “İndiyə qədər Qarabağ hadisələri ilə bağlı çox kitab oxumuşam, amma bu kitablar arasında mənə ən çox təsir edənlərdən biri məhz Vahid Qazinin “Ruhlar şəhəri”dir. Vahid Qazinin yazılarında mənim diqqətimi çəkən çox önəmli bir nüans var. O, yazılarında çox effektli sözlərə müraciət edib. Bacardıqca pafoslu, öz yanğısını oxucuya sırımaq naminə işlədilən sözlərdən istifadə etmir. Ermənilərin Ağdama vurduğu ən güclü zərbələrdən biri də insanları dağıtmaq oldu. Vahid Qazinin bu kitabı, bu yazıları sanki insanları yenidən bir araya toplayıb”. Arif Hacılı Vahid Qazini istedadlı, vətənpərvər bir insan kimi tanıdığını, qiymətləndirdiyini, həm kitabın, həmdə sözügedən filmin böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb. Yazıçı-publisist Mustafa Çəmənli müəllifi özünün bəyəndiyi qələm sahiblərindən biri kimi gördüyünü önə çəkib: “Mən bu kitabdakı yazıları hələ onlar “525-ci qəzet”də çap olunduğu zaman oxuyurdum. Bu əsərləri oxuduqca mən Ağdamı, o yerləri yenidən gəzdim, tanış, doğma üzləri, qarabağlılara məxsus cizgiləri gördüm. Çox ağrılı da olsa, biz bu gün Ağdamsızıq. Amma Vahidin bu kitabında ümid qığılcımları da var”. Şair-publisist Ramiz Məmmədzadə də kitab və onun müəllifi haqqında öz fikirlərini bölüşüb, V.Qazinin yurd təəssübkeşliyindən irəli gələn dəyərli bir işə imza atdığını qeyd edib. Tədbirin sonunda söz kitabın müəllifi Vahid Qaziyə verilib: “Bu gün burda elə sözlər eşitdim ki, həyatımda ilk dəfədir, haqqımda bu qədər xoş söz bir arada deyilir. Bunun üçün hər birinizə, çıxış edənlərə də, sona qədər tədbirdə oturub dinləyənlərə də öz minnətdarlığımı bildirirəm. Bu kitabın ərsəyə gəlməsi üçün məni ilhamlandıran, gözəl insan, əziz dostum, eyni zamanda kitabın redaktoru Hikmət Sabitoğluna, nəşrin ikinci redaktoru İmran Bədirxanlıya, kitabın üz qabığını dizayn edən Tərlan Qorçuya və “Təhsil” nəşriyyatının direktoru Bəhruz Axundova ürəkdən təşəkkür edirəm”.

 

 

GÜNEL

 

525-ci qəzet.- 2011.- 12 fevral.- S.16.