Mənəvi irsimizin açılmamış səhifələri

 

Məhəmməd Əmin RƏSULZADƏ

 

Bu ilin aprelində məşhur “Molla Nəsrəddin” jurnalının nəşrə başlamasının 105, Mirzə Cəlilin klassik “Ölülər” əsərinin ilk tamaşaya qoyulmasının 95 illiyi tamam olur. İstər satirik “Molla Nəsrəddin” jurnalı, istərsə də klassik “Ölülər” əsərləri haqqında keçən müddət ərzində kifayət qədər qiymətli tədqiqat əsərləri, elmi araşdırmalar, məqalələr, xatirələr, rəylər nəşr və dərc edilmişdir. Lakin araşdırmalar göstərir ki, müxtəlif siyasi- ideoloji səbəblər üzündən tədqiqatdan kənarda qalmış ciddi elmi- nəzəri və maraqlı yazılar da az deyil. Məsələn, 1916-cı ilin aprelində jurnalın nəşrinin 10 illiyi və “Ölülər”in ilk tamaşası barədə M.Ə.Rəsulzadənin baş redaktoru olduğu “Açıq söz” qəzetində dərc olunmuş “Molla Nəsrəddin” və “Ölülər” sərlövhəli məqalələrini göstərə bilərik. Həmin məqalələri olduğu kimi oxuculara təqdim edirik.

Avamın da, xəvasın da, kişinin də, arvadın da, böyügün də, kiçigin də tanıdığı bir ad!

Molla Nəsrəddini bütün Şərq tanıyor. Şərqi tanımayanlar da tanıyorlar.

Bu şöhrət, 1906-cı ilin aprelindən (“Molla Nəsrəddin” zihurundan) daha əskidir. Xacə Nəsrəddin, Molla Nəsrəddin, Nəsrəddin Babay, İranda da, Turanda da, ərəblərdə də, əcəmlərdə də, mərufdur. Xülasə, İslam Şərqi “Molla”nı biliyor. Onun duzlu hekayələrini, ibrətli təmsillərini dillərdə dastan ediyor.

Bəli, Xacə Nəsrəddin məşhur xəvas, məqbul alimdir.

1906-cı ildə, Tiflisdə, zəmanə qiyafəsinə bürünüb də həftəlik gülgü qəzetəsi şəklində çıxması ilə “Molla” tazə bir həyat, yeni bir şöhrət qazandı.

Xacə Nəsrəddin nə dərəcədə məruf idisə, “Molla Nəsrəddin” də o dərəcədə məşhur oldu.

Xacə Nəsrəddini İslam Şərqinin dühasi, xəlq dühasi yaratmışdı. “Molla Nəsrəddin”i isə Azərbaycan türklərinin dühası, məzhəkədəki məharətləri vücuda gətirdi.

Şəxsi bir məxluq olan 2-ci “Molla”nın növi bir məxluq olan birinci Molla qədər xəlqcə məruf olması şübhəsiz ki, xəllaqinin, daha doğrusu, xəllaqlarının, fövqəladə olmasa, böyük bir məharətə malik olduqlarını göstərir

 

lll

 

Şərq istibdadi İslam aləmini qaplamışdı. Azad söz, hürr fikir bəsləmək müşkül olmuşdu. Şairlərin yazdığı mədhiyyə, filosofların düşündügü təbəsbəs, mühərrir və münəqqidlərin qələmi isə tərif və tövsifə müxtəs olub qaldığı zamanlar-doğru sözlər, şiddətli tənqidlər, azad fikirlər ancaq istehza təriqi ilə “təlxəkliklə” söylənə bilmişdir.

Xacə Nəsrəddinin iştə vücudi zəruri olan böylə bir təlxəklikdən ibarət idi.

1905-ci il Rusiya həyatında dərin bir inqilab vücudə gətirmişdi. Bu inqilabdan Rusiya müsəlmanları, əzcümlə Azərbyacan türkləri də mütəəssir olmuşlardı. Ciddi qəzetələr təssis olunmuş- yeni duyğular, sağlam nəzəriyyələr, parlaq fikirlər tərvic olunmaq istənilmiş, heyrət və qaranlıqda qalan cəmaətimiz hürriyyət və işıqlığına çıxarılmaq istənilmişdi. Zülmə, hüquqsuzluğa, əsarət və səfalətə baş əgən azəriləri milliyyət və bəşəriyyət fikirlərinə tərəf çəkmək, onları əski bütlərə sitayiş bəlasından qurtarıb da tazə allahlara, qızdırıcı atəşlərə ibadət etdirmək lazım gəliyordu. Bunun üçün də yeni bir atəşgədə, hürriyyət məbədi tikilmək istənilirdi.

Fəqət mümkünmü?

Sabit bir həqiqət şəklinə girmiş olan köhnə batillərdən tikilmə hasarlar əsil həqiqət şüai təşkil edən yeni fikirlərə hayil oluyordu.

Burada müvəffəqiyyətlə bənnalıq edə bilmək üçün məharətli bənna qədər, qüvvətli və bacarıqlı bir külünkçiyə də ehtiyac vardı.

Hürriyyətin, hürrəndişligin məbədi, şübhəsiz ki, xürəfatın, əbatiligin bütxanəsi yerində tikilməli idi. Buna görə birincisinin tikilməsi, ikincinin yıxılmasına bağlı idi.

Bu vəzifəyi kim görəcəkdi?

“Təlxək” Molla Nəsrəddin?

 

lll

 

Təxrib vəzifəsini “Molla Nəsrəddin” kamali-müvəffəqiyyətlə görüyordu. O yakıcı, yıkıcı istehzasını köhnəligi təmsil edən nərsə və kimsələrdən əsirgəmiyordu. Ən qüvvətli hücumunu gözübağlı təəssübə, fikir və təsəvvürdəki əsarət və təhəmmülsüzligə tövciyə ediyordu. Ölü fikirlər, ölgün məişətlər onun diri xəndələrinə məruz qalaraq intibah qəhqəhələri doğuruyordu. O ağlanacaq hallara gülüyordu. Güldürərək ağladıyordu. O, hətta ağlamağa da gülüyordu. Çünki ağlaya-ağlaya yaman günlərə qaldığımızı yaxşıca dərk etmişdi.

İran təsiri ilə Azərbaycan türklərinin həyati-mənəviyyəsi haman il boyu ağlamaqdan ibarət olub qalmışdır.

“Çox gülən çox ağlayar” – deyərlər. Fəqət, “çox ağlayan çox gülər” –denilsə də, doğru çıxar.

Azərbaycan ədəbiyyati-milliyyəsi əksərən məzhəkə şəklinə girmişsə, bunun səbəbi ibtidai ədəbiyyatımızın haman mərsiyyədən ibarət olduğudur: məzhəkənəvislik, mərsiyyənivisligə bir növ intiqamdır. Başqa türk qövmlərinə nisbət Azərbaycan türklərinin dühası məzhəkəyə daha mahir isə, bunun səbəbi iştə əsrlərcə ağlargözlü qaldığındandır. Biz çox ağlamışıq. Ona görə də çox gülüyoruz.

Molla Nəsrəddin mənalı gülüşləri, dərin istehzaları ilə tutqun qəlblərimizi açıyor, ağlaya –ağlaya fəci bir şəklə girmiş simamızda bir növ müvazinə hasil ediyordu.

Müvəffəqiyyətin səbəbi də burada idi.

 

lll

 

Bu hər zaman belə olur. Bir mühit həyatının narəva olduğunu, etiqadlarının, nəzəriyyələrinin çürüklügünü hiss etməgə başlarsa, o zaman bunlara qarşı vaqe olan həcvləri sevər, onlardan bir təşviqəlb hasil edər. Kəndisini təzyiq edən qüvvətlərin məğlub olduğunu hiss edərək zəhərxəndələrlə gülməgə və bu vasitə ilə özündə bir qüvvət görməgə başlar. Məfkurəsi sabit bir həqiqət şəklinə girmiş olan batil fikirlərin çəngalindən xilas olar. Hürrəndişlig hasil olur.

Fikrin azad olması, fərdin xarici təsirlərdən, təəssüflərdən xilas olub da əhatəli bir əql və tənqidedici bir nəzərə malik olunması hər hanki bir tərəqqinin ilk zamini, birinci amildir.

Bu, hürrəndişligdir.

Nafiz istehzaları, qəhqəhəli gülüşləri ilə əski fikirləri, köhnə binaları, batil həqiqətləri yıxması ilə “Molla Nəsrəddin” mühitimizin ən çox möhtac olduğu bu “hürrəndişlig”in tövlidinə xidmət ediyordu.

Ən böyük xidməti, ən böyük məziyyəsi də bu idi.

 

lll

 

Mədəni həyatımız, milli tərəqqilərimiz üçün bu qədər əsaslı bir xidmət görmüş olan “Molla”nın təsisindən indi on ildir keçiyor.

Möhtərəm Məhəmmədquluzadə cənablarının Bakıya kağız almaq üçün gəldikləri və çoxdan bəri yazmış olduqları “Ölülər” komediyasını dəxi Bakıda səhneyi-tamaşayə qoydurmaq istədigi münasibətilə “Molla” haqqında danışılır. O xüsusda bəzi şeylər yazılır. Bu yazılarda Mollanın ən böyük xidmətlərindən birisi də dilinin sadəligi, xəlqin anladığı bir dildə yazdığı göstərilir. Şübhəsiz ki, “Molla Nəsrəddin”in yazıları Azərbaycan məzhəkənəvisliginin şahkarıdır. Xəlqin anladığı bir dildə yazması ilə bərabər “Molla”nın dili eyna zamanda da ədəbi idi. Molladan sonra çıxan başqa gülgü qəzetələrimiz də sadə yazmışlardır. Fəqət, bunlar heç bir zaman Molla qədər sənətkarlıq, onun qədər ədəbilik qüdrətinə haiz olmamışlardır.

“Molla Nəsrəddin”in sadənəvisligindən bəhs olunduğu zaman bir məziyyət olaraq ancaq burasını göstərmək olar. Yoxsa, sırf sadə yazması kəndisindən ötrü böyük bir fövqəladəlik sayılamaz. Çünki gülgü qəzetəsi olduqdan sonra başqa cürə də ola bilməzdi. Olduqca sadə mövzulardan bəhs edib də əvam bir mühitə xitab edən gülgü qəzetəsi ciddi və yüksək bir üslub işlədirsə, özü-özünə zidd getmiş olurdu.

 

lll

 

Yazılarının əksəri xəlq tərəfindən əzbərlənmiş, zərbülməsəl yerinə keçmiş olan “Molla Nəsrəddin” əsasının dörd rükni-mühümmi vardı. Məcmuənin müdiri möhtərəm Cəlil Məhəmmədquluzadə ki, “Molla Nəsrəddin” imzası ilə baş məqalələr yazardı. Milli şairimiz mərhum “Sabir” “Hophop” imzası və parlaq həcv və həzlləri ilə “Molla”ya iştirak edirdi, Ömər Faiq Əfəndi ki, məcmuənin ictimai və siyasi yaşayışımıza təəllüq edən kiçik, fəqət, ötgün fəqərələrini tərtib edərdi. Molla Nəsrəddinin rəssamı ki, işlədigi karikaturalar, xəlq elədigi tiplərlə adətən məcmuəni yalnız müsəlman mətbuatı aləmində degil, beynəlmiləl mümtaz bir halə qoyurdu.

Molla Nəsrəddin asari- nəfisəmizdən olmaq üzrə vücudu ilə həqiqətən də iftixar oluna bilər. Asari-mədəniyyəmiz arasında “Molla əmi” ən böyük qiymətə malik dəgərli bir asardır. “Molla”nın kolleksiyonlarının vəqtilə ən ziqiymət asari-ətiqə hökmünə keçəcəginə şübhə yoxdur.

 

lll

 

“Molla” bir boyuna dörd il dəvam elədi. Sonra tətilə uğradı. Bədə dirildi. Yenə sürünclu bir uyğuya daldı. Hər kəs öldü-deyə düşündü.

Uyğuya dalmadan dəxi “Molla”nın gözlərində çaşqınlıq, başında dəngəsərlik əlaməti vardı. Hətta bir çoxlarınca öylə sərsəm bir halda qalmaqdansa, uyuması daha əvəli idi.

“Molla”nın bu müvəqqəti tətilinə səbəb nə idi? Gözəl surətdə nəşr olunub da ümumin rəğbətini qazanmış və dörd il dəvam edərək bütün İslam Şərqində, qismən də bütün mədəniyyət aləmində məşhur olan bir məcmuə necə oldu da ki, təmini-həyat edəmmədi.

Burasının bir təfsili-təhlilini ədəbiyyat tariximizi yazan münəqidlərə vagüzar edəlim də, uzun uyğu keçmiş ola, deyəlim.

 

lll

 

“Molla” imdi gərnəşiyor. Oyanmaq istiyor.

Tarix təkrardan ibarətdir-deyərlər. Bu kərə də öylə oluyor. 1906-cı ildəki fövqəladə əhval “Molla Nəsrəddin”i cəmaət təsəvvüründəki müxəyyəl şəkildən çıxarıb da həqiqi bir məcmuə halına qoydu. 1916-cı ildəki aləmşümul gurultu dəxi xəstə döşəginə yatmış olan “Molla Nəsrəddin”i əhya ediyor.

Molla Nəsrəddinin sərmayəsini qüvvətləndirmək üçün Mirzə Cəlil Məhəmmədquluzadə cənablarının “Ölülər”i aprelin 29-da səhneyi-tamaşaya qoyulacaq.

Usta Zeynal, İranda hürriyyət hekayələrinin sənətkar mühərririnin qələmilə bundan beş-altı il əvvəl yazılmış olan “Ölülər” həqqində çox eşitmişik. “Ölülər” məşhur rus məzhəkənəvisi Qoqolun əsərləri qədər mahiranə yazılmışdır deyənlər var.

Mövzusi İsfəhandan çıxan bir Şeyxin Qafqasiyadaki xəlqin cəhalət və əvamlığından nə surətlə istifadə etdigini bəyan ediyor. Şeyx xəlqi o qədər təsxir ediyor ki, hər kəs onun ölüləri diriltməsinə inanıyorlar. Fəqət, eyni zamanda xəlq o qədər əxlaqsız və çürükdür ki, Şeyxin təklifinə qarşı kimsə cürət edib də bənim atamı, qardaşımı, yaxud filan əqrabamı dirilt demək cəsarətini göstərə bilmiyor. Çünki dirildər də kəndisi ilə hesablaşmağa başlar-deyə ehtiyat ediyor.

Görünüyor ki, 1916-cı il Azərbaycan türkləri üçün bir Şeyx işi görəcək, “Molla Nəsrəddin”i dirildəcəkdir.

Fəqət bunun üçün lazımdır ki, oxucular “Molla Nəsrəddin”in dirilməsindən qorxmasınlar. Onun təkrar uykusundan qalxıb da gəlməsini canüdil ilə istəsinlər.

“Açıq söz” qəzeti,

22 aprel 1916, ¹ 166.

 

xəvas- əsilzadə

təbəs- pozulmuş, pis

mövsif- tanıtma

müxtəs-məxsus

batil- yalan, həqiqətə zidd

hayil- əngəl

xəndə- gülüş

rükn- dayaq, istinadgah şəxs

təəlluq- xas olan

övla- daha yaxşı

müxəyyəl – xəyalat

 

(M.Ə.Rəsulzadənin “Ölülər” məqaləsi “525-ci qəzet”in gələn şənbə sayında dərc olunacaq)

 

Məhəmməd Əmin RƏSULZADƏ

 

 

Şirməmməd HÜSEYNOV,

 

Şamil VƏLİYEV

 

525-ci qəzet.- 2011.- 12 fevral.- S.15.